Aslan Quliyev: "Ağrı" çap olundu, bir kimsənin tükünü tərpətmədi - Müsahibə

17.01.17

"Ədəbiyyat qəzeti" üçün “Öz əsərini danışdır” layihəsində Aslan Quliyev “AĞRI” romanı haqqında danışır.

-Aslan müəllim, niyə "Ağrı"?

-İnsanlar ağrıları haqda danışmağı sevərlər, ona görə. Həm də bu təkcə mənim ağrım deyi. Bu torpaqda yaşayan xalqın ağrısıdır. Müsəlmanlı, xristianlı…

-Romanın ideyası, fikri hardan yarandı? Hansı hiss sizə dedi ki, belə bir mətnin zamanı gəlib?


-Səksən səkkizinci ildən üzü bəri bu hadisələr gözümüzün qarşısında baş verdi.  Biz bu hadisələrin içindəydik. Bunca işkəncələrə, haqsızlıqlara məruz qalmaq və susmaq doğru deyildi,  bunlar yazılmalıydı. Bu müharibə niyə başladı, nədən başladı, necə oldu başladı?  Ölkədə bütün bunları olduğu kimi oxucuya çatdıracaq yazılar yazılmırdı.   O zaman  “Ağrı”nı yazmaq zərurətini hiss elədim…

-Romanda xeyli tarixi istinadlar var. Yəqin ki, hazırlıq bir xeyli vaxtınızı alıb

-Təbii, aldı. Günlərlə tarixi faktları, arxiv materiallarını oxudum. Bəzi tənqidçilər, o cümlədən yazıçı dostlarım tarixi faktların qeyd olunmasına etirazlarını bildirirdilər. Haqsız da sayılmazlar. Amma mən yazıçıyam, bunca tarixi fakta istinad olunmasının, publisistik materialların çoxluğunun romanı ağırlaşdırmasını, oxunaqlığını azaltmasını hər kəsdən daha yaxşı başa düşürəm. Məni buna vadar edən hadisələrin necə başlamasından və illərlə bu xalqın başına hansı oyunlar açılmasından öz adamlarımızın, xüsusi ilə də gənc nəslin az xəbərdar olması idi.

-Yəni bu romanın əsas oxucu hədəfi Azərbaycan insanıdır.

-Əsasən, hə. Amma bəlkə bu roman nə vaxtsa başqa dillərə tərcümə olundu, oxundu. Elə bilirəm maraq doğuracaq.

-Romanın yazılmağa başlaması, yazı  prossesi, tamamlanması yadınızdadırmı?


-Yox, xatırlamıram. Təkcə bu romanımı deyil, digər hansısa  romanımı da harda və haçan yazmağa başladığımı xatırlamıram. Çox vaxtımı alıb. Yazı prosesi üç-dörd il çəkib. Fasilələr olurdu, bəzən başqa yazı, tərcümə üzərində işləyirdim. Amma diqqətimin mərkəzində həmişə bu roman olub. Mən o romanı bitirmədim ki, hələ də yazıram, fikirlərimdə, düşüncələrimdə, yuxularımda. Romanı yazıb bitirəndən sonra da oxuyub fikirlərini desinlər deyə romanı ilkin variantda həmkarlarıma, - Rəhim Əliyevə, Eyvaz Zeynalova, bəzi tarixçilərə göndərdim. Həm yaza-yaza oxucuların rəyini öyrənmək üçün bəzi fəsilləri ayrıca hekayələr kimi çap elətdirirdim. Ümumiyyətlə mən bütün romanlarımı yazanda bu üsüldan istifadə eləyirəm. Bütün rəyləri, fikirləri eşidəndən sonra təzədən işlədim.

-Redaktə çətin mərhələdir

- Redaktə çox vacibdir. Xaricdə  bir yazıçının əsərini beş-altı, bəzən on redaktor oxuyur, yazıçını təkrar-təkrar əsər üzərində işləməyə məcbur eləyirlər və nəticədə ortalığa bitkin bir əsər çıxır. Bizdə bu yoxdur. Bunun üçün də yaxın dostlarımızın köməyinə müraciət edirik. Ümumiyyətlə əsəri  çapa getməmişdən əvvəl mütləq kimsə oxumalıdır. Yazıçı öz səhvini özü görə bilmir.

-Roman 2014 cü ildə çap olundu və təqdim edildi. Sonrasında nə gəldi? Mən bilirəm ki, siz “Ağrı”-dan gözlədiklərinizi ala bilmədiniz.

-Hədiyyə xanım, heç nə gəlmədi. Yalnız oxuculardan məktublar aldım, hamısı xoş sözlər deyirdi. Bəzi həmkarlarım da zəng elədilər, onlar da kitab haqqında yüksək fikirdəydilər. Amma kitab çox az satıldı. Bu xalq öz taleyinə, tarixinə, kitaba biganədir. mən “Ağrı”-nın diqqəti çəkəcəyini, başqa dillərə tərcümə olunacağını gözləyirdim. Amma olmadı.

-Bəlkə nəşriyyat təbliğatı təşkil edəmmədi?

-Naşirin bu məsələdə günahı yoxdur, onsuz da çap elədiyi kitabları bacardığı qədər təbliğ eləyir, satılmasına çalışır.  Romanlarımızın oxuculara çatmamasının əsas səbəbi kitab mağazalarının azlığı, rayonlarda demək olar olmaması, ədəbiyyatın təbliğ edilməsindəki laqeydlikdir. Bütün rayon mərkəzlərində, şəhərlərdə, iri kəndlərdə, avtobus, dəmir yol stansiyalarında, metro stansiyalarında heç olmasa kiçik kitab köşkləri olmalıdır. Bunlar yoxdursa oxucu kitabı hardan və necə əldə eləyə bilər?  Bir də kitabxanalar, kitablarımız kitabxanalara gedib çıxmır.

 -Bəli, kitabxanalar da var.

- Kitabxanaları müasir Azərbaycan ədəbiyyatının yol tapması  Mədəniyyət Nazirliyi tərəfindən həllini tapa bilər. Çünki, fondları onlar təmin edirlər. Nazirlik tərəfindən təşəbbüslərin olacağına, bu məsələyə diqqət ediləcəyinə ümid etmək qalır.

-Romanın ilk adı “Ağrı” deyildi…

- Hə, siz bilirdiniz, romanın ilk adı "Yazıçı və keşiş" idi.  Bu adı çox bəyənmişdiniz.   Amma romanı oxuyan digər həmkarlarım irad bildirdilər, nəsə mənə də uğurlu ad kimi gəlmədi. Düşündüm, ağrımızdan yazıramsa, qoy elə adı da “Ağrı” olsun. Amma indi etiraf eləyirəm, siz haqlıymışsınız. İlk adı daha uğurluydu. Nə isə bu ad məsələsi mənim  yaralı yerimdir. Romanı yazıram, adı yoxdur. Ya da uğurlu seçim yoxdur.

-Aslan müəllim, roman obrazlarla zəngindir. Keşiş, Dəyirmançı, Molla, Yazıçı, Tənqidçi, Sərxoş...  Qadınların əsasən öz adları yazılıb. İstinalar da var, məsələn Tənqidçinin arvadı…  Adlar diqqət çəkir. Ümumiyyətlə, bu obrazlarlarda real adamlardan nə var? Kimlərdən "istifadə" etmisiniz?

-Qəhramanlara da xarakterlərinə uyğun gələn, onları ifadə eləyən ad tapa bilməyəndə, elə peşələrinə, sənətlərinə uyğun adlardan istifadə eləyirəm. Kişilərdə alınır, qadınlarda isə belə adlar getmir. Hə, çoxu reallıqdan götürülənlərdir. Hadisələr başlayanda döyüşçülərlə, yurdlarından qovulanlarla görüşür, saatlarla onların danışdıqlarına qulaq asırdım.

-Romanın qəribə aurası var. Əslində buna Aslan Quliyevin dili demək mümkündür. Adətən bütün mətnlərinizdə hiss edilən üslub  bu romanda da qorunub. Utopik bir kənd, real hadisələrdən qopub oraya sanki düşən yazıçı, baş verənlər...  Adama elə gəlir ki, bu kiçik kənd  yer üzündə ola bilməz. Onu tapmaq üçün Murakaminin dediyi kimi, xəyal daşından keçib getmək lazımdır...  Lakin gerçəklidən xəyala və əksinə elə sakit keçid baş tutur ki, heç nə gözə batmır...

-Hədiyyə xanım, modern nəsrdə ola bilməz düşüncəsi ola bilməz. Bu imperiya dövrünün,   realist ədəbiyyatın təfəkkürüdür. Mənə irad tuturdular, Azərbaycanda ola bilməz, quşlar danışa bilməz, heyvanlar insanları duya bilməz. Belə bir kənd olubmu, sualı da elə bir əhəmiyyət kəsb eləmir.

-Lakin mən qətiyyən belə bir sual vermirəm.

-Hə. Yazıçı öz təxəyyülündə məkanı yaradır, qəhramanlarını ora gətirir və onlar orda yaşayır, ölürlər. Necə məkan yaradır, ora gətirdiklərini necə yaşadır, necə öldürür, ya da öldürmür, bu artıq yazıçının istedadından, yazı qabiliyyətindən asılıdır. Reallığa qalanda isə Azərbaycanda belə kəndlər çox olub, elə indi də var. Mən də təbiətim etibarı ilə sakitliyi sevirəm,  böyük şəhərləri, hisli-tozlu, tüstülü, səs-küylü yaşayış məskənlərini sevmirəm. Meşədə, dağda-daşda özümü öz boşqabımda hiss eləyirəm. Ona görə də qəhrəmanlarımın da sevdiyim yerlərdə yaşamalarını istəyirəm. Həm, belə bir kəndin reallıqda olub olmaması heç nəyi dəyişməz

-Bir baxımdansa o kənd dünyanın bütün pisliklərindən qaçıb gələn adamların sığınacağıydı. Yazıçı kimi başqalarının da orda olmasının bir səbəbi var…


-Məncə qaçıb gedə bilməyənlərin sığınacağıdır. Və qaçıb gedə bilməmək üçün də hərəsinin bir səbəbi var.

-İstənilən halda mətndəki o kiçik və təmiz kəndi siz yaratmısınız, bəlkə bu görmək istədiyiniz cəmiyyətin kiçik modelidir? Lakin bir gün gəlir, həmin kəndin dincliyi pozulur, həm də artıq ciddi və real faktlar var. Yəni, müharibə, düşmənlik xəyalımızda yaratdığımız sığınacağı da xarabazara çevirir...

-Bu təkcə o kiçik kəndin yox, yüzlərlə, minlərlə Azərbaycan kəndinin faciəsidir. Adamlar heç nədən xəbərsiz evlərində yatırdılar, səhər ayılıb görürdülər toplu-tüfəngli yaraqlılar kəndi mühasirəyə alıblar. Kəndə hücum çəkir, əllərinə keçən hər kəsi öldürür, zorlayır, talan eləyirdilər. O kəndi də xarabazara çevirib dədələrinin min illik yurdları kimi sahib çıxdılar, o biri kəndləri də.

-Aslan müəllim, diqqətimi çəkən bir şey var, mətndə, hətta  ən ağır səhnələrdə belə, qəzəb yoxdur, insan düşmənliyi yoxdur, siyasi düşmənlik, ideolioji düşmənlik var...  Tarix müəllimini yada salıram, onun  danışdıqları hətta bi iki düşmən xalqın nə zamansa eyni kökdən təşəkkül tapdığını əsaslandırmağa çalışır. Romanda pozulmayan, zədələnməyən  fərdi xarakterlər var, onlar ağına-bozuna baxmadan qana susayan insanlar deyillər. İntiqamın çirkin yolları təsvir edilir, lakin “Ağrı”-nın insanı bunu qəbul etmir, məsələn Mollanın əhvalatında…

-Mən nə romanı yazanda, nə də indi qəzəbli deyiləm. Onda da faktları yazmışam, indi də faktları yazıram. Bu tarixdir, həqiqəti deməli, yazmalısan. Mən bütün savaşları onların başladığını yazmaqla, ermənilərin hamısının düşmən olduğunu yazmıram, həqiqəti yazıram. Sizdən soruşuram, Qarabağda, Şirvanda, Bakıda, Şamaxıda və s. ilk qanı kimlər axıdıb? Tarixdə azərbaycanlıların ermənilərə hücum eləmələri, onlarla müharibə elan eləmələri haqda  bircə dənə də fakt yoxdur. Bu iki xalq bir kökdən gəlməyib, sadəcə olaraq onlar bu torpaqlarda yaşayan xalqları öz torpaqlarından təmizlədikcə, onları maddi və mənəvi irsinə də sahib çıxıblar. Ərmənlərin, tatların, sonda da albanların.

- Sadəcə romandakı humanizm notlarını xatırladım. İntiqam hissi yoxdur, lakin qəhrəmanlıq və  igidlik var. Hücum yoxdur, lakin son damla qana qədər savaşmaq və müdafiə etmək var. Kimsənin ləyaqətini təhqir etmək yoxdur, lakin öz ləyaqəti üçün hətta ən doğma admların qanını axıtmaq var...  Yuxarıda da dediyim kimi, bu bir hücum, göstəriş, cavab romanı deyil, bu daha çox göstərməkdir ki, əslində bu savaşlar olmaya da bilər, əslində ədalət və ədalətsizlik dünyanın hər yerində eynidir, amma adamlar bunu anlamalıdırlar. Bəlkə də “Ağrı” adamlara bunu sadə yola göstərib, hətta  o qədər sadə yolla ki, düşünürsən-gör nə qədər asan ola bilərdi yaşamaq, sevmək, dost olmaq, qardaş olmaq...

-Kəndin sakinləri vaxtı ilə ermənilərin onların ulu babalarına qarşı necə qəddarlıqlar elədiklərini bilsələr də, bir kimsənin ağlının uğundan ermənilərə pislik eləmək keçmir.  Onlar öz qayğıları ilə yaşayırlar. Amma bunu da onlara çox görürlər.

-Bəli. Lakin , niyəsə mən yenə də düşünürəm ki, bu əsərdə ancaq erməni millətindən olan işğalçıya qarşı çıxılmır, həm də bütün dünyadakı savaşçılara qarşı çıxılır. Sizin də dediyiniz kimi-hücum edən haqsızdır, o susdurulmalıdır.

-Hədiyyə xanım, ədalət və ədalətsizliyin dünyanın hər yerində eyni cür təsiri olar, amma eyni olmaz. Mən sizinlə razıyam, o kəndə kim də  hücum eləsəydi, kəndin adamları onlara qarşı da eyni əzmlə çıxacaqdılar. Onlar üçün işğalçının kim olmasının fərqi yoxdur.

-Üstəlik, o gözəl kəndin sakinləri heç də eyni millətdən deyillər.

-Keşişi nəzərdə tutursuz?

-Keşiş. Rus qadın. Yanılmıramsa o Sərxoşun arvadıdır, üstəlik çox müsbət obrazdır

-Hə, rus qadında haqlısız. Sərxoşun arvadı ora sonradan gəlir. Amma keşiş də  kəndin digər sakinləri ilə eyni millətdəndir. Sadəcə olaraq kəndin aşağasında yaşayanlar dinlərini dəyişiblər, yuxarısında yaşayanlar isə yox. Bilsəniz bu nə qədər ağrılı söhbətdir…

-Bu barədə daha geniş nələrsə demək istəmirsiniz? Maraqlıdır.

-Hədiyyə xanım, bizim ən böyük faciələrimiz ərəblər bu torpaqlara ayaq açandan sonra başlayıb.  Ərəblər gələndə   bu torpaqlarda əsasən xristianlar yaşayırdı. Ermənilər, gürcülər ərəblərlə dil tapdılar, onlara bahalı hədiyyələr  verdilər. Ərəblər   onları elə də incitmədilər. Biz isə onların qarşısına qılıncla çıxdıq. Babək iyirm il xilafət qoşunlarına qarşı döyüşdü, onların qabağını kəsdi. Bunu  ərəblər bizə bağışlamadılar. Qafqazda ən sərt bizimlə rəftar elədilər, ən ağır töycüləri,  vergiləri bizə qoydular.  Azərbaycan toplumunun əsasını təşkil eləyən albanlar bir millət kimi yoxa çıxdılar, dilləri, yazıları, bütün maddi və mənəvi irsləri yox oldu. “Ağrı”da da dünyadakı sonuncu alban keşişdən söhbət açılır. Kənd onun da kəndidir. Düşmən gələndə də silaha ilk sarılan keşiş olur.

-Bu torpaqlarda sonuncu alban keşişi vardımı? Yoxsa  bir arzudan doğan obrazdır? Və ya  bir vasitədir, nəql etmək, göstərmək, çatdırmaq üçün.

-XIX əsrin sonlarına qədər var idi, sonra onlar da erməni və gürcü xristian icmasının içində əriyib itdilər. İlk dəfə ərəblər alban kilsələrini erməni kilsəsinin tabeçiliyinə verəndə albanlar onları xeyli müddət öz kilsələrinə buraxmadılar. Kilsələr əllərindən alınanandan sonra isə kilsələrə getmədilər, dini ayinləri evlərində icra elədilər. Çoxu da ölkədən çıxıb getdi, Ukraynaya, Polşaya, Rusiyaya. Orda öz əlifbaları ilə tarixlərin yazdılar qıpçaq (türk) dilində. Amma o yazılara da ermənilər sahib çıxdılar.

-Yalnız faktları sadalamaq üçün publisitika və salnaməçilik yetərlidir. Ədəbiyyat faktlardan güzgü düzəltmək və onu insanlığa tutub-bax, özünə bax-demək deyilmi? Məsələn siz sonuncu Alban keşişini yoxa çıxdığı zamandan qoparıb günümüzə gətirmisiniz…

-Mən “Ağrı”-da insanları bu güzgüdə faciənin kökündə dayanan səbəbə baxmağa dəvət etmişəm. Bu yerdə tarixi mənbələrə və publisitikaya müraciət qaçılmazdır.

-Romanda həm də Əfqanıstan müharibəsinə geniş yer verilib. Bütün çılpaqlığıyla Azərbaycan oxucusu həmin dövr haqqında az oxudu. Sanki zaman elə keçib getdi ki, Əfqanıstan hadisələri haqqında heç nə yazmağa macal olmadı, tezliklə Qarabağ münaqişəsi başladı. Sovet zamanı gizlədilən bir çox mətləblər ədəbiyyata gətirilmədi, gənclik o zamanın Əfqanıstan savaşları haqqında demək olar heç nə bilmir. Üstəlik, sonra Qarabağda döyüşən Əfqanıstan veteranları sovet dövründə üz-üzə qaldıqları Əfqan döyüşçüləri  ilə çiyin-çiyinəydilər..

-Eləydi, Qarabağ savaşında əfqan döyüşçülər həm təcrübəliydilər, həm də qəhrəmancasına, fədakarlıqla döyüşürdülər. Onlar döyüşün, müharibənin hər üzünü görmüşdülər. Müharibə mütəxəssisiydilər. Əfqan döyüşçülər  isə bizdə az döyüşdülər, hansısa bir qələbəyə imza atdıqlarından da xəbərsizəm.

-Hə, onlar tezliklə çıxıb getdilər.


-Biz o müharibəyə könüllü getməmişdik, Əfqanıstana yəni, bizi zorla aparırdılar. Onların Qarabağ savaşına nə yolla gəlməsi isə mübahisəlidir.

-Hər halda roman Əfqanıstan savaşındakı könülsüz iştirakımızı yaddaşa köçürüb. Böyük ordunun tərkibində ümumi əmr. Bu  qaydadır və heç bir güzəşt tanımır.

- Bizdə əfqan müharibəsi haqda yazılıb, amma belə yazılar çox azdır. "Ağrı"dakı yazıçısının da Qarabağa yolu əfqan müharibəsindən başlayır. Bu çox qəddar, amansız müharibə olub. Sovet vaxtı yazmayıblar. Heç indi də hər şeyi yazmaq olmur. Bütün müharibələrdə vicdanlar susur, amma  əfqan və Qarabağ müharibəsində insanlıq da susub. İnsanlar vəhşilikləri ilə vəhşi heyvanları da geridə qoyublar. Çox vaxt əsir düşən müsəlmanları əfqanlar öldürmürdülər, bu ruslarda qıcıq yaradırdı. Ona görə də əsirlərin çoxu daha geri qayıtmır, qərbə üz tuturdu. Qayıdanların da çoxunu sovet zabitləri adını xəyanət, satqınlıq qoyaraq güllələyirdilər…

-Aslan müəıllim, əsərdəki əsas xətt sözsüz ki, Yazıçıdır. Bu ümumiləşdirilmiş obrazdır, haqlıyammı?

-Yox. Bu romanda yox. O bütün həmkarlarını təmsil eləmir. Ayrıca fərddir, ayrıca, öz taleyi olan və taleyi ilə də, yazıları ilə də həmkarlarından fərqlənən yazıçıdır. Bədii ədəbiyyatda real obrazlar olmur, obrazları yazıçı yaradır. Romandakı yazıçı da   mənim qələmimimin məhsuludur. Amma sırf real olmadığı qədər, sırf  xəyali obraz da deyil.

-Mən yazıçıların ümumiləşdirilmiş obrazını nəzərdə tutmuram. Ümumiyyətlə ümumiləşdirilmiş obraz. Yaziçi həm keçmiş və indiki döyüşçüdür, həm kəndinə qayıdıb gizlənən, təbiətə sığınan adamdır, həm əsərləri çap edilməyən gənc yazardır, həm dostdur, həm bir az avaradır. Bir az təəssübkeşdir, bir az kövrəkdir, bir az sərtdir. Başına gələn mürəkkəb və sadə hadisələr, şəxsi həyatı, dostları, düşmənləri, mübarizəsi, döyüşü, qayıdışı...  Lakin əsərin əvvəlində  hardan başlayıbsa sonda oraya qayıdır. Yol çox uzun və ağır olub. Dairə tamamlanıbmı?

İndi onun əsərini çap edəcəklərmiş kimi görünür...

-Dairə tamamlanıb. Onun dairəsi. İndi onu çap eləyəcəklər, necəki,  eləyirlər.

-Bu dairənin içində qalan onun faciəsidir, yoxsa qələbəsi? Necə ki, yazmısınız:
“-Bircə nəfər də sağ qalmadı?
-Qalmadı...”


-O da bir Azərbaycan yazıçısıdır.  Biz qələbə qazanmırıq, uduzuruq. O da məğlub olur.

-Yəni, bu ümumilikdə kimin məğlubiyyətidir? Hamı savaşa məğlub olub, heç kim ordan sağ çıxmayıb, amma bir yandan təkcə o sağdır. Hərçənd ki, sonunda əsərini çap üçün qəbul edirlər, hərçənd ki, o sağdır, lakin uduzub. Bəlkə Yazıçı bütün bunları yaza bilmək üçün “sağ buraxılıb”?

-Hə, bircə nəfər də sağ qalmır.  Həm bu romandakı reallığı əks elətdirir, həm də təkcə cismani ölüm nəzərdə tutulmur. Sənin yurdunu-yuvanı əlindən alır, bütün doğmalarını öldürürlərsə, sən özün də ölürsən. Ümumilikdə bu bizim məğlubiyyətimizdir. Bir insan kimi də, bir yazıçı kimi də. Təkcə o yox, o savaşda hamımız, sənətindən, peşəsindən asılı olmayaraq hər kəs məğlub oldu. Əsərinin çapı isə bir yazıçının qələbəsi deyil. "Ağrı" çap olundu, bir kimsənin tükünü tərpətmədi, bu yazıçının məğlubiyyəti deyilmi?

-Romanın məndə yaratdığı ümumi təəssürat budur-Tarix heç zaman haqlı deyil, onun səhifələrini tutumlu edən savaşlar ancaq siyasi oyunların işinə yarayır, savaşanlar sanki öz şanlı tarixini yaratmaq üçün döyüşürlər, lakin bəşəriyyətə tarix lazım deyil, bəşəriyyətə başqa şey-barış gərəkdir...

Yazıçının övladının da adı Barışdır. Və o da qurbandır. Bu bir işarədirmi? Yəni, bəşəriyyət ona gərəkli olanı hələ də qəbul edə bilmir.

-Tarixin haqsızı, haqlısı olmur, tarix olur. İnsanlar da heç də həmişə öz şanlı tarixlərini yaratmaq üçün döyüşməyiblər. Baxın, Babək. Döyüşməyə məcburdu, onun üstünə gəlirdilər. Torpağını işğal eləməyə, inanclarını əlindən almağa gəlirdilər. Ya bizlər. Evlərimizdə oturmuşduq, bir də onda eşitdik Qarabağı bizdən almaq istəyirlər. Məcburduq döyüşməyə. Yəni burda tarixin günahı yoxdur. Əlbəttə, bəşəriyyət barış içində yaşamalıdır. Yaşasa da şər olmaz. Şər də varsa, barış olmaz. Barışın ölümü, Barışların ölümü nəyəsə işarə deyil, faktdır. Müharibənin acı gerçəkliyidir. Dünyanı bəşəriyyət idarə eləmir ki, ona gərəkli olanı da qəbul eləyə. Bəşəriyyətə qəbul elətdirirlər, zorla, diqtəylə. Nəyi istəsələr, necə istəsələr!

-Aslan müəllim, məsələyə qlobal yanaşsaq, tək deyilik, dünyada savaşa zorlanan yüzlərlə toplum var. Hətta  öz içimizdə savaşdayıq, bunun bir az geniş nümunəsi vətəndaş müharibələri, üsyanlar var. Bəzən hətta  kiçik, qonşunun qonşuyla torpaq davaları belə mübahisə, daha ciddi fəadlar, cinayətlər döğurur. İnsanlar sizin təsvir etdiyiniz o kiçik kənddə olduğu kimi,  daha dinc, gözəl yaşaya bilməzdilərmi? Yəni  mən Ağrı romanını sadəcə Qarabağ savaşı haqda roman hesab etmirəm, bu sanki bütün döyüşçülərə səslənməkdir, ən azı qarşı tərəfə səslənməkdir.

-Bu bütün dünyaya, bütün insanlara çağırışdır! Yazıçı müharibə dəhşətlərini bütün çılpaqlığı ilə ona görə yazır ki, insanlar müharibəni tanısınlar, nəfəsini duysynlar, bəşəriyyətə nələr gətirə biləcəyini başa düşsünlər.

-Yəni, siz də bunu qəbul edirsiniz ki, “Ağrı”-nın mesajı heç bir ayrıseçkilik edilmədən hamıyadır.

-Ağrının mesajı ilk növbədə bu ağrını illərdir yaşayan, qəlbində gəzdirən xalqımadır. Biz haralardan keçib gəldik,  haralara gedirik, gələcəkdə bizi nə gözləyir.  Mesaj budur.

-Yuxarıda Ağrının tərcüməsiylə bağlı məsələyə toxunmuşduq. Məhz bu məqamda bu sual döğdu-eləsə başqa millətin, başqa topluluğun insanının bu romandan necə bir mesajı alacağını gözləyirsiniz?

-Başqa millətlərin, toplumların isə yalnız və yalnız həqiqətin harda olmalarını bilmələrini istəyirəm.

- Sizcə bizim həqiqətimiz başqalarına gərəkdir? Axı, bu bizim həqiqətimizdir…

-Hədiyyə xanım, bu kimi yazılar münaqişənin ədalətli həlli üçün zəmin hazırlayır. Ermənilər belə zəmini Qarabağ savaşı ərəfəsində hazırladılar. Sumqayıt, Bakı hadisələrini danyaya təqdim eləyib vəhşi azərbaycanlı obrazı yaratmaqla. Dünya bizim həqiqəti bilməlidir. Biz bundan heç nə itirmirik. Amma nə yazıqlar olsun ki, biz bu həqiqəti dünyaya çatdıra bilməmişik, bu gün də çatdıra bilmirik. Söz isə böyük qüvvədir! Problem odur. ədəbiyyatımızın təbliği məsəsləsində biz qonşularımıza çox ududzuruq. Amma qonşularımızdansa bu bizim üçün daha vacibdir.

-Lakin etiraf etməliyik ki, görülən işlər var və hətta bu işlərdən sonra da hətta ən yaxın qoşularımız dabu faciələrə laqeyddir. Sıravi insanların heç məlumatı da yoxdur Qarabağda nələr olur. Bir baxımdan burada iş təkcə yazıçının məsələyə öz bucağından baxışıyla və məsələni birtərəfli ədəbi mətnə çevirməsiylə bitmir... Üstəlik dünya mətnlərə vurulan təbliğat yarlığından qaçır, bəlkə də sizn dediyiniz kimi, həqiqəti daha bəşəri səhnədə təqdim etməliyik ki, bizə də onun həllindən pay düşsün...


- Yazıçıların  bu işləri görmək imkanları xaricindədir. Mən Ağrını çətinliklə çap elətdirmişəm, onun tərcüməsi, təçliği üçün pulu hardan tapa bilərəm? Əgər bu mövzudan bəhs edən yazılar, kitablar xarici dillərə tərcümə olunmursa, hardan da məlumatlı olacaqlar?

-Siz həqiqətənmi elə düşünürsünüz ki, bu roman ancaq Qarabağ həqiqətlərini dünyaya çatdırmaq istiqamətində bir addımdır, vəssalam?

 Mən indi sizin, müəllifin  deyil, onun yazdığı romanın, “Ağrı”-nın tərəfindəyəm. O daha düzünü göstərir, “Ağrı” Qarabağ münaqişəsi haqqında adi bir təbliğat mətni deyil.  Bütün münaqişələrə bir baxışdır. Bütün münaqişələrə və onlardan əziyyət çəkən Sərxoşlara, Keşişlərə, Mollalara, Yazıçılara, Ülkərlərə, Sonyalara və hətta  erməni Suzannalara... Yəni, bu cür ağrıların bizimkisi, sizinkisi olmaz. O hər iki tərəf üçün, hər tərəf üçün ağrıdır, gec-tez hər tərəf onu hiss edəcək və bəlkə də hiss etməkdədir.


-Hədiyyə xanım,  xoş sözləriniz üçün təşəkkür edirəm. Yəni romanı bunca qiymətləndirdiyinizə görə. Amma mənim üçün dünyada Qarabağ ağrısından, Qərbi Azərbaycan ağrısından daha ağrılı, daha önəmli heç nə yoxdur. Əgər bu romanla dünyaya Qarabağ həqiqətlərini çatdıra biləcəyəmsə, demək, roman alınıb. Mən belə düşünürəm. Bir yazıçı bir romana bütün dünya müharibələrini, münaqişələrini gətirə bilməz. Bu mümkünsüz. Amma bir yazıçı bir roman yazarsa və onu oxuyan hər kəs, millətindən asılı olmayaraq, müharibənin acımasız və qəddar sifətini görərsə, yazıçı məqsədinə nail olub. Söhbət budur.

-Müharibə istənilən halda insan faciəsidir…

-Təbii, müharibə hər kəsin ağrısıdır. Qarşı tərəfin də. Amma bu müharibəni biz başlamamışıq…

-Sizi anlayıram. Aslan müəllim, roman çap olunandan sonra oxuyub "kaş bunu belə yazmayadım, ya da kaş bunu da əlavə edəydim" dediyiniz oldumu?

-İnanmayacaqsınız, çap olunandan sonra onu oxumadım ki. Çapa qədər azından on dəfə oxumuşdum, rəy üçün verdiyim dostlardan qayıdanda, tarixçilərdən qayıdanda. Düzəlişlər aparanda. Romanı yazmaqdan yox, oxumaqdan yorulmuşdum. Çünki roman yazılıb çapa verilənə qədər yazıçı o qədər üzərində işləyir, o qədər oxuyur ki, çap olunana qədər bütün gücü tükənir. Sanki son gücünü toplayıb son nöqtəni qoyur və bir daha keçdiyi bu ağır, çətin yola qayıtmaq istəmir.

-Oxuculardan, dostlarınızdan hansısa bir qeyd gəlmədimi ki, açıb bir də baxasınız ki, nəyi deyirlər, niyə deyirlər? Yəni ciddi iradlar olmadımı? Üstəlik, bir də yad baxışdan oxumaq var.

-Zəng eləyənlər, məktub yazanlar hamısı xoş sözlər yazdılar, xoş sözlər dedilər.  Heç bir irad bildirmədilər. Doğrudur, bir oxucum qeydləri olduğunu və onları da yazacağını dedi, amma yazmadı. Tənqid isə  romanda bircə dənə də işıqlı yer görmədi.

-Bildiyimə görə bu yaxında romanın AYB- də müzakirəsi olub...


-Nərgiz Cabbarlının təşəbbüsü ilə AYB-də romanın müzakirəsi olub.  Mən onda ölkədə deyildim. Müzakirənin xülasəsi "Ustad" jurnalında çap olunub. Normal müzakirə keçib,  tənqidçilər də, həmkarlarım da son dərəcə səmimi olublar.

-Yəni razı qalmısınız.

-Əlbəttə

-Müəllim, romanda yeknəsək səhnələr var, meşə səhnələri, ov səhnələri, yemək-içmək səhnələri… Davamı qaban ovlanır, qonaqlıq təşkil olunur. kabab çəkilir...


-Hə, var. Ucqar, unudulmuş kənd, onlar başqa nə iş görə bilərdilər?

-Çox da iştahlı səhnələrdir…

-Hə. bunu mənə çox deyirlər.

-Aslan müəllim, “Ağrı” romanı yaratdığınız digər mətnlərin arasında hansı yerdədir?

-Elə öz yerində. Mənim üçün yazılarım hamısı eynidir, aralarında məxsusən fərq qoya bilmirəm.

-“Bəxti gətirən" mətniniz hansı olub indiyəcən?

-Heç biri desəm, yəqin yanılmaram. Amma ən çox "Keçmiş döyüşçü və oğlan", "Rusiyadan gələn qardaş" haqda danışıb, yazıblar.

-Yaziçidan, sizdən yəni, soruşmaq istəyirəm, "Ağrıda"-kı hər kəs, neylədiyini bilirdimi?

-Təbii ki, hər kəs neylədiyini bilirdi. Amma bu bildikləri onların işinə nə dərəcədə yarayırdı, bu başqa söhbətdir…

-"Tanrım, onları bağışlama, keşiş pıçıltıyla dedi, çünki onlar neylədiklərini bilirlər"...

-Bu son keşişin son sözləriydi…

-Bəli... Tez-tez bu kəlmələri pıçıldayıram. Lakin onları yazmağı sona saxladım...


/Hədiyyə Şəfaqət, Ədəbiyyat qəzeti/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.