Rus generalının Qarabağ etirafları
27.05.16
Birinci qurbanlar azərbaycanlılar oldu
1984-cü ilin 8 sentyabrında, Bakının indiki Yasamal rayonu ərazisində, Nərimanov prospektində 106 saylı sərnişin avtobusunun terror aktına məruz qalması yəqin çoxlarının yadındadır. Partlayıcı qurğunun işə düşməsi nəticəsində xeyli insan tələfatı qeydə alınmış, cinayət hadisəsi böyük əks-səda doğurmuşdu. Həmin illərdə mən adı çəkilən rayonun milis idarəsinin rəisi vəzifəsində çalışırdım. Əməliyyat tədbirləri Moskvadan idarə olunur, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyində çalışan F.D.Bobkovun və general B.Hüseynovun rəhbərliyi ilə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin peşəkarları tərəfindən həyata keçirilirdi. Mənim rəhbərliyimlə o vaxtkı Oktyabr rayon milisi də axtarışa qoşulmuşdu. Qısa müddətdə terror aktının təşkilatçısı və icraçısı, milliyyətcə erməni olan Henrix Vartanov digər iştirakçılarla birgə ifşa olundu. Sonradan ordu generalı olmuş Filip Dmitriyeviçlə o illərdən tanışam. Bu günlərdə onun “DTK və Hakimiyyət” kitabını həvəslə oxudum. Kitabda aşkarlıq, yenidən¬qurma, Kommunist Partiyasının süqutu, milli problemlər və digər saysız məsələlər önə çəkilir, müəllif öz tənqidi fikir və iradlarını çəkinmədən bildirir, riyakar erməni millətçilərinin iç üzünü açır. İlk baxışda oxucuya elə görünə bilər ki, generalın söylədiklərini azərbaycanlılar artıq yaxşı bilirlər. Amma bir məsələ var. Filip Dimitriyeviç tarixçi və ya tədqiqatçı deyil, arxivlərdə də çalışmayıb. O, uzun illər Sovet idealogiyasına xidmət etmiş yüksək vəzifəli şəxsdir. Öz kitabında da milli problemlərlə yanaşı, Sovet rəhbərliyinin çevrəsinə, Siyasi Büro və onun iclaslarına, nəhəng ölkənin çöküşünə və digər taleyüklü məsələlərə cəsarətlə toxunub. Milli münaqişələrə gəlincə, keçmiş Sovetlər məkanında baş vermiş bütün toqquşmalara, o cümlədən, Qarabağ hadisələrinə toxunur, onların başvermə səbəblərini açıqlamaqla bu günə qədər bilmədiyimiz bir sıra mətləbləri sənəd-sübutla ortaya qoyur. Bu baxımdan, düşünürəm ki, hörmətli generalın kitabından bəzi parçalar, onun müşahidə və düşüncələri oxucular üçün maraqsız olmayacaq.
Hüseyn Ocadov, istefada olan polis polkovniki
Ötən əsrin 60-cı illərinin sonunda krım tatarları, volqaboyu ərazilərdə məskunlaşmış almanlar, məshəti türkləri ilə yanaşı erməni-azərbaycanlı münasibətləri də kritik həddə çatmışdı. İsrailə köç etmək istəyən yəhudilərin də vəziyyəti mürəkkəbləşmişdi. Bu və ya digər milli birliklərdə peyda olan aqressiv əhval-ruhiyyəli ekstremistlər vəziyyəti daha da ağırlaşdırır, hakimiyyət isə problemi ciddi-cəhdlə ört-basdır edib, milli ziddiyyətləri gizlətməyə çalışırdı. Uzun illər boyu sovetlərin müxtəlif ərazilərində millətlərarası toqquşmalar qızışsa da, dövlət bu problemə göz yumur, yalançı “xalqlar dostluğu” şüarı yaranmış ziddiyyətləri «toxunulmaz» saxlayırdı. Nəticədə qarşıdurmalar vətəndaş müharibəsi həddinə çatdı: milli problemlərin əsas mərkəzi Dağlıq Qarabağ olduğundan ondan da başlayıram. Yanlış fikirdi ki, Dağlıq Qarabağ hadisələri yenidənqurma zamanı yetişdiyindən, onun səbəbini də burada axtarmaq lazımdır. Hər şey daha mürəkkəbdir: səbəbləri Ermənistanın heç də sadə olmayan tarixində, öz yaxın qonşuları ilə münasibətində axtarmaq gərəkdir. Qarabağ isə bu münasibətlərin yalnız bir həlqəsidir və əsrlərin dərinliklərindən gələn milli ziddiyyətlərdən qaynaqlanır. Mövcud münasibətə XX əsrdə nəzər salsaq, onda Oktyabr İnqilabından sonrakı dövrü yada salmalıyıq. Çünki məhz həmin vaxt bizim ölkədə (Sovetlər Birliyi nəzərdə tutulur) milli dövlət quruluşu formalaşırdı. İyirminci illərdə yeni dövlətin cənub sərhədləri Türkiyənin nəzərəçarpacaq təsiri altında qurulurdu. O zaman bu mövqedən çox şey asılı idi: ya Cənubi Qafqaz əhalisi razılaşdırılmış şəkildə ayrı-ayrı yerləşdirilir və bu, azərbaycanlılarla ermənilərin qanlı toqquşmalarına son qoyur, ya da Dağlıq Qarabağ vilayətində yaşayan ermənilərin həyatı daimi təhlükə altında qalmış olur. Əlbəttə, qarşılıqlı güzəşt varsa, deməli zərər çəkən tərəf də var. ”Daşnaksütyun” partiyası “ədalətsiz” sərhədləri heç zaman yaddan çıxartmır, «Böyük Ermənistan» uğrunda mübarizədən çəkilmir, xaricdə yaşayan əksər başçıları həmişə Sovet Ermənistanı yaradılmasının, həm də sovetpərəst diasporanın əleyhinə çıxaraq, bütün ermənilərin «Böyük Ermənistan» torpaqlarında birləşdirilməsi şüarı altında çıxış ediblər. Təsadüfi deyil ki, daşnaklar öz zəhərli təbliğatları ilə 1915-ci ili daim yada salmaqla, erməni xalqının «yarasına» duz səpiblər. Daşnaklar ermənilərin millətçi hisslərini inadla qızışdırdıqları vaxt Sovet Ermənistanında əhali Türkiyə ilə əməkdaşlıq və normal qonşuluq əlaqələri yaratmağın yollarını axtarırdı. Bununla belə, problem yaşanmaqda davam edirdi. 1946-cı ildə Sovet İttifaqı Türkiyə ilə münaqişə astanasında qaldı. O vaxt Cənubi Qafqazda hərbi qüvvələr yerləşdirildiyindən müəyyən diplomatik addımlar atıldı. Bundan dərhal sonra Qərbi Ermənistanın Türkiyədən qoparılıb, Sovet Ermənistanına birləşdirilməsi barədə şayiələr dolaşmağa başladı. Daşnaklar Sovet İttifaqını bu qərara təhrik etməklə, onu dünənki müttəfiqləri ilə toqquşdurmaq istəyirdilər, yaranmış vəziyyətdə isə ABŞ və Böyük Britaniyanın münaqişəyə qoşulacağı şübhə doğurmurdu. Xoşbəxtlikdən, Sovet hökuməti bu addımı atmadı. Lakin erməni torpaqları daşnakların əlində əsas vasitə kimi qalmaqda davam edirdi. Onlar başa düşəndə ki, Qərbi Ermənistanın birləşdirilməsi Türkiyə ilə münaqişəsiz ötüşməyəcək, Sovet İttifaqının ərazisindəki torpaqları genişləndirmək hesabına Böyük Ermənistan yaratmaq həvəsinə düşdülər. Bu isə Qərbi Avropadan olan həmvətənlərin Ermənistana gəlişi ilə şərtləndi. Yerevanın mikrorayonları, Abovyan, Razdan, Çarensevan kimi şəhərləri məhz gəlmələrin hesabına yarandı. Planetin hər tərəfindən Sovet İttifaqına gələn ermənilərin ilk dəstəsi Sovet Ermənistanında mehribanlıqla qarşılandı. Bunların əksəriyyəti sadə insanlar idi. Vaxt ötdükcə gələnlərin arasında öz mənəvi və əxlaqi baxışları ilə fərqlənən ticarətçilər çoxluq təşkil edirdi. Beləliklə, xırda burjua mahiyyətli “Daşnaksütyun” bütün vasitələrlə öz ideyalarına sadiq qalaraq, ekstremist əhval-ruhiyyəli qüvvələrə güvənməklə hətta terror əməllərindən belə çəkinmir, dağıdıcı fəaliyyətini davam etdirirdi. 1973-cü ildə Moskvada üç partlayış baş verdi: 25 Oktyabr (indiki Nikolskaya) küçəsində, Dzerjinski (indiki Lubyanka) meydanındakı mağazada, ”İzmaylovskaya” və “Pervomayskaya” stansiyalarının arasında. Nəticədə 29 adam həlak oldu. Bu dəhşətli partlayışı nə doğurmuşdu? Əslində, siyasi terror konkret şəxsə yönəlmiş olduğu halda, burada cinayətkarlar kimi öldürdüklərinin fərqinə varmamışdılar. Canilər gizlənmiş, terror aktının məsuliyyətini heç kim öz üzərinə götürməmişdi – deməli, onlar ictimai rəyin diqqətini cəlb etmək niyyətində də deyildilər. Dolayısilə, cinayətkarlar dinc, günahsız insanları vəhşicəsinə qətlə yetirməklə ölkədən qisas almağa rəvac vermişdilər. Partlayışlar üç ayrı-ayrı yerdə baş verdiyindən ilkin istintaq bu qənaətə gəldi ki, məlum aksiyalar başqa yerlərdə də həyata keçirilə bilər. Sonradan bu versiya təsdiqləndi. Təfərrüatlara varmadan qısaca onu deyim ki, bir neçə aydan sonra əməliyyatçılar olmazın əmək və bacarıq sərf edərək, xoşbəxtlikdən işə düşməmiş həmin partlayıcı qurğudan daha birini Kursk vağzalında aşkar etdilər. Xarakterik nişanələri ilə fərqlənən iki terrorçudan birinin göy idman geyimində olması, ən əsası isə onların erməni millətindən olduğu müəyyənləşdi. Axtarışlar bilavasitə Ermənistandan başladı. Əməliyyat-axtarış xidmətinin əməkdaşları Moskvadan Yerevana gələn bütün təyyarə və qatarları qarşılamaqla yanaşı, başqa yerlərdə də tədbirləri davam etdirirdilər. Tezliklə Stepanyan və Baqdasaryan soyadlı iki şəxs şübhəli qismində saxlanıldı və məlum oldu ki, onlardan biri Zatikyanın rəhbəri olduğu gizli millətçi qrupun üzvüdür. Onun evinin damından isə Moskvada işə salınan partlayıcı qurğudan tapıldı. Maddi sübutlar, o cümlədən, qəlpələrdən yığılmış uzunsov qazan (qusenitsa) cinayətkarlara təqdim olundu və danmağa yer qalmadı. Bu qeyri-insani aktı törətməyə onları nə vadar etmişdi? Aydınlıq gətirildi ki, Zatikyan da daxil olmaqla, hər üçü gizli millətçi partiyanın üzvləridir. Qarşılarına qoyduqları məqsəd: sovet quruluşu və Moskva əleyhinə mübarizə, ruslardan intiqam almaq. Gözlənilirdi ki, bu hadisə partiya və dövlət rəhbərlərinin diqqətini cəlb edəcək, millətlərarası parçalanmanın səbəbləri aradan qaldırılacaq. Lakin istintaq orqanlarının fəaliyyəti və Moskvada baş tutan məhkəmədən savayı, bu istiqamətdə heç bir ölçü götürülmədi. Öz növbəsində Ermənistan rəhbərliyi hər şey etdi ki, bu qanlı cinayəti respublika əhalisindən gizlətsin. Ermənistan Kommunisi Partiyasının birinci katibi Dəmirçiyanın tapşırığı ilə həmin terror aktı barədə bir qəzet belə məlumat vermədi. Zatikyan və onun ortaqları haqqında Ali Məhkəmənin iclasından çəkilmiş sənədli filmi seyr etmək hətta partiya fəallarına da qadağan edildi. Onu yalnız yüksək rəhbərlik yığcam əhatədə görə bildi. Film tərbiyəvi əhəmiyyət daşısa da, ekrana buraxılmadı. Respublika rəhbərliyi erməniləri rusların gözundən salmamaq niyyəti ilə faktı, bir növ, malaladı. Az keçmədən akademik A.Saxarov “İzvestiya” qəzetində ermənilərin həbsinə qarşı protestlə çıxış edib, üç terrorçunun Moskvaya gəldiyinə və törətdikləri vəhşiliyə inanmadığını bildirdi. Bu zaman Dəmirçiyanın hiddətini görmək lazım idi: Saxarov nə cürətlə cinayətkarların soyadını səsləndirib; redaksiyaya kim icazə verib ki, belə materialı çapa buraxsın. Terror faktından siyasi nəticələr çıxarmaq istəyənlər də yox idi. Deyirdilər törədilmiş cinayət DTK-nın fəaliyyət dairəsindədir, çekistlər də aksiyanın qarşısını almalıdırlar, yox əgər hadisəyə yol verilibsə, özləri də yiyə dursunlar. Heç kim məsələnin mahiyyətinə varmaq və həqiqəti anlamaq həvəsində deyildi. Bir neçə il sonra respublikada millətçi əhval-ruhiyyə artdıqca, daşnaklar daha da fəallaşdılar. Yerli rəhbərlik onlara əks təsir göstərmədi. Görünür, bu yanaşma təsadüfdən doğmamışdı. Mənim Yerevanda Dəmirçiyanla nəticəsiz bitən söhbətim oldu. Ermənistan Kommunist Partiyasının rəhbəri inadkarlıqla dediyinin üstündə durdu: «Bizdə qorxulu heç nə baş vermir!» Sonra onunla bir də görüşdüm və daşnakların respublikada kök saldığı barədə yeni faktlar sadaladım. Bu dəfə Dəmirçiyan fərqli reaksiya göstərdi. Mərkəzi Komitənin növbəti Plenumunda o, kommunistləri daşnak təsiri ilə mübarizəyə səslədi. Lakin çətinliklə ərsəyə gəlmiş və işıq üzü görmüş bir neçə yazını saymasaq, iş formal aksiyadan uzağa getmədi. Bu aşkar hərəkətsizlik isə Qarabağda yaşayanlar üçün fəlakətə çevrildi. Yenidənqurma dövründə ekstremist əhval-ruhiyyəli qüvvələr millətçilik təbliğatının təsiri altında hərəkətə keçdilər. Ermənistanda “Qarabağ” komitəsi yarandı. Adı çəkilən təşkilat Yerevanın mərkəzi meydanında mitinqlər keçirib, ortaya Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbini qoydu. İki Cənubi Qafqaz respublikasında vəziyyət gərginləşdi. Yerevanda Azərbaycan əleyhinə yığıncaqlar keçirilir, Dağlıq Qarabağda ekstremist əhval-ruhiyyə yüksəlir, Bakıda da partlayış gözlənilirdi – xalq Azərbaycanın maraqlarını qorumağa hazır idi. Azərbaycanın digər şəhərlərində ehtirasları söndürmək mümkün olsa da, beş min nəfərə yaxın Sumqayıt sakini şəhər partiya komitəsinin qarşısına toplaşdı. Qafandan qovulmuş qaçqın azərbaycanlılar ermənilər tərəfindən məruz qaldıqları talanlardan, vəhşiliklərdən söz açmaqla yaranmış gərginliyi daha yüksək həddə çatdırdılar. Digər tərəfdən, erməni televiziyasında çıxış edən şairə Silviya Kaputikyan Moskvada M.S.Qorbaçovla görüşündən danışdı, ardınca da Yerevan meydanında Sovet Ordusunun Baş prokuroru A.N.Katusev Azərbaycanda iki nəfərin öldürüldüyünü və onların milliyətcə erməni olmadıqlarını söylədi. Əslində, Katusev kimi təcrübəli şəxs kütlə qarşısında belə bəyanat verməməli idi. Onun bu çıxışı Azərbaycanda fərqli anlaşıldı: əgər Əsgəranda öldürülənlər erməni deyildisə, deməli həmvətənlərimiz həlak olub. Sadalananlara kəskin reaksiya özünü çox gözlətmədi: qəzəblənmiş insanlar Sumqayıtın ermənilər yaşayan məhəllələrinə üz tutdular. Belə qarşıdurmalarda haqlı və günahkar axtarmaq əbəs, millətlərarası toqquşmanın səbəbkarının, təhrikçisinin Ermənistan, ya Azərbaycan olduğunu aydınlaşdırmaq çətindir. Həqiqət odur ki, hər iki respublikanın kommunist partiyalarının başçıları, ”xalqlar dostluğu” şüarını elan etsələr də, mövqe yaxınlaşmasına nail ola bilməmişdilər. Bəzi tanınmış və hörmətli adamlar isə fərqinə varmır və düşünmürdülər ki, onların səs-küylü sözləri, çıxışları necə ağır nəticələrə gətirib çıxara bilər. Mətbuatın məlumatına görə, Aqambekyan Parisdə olarkən, erməni məhəllələrində sakinlərlə görüş zamanı yaxınlarda Dağlıq Qarabağ məsələsinin öz həllini tapacağını və bu vilayətin Ermənistana birləşdiriləcəyini söyləmişdi. O dövrdə Aqambekyanın Qorbaçovla yaxınlığı heç kimə sirr deyildi. Xaricdə o, Kommunist Partiyası Baş Katibinin baxışlarının ifadəçisi kimi qəbul olunurdu. Təbii ki, söhbət bütün erməni diasporasına, eləcə də Ermənistan və Azərbaycana çatdı. Həmin andan Aqambekyan azərbaycanlılar üçün mənfi fiqura – Qarabağ ocağına kibrit vuran birisinə çevrildi. Yazıçı və jurnalist Zori Balayan da, Qorbaçova istinadla, Amerikada ermənilərə bildirmişdi ki, Dağlıq Qarabağ tezliklə Ermənistanın yurisdiksiyasına keçəcək. A.N.Mikoyanın oğlu Serqo Mikoyan isə Ermənistana yollanıb bu mövzuda geniş təbliğat aparırdı. Bütün bu söhbətlərdən belə anlaşılırdı ki, guya məsələ öz həllini tapıb. Və Dağlıq Qarabağın Vilayət Soveti Azərbaycanın tərkibindən çıxdığını elan etdi. Ancaq sonradan Sovet İttifaqının Siyasi Bürosu vəziyyətin mürəkkəbliyini nəzərə alaraq respublikaların sərhədlərini dəyişməməyə, onları olduğu kimi saxlamağa və “problemə yenidənqurmadan sonra qayıtmağa” qərar verdi. Yəqin ki, burada nə demək istənildiyinin izahını kimsə verə bilməzdi. Hamıya bir şey aydın idi – hazırda problem gündəlikdən çıxarılır. Lakin Qarabağ hadisələri səngiməkdənsə, daha da kəskinləşirdi. Bakıda çaxnaşmalar başladı. Sov. İKP katibi Q.P.Razumovski başda olmaqla, Siyasi Büroya namizəd P.N.Demiçevlə bu sətirlərin müəllifi Azəbaycana göndərildi. Bakıda Siyasi Büronun qərarından hamı razı qaldı. Oradan biz Stepanakertə yollandıq. Burada Mərkəzi Komitənin qəbul etdiyi qərardan xəbərsiz olduqlarından belə qənaətdə idilər ki, məsələ Ermənistanın xeyrinə bitib. Şəhərin girəcəyində bizi bayramsayağı geyinmiş adamlar şən ovqatla qarşıladılar. Stepanakertin küçələrində qırmızı qalstuklu pionerlər bayraq yellədirdilər. Biz şəhər sakinlərinə başqa xəbər gətirdiyimizdən özümüzü pis hiss edirdik. Və faktın özü adamların nə qədər yanıldığını, güclü mənəvi təzyiq altında olduğunu göstərirdi: düzünü desək, Dağlıq Qarabağın erməni əhalisi bütünlüklə alçaldıcı fitnəyə təhrik olunmuşdu. Ermənistanda Sov. İKP Siyasi Bürosunun qərarı bəyənilmədi. Respublika Kommunist Partiyasından tutmuş üzü aşağı bütün tabe təşkilatlar sənədi “məsələ Sov.İKP-nin gələn Plenumunda həllini tapmalıdır” əlavəsi əlavə ilə şərti qəbul etdilər. Adı çəkilən sənədin “üçüncü maddəsi” Dağlıq Qarabağı Ermənistana birləşdirməyi arzulayan kommunistləri, ”Qarabağ” komitəsinə daxil olan millətçi elementləri birləşdirirdi. Razumovskinin başçılıq etdiyi qrup vilayətin partiya-təsərrüfat fəallarına, indiki zamanda, respublikaların sərhədlərinin yenidən dəyişdirilməsi ilə milli qarşıdurmanın daha da alışdırılmasına rəvac verəcəyinə inandıra bildi. Eyni zamanda, biz bu qənaətdə idik ki, Dağlıq Qarabağ ermənilərinə normal həyat şəraiti, milli mədəniyyət və ənənələrin inkişafı istiqamətində şərait yaradılmalıdır. Partiya-təsərrüfat fəalları təkliflə razılaşdılar. Beləcə, böhranın aradan qaldırılmasının özülü qoyuldu. Adi məntiq bunu deyirdi ki, partiya-təsərrüfat fəallarınin qərarı zarafat deyil, Dağlıq Qarabağ əhalisinin fikridir və bu rəylə mərkəzdə razılaşmaya bilməzlər. Ermənistan rəhbərliyi qərarı bəyənməlidir. Təəccüb doğuran odur ki, sadalananların heç biri olmadı. Partiya fəallarının rəyini həyata keçirmək əvəzinə, Ermənistanın Mərkəzi Komitəsi sənədin nəşrini bir neçə gün uzatdı. Bu isə Dağlıq Qarabağın statusunun dəyişdirilməsinə yönəlik hərəkatı daha da fəallaşdırdı. Bu barədə yenə mübahisə etmək olar: kim birinci başlayıb, kim özünü necə aparırdı və kim daha çox müqəssirdir – Azərbaycan, yoxsa erməni tərəfi. Amma fakt faktlığında qalır: birinci qurbanlar azərbaycanlılar oldu! 1988-ci ilin 22 fevralında Əskəran rayonunda iki nəfər öldürüldü: üzümlükdə işləyən kəndli və erməni atıcısına şübhəli görünən uşaq. Azərbaycan xalqı və Respublikanın rəhbərləri öz hisslərini cilovlayaraq bu ağır ölüm hadisəsini səs-küyə salmadı. Mən o zaman hadisə yerində idim və Əskəranla qonşu Ağdam rayonunda coşmuş kütlənin günahsız qurbanlara görə qatillərdən intiqam almaq çağırışlarını görürdüm. Qəzəblənmiş insanları cəsarətli bir qadın, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova saxladı. O, baş örpəyini kütlənin qarşısına atmaqla onları ağılla hərəkət etməyə çağırdı. Yerli inanca görə isə qadının baş örtüyünün üstündən adlamaq olmaz, o müqəddəsdir. Sonra Abbasova və mən birlikdə Ağdamda keçirilən mitinqə getdik və orada qərara alındı ki, heç bir halda ehtiraslar qızışdırılmasın. Ölüm hadisəsi barədə məlumat geniş yayılsaydı, Azərbaycanda nələr baş verə biləcəyini təsəvvür etmək çətin olardı. Bir neçə gün Dağlıq Qarabağda gərginlik yaşandı, amma adamlar tədricən sakitləşərdi, əgər onlara yeni xəbər gəlməsəydi: S.Kaputikyanla Z.Balayanı Moskvada qəbul ediblər – əvvəl A.N.Yakovlev, ardınca da M.S.Qorbaçov. Bu görüşlərin nəyə gərək olduğunu demək çətindir. Bəlkə ölkə rəhbərliyi ziyalıların nüfuzundan bəhrələnərək düyünü açmaq istəyirdi? Amma onda niyə yalnız ermənilərlə görüşürdülər? Ermənilərə bu aşkar, nümayişkaranə üstünlük nəyə gərək idi? Ola bilsin, həmin günlərdə azərbaycanlılarla da hansısa görüşlər keçirilmişdi, bəs nə üçün mətbuat bu haqda susurdu? Qorbaçov bütün bunları başa düşmürdümü? Hakimiyyətin bu hərəkətləri azərbaycanlılarda çaşqınlıq və şübhə doğurmaqla yanaşı, xəyanət kimi də düşünülürdü. Ermənilər isə bərk sevinirdi, çünki S.Kaputikyanla Z.Balayan Moskvadan qayıtdıqdan sonra açıq bildirirdilər ki, Qarabağ münaqişəsində Qorbaçov ermənilərin tərəfindədir. Mərkəzin addımlarının qəsdən atıldığını təsdiqləyən əsaslar olmasa belə, Qorbaçovun günahı üzündən bu yaramaz siyasət münaqişəni daha da dərinləşdirdi. Düzdür, həmin hadisələrdən sonra o, Azərbaycan və erməni xalqlarını Partiyanın qərarına tabe olmağa və onu icra etməyə çağırdı. Amma burada da ardıcıl olmadı, sənədin mahiyyəti dəyişdi və bunu həm Azərbaycanda, həm də Ermənistanda dərhal hiss etdilər. Sonralar, Qorbaçov Azərbaycan hadisələrindən danışarkən, ordunun Sumqayıta gec yeridilməsinin məsuliyyətini öz üzərinə götürdü. Digər tərəfdən, Azərbaycanda xalqı yalnız zor vasitəsilə sakitləşdirmək mümkün olmazdı. Çoxmilyonlu Bakı əhalisi ordunun respublikaya yeridilməsi ilə heç zaman barışmazdı. Axı, Yerevanda hər gün milyona yaxın adam meydana toplaşsa da, heç kimin hərbi qüvvədən istifadə etmək ağlına belə gəlmirdi. Əgər ordu həqiqətən Azərbaycana girsəydi, bu partlayışa səbəb olardı və Sumqayıt hadisələrindən daha ağır nəticələnərdi. Deməli, söhbət gecikməkdən yox, ölkə rəhbərliyinin bu konfliktə ikili yanaşmasından, hadisələri əhalidən gizlətməsindən, bununla da münaqişənin dərinləşməsindən gedə bilər. Sumqayıtın dəhşətli gecəsindən sonra mən bu şəhərdə kombinatda işləyən ağıllı bir erməni qadınla söhbət etdim. O mənə dedi: - Siz düşünürsünüz ki, bu erməni ziyalıları biz ermənilərin halına yanır? Xeyr, onlar torpaq barədə düşünürlər, Qarabağ da bu məqsədlə onlara lazımdır. İki-üç aydan sonra mən Moskvada Ermənistan Nazirlər Sovetinin keçmiş birinci müavini, təqaüddə olan Kirokosyanla görüşdüm. O, Qarabağ məsələsinin niyə ermənilərin xeyrinə həll olunmasınının «zəruriliyini» mənə zorla başa salmaq istəyir və əsas dəlilini gətirirdi: - Bizə çox torpaq lazımdır. - Niyə çox? – təəccüblə soruşdum. - Ona görə ki, torpağın azlığı üzündən ermənilər vətəni tərk edib gedirlər. -Hara gedirlər? -Stavropol diyarına, Sibirə, Mərkəzi Rusiyaya. -Burda pis nə var ki? -Necə yəni, millət səpələnir. Ermənilərin Sovet İttifaqının başqa yerlərinə dağılmaması üçün köçü dayandırmaq gərəkdir. Sumqayıtdakı erməni qadın necə də haqlıymış! Deməli, onlara torpaq lazımdır. Bütün iş erməni torpaqlarının birləşdirilməsindədir. Görün, daşnak çağırışları insanların zehnində necə ziyanlı rişə atıb! Dağlıq Qarabağ hadisələri başlayan kimi ünvanımıza iradlar səsləndi: DTK fürsəti qaçırıb və Sov. İKP MK rəhbərliyini vaxtında məlumatlandırmayıb. Mən Bakıda olarkən DTK sədri V.M.Çebrikov telefonla bunu bildirəndə onun yadına saldım ki, biz dəfələrlə bu regiondakı təhlükəli vəziyyət barədə məruzə etmişik. O, əldə olan xidməti yazışmaların surətini qaldıraraq Mərkəzi Komitəyə sübut etdi ki, Ermənistan və Azərbaycan arasında gözlənilən toqquşma haqda iki ildir tərəfimizdən həyəcan təbili çalınır. Üstəlik, rəhbərliyə onu da xatırlatdı ki, şəxsən mən dəfələrlə həmin mövzu ətrafında Mərkəzi Komitənin bir neçə katibi ilə, o cümlədən E.K.Liqaçovla söhbət etmişəm. Etiraf edim ki, Liqaçov bizim xəbərdarlığımıza dərhal reaksiya verərək Ermənistana öz elçilərini göndərmişdi. Və təsdiqlənmişdi ki, Cənubi Qafqaz milli münaqişə ərəfəsindədir və bununla bağlı təcili tədbirlər qaçılmazdır. Məsələ Sov. İKP katibliyində müzakirəyə qoyuldu, amma nümayəndə heyətinin bütün nəticə və təklifləri qərardan çıxarıldı. Heç kim bəzi respublikalarda qızışmaqda olan sosial təlatümləri, milli zəmində gözlənilən münaqişələri qəbul etmək istəmirdi. Sov.İKP MK həqiqəti açmaq istəyən bütün təşəbbüslərin qarşısını alırdı. Məsələn, zamanında partiyanın XXIII qurultayında qərar qəbul olunmuşdu ki, Cənubi Qafqaz da daxil olmaqla, bütövlükdə Sovet dövlətinin regional tarixi yazılsın. Bu elmi əsaslara söykənmiş tarix millətlərarası problemlərin həllində əhəmiyyətli rol oynaya bilərdi. Amma Qurultayın mövcud qərarını icra etmək heç kimin yadına düşmədi. Bu mənada akademik İ.İ.Minsin günahı az deyildi. Özunu tarix elminin bilicisi sayan bu alim, onun məntiq və fərziyyələrindən kənara çıxan hər kəsi marksizm dəyərlərindən uzaqlaşmaq kimi qiymətləndirirdi. Məhz o, bu məsul və vacib işin ortaya çıxmasını əngəllədi. Müştərək elmi təşəbbüs sonda Sovet İttifaqı xalqlarının lokal tarixləri ilə əvəzləndi və nəticədə aşkar millətçilik ruhunda yazılmış erməni xalqının «tarixi dərsliyi» çapdan çıxdı. Qarabağ böhranı iki respublikanı qanlı böhrana sürüklədi. Dünya ictimaiyyətinin bu yanğını söndürmək cəhdləri də fayda vermədi. Qarşıdurma nə ilə bitəcək, demək çətindir...
|