Yazıçı və alkoqolizm
25.10.16

Yazıçı və alkoqolizm. Həmişə aktual mövzu olub.
Öz həyatının bütün mürəkkəblikləri ilə bərabər alkoqolizm və narkomaniya zolağından da keçmiş Stiven Kinq bu məsələyə baxışını "Yazı sənəti” kitabında paylaşır...
Kitabdan bəzi parçaları təqdim edirik. 

Stiven Kinq, "Yazı sənəti”, 
Elm və Təhsil, 316 səh, Bakı, 2015 (ingiliscədən tərcümə)

Hollandlar dənizə bənd qurduqları kimi, alkoqoliklər də özlərinə müdafiə sistemi qururlar. Mən evlilik həyatımın ilk on iki ilində "elə-belə, xoşuma gəlir içirəm” – deyə özümə toxtaqlıq verirdim. Dünyada məşhur "Heminquey müdafiəsi”ndən yararlanmağı da unutmurdum. Bərkdən deyilməsə də (hər halda bu insanlıq olmazdı), "Heminquey müdafiəsi” təxminən belə işləyir: yazıçı olaraq mən çox duyğulu insanam, amma həm də kişi xeylağıyam və real kişi öz duyğularının içinə qapılmamalıdır. Zəif kişilər edər bunu. Ona görə içirəm. Bu ekzistensial dəhşətin üzünə baxa-baxa, başqa cür işimi necə davam edim?! Sonrası da, bu, mənim əlimdədir. Əsil kişi dayanmağı həmişə bacarar.  

Sonradan, 80-lərin əvvəllərində Men ştatında, butulkaların və bankaların təkrar istifadəsi haqqında qanun qəbul edildi. Mənim on altı unsiyalıq "Miller Layt” bankalarım zibil yeşiyinin əvəzinə, qarajdakı plastik konteynerə getməyə başladı. Bir cüməaxşamı gecəsi mən bir neçə həlak olmuş əsgəri tullamaq üçün qaraja girəndə, dolmağa lap az qalmış konteyner gördüm, bazar ertəsi axşam o boş idi. Evdə məndən başqa  "Miller Layt” içən yoxdur axı... 

"Allah qəhr etsin, mən alkoqolikəm ki”, – deyə düşündüm, amma beynimdə buna qarşı heç bir müxalif fikir yox idi – hər necə olsa mən "Parıltı”nı yazan adam idim və heç hiss etməmişdim ki (bu gecəyə qədər), özüm haqqında yazmışam. Mənim bu ideyaya qarşı reaksiyam nə inkar idi, nə də ixtilaf: bunu mən qorxmuş müəyyənlik adlandırardım. Deməli ehtiyatlı olmalısan, – düşündüyüm aydın yadımdadır. Çünki, əgər zibilin çıxıbsa ... 

Əgər mənim zibilim çıxıbsa, hardasa ikinci dərəcəli yolda maşını aşırsam və ya televiziya intervüsündə nəsə sarsaqlasam, kimsə mənim içməyimi nəzarətdə saxlamağım lazım olduğunu deyəcək. Alkoqolikə içməyi nəzarətdə saxlamaq lazım olduğunu demək isə, dünyanın bütün gənəgərçəyini içmiş adama, sıçıb-batırmağını nəzarətdə saxlamaq lazım olduğunu demək kimi bir şeydir. 

Mənim bu işdən keçmiş bir dostum, əlindən sürüşüb çıxmaqda olan həyatından yapışmaq üçün etdiyi ilk cəhdlər haqqında məzəli bir hadisə danışır. O, psixoloqun yanına gedib arvadının ona çox içməsini dediyini və bundan narahatlıq keçirdiyini söyləyib. 
"Siz nə qədər içirsiniz?” – deyə psixoloq soruşub. 
Dostum psixoloqa təəccüblə baxaraq: "Eee... necə nə qədər?! Nə qədər varsa, o qədər” – deyib, guya bunun təbii və soruşulmayacaq, aydın bir şey olduğunu qeyd edirmiş. 

Mən onun nə hiss etdiyini anlayıram. Artıq on iki ildir ki, mən içmirəm. Amma indi də restoranda kiminsə şərab qədəhini yarımçıq saxladığını görəndə təəccübdən özümü saxlaya bilmirəm. Durub o adama yaxınlaşıb üzünə qarşı: "Niyə axıra kimi içmirsən? Götür və iç!” – demək istəyirəm. Mən sosial mülahizələrə uyğun içmək fikrini cəfəng hesab edirəm – eləsə, niyə elə kola içməyəsən?

Mənim içki həyatımın son beş ilinin hər gecəsi eyni ritualla bitirdi: soyuducuda qalan bütün pivə bankalarını kanalizasiyaya boşaldırdım. Əgər boşaltmasaydım, onlar yatağımda mənimlə danışırdılar, ayağa durub, gedib növbəti bankanı götürənə qədər. Sonra birini də. Yenə də...

***

1985-ci ildə mən öz alkoqol problemimə artıq narkomaniyanı da əlavə etmişdim, amma sui-istifadəçi olaraq funksiyamı bir marjinal professionallıqla davam edirdim. Dayanmaq fikri məni dəhşətə gətirirdi; o vaxt, başqa cür yaşamaq haqda heç bir ideyam da yox idi. Qəbul etdiyim narkotikləri bacardığım qədər gizlədirdim, bunu həm də qorxumdan edirdim, dopinqsiz mən neyləyərdim?! Düzgün olmaq, utanmamaq necə olur – unutmuşdum. Sanki, dalımı hər gün zəhərli sarmaşıqla silirdim, amma kömək istəyə bilmirdim...

Amma yenə də, mənim içimdəki o yazı yazan qismim, o dərində oturmuş və mənim 1975-ci ildə "Parıltı”nı yazarkən artıq alkoqolik olduğumu bilən qismim, bu vəziyyəti qəbul edə bilmirdi. Və susmurdu da. Haray salıb kömək istəməyə başlamışdı, bacardığı yeganə yolla – mənim yazdıqlarımın,  monstrlarımın vasitəsilə. 1985-in sonları ’86-nın əvvəllərində "Məşəqqət”i yazdım (adı, mənim o vaxtkı ruhi vəziyyətimi gözəl əks edirdi), yazıçının əsir saxlandığı və psixi xəstə olan tibb bacısının işgəncələrinə məruz qaldığı əsəri. 1986-nın yaz və yayında "Tomminokerslər”i yazdım, çox vaxt gecəyarısına qədər ürəyimin döyüntüsü yüz otuza çatan vəziyyətdə və kokain qanaxmasını saxlamaq üçün pambıq piltələrini burnuma soxub işlədiyim əsəri...
Qorxurdum içməsəm, çəkməsəm bir daha yaza bilmərəm, amma qərara gəldim ki (yenə də mənim şüurumun açarını itirmiş və depressiv vəziyyətinin imkanı çərçivəsində), ailəmi qorumaq və uşaqlarımın böyüməsini görmək xatirinə yazıçılıqdan əl çəkə bilərəm. Əgər iş buna dirənsə.

Dirənmədi, əlbəttə. Yaradıcılıq səylərinin və şüur oynadan maddələrin bir-birinə hörülmüş saç hörüyü olması zamanın böyük populyar-intellektual əsatiridir.  XX əsrdə buna ən çox cavabdeh olan dörd yazıçı, yəqin ki, Heminquey, Fitzcerald, Şervud Anderson və şair Dilan Tomasdır. Bu yazıçılar, insanların bir-birindən ayrı düşdüyü, emosional təngnəfəslik və ümidsizlik atmosferində ekzistensial ingilisdilli səhraya bizim baxışımızı ən çox yönləndirən müəlliflərdir. Bu strategiyalar alkoqoliklərin çoxuna yaxşı tanışdır: buna adəti reaksiya isə məmnunluq qarışıq təəccübdür. Uyuşdurucu aludəsi olan yazıçılar sadəcə uyuşdurucu aludəsidirlər, başqa sözlə, adi, bağda yatan əyyaş və ya narkomandan heç nə ilə fərqləri yoxdur. Alkoqolun və ya narkotikin incə həssaslığı kütləşdirmək məqsədi üçün vacib olması iddiası özünəxidmət boşboğazlığıdır. Mən qartəmizləyən maşınların alkoqolik sürücülərindən də eşitmişəm ki, gözlərinə iblis görünməsin deyə içirlər. Heç fərqi yoxdur, siz Ceyms Conssunuz, Con Çiversiniz, yoxsa Penn Stansiyasında avaralanan sərxoş əyyaş; aludəçi nəyin bahasına olur olsun içmək və ya narkotik qəbul etmək hüququnu təmin etməlidir. Heminquey və Fitzcerald yaradıcı insan olduqları, yabançılaşdıqları və ya mənəviyyatca zəif olduqları üçün içmirdilər. İçirdilər ona görə ki, hüceyrələrindən bu barədə mesaj gəlirdi. Yaradıcı insanlar başqa iş sahiblərinə nisbətən daha böyük alkoqolizm və ya narkomaniya riski altındadırlar, amma noolsun ki? Çirkab arxında qusanda, hamımız kənardan eyni cür görünürük.

Tərcümə etdi: Kazım Səlimov
Ədəbiyyat.Biz

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.