Kənan Hacı - Orxan Pamukun “Qırmızı saçlı qadın”ı
13.04.16

Anamın çox da böyük olmayan bir kitabxanası vardı, bu kitabxanada ən çox diqqətimi çəkən kitablardan biri də “Rüstəm və Söhrab” kitabı idi. Firdovsinin “Şahnamə” əsərinin bu məşhur hekayəsi ayrıca kitab şəklində çap olunmuşdu. Təxminən ötən əsrin 50-ci illərinin nəşri idi. Kitabın üz qabığındakı şəkildə diz çökmüş, saqqallı, yaşlı döyüşçü və onun da qucağında qılıncla ölümcül yaralanmış gənc döyüşçü təsvir edilmişdi. Hər dəfə kitabı əlimə götürəndə anam deyirdi ki, bunu oxumaq sənin üçün çox tezdir, bir az böyüyəndən sonra oxuyarsan. Anamın qadağası kitaba marağımı daha da artırırdı. Bir gün kitabı oxudum, neçə yaşındaydım, xatırlamıram. Amma bilirəm ki, səkkiz ya da doqquzuncu sinifdə oxuduğum vaxtlar idi. “Rüstəm və Söhrab” bu qədim və əbədi mövzuda oxuduğum ilk kitab idi. Bu sətirləri yazanda tamam unutduğum bir məqamı xatırladım. Kiabı oxuyandan sonra uzun müddət o əsərin təsirindən çıxa bilmədim və bir gün anama atamla bağlı indi xatırlamadığım bir sual verdim. Anam dərhal bu sualın hardan doğduğunu anladı. Mənə ilk sözü bu oldu: “Rüstəm və Söhrab”ı oxudun?

Orta məktəbi bitirəndə atam mənə Firdovsinin qırmızı cildli “Şahnamə”sini bağışladı. Atanın oğulu bilmədən öldürməsi içimdə saysız suallar doğururdu. Bu sualların isə cavabı yox idi. Çünki ruhumu tərbiyə edəcək anlayışlara hələ gəlib yetişməmişdim, tale və zərurət arasındakı fərqi anlaya bilmirdim. Hələ bilmirdim ki, dünyanın ilk insanı Adəmdən törəyən Qabil öz qardaşı Habili öldürməklə dünyanın ilk cinayətini törədib. Bilmirdim ki, Kron atası Uranı öldürüb və onun hakimiyyətinə sahib olub. Zevs də atasını oxşar ssenari ilə öldürüb... Kronu bu cinayəti törətməyə öz anası Geya sövq etmişdi. M. Şoloxovun “Xal” hekayəsini oxuyanda heyrətlənmişdim. Bu ki, Rüstəmlə Söhrab əhvalatının eynidir! Ata ilə oğul üz-üzə gəlirlər, ata qılıncla oğulu vurub öldürür, ölünün ayağından botinkanı çıxaranda ayağındakı xaldan oğlunu tanıyır, üstündəki mauzeri çıxarıb gülləni öz ağzına sıxır. Çox sonralar anladım ki, bütün yaranan əsərlər yalnız bir mətnin tərkib hissələridir. Orhan Pamukun “Qırmızı saçlı qadın” romanını oxuyarkən tanış mövzunun yeni qurğuda ərsəyə gəlməsinin şahidi oluruq. Əsərdə Firdovsinin “Rüstəm və Söhrab”ından və Sofoklun “Çar Edip”indən istifadə edən Pamuk bənzərsiz bir süjet xətti qurur və bu xətti düşüncəli romançı olaraq bəlli bir sonluğa – qətl hadisəsinə gətirib çıxarır. Burda yazıçı oxucuya kömək edir, bütün ipuclarını verir, intuisiya və məntiq kifayət edir ki, oxucu sonluğun necə bitəcəyini anlasın. Bu, Pamuk nəsrinə xas olmayan bir medotdur. Nobelli yazıçının bundan əvvəlki əsərlərindəki çoxqatlılıq, işarə və şifrələr bu əsərdə demək olar ki, yoxdur. Mövzu tam Pamuk təxəyyülünün hakimiyyəti altındadır. Təkrarlanan situasiyalar (Cemin atasının onları atıb getməsi, Mahmud ustaya qarşı onda yaranan ata məhəbbəti, özü də bilmədən atasının sevgilisinə vurulması və ondan övladının olması və qaçılmaz sonluq, oğlunun onu istəmədən öldürməsi) müxtəlif əfsanələri xatırlatsa da oxucuya təkrar kimi yox, tam yeni, bənzəri olmayan bir hadisə kimi görünür. Oxucu belə də qəbul edir. Pamuk buna öz bənzərsiz istedadı ilə nail olur. O, hekayəsini bütün məkanlara və zamanlara dağıtmır, qədim zamanın əhvalatını yeni məkanda və yeni zamanda yeni biçimdə təqdim edir. Mahmud ustanı quyunun dibində qoyub qaçan Cem günah hissindən qaça bilmir və tale, qəzavü-qədər onu otuz ildən sonra yenə həmin quyunun başına gətirib çıxarır. Ölüm onu burda, bu məkanda gözləyirdi. Əsərdə iki şəxs – Cem və qırmızı saçlı qadın danışır. Amma onların hərəkətlərini yazıçı yönləndirir. Hər şey üst qatdadır, Pamuk bu dəfə əvvəlki romanlarından fərqli olaraq oxucunu çətinliyə salmır. Amma yazıçının peşəkarlığı bu sadə, sadə olduğu qədər də mürəkkəb süjet xətti boyunca etdiyi taktiki gedişlərdə üzə çıxır. Bu əsər romanı necə yazmağın ən gözəl örnəyidir. Mütaliə prosesində sanki bir skeletin tədricən necə ətə-qana dolduğunun şahidi oluruq. Məhz düşüncəli romançı bu cür əsər yaza bilər.

“Düşüncəli” sözünü xüsusi vurğulamağım səbəbsiz deyil. Orxan Pamukun Harvard Universitetində roman sənətilə bağlı oxuduğu mühazirələrdən ibarət “Saf və düşüncəli romançı” kitabı var. Həmin kitabda Pamuk düşüncəli, belə də demək olar – texnar yazıçının romanı necə qurduğunu izah edir, bir növ, yazıçı mətbəxinə girir. Təxəyyülün, xəyal gücünün hüdudsuz imkanları hesabına yazıçı qədim mətnlərdən qaynaqlanaraq bu mətnlərin müasir versiyasını yarada bilər. Eyni süjet bir növ, bu günə proyeksiya olunur. Amma kor-koranə şəkildə yox, düşünülmüş şəkildə! Bunun ən parlaq nümunəsi “Qırmızı saçlı qadın” romanıdır.

Əksər romanlarında olduğu kimi bu əsərində də Pamukun dəyişməyən bir problemi var: Şərq-Qərb qarşıdurması. Xatırlayırsınızsa, “Bəyaz qala” romanında Şərqlə Qərb tamam başqa mədəniyyət olaraq qarşı-qarşıya qoyulur, bu mədəniyyətlərin oxşar və fərqli cəhətləri müzakirə olunur. Üz-üzə oturub günlərcə mübahisə edərək bir-birlərinin mədəniyyətini anlamağa çalışan iki insan, iki ayrı dünyanın insanı sonda bir-birinin içində əriyirlər. “Səssiz ev”də qərbləşmə cəhdi Səlahəddin Darvinoğlunun timsalında baş verir,  əslində bu obraz Qərbi imitasiya edənlərə bir ironiyadır. “Yeni həyat”da isə Rıfkı əmi öz komiksləri ilə yeni yetişən nəsli Avropa düşüncəsinə keçid üçün hazırlayır. “Qara kitab” və “Qar” romanlarında da Şərq-Qərb dilemması qabarıqdır. Bəs “Qırmızı saçlı qadın”da nə baş verir? Romanın qaynaqlandığı “Rüstəm və Söhrab” hekayətində Rüstəm İranı, Söhrab Turanı təmsil edir. Burda bir incə məqam isə atanın oğulu tanımamasıdır ki, bu məqamdan da Freydin psixoanaliz nəzəriyyəsinə keçid almaq olur. “Qırmızı saçlı qadın”ının ikinci istinad nöqtəsi Sofoklun “Çar Edip” faciəsidir. Cem quyu qazarkən Mahmud ustaya bu əhvalatları niyə danışır? Qorxularından xilas olmaq üçün. O, atasını sevmir, atası onları atıb, özü də solçu hərəkatın üzvüdür, dəfələrlə əqidəsi uğrunda həbsdə yatıb. Mahmud ustanın onun qayğısına qalması Cemi duyğulandırır, o, ustasına mehr salır, ona ata kimi yanaşır. Amma ehtiyatsızlıq üzündən Mahmud usta quyuda olanda Cemin əlindən qum dolu vedrə sürüşür və ustanın üstünə düşür. Biz çox sonra biləcəyik ki, əslində Mahmud usta quyuda ölmür. Amma Cem onun öldüyünü zənn edib oradan qaçır. Buna qədər isə qırmızı saçlı qadınla günaha batır. Gələcək ölümünün toxumunu qırmızı saçlı qadının bətnində buraxıb gedir. Cem oğlu Ənvərlə qarşılaşarkən ölümün həyatın içindəki yerini və bu yerdən qaçışın mümkünsüz olduğunu anlayır. Otuz ildən sonra bu ölüm oğlunun cildində qarşısına çıxır; qırmızı saçlı qadından olan oğlu Ənvər onun həyatına son qoyur. Bu  ölüm də təsadüf (təsadüfmü?) nəticəsində baş verir. Cem Qərbi, Ənvər isə Şərqi simvolizə edir.

Pamukun da sayğıyla andığı daha bir türk romançısı Əhməd Həmdi Tanpınarın “Hüzur” romanını xatırladım. Əsərdə cümhuriyyətin yenicə yarandığı dövr təsvir edilir, gənclər qızğın müzakirələr aparırlar, Şərq yoxsa Qərb dəyərlərini təbliğ etməli? Tanpınar bütün varlığı ilə Şərqin tərəfindədir, əsərin baş qəhrəmanı Mümtaz da Şərq təfəkkürünün məhsuludur.

Pamuk isə bu mübarizədə heç vaxt tərəf kimi çıxış etmir, situasiyanı təsvir edir, mürəkkəb süjet xətti bəzən oxucunu dolanbac yollara aparıb çıxarır. Bir həqiqətin arxasında başqa bir həqiqət gizlənir. Amma son nəticə, Şərqlə Qərb arasındakı bu qarşılıqsız eşq hekayətini çözmək yenə də oxucunun üzərinə düşür.  /Aydın yol/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.