Kənan Hacının yeni hekayəsi
13.02.17
Avanqard.net Kənan Hacının "İki qadını ayıran pəncərə" hekayəsini təqdim edir.
Bir gün məşum bir qara yel o bəyaz küçəni yaladı keçdi, artıq qapının önündə deyildi uşaq…
Xuan Ximenes
Gecənin gec vədəsiydi, sükutdan qulaq tutulurdu. Çevrilib arvadına baxdı, qadın mışıl-mışıl yatırdı. İrəliyə baxdı, burda mənzərə tamam fərqliydi; çiyinləri açıq, uzun ağ paltar geyinmiş qızılı saçlı şahzadə qız ağ atın belində yox, böyründə dayanmışdı. Bu, dayanmaq deyildi, dünyaya meydan oxumaq idi. Belə şahanə duruş ancaq kraliçalara xas ola bilərdi. Kim bilir, bəlkə baxışlarından əzəmət yağan bu gözəl elə kraliçanın özüydü?
Yalı çiyinlərini oxşayan at boynunu qıza tərəf elə əymişdi ki, sanki ərlə arvad şəkil üçün poza verirdilər. Onlar gecənin qaranlığında işıq saçırdılar. Onların şəklini hafizəsinə köçürdü. Sonra qalxıb taxta pəncərənin hər iki tayını açdı. Sərin meh üz-gözünü oxşadı. Gecənin ilk siqaretini yandırdı. Sükut alışqanın şaqqıltısından hürkdü. Dəmir darvazanın böyründə şöngümüş it başını qaldırıb ətrafı dinşədi, bir-iki ağız kal səslə hürdü, sonra narazılıqla mırıldayıb kiridi. Mığmığalar dəcəl uşaqlar kimi sükutun üzünü cızıq-cızıq eləmişdilər. Şahzadənin üzündəki çillər də bəlkə elə nadinc mığmığaların əməliydi. Qızın isti nəfəsindən atın gözləri xumarlanmışdı, axırdı.
Eyvandan ayaq səsləri eşidildi. Ev yiyələrindən kimsə deyəsən subaşına çıxırdı. Başqa yerə qonaq gedəndə gecəni qalmaq onun üçün itin zülmüydü, sanki yerinə qor dolurdu, səhəri dirigözlü açırdı. Amma qalmağa məcbur idi, uzaq yol gəlmişdilər, bura bir dağ kəndiydi. Şəhərə qayıtmaq mümkünsüz idi, dözməliydi. Qızılı saçlı şahzadə bu dözülməz gecəni onun üçün əsl əyləncəyə çevirəcəkdi. Sevindiyindən az qaldı bu səssizlikdə çırtıq çalıb oynasın. Bəs yaxşı, şahzadə onu niyə görmürdü? Pambıq kimi ağ əlləri ilə eləcə atın yalına tumar çəkirdi. Üzünü pəncərənin şüşəsinə söykədi, qızın baxışlarısa naməlum boşluqlarda gəzirdi. Zaman araya qalın bir pərdə çəkmişdi...
Gedən adam pəncəsi üstə yerisə də döşəmənin cırıltısı və sonra da çarpayının səsi onun qayıdıb yatağa girdiyini məlum elədi. Allah eləməmiş, gecənin yarısında həyətə düşmək lazım gəlsə, gərək eyvandan çıxıb getsin. Eyvanda da ev yiyəsinin qayınanası və qızı yatmışdı. Belə məqamlarda utandığından bilmirdi neyləsin. Rayon yerlərində də ayaqyolu həyətin o başında olur, ora gedib çıxanacan da ayağın kol-kosa ilişəcək, it duyuq düşəcək, bir ağız hürəcək, üstəlik, gərək özünlə fənər, o da olmasa, işığı yanan alışqan götürəsən. Uzun pəstahadır. Hamı biləcək ki, sən subaşına çıxırsan. Biabırçılıqdır.
Atın yalına tumar çəkən qız ona o qədər doğma görünürdü ki, sanki o özü nə vaxtsa bu qızın bir parçası olmuşdu və ona elə gəlirdi ki, gözlərindən kədər süzülən gözəl məhz onu axtarır. Çöldəki qaranlıqla yataq otağına hakim olan qaranlıq sanki iç-içə keçmiş, bir vücuda çevrilmişdi. Otağın o biri küncündəki qapalı pərdələrin arasından necəsə özünə yol tapmış işıq şüası çarpayıda mışıl-mışıl yatan qadının üzünə yayılmışdı. Pəncərə önündə dayanmış adam bu doğma üzə uzun-uzadı baxandan sonra nəyisə kəşf etmiş kimi qəfil diksindi və heyrətə gəldi. Yataqdakı qadın sanki çöldəki qızın davamı idi.
Uzun yolun yorğunluğunu canından çıxarmaq üçün yatıb rahatlanmaq istəyirdi. Di gəl, gecənin bir aləmi iki qadının arasında əsir-yesir olmuşdu. Bir ömür boyu başı qadınlardan çox bəlalar çəkmişdi, ilan gülləyə atılan kimi, özü özünü bu atəşin içinə atırdı və hər dəfə də bu atəşdən yanıb külə dönmüş vəziyyətdə çıxırdı. Səməndər quşu misalı, bu küldən yenidən doğulmuş kimi, az sonra yenə də eşq burulğanlarında itib-batırdı. O, sanki bu əzablardan manyakcasına həzz alırdı, qarşılıqlı-qarşılıqsız sevgilərdən ötrü həyatını fəda etməyə, “uf” demədən hər şeydən keçməyə hazır idi. O, sevdiyi qadınların heç birini atmadı, həmişə onu atıb gedirdilər. Dünyaya gəldiyi gündən qadınlar onu atırdılar. O çöldəki qız da bəlkə onu atmış ilk qadın olmuşdu... Çöldəki zamanla içəridəki zaman arasında bir qərinə fərq vardı. Bəlkə də ona görə qız pəncərədən baxan adamı görə bilmirdi, bəlkə də görürdü – ilğım kimi, uzaq gələcəyin xəyalı kimi. Bəlkə də görmürdü, bu görüntü onun təsəvvüründə idi...
Həqiqət heç vaxt sirr saxlamaz, bir gün mütləq danışar. Yataqdakı qadın da həqiqətdən halı idi. Hələ ki, onu atmayan yeganə qadın idi. Ona analıq etmiş qadın da öz ölümüylə onu atmışdı. Həyatının qadınını axtarırdı və düşünürdü ki, o qadını hansısa bir ana doğmayıb. Deməli, ömürlük subay qalacaq, ömrü bir qadından o biri qadına qədərki məsafələrdə keçəcəkdi. Bu qədər qadının nazını çəkməyə, şıltaqlıqlarına dözməyə və hər dəfə labüd olan ayrılıqlara can tablamazdı. Bir vaxt canı təpərdən düşəcəkdi, onun da qayğısına kimsə qalmalıydı. Qocalıq qapını qəfil kəsdirəndə görəcəkdi ki, vaxtilə uğrunda canından və pulundan keçdiyi qadınların heç biri, bircəciyi də yanında deyil. Bəs onda halı necə olacaqdı? Azadlığın dadını bəs deyincə çıxarmışdı, bu azadlıqdan artıq bezmişdi. Kiməsə bağlanmaq, qalan ömrünü kiminləsə bölüşmək istəyirdi. Həyatının qadınını tapmadan öləcəyindən qorxurdu.Hələ ki, cavan idi, amma bu qorxu hiss olunmadan onun canına dolurdu. Bu yaş üçün belə bir qorxu çox tez idi, bu qorxunun vaxtından çox erkən onu haqlamasında da pəncərənin o üzündə dayanmış qızı günahkar sayırdı.
Həyatının qadını hər şeydən xəbərsiz çarpayıda uyuyurdu.
Qız canından qopmuş o varlığı atdığına peşman olmuşdu, ata süvar olub diyarbədiyar gəzir, hər yerdə onu axtarırdı. İndi balasının iyini almış dişi canavar kimi gəlib bu pəncərənin önündə qərar tutmuşdu. Bu hekayəti yazan adamın onun keçirdiyi hissləri qələmə almağa gücü çatmırdı. Özü də yorulmuşdu, başqa adamların hekayətlərini yazmaqdan bezmişdi. Heç nə yaza bilmirdi. Düşünürdü ki, bəlkə elə bu əhvalat da qələmə aldığı sonuncu yazıdır. Ona qalsaydı, günaha batmış qızı dünya durduqca o pəncərənin önündə saxlayardı, onu beləcə, əbədi cəzaya məhkum edərdi. Yunan allahları cızığından çıxanları belə cəzalandırırdılar. O da bu dəmdə yunan allahlarından biri olmaq istədi və sonra öz istəyinə dəli kimi gülüb bir az da ağlına şübhə ilə yanaşmağa başladı.
O qız canından qopmuş o igidi bir də heç vaxt, heç yerdə görməyəcəkdi. Qocalıb əldən-dildən düşüncəyə qədər bu həsrət onu yandırıb-yaxacaq, həyatını cəhənnəm əzabına döndərəcəkdi.
Pəncərədən çəkildi, siqaretin kötüyünü külqabıya basıb söndürdü və çarpayıya uzandı. Qolunu qadının belinə dolayıb özünə sıxdı.
3-6 fevral, 2017-ci il
/Ədəbiyat qəzeti/
|