Mübariz Örən: "Sanço Pansonun yerinə olmaq istərdim"
07.06.16
“Ədəbiyyat qəzeti” “Mən necə yazıçı oldum” layihəsində Mübariz Örənlə müsahibəni təqdim edir. - Necə yazıçı oldunuz? - Sizə maraqlı bir şey deyim, çoxdan idi ədəbiyyatdan aralanmışdım, - yəni, əslində, bizim indi "ədəbiyyat" dediyimiz ərazidə heç vaxt olmamışdım da; ədəbiyyat mənim içimdə idi, işimdə deyildi, - ömrümün ən yaxşı iyirmi ilini "yaxın xaricdə" yaşadım. Düşdüyüm mühit məni ədəbiyyata yaxın buraxmadı. O mühitdə nəinki "kitab yazan" adama, hətta əlinə kitab alan adama belə "birtəhər" baxırdılar. Mühiti dəyişməyim məni yazıçı elədi, hə. Demək ki, bu da tale moyralarının işiymiş. Bizneslə bağlı bütün işlərimi, əla perespektivlər vəd edən ideyalarımı, planlarımı, bəzilərini yoluna, bəzilərini sonraya qoyub doğma vətənimə qayıtmağım məni yazıçı elədi. Maraqlı dediyim isə odu ki, yeniyetməlik vaxtlarından qalma otuza yaxın şerim vardı, heç vaxt onları üzə çıxarmamışdım, amma atmağa da əlim gəlmirdi. İtib-batmağını istəmirdim. İstəyirdim o şeirləri yığıb bir kitab eləyim. Amma şeirlər bir kitablıq deyildi, az idi. Üstəlik, çıxdaşdan sonra bir az da azalacaqdı. Şairlik qüdrətim isə çoxdan öləziyib getmişdi işinə. Fikirləşdim ki, bir-iki hekayədən, essedən, nə olsa yazaram, şeirlərin "gözünə qataram", olar kitab! Beləcə, ilk hekayəm - şeir kimi "Göy qurşağı" yarandı. Elə həmin ili onu göndərdim. - Sizin üçün yazmaq nədir? Niyə yazırsız? - Mənim üçün yazmaq daxili tələbatdan, ehtiyacdan daha çox - borc məsələsidir; elə bilirəm yazmasam həyatımda nəsə yarımçıq qalacaq, tamamlanmayacaq. Bu dünyadan narahat gedəcəm. Bu, intim hissdi, ancaq özümə aid olan hissdi. Bu narahatlıq gecəbəgündüz izləyir məni, qarabaqara təqib edir, başımın üstündə qara buluda çevrilib bir an belə məni tərk etmir, gecələr yuxuma girib rahat yuxu yatmağa qoymur. Vaxtı çatmış hamilə qadın kimi, bu ağır yükdən azad olmayınca, "qurtarmayınca" özümü rahat hiss edə bilmirəm, pərişan, pəjmürdə gəzirəm. Mətn məndə canlı orqanizmdəki kimi "təbii doğuşla" "doqquz ayın tamamında" hasil olur, canlı bitkilərdəki kimi, tam inkişaf tsiklini - vegetasiya dövrünü keçir. - İçinizdə gizli də olsa məşhur olmaq, dünyada tanınmaq hissi varmı, yoxsa yazmaq içinizdəki ağrını boşaltmaqdır? - Yuxarıdakı cavabımda sualınızın ikinci hissəsini qismən də olsa əhatə eləmişəm. Yeri gəlmişkən, onu da deyim ki, o cavabda başa çatmaqda olan "Ağ buludlar" adlı yeni povestimlə intertekstuallıq - bağlılıq var. Bunu elə-belə dedim; tanınmaq üçün... Qaldı ki, sualınızın birinci hissəsinə, bir az real olmaq lazımdı: məncə, hələ biz, həyatın əksər sahələrində olduğu kimi, ədəbiyyatda da dünyadan bir baş geridəyik. Tanınmaq hissi məndə hardan qaynaqlanmalıdı ki? Hansı xidmətlərimə görə? Elə bir hiss məndə şükür ki, yoxdu. Bilmirəm, bu yaxşıdı, ya pis, amma hələ ki, yoxdu. Bəlkə nə vaxtsa elə bir xəzinə tapdım ki, dünya özü məni arayıb-axtardı... - Markes deyir külək olmasaydı, dünyada çox şey dəyişərdi, amma ədəbiyyat olmasaydı heç nə. Sizcə, ədəbiyyat olmasaydı, dünyada nəsə dəyişərdi, yoxsa Markeslə şəriksiz? - Markes böyük oyunbaz idi. O, deyirdi ki, "Yüz ilin tənhalığı"nı ona görə yazdım ki, "Polkovnikə məktub yoxdur" əsərimi oxusunlar. Əslində o, bununla "Polkovnikə məktub yoxdur" əsərinin şəninə, şəstinə toxunmurdu, əksinə, dünyaca məşhur "Yüz ilin tənhalığı" ilə bir sıraya qoyurdu, böyüdürdü. O, ədəbiyyatı da küləklə təsadüfən müqayisə etmirdi. Külək qədər olmasa da, ədəbiyyatsız da dünyada çox şey dəyişərdi. Nəinki dəyişərdi, hətta həyatın (cəmiyyətin) özü belə indiki şəkildə mövcud olmazdı; nəfəs almaq mümkünsüz olardı. - Yazmaq üçün nə lazımdır: müşahidə, mütaliə, yoxsa ancaq yazmaq. - İstedad lazımdı və o istedadın qol-qanad açması üçün münbit mühit, - mühit çox vacib şərtdi! Hər asan oxunan mətn müəllifə asan başa gəlmir, min bir məhrumiyyətlər, əziyyətlər, gərginliklər, təbəddülatlar hesabına başa gəlir. Odur ki, xüsusən nəsr yaradıcısı üçün, istək, həvəs, hətta istedad belə azdır. Nasirə tükənməz səbir, dözüm, dəyanət lazımdı. Üstəgəl fəhm, intuisiya, erudisiya, Markes oyunbazlığı, Servantes ironiyası, Kamyu soyuqqanlılığı... Dolğun mütaliə, qeyri-adi müşahidə qabiliyyəti isə vacib, vazkeçilməzdi. Mütaliəsiz yaranan mətn sementsiz tikili kimidi; nə vaxtsa mütləq ovulub töküləcək. - Yazıçı vərdişiniz, ritualınız varmı ki, onu eləməmiş yaza bilmirsiz? - Xüsusi bir ritualım yoxdur (və görünür ki, bu da, mənim zəif cəhətimdir; yazı prosesinin avand, axıcı, rəvan olması üçün özümə mütləq bir ritual, yaxud talisman uydurmalıyam). Əsas odur, mətnin havasına, ritminə düşməyə maneəçilik törədən amil olmasın, ətraf mühitdən maksimum dərəcədə təcrid ola bilim. - Uilyam Folkner yazıçılığı məğlubiyyət hesab edirdi? Bəs sizcə, yazıçılıq məğlub olmaq deməkdirmi? Hər yeni əsərdən sonra hansı hissləri keçirirsiz? - Folkner "Hay-küy və hiddət" əsəri haqda belə deyib: "Mənim ən sevdiyim əsərdi, çünki o mənim ən gözəl, ən möhtəşəm məğlubiyyətimdir". Möhtəşəm məğlubiyyət elə zəfər deməkdi. Özün-özünə məğlub olan da məğlub da özünsən, qalib gələn də! Sən bir hikməti, bir niyyəti tutub əsərə başlayırsan, əsər isə səni təsəvvürünə belə gətirmədiyin bir məcraya salır, elə bir finala aparır ki, yatsan, yuxuna da girməzdi o gedişat. İnsan yaradıcılıq prosesində özünü aşır, ona real görünən, dərk edilən horizontları geridə qoyur. Bir misal çəkim, amma gülməyin: o vaxt, ilk gəncliyimdə bir şeir yazmışdım, oxuyanda məlum oldu ki, həmin şeirdə leksikonumda olmayan sözlərdən belə istifadə olunub. Qəribədi, eləmi? Amma beləydi. İnsan özü-özünü axıracan tanımır; yazıçılıq insanın təhtəlşüurunu oyadır, onu irreallığa aparır. - Mario Varqas Lyosa özünün Nobel nitqində deyir: "Yazıçılıq asan məsələ deyil. Bir də görürsən təsəvvür etdiyin əhvalat kağıza köçürüləndə istədiyin alınmır, sözlər ürəyini isitmir. Onları təzədən necə cana gətirəsən? Xoşbəxtlikdən, ustadlar, müəllimlər, nümunə götürüləsi insanlar yanındadı. Flober mənə istedadın intizam və dözüm olduğunu öyrədib. Folkner formanın (üslub və struktur) süjeti zənginləşdirmək qabiliyyətində olduğunu öyrədib. Martorel, Servantes, Dikkens, Balzak, Tolstoy, Konrad, Tomas Mann romanda vüsət və genişliyin üslub və süjet xətlərinin dəqiq işlənməsindən heç də az əhəmiyyətli olmadığını öyrədib. Sartr sözün iş olduğunu, roman, pyes, ya hekayənin müəyyən məqamlarda və müvafiq şəraitdə tarixin gedişatını dəyişmək iqtidarında olduğunu öyrədib. Kamyu və Oruell əxlaqı olmayan ədəbiyyatın insani olmadığını, Malro isə qəhrəmanlıq və eposun "Odissey" və "İliada"nın arqonavtlarının dövründəki kimi mümkün olduğunu öyrədib." Sizin üçün belə ustadlar varmı və kimlərdir? Mümkündürsə, Azərbaycan və dünya nəsrini ayrı-ayrılıqda sadalayardız. - Lyosa böyük yazıçıdı, ondan gətirdiyiniz sitat da çox əhatəlidi. Mən indi oturub nə qədər fikirləşsəm də, Varqas əmidən sanballı heç nə yadıma düşməyəcək. Yazıçı bal arısı kimidi, həmişə axtarışda olmalıdı, bir çiçəkdən o biri çiçəyə uçub, hərəsindən bir şirə çəkib "məhsul"unu zənginləşdirməlidi. Yazıçının "uçuş arealı" nə qədər genişdisə, "güllü-çiçəkli"dirsə, mətni də bir o qədər təmiz, saf və bütöv olacaq; hər "çiçək" mətnə bir ətir, bir dad verir. Ustadın ustadlar siyahısına əlavə olaraq mənim də yaradıcılığımda iz buraxan ustadlardan bir neçəsinin adını çəkə bilərəm: Platonov, Selincer, Kortasar, Bulqakov, Steynbek, Heminquey, İsa Hüseynov, Rəsul Rza, Sabir Əhmədli, İsi Məlikzadə, Kamal Abdulla, Şahmar... - Siz özünüzü hansı cəbhədə hesab edirsiz: Dostoyevskiçi, yoxsa Tolstoyçu? - Yüz ildir dünya ədəbiyyatında mövcud olan bu cəbhələrdən birini mütləq seçmək məcburiyyətində qalsam, - Tolstoyçu. - Hansı bədii əsərdə yaşamaq istərdiniz? - "Don Kixot"da Sanço Pansonun yerinə olmaq; o, ümidlidi, inanclıdı, sadəlövhdü, şəndi, toxdu... - Əsərlərinizi hansı "izm"ə aid edirsiz? - Ədəbiyyatşünas olmadığım üçün bu suala cavab verməkdə çətinlik çəkirəm. - Hazırkı gənclərin çoxu yaradıcılığa demək olar ki, romanla başlayır. Amma nisbətən yaşlı nəsil bunu onlara irad tutur; əvvəl hekayə, sonra roman. Siz də bu fikirdəsizmi? Axı dünyada nə qədər yazıçı adı çəkmək olar ki, yaradıcılığa romanla başlayıb uğur da qazanıblar. - Məncə, janrın təfavütü yoxdu. Hekayə var bir romanın yükünü daşıyır, roman da var, zəncirotu kimidi, üfləsən uçub gedər, yerində heç nə qalmaz. Sizin "Quran motivləri" əsasında yazdığınız üç hekayə öz orijinallığı ilə adamı valeh edir. Rəhim Əliyevin bu günlərdə oxuduğum "Tanya və Atamoğlan" hekayəsi, Azad Qaradərəlinin "Eteri"si!.. Əntiqədi! Əslində meyar bu olmalıdır: nə yazırsan-yaz, yetər ki, yaxşı yaz. Oxucuya çatdırmaq istədiyin mahiyyətin özəyini yaz. Yoxsa sən ağlına, ağzına gələni sicilləmə yaz doldur, "dədənin nağılını" danış, adını da qoy ki, roman yazmışam. - İndi hamı kiçikhəcmli romanlar yazır. Nə düşünürsüz dövrün tələbidirmi, yoxsa hələ də "Hərb və sülh", "Sakit Don", lap elə Murakaminin romanları qalınlığında romanlar yazılmalıdır? - Düşünmürəm ki, indi ancaq kiçikhəcmli romanlar yazılır. Məsələn məşhur İtalyan yazıçısı Corco Fallettinin "Mən öldürürəm" adlı romanı həcmcə xeyli sanballıdı (min səhifəyə yaxın!) və son illərin ən yaxşı italyan romanı sayılır. Ümumilikdə tirajı 5 milyonu ötüb. Orxan Pamukun əksər romanları, Murakaminin "1084" romanı və s... Demək ki, məsələ heç də həcmdə deyil. Müasir roman bütün başqa keyfiyyətlərilə yanaşa, mütləq oxunaqlı, cəzbedici, informasiyalarla zəngin olmalıdır, müasir insan tipini əhatə edən, maraqlandıran texnoloji proseslərlə ayaqlaşmalıdır. - Sizcə, yazıçının köşə yazarlığı, tərcüməçilik kimi kənar işlərlə məşğul olması onun yaradıcılığına kömək edir? - Əslində kömək etməlidi. Təəssüf ki, bu məsələ bizdə başqa cürdü. Bir çox istedadlı gənc yazarlar öz qiymətli vaxtlarını, enerjilərni köşə yazılarına, müsahibələrə, tərcümələrə xərcləməli olur. Əsas işləri olan yazıçılığa isə demək olar ki güc, həvəs qalmır. Halbuki, Markes özü ixtisasca jurnalist idi, Selincer, Heminquey müharibə reportyorları idilər və bu da, birbaşa olmasa da, dolayısı yolla hardasa onların əsərlərinə təsirini göstərirdi. Yaxud məşhur yapon yazıçısı Suzuki Endo. O da müharibə reportyoru olub, müharibənin dəhşətlərini öz gözlərilə görmüşdü deyə, müharibə əleyhinə yazdığı "Dəniz və zəhər" romanı dünyaca məşhur oldu.
/Kulis.az/
|