Əlabbasın 60-ı- Nəriman Əbdülrəhmanlı yazır
02.05.17

Nəriman Əbdülrəhmanlı yazır

Ədəbi nəslimizin 60-ı başlayıb...
Qələm dostlarımız bir neçə ay, uzaqbaşı bir il fərqlə 60-ın dizini qatlayırlar...
Saday Budaqlı, Xanım İsmayılqızı, İlqar Əlfioğlu, Zakir Məmməd, Bədirxan Əhmədli, Sabir Bəşirov, Sabir Sarvan, Allahverdi Təhləli, Mehman Qaraxanoğlu... Bəzilərinin də Eyvaz Əlləzoğlu kimi, heç 60-ı gözləməyə belə “hövsələsi” çatmadı...
Hələ qabaqdan xeyli dəyərli qələm adamının 60-ı gəlir...
Onların sırasında əsərləri artıq Azərbaycan ədəbiyyatının danılmaz faktına çevrilmiş yazıçı Əlabbas da var...
***
Əlabbasla Bakı Dövlət Universitetində iki il kursla oxumuşuq, o müddətdə yolumuz kəsişməyib, bəlkə də ötəri ünsiyyətimiz olub, amma o ünsiyyət şəxsi tanışlığa çevrilməyib. Həmyerlisi, mərhum Dərviş Cavanşirləsə yaxın idik, ilk dəfə onun istedadlı oğlan olduğunu mənə Cavanşir demişdi. Bununla belə, boynuma alım ki, “Köhnə kişi” povestini oxuyanacan Əlabbas haqqında deyilənləri ciddi qəbul eləməmişdim. O povestlə qarşımda yetkin bir yazıçı gördüm...
Sonralar bildim ki, Əlabbas “Köhnə kişi”ni bir çox hekayələrindən əvvəl – universiteti bitirib təyinatla göndərildiyi doğma Şahbuz rayonunun Mahmudoba kənd məktəbində müəllim işlədiyi illərdə qələmə alıb, üstəlik, povest “Azərbaycan” jurnalında illərlə çapını gözləyib, üzə çıxması müəllifə əzablı intizar bahasına başa gəlib. Yəqin ki, əsər vaxtında çap olunsaydı, Əlabbas üçün əməlli-başlı təkan olardı, indi bir neçə povest, iki roman bir-iki düjün hekayəsi yox, daha sanballı yaradıcılığı olardı. Amma bir həqiqət də var ki, o, çapla bağlı çətinliklər qarşısında belə sınmayıb, yaradıcılıq siqlətini sonacan qoruyub saxlamağı bacarıb.
“Köhnə kişi” Əlabbasın yaradıcılığa başladığı 80-ci illər üçün gözlənilməz dil və üslub hadisəsi idi. Əminəm ki, o dövrün “ədəbi korifeyi” sayılan, cavanlara ancaq “öz süzgəcindən” keçirəndən sonra “xeyir-dua” verən səlahiyyətini də məhz bu əlahəzrət fakt silkələmiş, povestin oxucuya doğru yolunu xeyli gecikdirmişdi, nəticədə də o illərdə “Köhnə kişi” öz layiqli qiymətini ala bilmədi.
Təəssüf ki, onun nəsildaşlarının böyük əksəriyyəti də oxşar taleylə rastlaşdılar. Onların arasında dözümlü çıxanlar da oldu, sınıb geri çəkilənlər, SÖZdən küsüb yönünü dəyişdirənlər də az olmadı...
Nə yaxşı ki, Əlabbas bu maneələr qarşısında sınmadı, üstəlik, bitib-tükənməyən qayğıların içində vurnuxa-vurnuxa ədəbiyyata öz mövzularını, dəsti-xəttini, nəfəsini gətirməyə can atdı, imzasının bütövlüyünü qorudu, “Gözmuncuğu”, “Gümüşü gecələr” və “Güdaz” povestlərini qələmə aldı. Əlbəttə, bu əsərlərin də yolu asan olmadı, birinin çapını gecikdirdilər, digərinin adını dəyişdilər, üçüncüsünə “əl gəzdirməyi” tələb elədilər.
Sonralar, əlli yaşını tamamlayanda Əlabbas yazacaqdı: “O vaxtdan bu gönəcən arada böyük bir zaman məsafəsi durur. O zaman ki, ona ərgən bir oğul ömrü sığar. Qismətdən də ömrün ən yaşamalı çağları dava illərinə, siyasi burulğan və çaxnaşmalar dövrünə düşdü. Bir sözlə, 87-dən bəri mənimki yaşamaq yox, can çürütmək oldu və əlli yaşa elə yetdim ki, elə bil toyum küllükdə çalışnırmış...”

***
Əlabbas bənzərsiz hekayəçidi...
O, təhkiyəsini hadisə üzərində yox, duyum üzərində qurur, bu səbəbdən də süjeti başlayıb-bitirməkdə çətinlik çəkmir, oxucu mətnin poetikasını dərhal hiss eləyir. Məncə, bu yazıcı üçün gözəl keyfiyyətdi...
Əlabbasın “Küçə”, “Gəlin ayaqqabısı”, “Mərənd ölüsü”, “Gözəl”, “Cəlin”, “Başdaşı”, “Halal qan”, Gecəyarı hadisə”, “Şəhər”, “Muştuluq”, “Doğma ocaq”, hekayələrini birnəfəsə oxumaq olar, yorulub-bezməzsən, mətnin axarına düşüb getdikcə gedərsən.
“Davanın qurtaracağı günü heç kəs Bəşir kimi səbirsizliklə gözləyə bilməz. Bilir ki, başın qarışıq vaxtıdı, şəhərin min cür dərdi-odu var. Ən vacib olan şeylər də bəzən müvəqqəti olaraq unudulur. Biri elə özü... Bəlkə unudulmayıb? Bununla belə, arxayındı ki, dava qurtarandan sonra lap yerin deşiyində də olsa, onu mütləq axtarıb tapacaq, bəlkə sağkən heykəl də qoyacaqlar; bəs nədi, Vətən yolunda can qoyub, onu hələ televizorda da göstəriblər. Özü də gör kimlə! Daha bu boyda zarafat olmaz ki?! Düzdü, hadisədən xeyli vaxt keçib, amma vaxtın məsələyə nə dəxli? Əsas odur ki, belə bir şey olub...”
Bu parça “Şəhər” hekayəsindəndi. Təhkiyə oxucunu çəkib aparır, yarıda saxlamağa çətinlik çəkirsən, saxlayanda belə mətnin yarımçıqlığını dərhal hiss eləmək olur. Bilmirəm, Əlabbas yazılarını bitirəndən sonra “əl gəzdirir”, ya yox, amma mənə elə gəlir ki, bu duyumla yazılan yazıların redaktəyə ciddi ehtiyacı olmur.
Bir də ki, Əlabbas hekayələrində də, elə povest və romanlarında da obrazlarına qarşı rəssam qədər həssasdı, bir detalı, xırda təfərrüatı belə nəzərdən qaçırmamağa çalışır, üstəlik, zahiri görüntüləri hissi ştrixlərlə tamamlayır. Yəqin elə bu səbəbdən onun qəhrəmanları oxucunun yaddaşında kifayət qədər dolğun qalırlar.
Üstəlik, o. Çox tutumlu cizgilərlə bütöv bir vəziyyətin mənzərəsini yarada bilir: “1990-cı il sentyabr ayının on beşində, axşam saat onun yarısında Səlim müəllimin ömrünün o vaxtları idi ki, qarşısında baş əyənlərin alnı dizlərinə dəyərdi...” “Gecəyarı hadisə” hekayəsindəki qəhrəmanın obrazını - hökm və imkan sahibi olmağın tablosunu bircə cümlədə bundan yaxşı necə təsvir eləmək olar?!
Düzdü, Əlabbas deyir, “Bakıda bundan sonra min il ömür sürsəm də qəhrəmanlarım öz kəndli danışıqlarını heç vaxt tərgitməyəcəklər, çünki mən Nursdakı kimi dadlı-duzlu, şirin və ləzzətli danışığı heç harda eşitməmişəm. Elə mənim öz müəllif dilim də kəndli dilidi”, amma şəxsən mən ədəbiyyatda kənd-şəhər dilini qəbul eləmirəm, Məndən ötrü bir dil – doğma Azərbaycan türkcəsi var, elə Əlabbasın qəhrəmanları da o dildə danışırlar...
Məncə, Əlabbasın nəsrinə özünəməxsusluq gətirən cəhətlərdən biri də elə məhz hadisəçiliyə uymaması, daha çox bitkin xarakterlər yaratmağa can atmasıdı...
Bu ustalığı onun romanlarında da görünür...

***
Altmış yaşlı Əlabbas qırx illik yaradıcılıq ömründə cəmi iki roman qələmə alıb...
Bəlkə də bəziləri bunu az hesab eləyəcək, amma mən bilən, onun üçün əsərin həcmi o qədər də əhəmiyyət kəsb eləmir, başlıcası qələmindən çıxan yazının bədii cəhətdən bütöv olmasıdı.
Tanınmış ədəbiyyatşünas, fəlsəfə doktoru Sabir Bəşirovun bir fikrilə şərikəm ki, Əlabbasın “Qiyamçı” romanı Azərbaycan müstəqillik dövrü ədəbiyyatımızın ən sanballı əsərlərindəndi. Haqsızlığa qarşı etirazın və müqavimətin anatomiyasını açan bu romanı o, yetkin yazıçı kimi qələmə alıb, yaradıcılığının son və güclü akkordu kimi bitirməyi nəzərdə tutub. ““Qiyamçı”nı işləyəndə yazı-pozu deyilən şeyin əzabı ilə bərabər zövq-səfasından, iztirabı ilə birgə həzzindən, ağrısı ilə bahəm nəşəsindən də bəsdi deyincə daddım və inandım ki. İndən belə lap yüz ildə o işin dalınca gedəsi olsam, ondan artıq ləzzət alan deyiləm, daha aldığımı almışam. Amma tək ona görə deməmişdim ki, “Qiyamçı mənim son əsərim olacaq. Həm də ona görə demişdim ki, istəmirdim, məni oxuyanlar sağ qaldığıma təəssüflənsinlər. Çünki mən nə arzusunda olduqlarımı, nə də yazdıqlarımı ürəyimcə yaza bilmişəm. İndi baxıram ki, ortada olan yazı-pozularım da yazmaq istədiklərimin, sadəcə, qaralaması imiş. Bu yaşda özümə eyib bilirəm ki, sayğılı və sadiq oxucularımın başını qaralama ilə aldadım. Mən indi tək alın yazısına deyil, adicə kağız parçasına həkk olunmuş dəyərli bir fikrə də sadəlövhcəsinə heyrət edənlərdənəm...”
Bu, əlbəttə, Əlabbasın səmimi etirafıdı. Şəxsən mən onun “Qiyamçı”dan sonra yazmayacağına inanmırdım...
Gümanımda yanılmadım, bir neçə il sonra onun müharibə ağrılarından söz açan“Qaraqovaq çölləri” romanı, üstəlik, bir neçə hekayəsi işıq üzü gördü. Görkəmli türkoloq, filologiya elmləri doktoru, professor Əsgər Rəsulov əsəri “mənəviyyatın çölləşməsi kontekstində dəyərləndirib: “Əlabbasın “Qaraqovaq çölləri” romanı, eləcə də kitabda toplanan “İkinci oğul” povesti, “Gözəl” və “Qul” hekayələri də əsas konturlarını yuxarıda cızmağa cəhd etdiyimiz ağrılı-sancılı keçid dönəminin sosial-tarixi sifarişidir. Yazıçı bu əsərində də bütün “izm”lərdən azad, müasir prozamızın və özünün aparıcı ənənəvi realist üslubuna sadiqdir. Ümumiyyətlə, onun nəsrində folklor ruhu, epik dünyaduyumu, həyata, gerçəkliyə fəlsəfi-estetik münasibət açıqca bəlli olur. Xalqın düşüncələri, tarixi faciələri və keçmişin ibrətli səhnələri epos təhkiyəsində verilir. Əsərləri öz ritmi, intonasiyası, deyiliş tərzi və obrazları ilə seçilir. Bu əsərlərin özünəməxsus poetik sintaksisi, fikrin ifadəsi üçün seçilən münasib söz, ifadə, zərb-məsəl, atalar sözləri və sairə ilə diqqəti cəlb edir. Əlabbasın ədəbi prosesə dərindən bələdliyi, bədii materialla işləmək istedadı, keçmişi bugünün prizmasından dəyərləndirmək qabiliyyəti, çox müasir və güclü bədii təfəkkürü var...”
Bu fikirlə razılaşmamaq çətindi...

***
Mənə görə, nasir 40 yaşından sonra yetkinləşir, ən yaxşı nəsr əsərləri də bu yaşdan sonra yaranır...
Bu mənada 60 yaş nasir üçün yetkinlik dövrüdü...
Mən yenə də Əlabbasın yazmayacağına inanmıram. Əminəm ki, SÖZə bu qədər bağlı olan, yaradıcılıq əzablarından keçib yetkinləşmiş yazıçı qismətinə düşən ömrə vəfasızlıq eləsin...
Bir də ki, Əlabbas alın yazısını dəyişdirə bilsəydi, buna elə başlanğıcdan cəhd eləyərdi...
Beləcə, əzizim Əlabbas, yaradıcılığında 50 son olmadı, 60 da son olmayacaq...
Özünü yeni əsərlərə köklə... /manera.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.