Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aralıqda söz olmasın...
Xankəndi... Dağların arasında yerləşən bu şəhərdə dünyaya göz açmışam. Gözəl günlərimiz Xankəndidən başlayır. On nəfərdən ibarət ailəmlə birgə dəyəri heç nəylə ifadə olunmayan gözəl günlərimiz vardı. Hər axşam anamın ləziz təamlarıyla bəzənmiş süfrənin ətrafına toplaşar, yemək yeyə-yeyə günboyu başımıza gələnləri, gördüyümüz işləri müzakirə edərdik. Atamın ibrətamiz nəsihətləri, maraqlı söhbətləri və məzəli zarafatlarıyla yeməyimizi tamamlayardıq. Bu gün də o yeməklərin dadı damağımdadır, atamın səsi qulağımdan getmir, anamın əllərinin qabarı əllərimdə dərin iz salıb. İyirmi dörd ildir kəndimizdən ayrılmışam, fəqət buna baxmayaraq mən günü bu gün də yatanda yuxuda Xankəndini görürəm. Hər dəfəsində də eyni yuxu. Görürəm ki, qayıtmışam kəndimizə, məhəlləmizlə irəliləyirəm, istəyirəm evə çatam, çata bilmirəm. Evimizdən qalxıram oxuduğum 4 saylı orta məktəbə, nə qədər gedirəm, çata bilmirəm. Sinif yoldaşlarımın hamısının simasını dumanlı görürəm.
Vətənim Xankəndini görmək arzusudur mənə qanad verən, oranı görməyənlər heç vaxt mənim sözümün ciddiliyinə vara bilməz. Mənim bir arzum var, nə vaxtsa bir də o torpaqlara geri dönüm və ölməmişdən öncə ayağım vətən torpağına dəysin, bilirəm ki, o xoş günlərimiz bir də geri dönməyəcək, amma heç olmasa ayağım dəyən torpaqlarda onları- hər zaman hamıdan erkən oyanıb, toyuq-cücələrə dən səpən Əsmər xalanı, bütün uşaqları cırnadıb arxasıyca qaçıran Bəşiri, Novruz bayramında dadlı təamlarından qonşulara pay verməyi özünə borc bilən Nəcibə xalanı, bir sözlə həyatımda Xankəndiylə bağlı iz buraxan hər kəsi xatırlayım, zatən bu illər ərzində heç unutmadım ki...
Xankəndi dağların arasında yerləşən böyük bir şəhər idi. Şəhərin ayağında avtovağzal idi, lap başında da biz yaşayırdıq. “Dördüncü paralelni” deyilən bir məhəllə- azərbaycanlılar məhəlləsi idi. Məhəllənin içindən uzun-uzadı bir yol gedirdi, o yol ki bizi hər səhər məktəbə aparar, məktəbdən evə gətirərdi. Evimiz isə düz dağın başında, məhəllənin girəcəyində ikimərtəbəli, dörd otaqdan ibarət bir ev idi. Bir otağında səkkiz uşaq böyümüşük. O balaca bir otaqda mənim yerim küncdə idi, həmişə küncdə oturub ata-anamı seyr edərdim, onların bir-birinə rəğbət dolu münasibətləri mənə maraqlı gəlirdi. Bir də balaca bir radiom vardı, onu qucağıma qoyub “Küçələrə su səpmişəm” mahnısını dinləyərdim, bu mahnını dinləməyi ən çox da soyuq havalarda sevirdim deyə, indi də dinləyəndə mənə qışı xatırladır, həmin o radio, həmin o odun sobası, bacı-qardaşlarım, atam və anamın mehriban söhbətləri gözümün önünə bütün detallarıyla gəlir. 13-14 yaşım olmasına baxmayaraq, artıq həyatı dərk edirdim. Gələcəyə çox bağlı olsam da, indi görürəm ki, mənə keçmişim çox gərəkdir, xoşbəxt anların xiffətini çəkirəm və anlayanda ki, artıq heç nə əvvəlki tək olmayacaq, dəli olmaq həddinə çatıram. İş ondadır ki, mən hələ də onların yoxluğuna alışa bilmirəm. Deyirlər ha ki, yara qaysaq edir, mənim yaram 24 ildir ki, nə qaysaq edir, nə sağalır. Sağalmasın, istəmirəm, elə bilirəm ki, yaram sağalsa, xatirələrim silinəcək, Xankəndinin, Xocalının qoxusu burnumdan gedəcək.
Məktəbli yoldaşlarımı da unutmamışam, hamısını soyadlarıyla birgə xatırlayıram. Onların içində ölən öldü, itən itdi, izini itirdiyim dostlarımı indi də axtarıram. Üçüncü sinifdə oxuyanda sinif yoldaşlarım mənə suvenir at hədiyyə etmişdilər, həmin hədiyyəni göz bəbəyi kimi qoruyurdum, imkan vermirdim ki, kimsə ona əl vursun, amma yenə də qoruya bilmədim. İndi də gözüm o əşyanın arxasıyca qalıb, çox heyfsilənirəm ki, kaş o suvenir son anda da mənim əlimdə olaydı, özümlə bura gətirəydim. Nəinki o suvenir, ümumiyyətlə evimizdən bir əşya da olsa, məndə xatirə olaraq qalardı, çünki bəzən kiçik bir əşya bütöv bir ömrü yada salmağa yetir, insan o xırda əşyaya da ehtiyac duyur, ömrünün ən gözəl xatirələrini o kiçik əşyalara sarır.
Çərçivələrə sığmaz xoşbəxtliyimiz təəssüflər ki, az çəkdi- 1988-ci ildə ailəmlə birgə Xocalı şəhərinə məcburi köçkün olduq. Yaxşı yadımdadır, Xankəndidə vəziyyət gərginləşəndə qonşularımızın çoxsu öz evlərini satıb birbaşa Bakıya üz tutmuşdular, sanki bilirdilər ki, bu işlərin sonu yoxdur, vətənə qayıdış namümkündür. Amma biz öz evimizi sata bilmədik, bilmirəm bunu şansın olmaması hesab edim, yoxsa sadəcə vətənpərvərlikdən irəli gələn bəhanə adlandırım. Əslində şansımız olmadı evi satmağa, amma vətənpərvərliyimiz də onda oldu ki, evimizdən, torpaqlarımızdan əlimizi üzə bilmirdik. 1988-ci ildə nümayişlər keçirildi, şəhəri ən gec tərk edən bir biz, bir də dayımın ailəsi oldu. Biz 1989-cu ildə vətəni tərk etdik. Bizi heç yerdə, nə Şuşada, nə Ağdamda qeydiyyata almadılar, Xankəndidən çıxan məcburi köçkünlər ancaq Xocalıda məskunlaşmalıydılar. Burda da gözəl günlərimiz olub, düzü burdakı xoş güzəranımız 1990-cı ildən ta 1992-ci ilə qədər Xankəndidəkindən heç də geri qalmırdı. Xocalıyla Xankəndinin arasındakı məsafə elə də çox deyildi. Xocalıda Haçatəpə deyilən bir yer vardı, aeroportun yaxınlığında idi. Hə, bax, hər sahər həmin təpəyə qalxırdım, Xankəndidəki evimizi seyr edirdim. Haçatəpədən Xankəndi görünürdü. Tək təsəllimiz də elə bu idi, evimizin görünməsi bizim bir də o torpaqlara qayıdacağımıza ümid verirdi. Anamın göz yaşlarını da unuda bilmirəm, o evimizə baxıb ağlayırdı, biz də ona baxıb özümüzü saxlaya bilmirdik. Xocalıda nə qədər də xoşbəxt olsaq, Xankəndi üçün burnumuzun ucu göynəyirdi. Vətənim Xocalı qədər olmasa da burda da gözəl günlərimiz az olmayıb. Bir müddət çətin oldu, amma getdikcə öyrəşdik Xocalının camaatına, havasına, bir sözlə Xankəndisizliyə...
Bir müddət sonra gözümüzün yaşı qurudu, ailəni dolandırmaq, iş-güc sahibi olmaq lazım idi. Atam, anam, iki qardaşım, iki bacım və mən Xocalı fabrikində çalışmağa başladıq, beləcə başımız qarışdı, səhər işə, axşam evə...
Qonşuluqda bir oğlan vardı, hər səhər bacımla avtobusa minib işə gedəndə həmin oğlanı da avtobusda bizlə gedən görərdim. Uzun müddət eyni avtobusda yol getməyimiz, işdən çıxmağıma az qalmış yolumun üstündə dayanması, mənim qəlbimdə ona qarşı sevgi yaratdı. Beləcə günlərin birində mənə öz ürəyini açdı, utandığından başını aşağı salıb mənə məni sevdiyini söylədi. Sonra bir gün mənim razılığımla evimizə xəbər göndərdi ki, elçilərini yollayacaq. Evimizdə narazılıq oldu, “olmaz” dedilər, mən də heç səbəbini soruşmadan sevdiyim adama qoşulub qaçdım, aprel ayında toyumuz oldu. Taleyimdən çox razı idim, yoldaşımın xasiyyəti də çox gözəl idi, heç zaman məni incitməz, qəlbimə dəyməzdi. Ən xoşladığı yemək küncər kətəsi idi, dediyim o Haçatəpədə seçmə otlar yetişirdi, həmin otlardan yığıb, gətirərdim və kətəni bişirərdim. Polis idi, Xocalıda şöbəni qurub yaradan ilk əməkdaşlardan biri də mənim yoldaşım olmuşdu. Birgə çox arzularımız vardı, biz bu arzularımızın həyata keçməsi üçün hələlik sadəcə bünövrə qazmışdıq, istəyirdik övladımız olsun, ailənin təməli daha da möhkəmlənsin. Mart ayında körpəmiz dünyaya gəlməli idi, amma...
Hər şey sentyabr ayından başladı: gecənin bir aləmi kəndi bir qəribə səs bürüdü, qorxumuzdan evdən çölə çıxa bilmədik. Səhərin açılmasını gözlədik, elə ki səhər oldu, dedilər ki, bu Alazan mərmisidir, çöldə olmaq lazımdır, hər an təhlükə ola bilər, düz bir ay bu təhlükənin altında yaşadıq, nə gecəmiz vardı, nə gündüzümüz. Ağdamla da aramız açıq idi, Əsgəran qalası hörülməmişdi, beləcə dörd ay mühasirədə qaldıq. İşığa, qaza həsrət idik, hər gün vertolyotla bizə ərzaq gətirilirdi, dolanışığımız yalnız ondan ibarət idi. Qorxu-təlaş bizi bürümüşdü, ətrafımızdakı kəndlərdə tez-tez yanğınlar olurdu, insanlar öldürülürdü, amma vətəndən üz döndərə bilmirdik, onu qoyub gedə bilmirdik. Necə ki, biz vətən ümidiylə yaşayırdıq, eləcə də vətən bizim ümidimizlə yaşayırdı, bizə bel bağlayırdı...
Beləcə ümidlərimizi qalaq-qalaq edib Meşəli kəndinə od vurdular. Ən axırıncı yanan kənd Malbəyli kəndi oldu. Mühasirədə qaldığımız dörd ay ərzində Əsgəran qalası da hörüldü, o qalayla birgə bizim də bütün arzularımız hörüldü, anladıq ki, burda bizim axırımız yoxdur. Ermənilər bizə xəbərdarlıq edirdilər ki, kəndi tərk edin, yoxsa bircə körpənizi belə sağ buraxmayacağıq, kökünüzü kəsəcəyik, amma biz çıxmırdıq, nəticələri gözləyirdik. Artıq Xankəndidən də yollar kəsildi, çünki arada Əsgəran qalası vardı, biz arada durmuşduq, bu üzdən ermənilər ilk bizi aradan götürməli idilər. Bir sözlə, biz olmuşduq açar, Laçın qıfıl, Laçına keçməkçün mütləq biz məhv edilməli idik, daha sonra isə Ermənistan dəhlizi açılacaqdı. Təxminən noyabr ayında iki dəfə kəndə girməyə cəhd etdilər, amma milli qəhrəman Aqil Quliyevin könüllülərdən ibarət 22 nəfərlik dəstəsi Xocalıya gəldiyi üçün bu cəhdin qarşısı alındı. Lakin getdikcə silah, ərzaq tükənirdi. Bircə təskinliyimiz Rəhim Qazıyevin sözləri idi, o bizə Moskva vasitəsiylə deyirdi ki, Ağdamdayam, sabah Əsgəranı alıb keçirəm Xocalıya, samovarı yandırın, yemək hazırlayın, gəlirəm. Bizim də ağsaqqallar yığılırdı bir yerə, onu gözləyirdilər, axşam düşürdü, amma Rəhim Qazıyevdən bir xəbər olmurdu, düz iki ay bizi belə süründürdü. Cilovlaya bilmirdik özümüzü, gün-günə satıldıqca bizim əlimiz hər yerdən üzülürdü. Artıq bıçaq sümüyə dirəndi, yığışdıq gəldik aeroporta ki, gedək, Əlif Hacıyev bizi qoymadı getməyə, dedi ki, vətəni qoyub getmək olmaz. Kişilərimiz isə istəyirdi ki, biz gedək, çünki namuslarını qorumaq istəyirdilər, düşünə bilmirdilər ki, torpaq ermənilərin əlinə keçsə bizim başımıza nələr gələ bilər. “Kişi torpaq uğrunda ölər, təki namusumuza xələr gəlməsin”- deyirdilər. Əlif Hacıyev isə cavabında bir söz işlətdi, hələ də nə o söz mənim qulağımdan gedir, nə də onun qürur dolu baxışı mənim gözlərim önündən çəkilir. “Nə qədər ki, Əlif Hacıyev var, Xocalı alınmayacaq, gedin evinizə və rahat yatın”- dedi. Üstündən çox keçməmiş Şuşa vertolyotu vuruldu, sonra isə Malbəyli kəndi yandırıldı və biz artıq ölümə hazırlaşırdıq. Malbəyli Şuşanın çox gözəl kəndlərindən biri idi, Xankəndinin başında yerləşirdi, yatsaydım yuxuma girməzdi ki, Malbəylinin sonu belə olar. Amma orada camaata heç nə etmədilər, onlar da bizim gəldiyimiz yolla, Qarqar çayının Şelli kəndinə düşdülər, Ağdama gəldilər. Silah-sursat tükəndi, əlimizdə cəmi on bir, ya da on iki ədəd Alazan mərmisi qalmışdı, saxlayırdıq ki, dar günümüzdə gərək olar. İgid oğullarımız kəndin müdafiə batalyonunda xidmət edirdilər, şaxta-sazaq bilmirdilər, ac-susuz vətənin keçiyini çəkirdilər. ancaq ermənilər Xankəndidə olan 266-cı alay tanklar vasitəsilə bir gecədə kəndə daxil oldular. Üç yerdən hücum etmişdilər bizə: Yuxarıdan- Suncuxa deyilən bir yer var, ordan, aeroportdan, bir də Şuşaya gedən Ağdam-Şuşa asfalt yolundan. Bizim əlacımız bircə Qarqar çayını keçib Ağdama gedən yola üz tutmağa qaldı. Üç min əhalisi olan Xocalının orda iki min üç yüzü qalmışdı, çoxu hadisədən iki ay qabaq vertolyotla çıxıb getmişdi. Bizim getməyimizə imkan olmadı, siyahıyla gedirdi camaat, axırda siyahını gözləməyə hövsələsi çatmayıb özlərini vertolyotun içinə atanlar da az olmamışdı. Pilotlar onları düşürtməkçün qışqırırdı ki, adam çoxdur, ağır olacaq, gedə bilməyəcəyik, erməni partladacaq.
Fevralın 25-dən 26-na keçən gecə kənddə işıq olmayan bir vaxtda bir də gördük kənd işıqlandı, atəş səsləri səngimək bilmirdi, bayıra çıxdıq ki, görək nə baş verir, kəndin başbilən ağsaqqalları dedilər ki, bala, bu bəla o biri bəlalardan deyil, bu bəla səsli-sədalı gəlir, sonu çox pisdir. Bir də gördük Əlif Hacıyev və onun dəstəsinin səsi gəlir. Beləcə mərmilərin, silah səslərinin müşayiətilə kəndi tərk etdik. Kənddən çıxanda bir şey diqqətimi çəkdi, kəndimizin poçtundakı rabitəçi qız Ağdama müraciət edirdi ki, bizə kömək edin, camaatı qırırlar! Həmin qız Əlif Hacıyevin qardaşının həyat yoldaşı idi. Səhv eləmirəmsə qızı elə ordaca əsir götürmüşdülər, ermənilərin vəhşiliklərini görəndən sonra o qızın aqibətinin necə olacağını düşünmək mənə əzab verirdi. Günü indiyə kimi ondan nigarançılıq var canımda, görən necə oldu, sağdırmı, əsirlikdədirmi, ölübmü?
Əli silahlıları verirdilər qabağa, qız-gəlinlər arxada, məqsəd bu idi ki, qadınları sağ-salamat Ağdama çatdıraq. Adətən insan ölüm anında bütün dostluğu, duz-çörəyi unudur, bir-birini basıb keçir, təki sağ qalsın, amma bizdə elə şey yox idi, hər kəs bir-birinə qahmar dururdu. Mən ata-anamdan, bacı-qardaşlarımdan ayrı düşmüşdüm, amma bütün bunlara baxmayaraq camaat qoymurdu ortalıqda qalam, öz yaxınlarını, ana-bacılarını dartırdılarsa, məni də dartıb onlarla birgə çəkib aparırdılar. Mənim qonşularım olmasaydı, bəlkə də indi həyatda olmayacaqdım. Səhər açıldı, fevralın 26-sı idi, meşədə idik, bir də gördük Əsgəranda ermənilər qarşımızı kəsiblər, bizi gözləyirlər. Əsas qırğın burda başladı. Bizim tərkibimizdə olan erməni qadınları qorxudan bayrağı qaldırıb bizi verdilər ələ. Neçə-neçə qadınlarımız, körpə uşaqlarımız, silahı bitmiş əsgərlərimiz əsir getdilər. Məhz həmin gecə təxminən 1200 nəfərimiz əsir düşdü. Xocalıda Xalidə xala var idi, qonşumuz idi, onu oğlanlarıyla birgə tutmuşdular, gözünün qabağında oğlunu çarmıxa çəkib məcbur edirdilər ki, desin “Qarabağ ermənilərindir”, o da demirdi, deyirdi “Qarabağ bizimdir!”. Oğlan pulemyotçuydu, onlara atəş açdığıyçun bir qolunu kəsdilər və beləcə oğlanı anasının gözləri qabağında tikə-tikə elədilər. Ana baxa bilmirdi, zorla gözünü açırdılar ki, bax. Oğullarını öldürəndən sonra onu göndərdilər ki, indi get yaşa, sənə belə dağ vurduq. Əri də elə ordaca öldürülmüşdü. Qadın da çox yaşamadı. Üç oğlu olan ana sonda ürəyində böyük bir dərdlə yadların çiynində getdi məzara. Ermənilər əynində hərbi geyim olan oğulları əsirlikdən buraxmadılar, bəzilərini ya Bakıda həbsxanada olan ermənilərə, ya da benzinə dəyişdilər. Kimlər ki, öndə gedirdilər, atəş açırdılar, döyüşürdülər, onların nə özü, nə də meyiti gəlmədi. Ailəmin izini itirmişdim, yoldaşım hardadır bilmirdim, onları qoyub getmək istəmirdim, amma qonşular məni zorla sürüyüb aparırdılar. Meşənin içiylə hərəkət edəndə içimizdəki bir qız sakit və pıçıltılı səslə dedi ki, onlar bizim arxamızca gəlirlər, sonra isə bizdən aralandı, ilk öncə onun niyə camaatdan aralandığını heç kəs başa düşmədi, çünki soyuqdan donmuşdu, səsi də kəsilmişdi. Bizə kinli bir tonla dedi ki, qaçın, gedin, məni gözləməyin, mən sizlə getməyəcəm. Kişili qadınlı hər kəs ona dedi ki, bəs ağlını başına topla, yubatma bizi, gəl, amma qız heç kəsi dinləmədi. Elə bu sözləri dedi:
- İndən belə mənim gözü yolda qalanım yoxdur, yoxluğum heç kəsi narahat etməyəcək, amma siz qaçıb özünüzü xilas etməlisiz. Gedin, o alçaqları arxamca sürüyəcəm mən.
Kənd camaatı da ermənilərin dibimizə qədər gəlib çatdığını görüb yollarına davam etməli oldular, gözüm o qızda üzülüb qaldı. Başqalarını deyə bilmərəm, mən günü indiyə qədər vicdan əzabında qovruluram, onun yaşamaq haqqını əlindən aldığımı düşünürəm. Heç vaxt inanmazdım ki, adı Nigar olan bu qız böyük bir çoxluğu xilas etməkçün öz gəncliyini azmış erməni casuslarının əlinə verər. Ata-anası gözümüzün qabağında güllələndi, qardaşının da belinə qumbara bağlayıb külünü havaya sovurmuşdular. Bu dəfə də Nigarın köməkliyi ilə qaçmağa müvəffəq olduq, ürəyimdə anamla danışırdım, ailəmin harda olduğundan xəbərsizdim, bu nigarançılıq məni bir addım atmağa qoymurdu, elə qohum-qonşu zorla sürüyürdü məni. Bacım Gülzar isə bir an belə ağlımdan çıxmırdı. O çox mərd qız idi, kənddə hələm-hələm qadın-qız maşın sürə bilməyəndə mənim bacım maşın sürməyi bacarırdı, atam öyrətmişdi. İxtisasca tibb bacısı olan bacımın iş fəaliyyəti müharibə dönəmlərinə düşdüyündən, hər dəqiqə cəbhəyə getməli olurdu, o qayıdana kimi biz də səhəri gözlərimizlə açırdıq. Belə səhərlərdən biri bizimçün çox ağır açıldı. Qardaşım itmişdi, nə öldüsü vardı, nə qaldısı. Gecədən səhərə vəziyyət gərginləşmişdi deyə Gülzargil də xəstələrin yerləşdiyi binanı tərk etməli oldular. Xəstələrin və tibbi heyətin daşındığı maşında yer olmadığından Gülzar fabrikdən evə qayıdan işçi heyətinin gətirildiyi avtobusda yerləşdirildi. Bacımın olduğu avtobusun sürücüsü yolda erməni gülləsinə tuş gəldi, avtobusun içindəki personalın hamısı qadın olduğuyçun ermənilər başqa fikirlərlə avtobusa doğru irəliləyirdilər. Gülzar da bir tərəfdən sürücünün öldüyünü, digər tərəfdən də ermənilərin yaxınlaşdığını görüb sükan arxasına oturdu və avtobusu hərəkətə gətirdi. Düz ermənilərin üzərinə sürdü və qadınları xilas edə bildi. Fəqət... mənfur ermənilərin gülləsi üç yandan onu yaralamışdı, bacım çox qan itirdiyindən elə ordaca ölmüşdü. Cəsədi ermənilərin əlində idi, qardaşım cəsədini ermənilərdən almaqçun getdi və başına olmazın işgəncələr gəldi, biriyçün axan göz yaşımız qurumamış digərinin ölüm xəbəri bizi yerdən yerə vurdu. Anamızı ovutmağa gücümüz yetmirdi. Getmək məqamında onu ordan güclə apardıq, torpağı öpürdü, qızını və oğlunu qoyub gedə bilmirdi. Sonra mən onlardan ayrı düşdüm.
Yavaş-yavaş qurtulduğumuzu zənn etdiyimiz bir anda ermənilər qarşımızı kəsdirlər. O gecə elə bildik ki, həyat dayandı: yaşlı, uşaq, qadın, kişi, silahlı, silahsız bilmədilər, hamını qırdılar. Mənim sağ qalmağım isə qonşuluqdakı Əhəd dayının sayəsində oldu, özünü üzərimə yıxıb dedi ki, gözlərimi yumum, hamilə olduğuma görə məni qorumaq istədi, kişini mənim üzərimdə kürəyindən güllələdilər. O qırğından sağ çıxan tək-tük adamlardan idim. Sağ qalanlar bizim dəstə tərəfindən aeroport yaxınlığına sağ-salamat çatdırıldı. Orda yoldaşımı gördüm, o anda fərqinə vardım ki, mən onunçun necə darıxmışam, ətrafımızdakı kimsəyə fikir vermədən möhkəmcə sarıldım ona, yalvardım ki, bir də məni tək qoyma. O da gözümün içinə baxıb mənə yalvarırdı:
- Nazı, min təyyarəyə, get Bakıya, körpəmizi qoru, o bizim yadigarımızdır. Mən də gələcəm ardınca, özüm tapacam səni, narahat olma, harda olursan ol, bil ki, nəzərim üzərinizdədir.
Mənə elə bil vida edirdi, son sözünü deyirdi.
- Heç olmasa sən etmə, izin ver səni gözləyəndə gələcəyini bilə-bilə gözləyim, “bəlkə”lərlə, şübhələrlə yox- dedim və məni təyyarıyı ötürürdü. Təyyarənin yanında ailəmi gördüm, demə onlar da məni gözləyirmişlər, bəlkə bu dəstənin içində olaram deyə son ana qədər məni gözləyiblər. Elə onlarla birgə məni də təyyarəyə mindirib birbaşa Bakıya yola saldı.
Məni özünə bağlama,
Bir gün ayrılacağıqa...
Beləliklə Bakıya gəldik, yataqxanadakı həyatımız başladı, öncə günlər, sonra həftələr, daha sonra aylar bir-birini əvəz etdi. Qızım dünyaya gəldi, bir yandan sevinirdim, çünki onu aylarla qorumuşdum, doğulmasını çox istəyirdim, çünki bundan belə ondan mənə qalan tək yadigar qızımız idi. Ondan isə hələ də səs-səmir yox idi, nə özü gəlirdi, nə qara xəbəri. Qızım azyaşlı idi, qonşuluqdan bir ailə məni oğullarına istəməyə gəldilər, bəli, övladımın olmasına baxmayaraq. İlk öncələrdə israrla “yox” dedim, axı necə razılaşaydım, mən bilmirəm ərim ölüb, ya sağdır, məni atıbmı, gələcəkmi, gəlməyəcəkmi? Bu qədər suallarla yeni həyata başlaya bilməzdim. Mən inad etdiyim kimi, onlar da inadlarından dönmədilər, sonucda razılaşmalı oldum, qızımı düşünməli idim, ona ata qayğısı lazım idi. Ailə qurduğum adamla aramda uzun zaman heç bir yaxınlıq olmadı, amma o mənim qızıma elə münasibət bəsləyirdi ki, sanki öz doğma qızıdır.
Beləcə illər sürətlə bir-birini növbələdi. Qızım məktəbi bitirdi, bu illər ərzində ikinci evliliyimdən də bir oğlum olmuşdu, amma yoldaşım qızıma daha çox bağlı idi. Qızımın toyunda onu qapıdan yola salanda ata-qız qucaqlaşıb ağlamaqları onun mənə evliliyimizin başında verdiyi sözün imzalı təsdiqi idi:-“Ülviyyə bizim qızımızdır, bu mənimçün hər zaman belə olacaq, istəməsən, başqa övladımız da olmayacaq”. Qızımı ər evinə elə bir şəkildə yola saldı ki, hər doğma ata etməzdi. Qızım toy günündə mənim gözümün içinə dolmuş baxışlarıyla baxdı, susdum, onun mənə niyə baxdığını bilirdim, çünki eyni hisləri keçirirdim ürəyimdə. Kaş o da burda olaydı, qızını ağ gəlinlikdə görəydi, sarılıb alnından öpəydi, qapıdan ata duasıyla yola salaydı.
İndi bir körpə nəvəm var, qızım yoldaşımın razılığıyla atasının adını qoyub ona. Hərdən düşünürəm, görən bir gün qayıdıb gəlsə, mən nə edərəm? Axı bu qədər zamandan sonra ailəmi də ata bilmərəm. Qızımın üzərində haqqı var, itirə bilmərəm, amma o da kef çəkməyib, əzab-əziyyətlərin əlindən gəlməsi illər çəkib. Təbii ki, bunlar mənim fikrimdir, bəlkə də ölüb, amma əsas olan odur ki, o mənim qəlbimdə dərin kök salmış bir sevgiylə yaşayır. Onu unutmağa ömrüm yetməz.