Sadiq Hidayət - Burulğan
10.03.16

XX əsr İran ədəbiyyatının parlaq simalarından olan Sadiq Hidayət (1903-1951) öz zəngin yaradıcılıq irsi ilə seçilir. Onun yaradıcılığını əsasən romantik milli nəsr, kritik realizm stilində hekayələr, satirik və psixoloji əsərlər kateqoriyaları üzrə təsnif edirlər. Görkəmli yazıçının əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib. Sadiq Hidayətin “Burulğan” hekayəsini öz dilimizdə təqdim edirik.

Orijinaldan tərcümə: Cahangir Atakişiyev
 


Humayun dodağının altında öz-özüylə danışırdı:
Belə şey olar? Elə gənc bir insan Şah Əbdüləzim qəbristanlığında minlərlə ölünün arasında soyuq, nəmli torpaqda yata, kəfən bədəninə yapışa! Nə baharın əvvəlini görür, nə payızın axırını, nə də bugünkü kimi tutqun, kədərli günləri. Gözlərinin işığı və səsinin ahəngi birdəfəlik dayandı. Halbuki, gülməyi çox sevərdi, məzəli söhbətlər edərdi.
Hava buludlu idi, pəncərənin şüşəsini zəif buxar tutmuşdu, şüşədən qonşuluqdakı evin üzərinə bir az qar düşmüş şiferli damı görünürdü. Qar dənələri sakit və ardıcıl şəkildə havada fırlanır, damın kənarına düşürdü. Damın üzərindəki bacadan qara rəngli hiss çıxır, burula-burula boz səmaya qalxır, yavaş-yavaş görünməz olurdu.
Humayun gənc həyat yoldaşı və kiçik qızı Huma ilə səliqəsiz otaqlarında sobanın qarşısında oturmuşdu. Lakin bu gün bu otaqda gülüşün və şadlığın hökm sürdüyü həmişəki cümələrdən fərqli olaraq hamısı solğun və səssiz idilər. Hətta onların məclislərə xüsusi istilik qatan kiçik qızı da öz kəcdən hazırlanmış gəlinciyini qarşısına qoyub, mat-məəttəl bayıra baxırdı. Sanki o da aralarındakı çatışmazlığın həmişəki adətini pozaraq gəlməyən əmisi Bəhram olduğunu anlayırdı. Həmçinin ata və anasının qəmginliyinin ona görə olduğunu hiss edirdi: qara libas, yuxusuzluqdan qızarmış gözlər, havada dalğalanan siqaret tüstüsü – bütün bunlar onun fikrini təsdiqləyirdi.
Humayun təəccüblə sobanın atəşinə baxsa da fikri başqa yerdə idi. Özündən asılı olmayaraq yadına məktəbdə oxuduğu dövrdəki qış günləri düşdü. O vaxtlar da bugünkü kimi bir qarış qar yerə oturanda tənəffüs zəngi vurular-vurulmaz  Bəhramla başqalarına imkan vermirdilər. Bu zaman onların oyunu bir cür olurdu: qarı bir yerə toplayırdılar, böyük bir topa əmələ gəlirdi. Sonra uşaqlar iki dəstəyə ayrılırdı, oranı sığınacaq edirdilər. Beləcə, qar oyunu başlayırdı. Soyuqu hiss etmədən şaxtadan donaraq qızarmış əlləri ilə biri-birilərinə qartopu atırdılar. Bir gün belə oynadıqları vaxtda o, bir qar topasını əlləri ilə bərk sıxaraq Bəhrama atdı, onun alnı zədələndi. Direktor gələrək möhkəm çubuqla ovuclarına vurdu. Çox güman ki, Bəhramla dostluğu o vaxtdan başladı. Hər dəfə onun alnındakı izi görəndə yadına ovucları düşürdü. Həmin hadisədən keçən 18 il ərzində onların ruhu və düşüncəsi o qədər yaxınlaşmışdı ki, yalnız çox məhrəm düşüncə və hislərini biri-birinə demirdilər, bəlkə də bir çox gizli fikirlərini demədən də anlayırdılar.
Onların hər ikisi demək olar ki, eyni düşüncə, yanaşma və əxlağın daşıyıcıları idi. İndiyə kimi aralarında kiçik bir fikir ayrılığı və narazılıq belə olmamışdı.
Srağagün səhər idarədə Humayuna zəng edib dedilər ki, Bəhram Mirzə özünü öldürüb. Humayun həmin an faytona minərək onun yanına tələsdi. Üzünə örtülmüş arxasında qan yayılmış ağ parçanı yavaşca geri çəkdi.  Qana bulaşmış kipriklər, balış üzərinə dağılmış beyin, xalçanın üzərindəki qan ləkələri, yaxınlarının dözümsüzlüyü və ah-naləsi onu ildırım kimi vurdu.  Onu qüruba yaxın torpağa tapşırana qədər tabutla yoldaşlıq etdi. Qəbrinin üstünə bir dəstə gül qoydu. Sonuncu vidadan sonra qüssə dolu ürəklə evə qayıtdı. Lakin o gündən indiyə kimi bir dəqiqə də olsun sakitlik tapa bilmirdi, gözünə yuxu getmirdi. Gicgahlarının üzərində ağ tüklər görünməyə başlamışdı. Bir paçka siqareti qarşısına qoyub, siqareti siqaretə calayırdı.
İlk dəfə idi ki, Humayun onun ölüm barədə dərindən düşünürdü, amma gümanı heç yerə getmirdi, heç bir fərziyyə onu qane etmirdi. Bütünlüklə təəccüb içində qalmış Humayun özünün heç bir ehtimalını qəbul etmirdi, az qalırdı dəli olsun. Nə qədər çalışsa da unuda bilmirdi. Onların dostluğu məktəb divarları arasından başlamışdı, həyatları sıx bağlı idi, biri-birinin dərdinə və sevincinə şərik olmuşdular. Bəhramın şəklinə baxırdı, bütün keçmiş xatirələr gözünün qarşısında canlanırdı, onu görürdü: sarışın bığları,  fərqli göy gözləri, kiçik ağzı, incə çənəsi, şaqraq gülüşü gözünün önündən getmirdi. Saf qəlbi var idi. Onun ölümünə heç cür inana bilmirdi. Özü də belə qəfil! Bəhram onuncun nələr etməmişdi! Ezamiyyətdə olduğu üç il müddətində Bəhram onun ailəsinin qayğısını çəkmiş, həyat yoldaşı Bədrinin sözü ilə desə, ailəni kiçik sıxıntı da çəkməyə qoymamışdı.
İndi Humayun həyatın ağırlığını hiss edir və keçmiş günlərin – bu otaqda mehribanlıqla yığışdıqları, nərd oynadıqları, saatların necə keçdiyini bilmədikləri vaxtların xiffətini çəkirdi. Lakin ona hər şeydən çox əzab verən bir fikir idi: Onlar bu qədər yaxın olduqları, biri-birindən heç bir gizlinləri olmadıqları halda necə olmuşdu ki, intihar qərarını onunla məsləhət etməmişdi? Səbəb nə idi? Dəli olmuşdu ya hansısa ailə sirri var idi? Bu sualları dalbadal özünə verirdi. Axırda birdən nəsə ağlına gəldi. Üzünü həyat yoldaşı Bədriyə tutub ondan soruşdu:
-    Sən nə fikirləşirsən? Bəhram niyə belə bir iş tutmuş olar?
         Zahirən parça üzərində naxış toxuyan Bədri başını qaldırıb bu sualı gözləmirmiş kimi həvəssiz cavab verdi:
         Mən nə bilim? Məgər sənə deməmişdi?
-    Yox... Soruşdum da...  Mən də  təəccüb  içindəyəm. Səfərdən  qayıdandan
sonra dəyişdiyini hiss eləmişdim. Lakin mənə heç nə deməmişdi, güman edirdim ki, idarə işləri ilə bağlıdır. Çünki idarə işləri tez-tez  qanını qaraldırdı, dəfələrlə mənə demişdi. Amma o heç bir şeyi məndən gizlətmirdi. Allah rəhmət eləsin! Necə də həyatsevər insan idi, belə işlər ondan uzaqdı. Yox. Zahirən belə görünürdü, bəzən dəyişirdi. Çox... Bir gün o, evdə tək olarkən otağına girdim, onu tanımadım, əlləri ilə başını tutub fikirləşirdi. Məni görən kimi özünü itirdi, fikrimi yayındırmaq üçün  güldü, həmişəki zarafatları etdi. Yaxşı aktyorluğu var idi!
          Bədri dedi:
-    Bəlkə elə bir şey olub, sənə deməkdən qorxub ki, kədərlənərsən. Səni nəzərə
alıb. Hər halda sən ailəli adamsan, öz həyatını fikirləşməlisən. Amma o...
Başını mənalı şəkildə tərpətdi. Sanki onun özünü öldürməyinin heç bir əhəmiyyəti yox idi. Arada yaranan süküt onları yenidən fikir aləminə apardı. Amma Humayun həyat yoldaşının sözlərinin saxta və məhz günün tələbinə uyğun olduğunu hiss edirdi. Halbuki, bu qadın 8 il əvvəl ona necə qayğı göstərirdi, sevgi barəsində o qədər incə fikirləri var idi ki... Bu saat sanki gözünün qabağından pərdə düşdü. Bəhramın xatirələri qarşısında həyat yoldaşının bu təsəllisi onda ikrah oyatdı.
Onda ikrah oyadan o idi ki, onun ağlı başındadır, indi də dünya malını fikirləşir, qəm-qüssəni özünə yaxın buraxmaq istəmir. Gətirdiyi dəlil Bəhramın həyat yoldaşı və uşağının olmaması idi. Nə alçaq fikirdir! Onun ailəsi yoxdursa, ölümünə təəssüflənmək lazım deyil! Heç vaxt! Övladının dəyəri dostundan çoxdur? Heç vaxt! Bəhram təəssüfə layiq deyil? Onun kimi birini tapa biləcək?
Gərək elə o öləydi, bu 90 yaşlı seyid xanım Həfhəfu da sağ qalaydı. Bu gün də bu soyuqda, qarda əlində əsa Bəhramın evini sorağlaşaraq Paçinardan gəlib ki, halvasından yesin. Bu Allahın məsləhətidir, həyat yoldaşının fikrinə görə təbii haldır. Bədri də bir gün seyid xanım kimi olacaq. Elə indi də makiyajsız pis görünür, gözləri və səsi dəyişib. Səhər işə gedəndə o, hələ də yatır. Gözlərinin kənarları qırışıb, öz təravətini itirib. Kim bilir? Çox güman ki, həyat yoldaşı da onun haqqında belə fikirdədir.
O, özü də çox dəyişib. Məgər əvvəlki mehriban, mülayim, xoş xasiyyətli Humayundur? Həyat yoldaşına xəyanət etməyib? Bu fikirlər niyə başına gəlib? Görəsən, yuxusuzluğun təsirindəndir yoxsa dostunun acısından?
Bu heyndə qapı açıldı, ağzını çadranın bir tərəfi ilə örtən xidmətçi böyük bir bağlı zərf gətirdi, Humayuna verərək getdi.
Humayun Bəhramın zərfin üzərindəki kiçik və qırıq-qırıq xəttini tanıdı, tələsik ağızını açdı, içindən bir kağız çıxartdı, oxumağa başladı:
“İndi 1311-ci il (1933-cü il), 13 mehr (payızın ilk ayı) tarixi,  gecə saat 2-nin yarısı, öz istəyimlə bütün mülkiyyətimi nur parçası Huma xanıma bağışlayıram. Bəhram Ərjənpur”.
Humayun təəccüblə təkrar oxudu və kağız əlindən düşdü.
Gözünün altından ona diqqət edən Bədri soruşdu:
     -    Kağız kimdəndir
    -     Bəhram
    -     Nə yazıb?
    -     Bilirsən, bütün mülkiyyətini Humaya bağışlayıb.
    -     Necə də gözəl insandır.
Həyat yoldaşının təəccüblə qarışıq iltifatını görmək Humayunu nifrətini daha da artırdı. Lakin nəzəri qeyri-ixtiyari Bəhramın şəkli üzərində dayandı. Sonra qayıdıb Humaya baxdı. Qəfil ağlına bir şey gəldi, bədəni biixtiyar əsdi. Elə bil gözünün qarşısından ikinci pərdə düşdü.
Qızı Huma az-çox Bəhrama bənzəyirdi, nə ona çəkmişdi, nə də anasına. Onların heç birinin gözləri göy deyildi, kiçik ağzı, incə çənəsi – bütün üz cizgiləri Bəhrama oxşayırdı. Humayun indi Bəhramın Humanı niyə bu qədər çox istəməsini və ölümündən sonra bütün mülkiyyətini ona bağışlamasının səbəbini anlayırdı.      Bu qədər çox istədiyi uşaq Bəhramın onun həyat yoldaşı ilə yaxın münasibətlərinin bəhrəsi idi? Axı, onlar can bir qəlbdə idilər, biri-birinə çox etibar edirdilər? İllərdir ki, həyat yoldaşı Bəhramla birlikdə olub. Bu müddətdə onu aldadıb, ələ salıb, indi də ölümündən sonra  bu vəsiyyətnaməni, bu söyüşü göndərib. Yox, o, bütün bunları qəbul edə bilmirdi. Bu fikirlər cərəyan kimi bədənindən keçdi, başından ağrı qopdu, yanaqları qızardı. Qığılcım dolu baxışlarla Bədriyə nəzər salaraq dedi:
-    Sən nə deyirsən, hə? Niyə Bəhram belə eləsin, bəyəm bacısı, qardaşı yoxdur?
-    Əvvəldən bu uşağı çox istəyirdi. Sən Gəz limanında olanda Huma qızılca
tutmuşdu, 10 sutka yatağının başında keşik çəkmişdi. Allah rəhmət eləsin!
         Humayun əsəbi halda dedi:
-    Xeyr, belə sadə deyil...
-    Necə belə sadə deyil? Sənin laqeydliyin deyil ki, üç il ailəni atıb gedirsən.
Qayıdanda da əlin ətəyindən uzun, mənimçün bir corab da gətirməmişdin. İstəmək ürəyini verməkdir. Sənin övladına sevgisi səni çox istədiyinə görə idi, yoxsa Humaya aşiq olmamışdı ki. Sonra da görmürdün ki, bu uşağı göz bəbəyindən də çox istəyir.
-    Yox, yox, mənə düzünü demirsən.
-    Nə deməyimi istəyirsən? Başa düşə bilmirəm.
-    Özünü bilməməzliyə vurursan.
-    Yəni ki, nə? Biri özünü öldürüb, biri malını bağışlayıb, mən cavab  verməliyəm?
-    Mən bildiyim kimi sən də bilirsən.
-    Bilirsən, de görək nədir? Kinayəli sözləri mənim başım götürmür. Get özünü müalicə etdir, ağlın yerində deyil. Məndən nə istəyirsən?
-    Səncə bilmirəm?
-    Onda məndən niyə soruşursan?
         Humayun səbirsizliklə qışqırdı:
-    Bəsdir. Bəsdir, məni ələ saldın.
-    Sonra Bəhramın vəsiyyətnaməsini götürüb əzdi, sobaya atdı, kağız yanaraq kül oldu.
Bədri əlindəki bənövşəyi parçanı tulladı, ayağa qalxaraq dedi:
-    Mənə qarşı inadkarlıq edirsən. Bəs öz övladına da rəva görmürsən?
Humayun da ayağa qalxdı, stola vuraraq kinayəli tonda dedi:
-    Mənim övladım...Mənim övladım... Bəs niyə Bəhrama oxşayır?
Dirsəyi ilə Bəhramın şəkli olan naxışlı çərçivəyə vurdu, şəkil yerə düşdü.
Qəhərlənərək dayanmış uşaq ağlamağa başladı. Bədri rəngi qaçmış və təhdid dolu səslə dedi:
-     Sənin məqsədin nədir? Nə demək istəyirsən?
-    Mən demək istəyirəm ki, 8 ildir məni aldatmısan, ələ salmısan, 8 ildir ki, qadın deyil, məni alçaldan oyunçu olmusan...
-    Mənə? Qızıma?
Humayun əsəbi gülüşlə şəkli göstərdi və tövşüyə-tövşüyə dedi:
-    Bəli, sənin qızın, sənin qızın, götür bax. Demək istəyirəm ki, indi gözüm açılıb, niyə bağışladığını anladım. Qayğıkeş ata olub! Amma sənin sözünə görə 8 ildir ki...
-    8 ildir ki, sənin evində hər cür əzab-əziyyət çəkmişəm, kasıbçılıq görmüşəm.
Üç il olmadığın vaxt evə baxmışam. Sonra da xəbər gətirdilər ki, Gəz limanında bir rus fahişəsinə vurulmusan. İndi bu mənim mükafatımdır. Daha bilmirsən nə bəhanə gətirəsən. Deyirsən uşaq Bəhrama oxşayır.  Mən daha dayana bilmərəm. Bir dəqiqə də bu evdə qalmaram. Gəl, canım, gəl, gedək.
Huma qorxmuş və rəngi qaçmış halda əsirdi. Ata və anası arasında baş verən bu qəribə və görünməmiş mübahisəyə tamaşa edirdi. Ağlaya-ağlaya anasının ətəyindən yapışmışdı. Onlar qapıya tərəf getdilər. Bədri bir dəstə açarı cibindən çıxarıb atdı, Humayunun ayağının altına düşdü.
Humanın ağlaması və ayaq səsləri uzaqlaşdı, 10 dəqiqə sonra bu soyuq, qarlı havada onları aparan faytonun çarxlarının səsi eşidildi.
          Humayun çaşqın halda başını tutaraq öz yerində oturmuşdu. Başını yuxarı qaldırmaqdan qorxurdu. Bu hadisələrin həqiqətən də baş verdiyinə inanmaq istəmirdi. Özündən soruşurdu ki, bəlkə dəli olub yaxud qorxulu yuxu görür. Amma görünən o idi ki, bundan sonra bu ev, bu yaşayış onuncun dözülməz olacaqdı. Daha o qədər çox istədiyi qızı Humanı görə, onu öpə, ona nəvaziş göstərə bilmirdi. Dostunun keçmiş xatirələri onunçun eybəcərləşmişdi. Hər şeydən pis o idi ki, həyat yoldaşı 8 il gizlicə onu yeganə dostu ilə aldatmışdı, isti ocağına haram qatmışdı. Bütün bunlar ondan gizli olmuşdu! O, heç nə bilmədən!  Yaxşı oyunçu olmuşlar! Onu aldatmış və üzünə gülmüşdülər. Tamamilə həyatından bezmişdi, hamıdan və hər şeydən üz çevirmişdi. Özünü olduqca tənha hiss edirdi. Uzaq şəhərlərdən ya da cənub limanlarından birinə ezamiyyətə getmək, ömrünün qalan hissəsini başa vurmaq yaxud da özünü məhv etməkdən başqa çıxış yolu olmadığını düşünürdü. Heç kəsin olmadığı, səsinin belə gəlmədiyi yerə getmək, dərin bir çalada yuxulamaq və bir daha ayılmamaq istəyirdi.  İlk dəfə idi hiss edirdi ki, ətrafında olan insanların qorxulu burulğan olduğunu indiyədək anlamayıb.
Bir siqaret yandırdı, otaqda bir neçə addım atdı, yenidən stola söykəndi. Pəncərənin şüşəsinin arxasında qar dənələri ardıcıl, yavaş və maraqsız şəkildə sanki sirli musiqi ahəngi altında rəqs edir və damın çıxıntısına düşürdü.
Özündən asılı olmayaraq yadına ata və anası ilə Ərağdakı kəndlərinə getdiyi qayğısız günlər düşdü. Təkcə çəmənlikdə, ağacın altında, Şirəlinin axırı çatmış kimi xırmanda çarxın üstündə oturduğu, qırmızı çadralı bacısının da saatlarla uzanıb atasını gözlədiyi yerdə yatırdı. Xırmanda arabanın çarxı yanğılı səslə qızılı sünbülü döyürdü. Dəmirin təsirindən arxa hissələri yara olmuş öküzlər uzun buynuzları və açıq alınları ilə qüruba qədər öz ətraflarında fırlanırdılar. Onun indiki vəziyyəti həmin öküzlərin halına bənzəyirdi. İndi o heyvanların nə çəkdiyini yaxşı anlayırdı. O, həyatı boyunca gözü bağlı halda öz ətrafında fırlanmışdı, yük daşıyan yabılar kimi, xırman döyən öküzlər kimi. Saatlarla yeknəsək kiçik gömrük otağında stol arxasında oturduğu, davamlı olaraq kağızları qaraladığı vaxtlar yadına düşdü. Bəzən saata baxır, əsnəyir, təkrar qələmi götürərək həmin nömrələri öz sütununda yazır, müqayisə edir, toplayır, dəftərləri alt-üst edirdi. Lakin o zaman bir məmnunluğu var idi. Gözlərinin nurunun, zehninin, gəncliyinin və gücünün yavaş-yavaş onu tərk etdiyini bilsə də gecə Bəhramı, qızını və həyat yoldaşının gülümsəməsini görəndə bütün yorğunluğu keçib gedirdi. İndi onların hər üçündən bezmişdi. Onlar idi onu bu günə qoyan.
Sanki qəfil qərar verdi, gedib yazı stolunun arxasında oturaraq siyirməsini çəkdi, həmişə səfərlərdə ona yol yoldaşlığı etmiş kiçik tapançanı çıxarıb yoxladı. Güllələr yerində idi. Soyuq və qara lüləsinin içinə baxdı, yavaşca gətirərək gicgahına dirədi. Lakin Bəhramın qana bulaşmış siması yadına düşdü. Nəhayət, tapançanı şalvarının cibinə qoydu.
Təkrar ayağa qalxdı. Paltosunu və ayaqqabısını geyinərək çətirini də götürüb evdən çıxdı. Küçə xəlvət idi. Qar dənələri havada yavaş-yavaş fırlanırdılar. O, hara getdiyini bilmədən yola düşdü. Elə istəyirdi ki, evindən, baş verən bu qorxulu hadisələrdən qaça, uzaqlaşa.
Çıxdığı xiyaban soyuq, ağappaq və darıxdırıcı idi. Faytonun çarxları yerdə dərin iz salmışdı. O, yavaş-yavaş böyük addımlarla irəliləyirdi. Yanından bir avtomobil keçdi, küçənin sulu və palçıqlı qarını onun üst-başına sıçratdı. Dayanıb paltarına baxdı, palçığa bulaşmışdı. Bu, sanki ona təsəlli verdi. Yolda kibritsatan kiçik bir oğlan uşağına rast gəldi. Onu səsləyərək bir kibrit aldı. Onun üzünə baxanda gözlərinin göy rəngli, ağzının kiçik və saçlarının sarışın olduğunu gördü. Yadına Bəhram düşdü, bədənindən bir üşütmə keçdi, yoluna davam etdi. Qəfildən bir mağazanın şüşəsinin qarşısında dayandı. Qabağa gedərək alnını soyuq şüşəyə yapışdırdı, az qalmışdı papağı yerə düşsün. Şüşənin arxasına oyuncaqlar düzmüşdülər. Şüşənin üzərindəki buxarı silmək üçün paltarının qolunu ona sürtdü. Lakin bu, faydasız idi. Qırmızı üzlü və mavi gözlü böyük bir gəlincik  qarşısında idi, gülümsəyirdi. Bir müddət təəccüblə ona baxdı.
Düşündü ki, bu gəlincik Humanın olsaydı nə qədər sevinərdi. Mağaza sahibi qapını açdı. O, yenidən yoluna davam etdi, iki küçəni keçdi. Yolunun üstündə bir toyuqsatan öz səbətini qarşısına qoyub oturmuşdu.Səbətin üstündə ayaqları bağlanmış 3 toyuq və 1 xoruz qoyulmuşdu. Onların qırmızı ayaqları soyuqdan əsirdi. Onun yanında qarın üzərinə qan ləkələri tökülmüşdü. Bir az kənarda evin qarşısında qolları cırıq köynək geyinmiş bir oğlan uşağı oturmuşdu. Məhəlləni və yolu tanımasa da bütün bunlara diqqət etdi. Yağan qarı hiss etmirdi. Bağlı çətiri necə götürmüşdürsə, eləcə də əlində tutmuşdu. Xəlvət bir küçəyə çatdı, bir evin səkisində oturdu. Qar şiddətlənmişdi, çətirini açdı. Çox yorulmuşdu, başında ağırlıq hiss edirdi, gözləri yavaş-yavaş bağlandı.
Yoldan keçənlərin səsi onu özünə gətirdi, ayağa qalxdı. Hava qaralmışdı. Gün ərzində rastlaşdıqlarının hamısını – evin qarşısında oturmuş və qolları cırıq köynəkdən çıxmış keçəl uşağı, səbətdə toyuqların soyuqdan əsən islanmış qırmızı ayaqlarını və qarın üzərinə tökülmüş qanı xatırladı. Bir az aclıq hiss etdi. Şirniyyat dükanından şirin çörək aldı, yedi. Biixtiyar kölgə kimi küçələrdə gəzib dolanırdı.
Evə girəndə gecə yarısı ikini keçmişdi. Kreslonun üstünə sərildi. Bir saat sonra soyuqdan ayıldı. Geyimli halda çarpayısına uzanaraq yorğanı başına çəkdi. Yuxuda həmin kibrit satan uşağın qara paltar geyinmiş halda üzərində mavi gözləri ilə gülümsəyən böyük bir gəlincik olan stolun arxasında durduğunu gördü. Onun qarşısında 3 nəfər əli sinəsində oturmuşdu. Qızı Huma gəldi, əlində bir şam vardı. Arxasınca otağa üzərində qana bulaşmış ağ rəngli niqab olan bir kişi daxil oldu. İrəli gəldi, kibritsatan oğlanı və Humanı əli ilə tutdu. Qapıdan çıxmaq istəyəndə tapançanı ona tərəf tuşlayan iki  cüt əl pərdənin arxasından çıxdı. Humayun qorxaraq baş ağrısı ilə yuxudan dik atıldı.
        Yaşayışı iki həftə bu minvalla keçdi. Gündüzlər idarəyə gedir, axşamlar çox gec, yalnız yatmaq üçün evə gəlirdi. Bəzən axşamüstülər özü də bilmirdi ki, necə yolu Humanın oxuduğu qızlar məktəbin yanından düşür. Onlar dərsdən çıxan vaxtı divarın arxasında gizlənirdi, qayınatasının evinin nökəri Məşhədi Əlinin onu görməsindən ehtiyat edirdi. Uşaqları bir-bir nəzərdən keçirirdi, lakin qızı Humanı onların arasında görmürdü.
         Onun ezamiyyət istəyi qəbul olunanda Kirmanşah gömrüyünə getməyi təklif etdilər. Humayun bir gün əvvəldən bütün işlərini yerbəyer etdi, hətta qarajda avtomobili də görüb qətiləşdirdi və bilet aldı. Baqajı hələ bağlamayan qaraj sahibinin israrına görə Kirmanşaha həmin günün qürub vaxtının əvəzinə səhəri gün sübh yola düşmək qərarına gəldi.
Mənzilə girərək birbaşa yazı stolunun olduğu səliqəsiz  otağına keçdi. Otaq qarmaqarış idi, soyuq kül sobanın qarşısına tökülmüşdü. Bənövşəyi parça və Bəhramın vəsiyyətnaməsi olan zərf stolun üstündə idi. Zərfi götürüb ortadan cırdı. Onun arasında bir parça yazılı kağızın olduğunu gördü. O gün tələsdiyindən buna fikir verməmişdi. Cırılmış hissələri stolun üstündə yan-yana qoyaraq oxumağa başladı:
“Çox güman ki, bu kağız mən öləndən sonra sənə çatacaq. Bu qəfil qərarımdan təəccüblənəcəyini də bilirəm. Çünki mən heç bir işi səninlə məsləhətləşməmiş etmirdim. Aramızda heç bir sirr qalmasın deyə etiraf edirəm ki, mən sənin həyat yoldaşın Bədrini sevirdim. 4 il idi öz-özümlə mübariz aparırdım, axırda qələbə çaldım və sənə xəyanət etməmək üçün içimdə baş qaldıran şeytanı öldürdüm. Huma xanıma kiçik bir hədiyyə verirəm. Ümid edirəm ki, qəbul edər! Sənə qurban Bəhram”.
Humayun bir müddət mat-məəttəl otağa baxdı. Artıq Humanın öz övladı olmasına şübhəsi yox idi. Humanı görmədən gedə bilərdi? Kağızı iki-üç dəfə oxudu. Cibinə qoyaraq otaqdan çıxdı. Yolda oyuncaq dükanına girdi, səbirsizliklə qırmızı üzlü, mavi gözlü gəlinciyi alaraq qayınatasının evinə yollandı. Qapını döydü. Onların nökəri Məşhədi Əli Humayunu görüb ağlayaraq dedi:
-    Ağa, başımıza nə kül oldu? Huma xanım!
-    Nə olub?
-    Ağa bilmirsiz, Huma xanım sizdən uzaq olmağına dözə bilmirdi. Hər gün
mən məktəbə aparırdım. Bazar günü məktəbdən qaçmışdı. Artıq 5 gün olar. Demişdi ki, canım atamı görməyə gedirəm. Biz o qədər axtardıq, təlaş keçirdik ki... Məhəmməd sizə deməmişdi? Polisə zəng vurduq. İki dəfə özüm gəldim sizin mənzilinizə.
-    Nə danışırsan? Nə olub?
-    Ağa, axşam Humanı mənzilimizə gətirdilər. Azmışdı. Soyuqdan sətəlcəm
olmuşdu. Ölən ana qədər sizi səslədi. Dünən apardıq Şahəbdüləzimdə Bəhram Mirzənin qəbrinin yanında torpağa tapşırdıq.
Humayun çaşqın halda Məşhədi Əliyə baxırdı. Bu məqama çatanda qoltuğundakı gəlincik qutusu yerə düşdü. Sonra dəlilər kimi paltosunun yaxasını qaldıraraq iti addımlarla qaraja tərəf getdi. Daha baqajı bağlamaq fikrindən daşınmışdı, avtomobili mümkün qədər daha sürətlə sürməyə çalışırdı.
 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.