Fərhad Yalquzaq - "Orman adamı" romanından bir parça
24.11.16

Avanqard.net AYO-nun rəhbəri, yazıçı Fərhad Yalquzağın "Orman adamı" romanından bir parçanı təqdim edir.

Bu kitabı dağlarda, ormanda, tamamilə sakit bir məkanda tək qalan zaman yazmağa başlamalıydım. Ancaq dağlara qalxmamışdan öncə bir neçə gün bir əyalət şəhərində səfər üçün uyğun şəraitin yaranmasını gözləməli oldum. Bu bir neçə günü boş buraxmaq istəmədim və qələmi barmaqlarımın arasına aldım. Otel nömrəsindəyəm – otağımın qapısının üstünə "6" rəqəmi yazılıb. Hə, ürəyimdən dərhal Çexovun məşhur əsəri keçdi. Kim bilir, bəlkə də yazıma bu otaqda başlamağımda böyük bir hikmət vardır. Gecəsi 8 manata başa gələn ucuz, sərfəli bir məkan. Nömrədə tualet-hamam yoxdur, ancaq mənim kimi spartan həyat sürməyə öyrənmiş birisi üçün bu problem deyil. Təbii ehtiyaclarımı ödəmək üçün dəhlizin sonundakı ümumi tualetə gedirəm.

Dünən Bakıdan çıxan zaman həyatımın qırx iki ilini orada buraxdım. Bir igidin ömrü deyə bilmərəm, çünki elə bir igidliyimiz-filan olmayıb. Ancaq bu qırx iki ildə baş vermiş və yaddaşımda iz buraxmış çoxlu hadisələr var ki, burada tək qaldığım zaman onları səninlə paylaşmaq üçün yetərincə vaxtım olacaq. Orman adamı olacağıqsa, bu hələ o demək deyil ki, mən yalnız dağdan-dərədən, ağacdan-yarpaqdan, ayıdan-canavardan danışacağam. Zatən adlarını sadaladığım heyvanları görmək ehtimalım o qədər də çox deyil, ancaq bunu zaman göstərəcək. Bir ingilis səyahətçisi deyirdi ki, Alyaska meşələrində yüzminlərlə ayı var, ancaq elə adam var ki, iyirmi il orada yaşayıb, bir dəfə də ayıya rast gəlməyib. Digər tərəfdən bir də görürsən ki, bir başqası ayağını meşəyə basdığı elə ilk gündəcə ayıya rast gəlir. Mənim qismətim necə olacaq, baxarıq. Yaxşı baxsaq yəgin ki, həm də görərik. Bəli, xatirələr gen-bol, şərait uyğun, xatirələr isə itinə tök. Maraqlı yaşanmamış həyat səlnaməsi heç kim üçün maraqlı ola bilməz. Ancaq maraqlı yaşanmış bir həyatı da eyni aqibət gözləyə bilər – əsas məsələ bu həyatı necə təsvir etməkdir. Bəli, hər kəsin zövqünə qarşılıq verə bilməzsən, ancaq bacardığın qədər maraqlı yazmalısan. Yumordan, ironiyadan, sarkazmdan, yeri gəldikdə isə arqodan, sinizmdən gen-bol istifadə etməlisən. Bədii təfəkkür və hadisələrə müxtəlif rakurslardan baxış bunu tələb edir. Yalan danışmaqla həyat hekayəni maraqlı edə bilməzsən, çünki yalan uydurmadır, uydurma isə çox zaman qeyri-təbii alınır. Əlbəttə, istənilən söhbətdə yalan elementləri olur, sadəcə ona elə don geyindirməlisən ki, heç zaman gerçəklikdən çox uzağa düşməsin. Ovçular, balıqçılar goplamağın ustasıdırlar, ancaq çox zaman onların söhbəti maraqlı olur. Bəzən başa düşürsən ki, osturağa basırlar. Söhbətdə, rus demişkən, злой умысль olmadıqca maraqla dinləməyə davam edirsən. Ən maraqlı hadisələr isə, uydurulmuş yox, yaşanmış hadisələrdir. Yaxud da yaşanıb böyrü-başı bəzədilmiş hadisələr. Bir də ki, qəribə və maraqlı əhvalatlar çox vaxt onları danışa biləcək insanların başına gəlir.

Mən maraqlı insanammı? Yəgin ki... Təvazökarlıq edib ağzını başqa yöntəmə çevirməyin nə anlamı var? Məni tanıyıb-bilən insanlar bir ağızdan bunu təsdiq edirlər: Fərhad, sən maraqlı adamsan. Bəs özüm özümü maraqlı bir insan sayırammı? Belə, nisbətən. Hərdən çox maraqsız və mənasız birisi olduğumu düşünürəm, ancaq özümlə bir xeyli mübahisə edəndən sonra bu qərara gəlirəm ki, yox, mənasız və maraqsız adam deyiləm. İctimai həyatda baş verənləri izlədikcə, özümü bu cəmiyyətdəki ünsürlərlə müqayisə etdikcə bu qərarımda möhkəmlənirəm. Mən onlardan daha maraqlı insanam. Maraq dairəm genişdir. Bir işin qulpundan tutdumsa, onu adətən yarıda buraxmıram. Bax, indi qərar vermişəm: Bakıdan, sivilizasiyadan uzaqlaşmışam, gəlib bu dağın başında məskən salmışam. Bəli, artıq dağın başındayam, altı nömrəli ucuz otel nömrəsində başladığımı burada davam etdirirəm. Ətrafımı yaşıl ormanlar və uca dağlar bürüyüb. Yox, sən narahat olma – buraya necə gəlib çıxmağım haqda hələ danışacağam. Öncədən də söylədiyim kimi vaxtım gen-boldur. Ətrafımda işlərimə burun soxacaq birisi də yoxdur. Hadisələri isə tam axarı ilə təsvir etməsəm də, hər-halda heç bir şeyi nəzərdən qaçırmamağa çalışacağam. Mən dəniz səviyyəsindən iki min metr yüksəklikdə yerləşən yeni yurduma elə-belə, özüm oppana-oppana o qədər yüklə dünyasında gəlib çıxa bilməzdim. Yeni dostlarımın haqqını ayağa verə bilmərəm, onlar haqqında hələ danışacağam, həm də çox. Buradakı mənzərələri də sənə ara-sıra, yeri düşdükcə təsvir edəcəyəm. Sən yəgin ki, belə mənzərələri ancaq televizor ekranında, yaxud jurnallarda çap olunmuş fotolarda görmüsən. İnandırım səni ki, öz gözünlə görmədikcə, bu qoxuları duymadıqca, bu havanı sinənə çəkmədikcə, bu bulaqdan şırhaşırla axan buz kimi suyu içmədikcə, sən mənim indi gördüyüm gözəlliyi qavraya bilməzsən. Bunu heç bir sözlə izah etmək mümkün deyil. Danışacağam, bir az səbr elə, qoy hələ bayaq başladığım mövzunu tamamlayım...

İnsanı maraqlı edən nədir? Heç bu barədə düşünmüsənmi? Mən şəxsən bu barədə düşünməmişəm. Bəlkə də düşünmüşəm, ancaq indi bu haqda nə düşündüyümü xatırlaya bilmirəm. Burada, bu şəraitdə ağlıma gələn ilk cavabı verirəm: məncə insanı maraqlı edən onun daxili aləminin zənginliyi, bu zənginliyi paylaşmaq qabiliyyəti, onun yaradıcı varlığı və yaşadığı dünyada baş verən hadisələrə göstərdiyi münasibətdir. Laqeyd insan heç zaman maraqlı ola bilməz. Dayaz düşüncəli insan heç zaman maraqlı ola bilməz. Yaradıcı qabiliyyəti, bədii təfəkkürü olmayan insan bəlkə də maraqlı ola bilər, ancaq bunun üçün onun heç olmasa yaradıcı insanlara, onların yaradıcılığına düzgün münsaibəti olmalıdır. Örnək üçün, sənətşünas maraqlı ola bilər, ancaq o heç zaman rəssam kimi, yazar kimi, yaxud bəstəkar kimi maraqlı ola bilməz. Yaxud da əksinə, yaradıcı insan, rəssam, yaxud yazıçı öz yaradıcılığı ilə maraq doğurmaya bilər, ancaq sənətşünas maraqlı bir tip ola bilər. Mövzuya dərindən nüfuz etdikcə bir balaca özümü dolaşdırıram, odur ki, söhbətin yönünü bir balaca dəyişim.

İnsanlar çox darıxır. Ən çox da maraqsız insanlar. Maraqlı insanlar da maraqsız insanların arasında dəhşətli dərəcədə darıxırlar. Darıxmamağın bircə yolu var: sən sevdiyin bir işlə məşğul olmalısan. Bu heç də həmişə yaradıcı iş olmaya bilər. Məsələn, sən zavodda avtomobil mühərriyi yığa bilərsən. Burada sən özün heç bir şey icad etmirsən – hissələr hazırdır, sən onların yığılma ardıcıllığını öyrənmisən və öz işini sevə-sevə yerinə yetirirsən. Bir mühərriyi yığırsan, sonra o biri mühərriyi yığırsan və bir qram da darıxmırsan. Çünki sən sevdiyin bir işlə məşğulsan. Avtomobil mühərriyi yığmaq sənin həyat kredondur. Yaxud sən geoloqsan, bütün günü, ayı, ili torpaqda eşələnirsən, daim kirin içində olursan, ancaq darıxmırsan. Çünki bu sənin sevdiyin işdir. Əks örnək verim: sən dövlət məmurusan. Səhər omletini yeyib, bir fincan qəhvəni içib oturursan maşına, gəlirsən idarəyə. İçəriyə ayaq basan kimi başlayırsan darıxmağa. Yox, hələ maşında yol gələrkən darıxırsan. Sənin işin maraqlı ola bilər, ancaq sən özün mənasız bir adam olduğun üçün işdə bütün günü darıxacaqsan. Bu sənin sevdiyin iş deyil. Bu iş sənə gen-bol imkanlar yaradır, qaz vurub qazan doldurursan, ancaq çox darıxırsan. Bilirsən niyə? Ona görə ki, sən bir məmur kimi öz işini sevmirsən. Məmur xalqa xidmət etməli və bundan zövq almalıdır, yoxsa məmurun o kresloda nə işi var? Sən xalqına xidmət etməyi sevmirsən, sən ancaq xalqını söyüb təhqir etməyi, onun cibindən son pullarını çəkib çıxarmağı sevirsən. Bu prosesdə yalnız varidatının artması, yeni avtomobil, yeni villa səni sevindirə bilər. Ancaq bir gün cibinə pul gəlməsə sən ölümünə darıxacaqsan. Səni nazir çağırıb itin götünə soxacaq, sən də soxacaqsan içinə. Sənin qazandığın pulları zaman-zaman gözündən gətirəcəklər və sən də bunu bilirsən. Sən rüşvət almasan yaşaya bilməzsən, oğlunu xaricdə oxutdura bilməzsən, qızına cah-cəlallı toy edə bilməzsən. Sən özün nə qədər alçaq adamsansa, bir o qədər də çox it kimi darıxmalısan. /oxuzali.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.