Kənan Hacı - Fransız romanlarında qadın xəyanəti
06.05.16

XIX əsr fransız romanlarının az qala hər səhifəsində qarşına çıxan qadın xəyanəti, kişi sapıklığı bihuşdarı kimi oxucunun beynini dumanlandırır. Bütün ali dəyərlərdən məhrum burjua cəmiyyətində maddi zənginlik qadın ruhu üzərində hökmrandır. Floberin madam Bovarisini bir xəyanətdən başqa xəyanətə sürükləyən də elə kübar salonlarının soyuq və amansız parıltısı deyildimi? Qorio atanın qızlarını əsir edən, hətta öz doğma atalarından imtina həddinə çatdıran doyumsuz var-dövlət ehtirası deyildimi? Bütün mirasını son qəpiyinə qədər qızları üçün xərcləyən, son nəfəsində də qızlarını  sonsuz məhəbbətlə sevdiyini hayqıran zavallı atanın gözü yollarda qalır, qızları bu fədakar atanın həyatla vida anlarında belə onun yanında olmağa gərək duymurlar. Bu, daha amansız xəyanətdir.

Çox vaxt deyirlər ki, qadın xəyanət edirsə, məntiqi səbəb axtarmaq lazım deyil, o, hisslərinin qurbanıdır. Amma məhz XIX əsr fransız cəmiyyətində qadının, xüsusən də gözəl qadının kübar cəmiyyətindən kənarda olması onun üçün ölümdən də betər idi. Bir azdan haqqında danışacağımız Mopassanın “Boyunbağı” hekayəsini oxumayan çox az adam tapılar. Mövzuya birbaşa dəxli olduğu üçün qısa məzmununu yazmağa ehtiyac görürəm. Təhsil nazirliyində işləyən adi müfəttişin xanımı olan gözəl Matilda zəngin ailədə doğulmadığı üçün taleyinə lənətlər yağdırır, çarəsizlik amansız xəstəlik kimi onu içdən yeyib tükədir. Bir gün əri evə dəvətnamə gətirir, təhsil naziri onları nazirlik binasında keçiriləcək ziyafətə dəvət edir. Bu ziyafət onlar üçün göydəndüşmədir. Orda bütün zənginləri, rəsmi adamları görəcəklər. Qadının isə bu ziyafətə geymək üçün paltarı yoxdur. Əri özünə torağay ovunda istifadə etməyə lazım olacaq tüfəng almaq üçün uzun müddətdən bəri yığdığı pulu verib xanımına ziyafət paltarı alır. Daha bir problem çıxır, qadının bəzək üçün heç bir zinət əşyası yoxdur. Buna da çıxış yolu tapılır, qadın öz rəfiqəsindən olduqca bahalı boyunbağını bir gecəlik istifadə üçün götürür. Gecə ziyafətdən qayıdarkən qadın yolda boyunbağını itirir. Ailənin faciəsi də bundan sonra başlayır. Onlar əmanəti yiyəsinə qaytarmalıdırlar. Ərinin atasından miras olaraq on səkkiz min frankı qalmışdı, bundan əlavə bədbəxt kişi borc və zəmanət sənədlərini imzalamalı, müxtəlif sələmçilərlə, dəllallarla tanışlıq qurmalı oldu. Ən sonda otuz altı min franka başqa bir boyunbağı alıb sahibinə qaytardılar. Bundan sonra isə on il ərzində ancaq ancaq borcları qaytarmaqla məşğul oldular. Bu on il ər-arvadı kasıblıqdan da aşağı həddə gətirib çıxardı. Matildanın bu illər ərzində ağır ev işlərində işləməkdən bütün təravəti solub getmişdi. Borclarını verib qurtarandan sonra onlar bir gün təsadüfən həmin boyunbağının sahibi ilə rastlaşırlar. Zəngin və firavan həyat bu xanımın əvvəlki gözəlliyini zamanın həmləsindən mühafizə etmişdi, əvvəlki kimi gözəlliyi göz qamaşdırırdı. Yaşlanıb gözəlliyini itirmiş Matildanı o, necə tanıya bilərdi? Matilda özünü onun yadına salıb başına gəlmiş əhvalatı danışandan sonra qadının ona verdiyi cavab tək zavallı qadının yox, elə bu hekayəni oxuyan adamın da alnının ortasından güclü bir zərbə kimi dəyir. Sən demə, ər-arvadın on illik məşəqqətlərinin baiskarı olan lənətəgəlmiş boyunbağının brilyantları süni imiş. Onların dəyəri beş yüz frank ancaq olardı. Tragikomik situasiyadır. Bu da zənginlik ehtirasının xəyanətə bulaşmamış tərəfidir.

Bəs yüksək mənsəbli ailənin qadını olan xanım Renalı kəndli balası Jülyənlə ərinə xəyanət etməyə vadar edən səbəb nə idi? Stendal “Qırmızı və qara” əsərində cəmiyyəti bürüyən meşşanlığı sağalmaz bir xəstəlik kimi göstərir və bu xəstəliyin qızdırması məhz xəyanətdir. Jülyən Sorelin hədəfi kilsə xadimi olmaq, özünə karyera qurmaqdır və o, məqsədinə çatmaq üçün bütün vasitələrdən yararlanmağa çalışır. Xanım Renal doğrudan da hisslərinin qurbanıdır. Bu cəmiyyətdə isə hisslərinin qurbanına çevrilib xəyanətə bulaşmış yüzlərlə gözəllərin sayı-hesabı yoxdur.

Bu xəyanətin anatomiyasını öz əsərlərində yüksək sənətkarlıqla aça bilən daha bir dahi fransız yazıçısı da var. Gi de Mopassan. Təkcə “Əziz dost” romanı başdan-başa xəyanətlər silsiləsindən ibarətdir. Bu əsərdə yüksək çinli məmurların xanımları ucdantutma xəyanətlə özlərini ləkələmiş qadınlardır. Vaxtilə quldurluqla məşğul olmuş Dürua qəfildən jurnalistikaya qədəm qoyur və onun qadınları tovlamaq məharəti, hiyləgərliyi, kəmfürsətliyi qarşısında bütün qapıları açır. Tezliklə ətrafında dolaşan bütün kişilərin qadınlarını asanlıqla ələ keçirir. Onun yırtıcı ehtirası heç bir hədd-hüdud tanımır. Dünya nəsrində yalnız Stefan Sveyqin Kazanovası bu obrazın xələfi sayıla bilər. Kazanova üçün də heç bir ali dəyər yoxdur, bu adam dağıdıcı ehtirası ilə qarşısına çıxan bütün qadınları əzib keçir. Mopassan həm də onu göstərir ki, cəmiyyətdə üstün mövqelərə nail olmağın yolu yalan və riyakarlıqdan keçir. “Əziz dost” əsərində yazıçı həm də XIX əsr fransız mətbuatının gizli və qaranlıq məqamlarına işıq tutur. Reportyorların kəmfürsətliyini, redaktorların pulgirliyini realist boyalarla təsvir edir və bununla da burjuaziyanın buyruq quluna çevrilmiş sarı mətbuatın iç üzünü bütün çılpaqlığı ilə ortaya qoyur. Bu romanın dərcindən sonra Mopassan özünə xeyli düşmən qazandı və mətbuat dəllalları ömrünün sonuna qədər onu bağışlamadılar, haqqında hər cür hədyanlar yazdılar və bu yolla yazıçıdan intiqam aldılar.

Dürua onu bataqlıqdan xilas etmiş dostunun meyidi soyumamış onun arvadına sahib çıxır və həmin qadın da az sonra onun özünə xəyanət edir. Bu adam xarici işlər naziri idi. Qadını ilə yatağını bölüşməsi müqabilində ərinə, həmin bu yaramaz Düruaya “Fəxri legion” ordeni vermişdi. Əsərin bu hissəsini oxuyanda Mopassanın öz həyatıyla bağlı mühüm bir məqamı xatırlamamaq olmur. 1887-ci ildə Mopassan “Fəxri legion” ordeniylə təltif edilsə də bu ordendən imtina etmişdi. O, bu ordeni qəbul etməyi həyatda kişiyə böyük əskiklik gətirən bir şey olduğunu dilə gətirmişdi. Məncə, artıq izaha ehtiyac yoxdur.

Xəyanətlə bağlı daha bir məqam. “Həyat” romanında Jülyən Jannaya evin qulluqçusu ilə xəyanət edir. Qızın atası haray-həşir salıb kürəkəninin cəzalandırılmasını tələb edir. Keşiş isə ona belə cavab verir: “Mən sizinlə lap mərc gələrəm ki, siz özünüz də heç dinc durmamısınız. Bəlkə siz də gəncliyinizdə Rozali kimi gözəl mamlımatanlara aman verməmisiniz, onları bir-bir bişirib “həzm-rabedən” keçirmisiniz”. Ata keşişin bu sözləri qarşısında susur. Çünki keşiş həqiqəti deyirdi. Mopassan xəyanətlərin usta yazıçısıdır. O, bu səhnələri o qədər dəqiqliklə təsvir edir ki, oxucu bu ehtiras burulğanlarında boğulmaq həddinə çatır. Ağaları tərəfindən zorakılığa məruz qalmış qulluqçu qızların obrazı rus nəsrində də çox işlənib. Bunun ən parlaq nümunəsi L. Tolstoyun “Dirilmə” romanıdır. Onun “Şeytan” povestində də qulluqçusuna vurulmuş, evləndikdən sonra da bu sevgidən xilas ola bilməyən gənc mülkədar obrazı yaradılıb.

Qəribədir, bu yazı Mopassan haqqında olmalıydı, amma Mopassan nəsrinin cazibəsi, ovsunu olan qadın xəyanəti dünya ədəbiyyatının eyni motivli başqa əsərlərini də yadımıza saldı. Amma Mopassan qədər qadını yaxşı tanıyan çox az yazıçı tapılar. Həyatında saysız-hesabsız qadınlar olmuş yazıçının bu sirli, mürəkkəb varlığı həm də ustalıqla ədəbiyyata gətirməsi, bu qədər mükəmməl, faciəvi qadın obrazları yaratması adamı heyrətə gətirir. Onun əsərlərində qadının bütün mənəvi və cismani iztirabları ən xırda detallarına qədər sənətkarlıqla təsvir edilir.

Mopassanın “Həyat” romanını uzaq 90-cı illərdə, yeniyetməlik çağlarımda oxumuşdum. Bu əsərdə heç vaxt unutmayacağım bir epizod da elə qadın xəyanətiylə bağlıdır. Gənc Jannanın anası vəfat edir, qızı son vida gecəsində mərhumə üçün əziz olan köhnə məktubları ortaya tökür və bir-bir oxumağa başlayır. Bu məktublardan aydın olur ki, sən demə, anası ərli qadın ola-ola başqa bir kişinin məşuqəsi imiş... Məktublar hər şeyi danışır. Özü əri tərəfindən xəyanətə uğramış Jannanın sarsıntısını yazıçı o qədər mükəmməl təsvir etmişdi ki, o məqamda oxucuya sözün qüdrəti qarşısında ancaq diz çökmək qalır.

Janna bu məktubların hamısını sobaya atıb yandırır...

/Ədəbiyyat qəzeti/    
 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.