"Qanun"dan iki yeni kitab
28.10.16
"Qanun" nəşrlər evində iki yeni kitab nəşr olunub. Bu Haruki Murakaminin “Sərhəddən cənubda, günəşdən qərbdə” və Sarah Jionun “Mart bənövşələri” adlı kitablarıdır.
HARUKİ MURAKAMİ “SƏRHƏDDƏN CƏNUBDA, GÜNƏŞDƏN QƏRBDƏ”
Yaponiyanın şəhərətrafı qəsəbələrindən birində böyüyən Hacime adlı oğlan belə düşünürdü ki, hamının bacı-qardaşı var, bircə o, evin tək uşağıdır. Sonradan Şimamoto adlı bir qızla dostlaşmışdı, o da evin tək uşağı idi. Onlar məktəbdən evə birgə qayıdar və günorta vaxtı Şimamotonun atasının kolleksiyasındakı musiqilərə qulaq asardılar. Hacimegil qəsəbədən köçəndən sonra isə onların əlaqəsi kəsilmişdi. Artıq Hacimenin yaşı otuzu keçib. On il məqsədsiz yaşadıqdan sonra evlənib və iki sevimli qızı var. İşləri də qaydasındadır, müştəri cəhətdən korluq çəkməyən iki caz barının sahibidir. Onun həyatında hər şey qaydasında görünsə də, daxilində dərin boşluq hiss edir. Bir gün yağışlı bir gecədə uşaqlıq sevgisi Şimamoto füsunkar aurası ilə onun qarşısında peyda olur. Beləcə, Hacime həyatının dönüş nöqtəsində olduğunu hiss edir. İndi verəcəyi qərarlar həyatını tamamilə dəyişdirə bilər...
Tərcüməsi Orxan Əmrullayevə məxsus olan kitabın qiyməti 6,99 AZN-dir.
SARAH JİO “MART BƏNÖVŞƏLƏRİ”
“Mart bənövşələri” müasir Amerika yazıçısı Sarah Jionun ən çox oxunan kitablarından biridir. Romanda böyük və əbədi məhəbbətdən söz açılır. Şəxsi həyatında uğursuzluğa uğrayan yazıçı qız əsəblərini dincəltmək üçün xalasının olduğu adaya gedir və burda yataq otağından bir gündəlik tapır. Bu gündəliyin sayəsində yazıçı on illərlə gizlin qalan ailə sirlərinin üstünü açır. Bununla da onun sevgi, həyəcan, təlatüm dolu əsl həyatı başlayır.
Tərcüməsi Aslan Quliyevə məxsus olan kitabın qiyməti 9,99AZN-dur.
|