“Doktor Jivaqo” və "Tikanlıqda şərqi deyənlər" çap olunub
23.01.17
Boris Pasternak “Doktor Jivaqo”
Hələ sağlığında XX əsr dünya ədəbiyyatının ən yaxşı şairlərindən biri hesab edilən Boris Pasternak ona dünya şöhrəti və Nobel mükafatı gətirən “Doktor Jivaqo” romanıyla həm də mahir bir nəsr ustası kimi tanındı. XX əsrin birinci yarısında, Rusiya tarixinin kəskin ziddiyyətlər və təlatümlərlə dolu bir dövründə baş verən hadisələrin lirik-psixoloji səpkili bədii salnaməsi olan bu əsərdə cəmiyyətin müxtəlif zümrələrinə mənsub insanların taleləri, onların qarşılıqlı münasibətləri və üzləşdikləri faciələr dolğun, rəngarəng boyalarla təsvir edilib. “Doktor Jivaqo” aktuallığını bu gün də qoruyub saxlayan tarixi romandır, siyasi romandır, müharibə romanıdır, nəhayət, hər addımbaşı oxucunu öz sehrinə alan əsrarəngiz bir sevgi romanıdır.
Tərcümə Mehman Cavadoğluna məxsusdur. Qiyməti: 14.99
Kolin Makkalou - “TİKANLIQDA ŞƏRQİ DEYƏNLƏR”
Bir quş haqda əfsanədə deyilir... Bütün ömrü boyu yalnız bir dəfə oxuyan quşun səsi Yer üzünün ən gözəl, ən təsirli ifası olur. Günlərin bir günü o öz yuvasını tərk edir və tikanlı kol axtarışına çıxaraq onu tapana qədər sakitləşmir. Kolların arasında şərqisini deyə-deyə sinəsini ən uzun, ən iti tikana batırır və ölüm şərqisini daha böyük əzabla ifa etməyə davam edir. Tikan ürəyini parça-parça etsə də, ağrısına qalib gələrək, ölüm ayağında torağay quşundan, bülbüldən belə, gözəl oxuyur. Yer üzünün yeganə şahanə nəğməsi ölüm bahasına başa gəlir. Amma həmin an bütün dünya nəfəsini saxlayaraq sükuta qərq olur və Tanrı da göylərdə gülümsəyir. Belə çıxır ki, ən gözəl şeylər yalnız böyük iztirablar bahasına başa gəlir… Hər halda, əfsanə belə söyləyir…
Tərcümə Aytən Cavanşirə məxsusdur. QİYMƏT: 13.99
|