Nizami Cəfərov - Məhəmməd Əmin Rəsulzadə Atatürk haqqında
17.02.16

Azərbaycan Respublikasının Polşada səfiri olmuş görkəmli ədəbiyyatşünas Vilayət Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin Türkiyə Cümhuriyyətinin  qurucusu Mustafa Kamal Atatürkün vəfatından dərhal sonra yazıb Varşavada çıxan “Şimali Kafkasiya - Severnıy Kavkaz” məcmuəsində (1938, № 55- 56) çap etdirdiyi məqaləni aşkarlayaraq (və rus dilindən Azərbaycan dilinə çevirərək) “Türküstan” qəzetində (19-25 aprel 2015- ci il, 26 aprel- 2 may 2015- ci il) Azərbaycan  ictimaiyyətinə təqdim eləmişdir.
 

Məqalə, həqiqətən, həm müəllifin, həm də ümumən Azərbaycan mühacirətinin Atatürkə münasibətini bütün ictimai- siyasi, ideoloji təfərrüatı ilə əks etdirən mötəbər tarixi mənbədir.

Vilayət Quliyev məqaləyə təqdimat sözündə maraqlı (və tədqiqatçıları düşündürən) bir  mühüm məsələyə toxunaraq yazır:

“Obıvatel nöqteyi-nəzərindən M.Ə.Rəsulzadənin Atatürk haqqında bu qədər isti sözlər deməsi, onun yeni Türkiyə tarixindəki yerini və rolunu son  dərəcə yüksək qiymətləndirməsi, hətta şəxsiyyəti və dövlətçilik fəaliyyəti qarşısında müəyyən pərəstiş hissini gizlətməməsi qəribə görünə bilər. Çünki Atatürk Məhəmməd Əminə sıcaq münasibəti ilə seçilməmişdi. Əslində, “uman yerdən küsərlər” prinsipi ilə hər şeylərini - uğrunda savaş açdıqları istiqlalı, Vətəni, ailələrini, mübarizə dostlarının çoxunu itirmiş azərbaycanlı mühacirlərin yeni Türkiyə liderindən inciməyə müəyyən əsasları vardı...

Çünki 1933-cü ildə, Türkiyə Cümhuriyyətinin 10 illik yubileyi münasibəti ilə Ankaraya gələn Sovet marşalları S.M.Budyonnı və K.E.Voroşilov Stalinin bu ölkədən aparılan anti-Sovet təbliğatının qarşılıqlı əlaqələrə zərbə vurması haqqında mesajını Atatürkə çatdırdıqdan  sonra Məhəmməd Əmin Rəsulzadə başda olmaqla azərbaycanlı siyasi mühacirlərin əksəriyyəti Türkiyədən çıxarılmış, Avropa ölkələrinə, ilk növbədə Polşaya sığınmaq məcburiyyəti qarşısında qalmışdılar. Azərbaycanla birlikdə özlərinə  tarixi Vətən saydıqları Türkiyəni itirmək onlar üçün asan olmamışdı.

Lakin Məhəmməd Əmin Atatürkü bəlkə də daxilən məmnun qalmadığı belə bir addım atmağa vadar edən səbəblərdən xəbərsiz deyildi. Digər tərəfdən, o, şəxsi incikliklərinin, yaxud kiçik intiqamlarının əsirinə çevrilsəydi, heç zaman Azərbaycanın siyasi tarixində  indi qazanmış olduğu yüksəkliyə ucala bilməzdi. Məhəmməd Əmin Sovet əsarəti altına düşmüş türk xalqlarının nümunə götürəcəyi model,  arxalanacağı güc mərkəzi kimi Atatürkün qurduğu yeni, çağdaş, dünyəvi Türkiyənin əhəmiyyətini  yaxşı anlayırdı. Ona görə də şəxsi taleyində yaşadığı  ağrı- acıları bir tərəfə buraxaraq  yeni Türkiyənin və onun qurucusunun atəşin tərəfdarı və tərənnümçüsü kimi çıxış edirdi”.

Vilayət Quliyevin verdiyi bu izahat, fikrimizcə, olduqca dəqiqdir. Və  Azərbaycan Xalq Cümhuriyyətinin lider-ideoloqunun şəxsiyyəti, dünyagörüşü barədə  kifayət qədər aydın təsəvvür yaradır.

M.Ə.Rəsulzadənin məqaləsində Atatürkün, əsasən, üç mühüm (tarixi!)  xidməti göstərilir ki, onlardan birincisi tamamilə çökmüş (və dünyanı idarə  etmək iddiasında olan qüvvələr tərəfindən get- gedə  daha da çökdürülən) Osmanlı imperiyasının xarabaları üzərində  müstəqil bir dövlətin yaradılmasıdır...

“...İyirmi il bundan əvvəl o zamanlar hələ  Mustafa Kamal kimi tanınan Kamal Atatürk  Versaldakı dünya ağalarının iradəsinə qarşı çıxmağa özündə cəsarət tapmışdı. Bu elə bir zaman idi ki, türk xalqı bir zamanlar  möhtəşəmliyi ilə hər kəsi heyrətə gətirən, amma  məlum Sevr müqaviləsinin ağır şərtləri altında şərəfsiz duruma salınan Osmanlı  imperatorluğunun xarabaları altında can çəkişməkdə idi.

Bu elə bir zaman idi ki, türk vətənpərvərlərinin böyük əksəriyyəti  sadəlövh şəkildə “dünyanın vicdanını” necə  oyatmaq, diplomatik yollarla keçmiş Osmanlı imperatorluğunun tarixən sırf türklərə məxsus torpaqlarının heç olmazsa, bir hissəsinin toxunulmazlığını qorumaq, İstanbul ziyalılarının fikirlərinə o qədər də əhəmiyyət vermədən Türkiyə üzərində Britaniya, yaxud Amerika himayəsi təmin etmək barəsində  düşünürdülər. Məhz belə bir zamanda Kamal Paşa  aydın və qəti şüarla meydana çıxdı:

“Milli iradəyə əsaslanan, hüquqları məhdudlaşdırılmayan, müstəqilliyi qeyd- şərtsiz qəbul edilən Türkiyə qurulmalıdır”.

Mustafa Kamal paşanın - “üsyankar general”ın mübarizə tarixçəsini göz önünə  gətirən M.Ə.Rəsulzadə yazır:

“Qısa zamanda xalqın milli azadlıq mücadiləsinə çevrilən məlum Anadolu hərəkatı başlandı. Hər kəsə bəlli olduğu kimi həmin müharibə Antantadan “Kamalın üsyankar quldurlarını sakitləşdirmək üçün” mandat almış işğalçı yunan ordusuna qarşı aparılırdı.

“Üsyankar generalın” şüarı isə “Ölüm, yaxud milli müstəqillik!” idi.

Anadolu kəndlisinin taleyinə yazılan ağlagəlməz yoxsulluq, səfalət və dilənçilik şəraitində üç ildən (əslində Türkiyə 12 ildən çox müharibə alovu içində qarsalanmışdı; Birinci Dünya savaşından əvvəl Balkanlarda hərbi əməliyyatlar  aparmağa məcbur olmuş, sonra isə özünün Afrikadakı ərazilərini  qorumaq üçün İtaliya ilə üz- üzə gəlmişdi) çox davam edən  mübarizə sonda türklərin parlaq qələbəsi ilə başa çatdı.  Versaldakı dünya ağalarının hərtərəfli dəstək verdikləri işğalçı yunan ordusu Qərbi Anadolu çöllərində  darmadağın edildi. Birinci Dünya müharibəsi zamanı Dardanel  boğazından keçib Rusiyanın köməyinə can atan ingilis- fransız  desantını öz cəsur strategiyası ilə diz çökdürərək sularda qərq edən Kamalın sərkərdə  şöhrətinə “Qazi”, yəni məğlubedilməz  adı da əlavə olundu.

Siyasi baxımdan yenidən dirilmiş Türkiyənin yunan cəza ordusunun məhv edilməsi nəticəsində qazandığı hərbi zəfər tezliklə öz beynəlxalq təsdiqini tapdı. Yeni Türkiyə ilə Antanta dövlətləri arasında tarixə Lozanna sazişi adı ilə daxil olan sülh müqaviləsi imzalandı”.

M.Ə.Rəsulzadənin dərin inamına görə, Atatürkün ikinci  mühüm (tarixi!) xidməti ondan ibarət oldu ki, xalqı səfərbər edərək müasir, modern bir Türkiyə yaratdı. Özü də qısa bir dövrdə...

“Təkcə Türkiyənin yeni sərhədlərini müəyyən etmək hələ  yetərli deyildi. Növbədə daha çətin, eyni zamanda  daha ciddi və şərəfli vəzifə dayanırdı: geridə qalmış ölkəni müasir  sivilizasiyanın şərtlərinə cavab verəcək səviyyəyə qaldırmaq lazım idi. Yalnız belə olduğu təqdirdə  müstəqillik  uğrunda mübarizənin  çoxsaylı qurbanlarına tarix qarşısında haqq qazandırmaq imkanı yarana bilərdi. Yalnız belə bir Türkiyə mübarizələr bahasına əldə etdiyi müstəqilliyi tam qoruyub saxlaya bilərdi.

Yeni, milli Türkiyə köhnəliyin onu əli-qolu  bağlı vəziyyətdə saxladığı orta əsrlər bataqlığından çıxmaq üçün bütün qüvvələrini səfərbər  etməli idi.

...Kamal Atatürkün inqilabı sayəsində yalnız Osmanlı sülaləsi tarix səhnəsindən silinmədi. Xilafətlə bağlı qurumların da varlığına son qoyuldu. Bütün həyat  tərzi ilə başdan-başa teokratik bir dövlət olan Türkiyə tam dünyəvi dövlətə çevrildi. Pozitivist mövqedə dayanan Türkiyə Cümhuriyyəti insan zəkasının və fikrinin orta əsrlər sxolastikasından, daşlaşmış dini ehkamların buxovundan həmişəlik azad etdi”.

Ölkənin əsas problemi iqtisadiyyatı dirçəltmək, aclığı, səfaləti aradan qaldırmaq idi...

“Atatürkün gəlişinə qədər yolsuz-izsiz vəziyyətdə olan Türkiyə indi başdan-başa dəmiryolları ilə əhatə edilmişdi. Bataqlıqlar qurudulmuş, kanallar qazılmışdır. Ticarət donanması yaradılmışdır. Sənaye inkişaf etdirilmişdir. Fabrik və zavodların  bütöv bir şəbəkəsi qurulmuşdur. Əvvəllər demək olar ki, heç bir sənaye gücünə malik olmayan Türkiyə indi özü kağız, şəkər və digər zəruri tələbat mallarının istehsalçısıdır. Hələ mən ağır sənaye müəssisələri, manufaktura kombinatları haqqında danışmıram. Bütün xarici konsessiyalar dövlət tərəfindən satın alınmışdır. Banklar, kooperativlər, kənd təsərrüfatı kredit cəmiyyətləri açılmışdır. Əməyin və kənd təsərrüfatının qorunması istiqamətində qanunlar hazırlanıb qəbul edilmişdir”.

M.Ə.Rəsulzadə Türkiyədə həyata keçirilən mədəni inqilaba xüsusi dəyər verərək yazır:

“Mədəniyyət sahəsində əsl möcüzələr baş vermişdir.

Yaxın Şərqin işıqlı zəkalarının əsrlər boyu qəlblərində yaşatdıqları arzu - ərəb əlifbasının islahı Kamalın zamanında həyata keçirilmişdir. İndi Türkiyə latın əlifbasından istifadə edir.  Bir vaxtlar demək olar ki, başdan- başa savadsız kəndlilərdən ibarət Türkiyə əhalisinin böyük əksəriyyəti indi oxuyub- yazmağı bacarır. Milli mədəniyyətə və tarixə yeni istiqamət verilmişdir. Gənclərə elm, incəsənət və texnika sahəsində dünyanın mədəni xalqları ilə ayaqlaşmaq yönündə nəcib hisslər aşılanmışdır”.

M.Ə.Rəsulzadə Atatürkün üçüncü mühüm (tarixi!) xidməti olaraq  Türkiyənin sürətlə formalaşdırıb uğurla həyata keçirdiyi sülhsevər xarici  (beynəlxalq) siyasəti göstərir...

“Müharibədən əvvəlki Osmanlı imperiyası ilə müqayisədə əhalisinin sayca xeyli azalmasına baxmayaraq müasir Türkiyə beynəlxalq siyasətdə müqayisəyə  gəlməyəcək dərəcədə ciddi çəkiyə malikdir. İlk növbədə Mustafa Kamal  müharibədən sonrakı Avropanın ən diqqətəlayiq dövlət xadimlərindən biri kimi özünün böyük şəxsi nüfuzu ilə yeni Türkiyənin mənəvi gücünü əhəmiyyətli dərəcədə yüksəltmişdir. Digər  tərəfdən, ölkə daxilində islahatçılıq siyasətinə geniş yer verən Cümhuriyyət Türkiyəsi Kamal Atatürkün yürütdüyü ardıcıl sülhsevər siyasət nəticəsində  həm Balkan bölgəsinin liderinə çevrilmiş, həm də öz sıralarında yaxın Şərqin “Səədabad paktı” adlı əməkdaşlıq anlaşmasını imzalamış dörd müsəlman dövlətini birləşdirən Şərq blokunun memarı kimi çıxış etmişdir.

... Yeni Türkiyəyə göstərilən beynəlxalq etimad və inam özünü onun  Qərbi Avropanın mühüm iqtisadi mərkəzləri ilə əməkdaşlığında daha  aydın şəkildə büruzə verir. Ağır sənaye sahəsindəki beşillik planına Britaniya kapitalının yaxından cəlb etməklə  ilə bir sırada Türkiyə bu yaxın zamanlarda İngiltərə və Almaniyadan da böyük maliyyə kreditləri almışdır”.

Məqalədə M.Ə.Rəsulzadənin “üzərindən sükutla keçmək imkan xaricində” olan bir məsələyə  xüsusi diqqət yetirməsi də tamamilə  təbiidir. Və bu məsələ kifayət qədər analitik şəkildə şərh edilmişdir...

“Kamal haqqında danışarkən yeni Türkiyənin Sovetlər siyasəti deyilən məsələnin üzərindən sükutla keçmək imkan xaricindədir. Bir çox kənar müşahidəçilərdə belə təəssürat yarana bilər ki, Türkiyə Cümhuriyyəti  ilə Sovetlər arasındakı dostluq münasibətləri prinsipial ideoloji əsasa söykənir. Lakin belə  mülahizə yürüdənlərin fikirləri Türkiyədə cərəyan edən hadisələrin diqqətli təhlili zamanı heç bir tənqidə  dözmür. Kamalizmin əsas mahiyyətini həqiqi milliyyətçilik təşkil edir. Bu nəyin bahasına olursa olsun vətənini dünyanın müasir mədəni millətləri səviyyəsinə yüksəltməyə çalışan Anadolu vətənpərvərlərinin milliyyətçiliyidir”.

M.K.Atatürkün yürütdüyü siyasətin (və onun əsasında dayanan ideologiyanın) mahiyyətini geniş izah edən M.Ə.Rəsulzadə belə qənaətə gəlir ki, o,  Avropaya qarşı savaş açmaqla bir sırada ölkəsinin avropalılaşdırılması istiqamətində ciddi uğurlar qazandı. Sovetlər İttifaqı ilə siyasi dostluğa əsaslanmaqla  bir sırada ölkəsinin daxilində kommunizmin bütün təzahürlərini boğdu. Panislamizm və panturanizm ideologiyasına zərbələr endirməklə bir sırada milli- azadlıq hərəkatını məqsədyönlü və düzgün şəkildə qurmaq nəticəsində Şərqdə yeni Türkiyəyə böyük rəğbət qazandırdı. Bu mənada türk- müsəlman dünyasında Kamal Türkiyəsinə göstərilən hörmət və ehtiram İstanbul  sarayının hətta təsəvvürünə də gələ bilməzdi”.

“Kamaldan sonra Türkiyənin aqibəti necə olacaq?” sualına M.Ə.Rəsulzadə belə cavab verir:

“...17 milyonluq xalq heyrətamiz birlik nümayiş etdirdi. Əbədiyyətə qovuşan Prezidentinin vəsiyyətini sözbəsöz  təkrarlayan türk gəncliyinin qeyri- adi coğqunluğuna heyran qalmamaq mümkün deyildi. Türk  gəncliyi heç bir çətinlik və məhrumiyyətə baxmayaraq,  istənilən şəraitdə öz böyük rəhbər və atasının qoyub getdiyi ən qiymətli irsi -  Türkiyə Cümhuriyyətini göz- bəbəyi kimi qoruyacağını vəd edirdi. Bunun ardınca isə Mustafa Kamal zəkası  ilə yaradılmış Konstitusiya maşını heç bir maneə ilə üzləşmədən  hərəkətə gəlir. Saat mexanizmi kimi dəqiq işləyən Türkiyə Böyük Millət Məclisi 24 saat ərzində toplanır və  Atatürkdən sonra Türkiyənin ikinci adamı sayılan İsmət İnönünü yekdilliklə  prezident seçir”.

Mətn ruscadan azərbaycancaya, çox yaxşı haldır ki, mümkün qədər Məhəmməd Əminin öz üslubunda -  canlı, ehtiraslı, eyni zamanda siyasi- ideoloji tutumu olan bir dillə çevrilmişdir.

Və etiraf etmək lazımdır ki, əgər bu məqalə aşkarlanıb elmi ictimaiyyətin  müzakirəsinə verilməsəydi, M.Ə.Rəsulzadənin (və  Azərbaycan mühacirətinin) M.K.Atatürkə  münasibəti barədəki təsəvvürlər xeyli dərəcədə mübahisəli olacaqdı. /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.