Qurban Bayramov - Sözün Maradonası...
03.02.16

"Səndən ayrı nə dərdim var, dünya hey,
Mən varınam nə dərdin var, dünya hey,
Göndər bəri nə dərdin var, dünya hey,
Döndər bəri nə dərdin var, daşıyım."
                                      (Məmməd İlqar)

Bu gün (31.01.2016) "Ozan" verilişi Məmməd İlqara həsr olunmuşdu. Qələm dostum, tənqidçi-ədəbiyyatşünas Rüstəm Kamal, şair Ehtiram İlham, ustad aşıq Cahangir Quliyev .... Və gənc aşıqlar elə danışdılar ki, məni fikrə saldılar, şövqə gətirdilər, dedim, Məmməd İlqar haqqında mən də düçüncələrimi, duyğularımı necə varsa eləcə də. qələmə alım...

  Məmmədlər şeirimizdə çox olsalar da, ( Allah ölənlərə rəhmət eləsin başda Məhəmməd Füzuli, sonda hələ ki, Məmməd Aslan!! Ona görə, hələ ki, deyirm  - "Ölüm haqdır, çıxmaq olmaz əmrdən!" - Aşıq Alı.) şükürlər ki, hərəsinin öz yeri, şeirinin öz ətri, dadı-tamı, duzu var! Məmməd İlqarın öz müasirləri olan üç adaş şairlərə müraciətən də şeiri var:

Şərt deyin, şərtimiz şərt olsun, neynək,
Bir az da, bir az da, sərt olsun, neynək,
Üç Məmməd olmasın dörd olsun, neynək,
Dünyanı çiynində daşıyannarın,
Ürəyi ovcunda yaşıyannarın,
Nolar ki, nolar ki, çox olsa sayı,
Mənə cərgənizdə bir yer ayırın,
Məmməd Araz, Məmməd Aslan,
Məmməd İsmayıl!


Yaxşı, səmimi və uğurlü istəkdir! Məmməd İlqar bu Məmmədlər sırasında sözün, şairliyin məsuliyyətini də, dilə gətirib və bilib ki, şairin çiyinlərində dünya aöırlığı, dünya yükü  var və bu  çiyinlər bu ağırlığa, bu yükədözməlidir, özü də. yüksək səmimiyyətlə - ürəyu ovcunun içində olmaq şərtilə... Və Məmməd bu şeir parçasında adaşlarının da qədir-qiymətini bilmiş və vermişdir; onnarı "Dünyanı çiynində daşıyannar"dan, "Ürəyi ovcunda yaçıyannar"dan hesab etmişdir.
Təzədən ələk-vələk elədim, yaddaşımı, duyğumu təzələdim və gördüm ki, o, Məmmədlərin sırasında,  bu Məmmədin şeirlərinin də, bayaq dediyim kimi, ayrı dadı-duzu varımış. Bu şeirlərin havası məni havalandırdı və düşündüm ki, bu havanı ürəyimdə saxlasam havalanaram, odur ki, sözə sığındım...
Verilişdən bildim ki, Məmməd İlqarın cəmi dörd kitabı çıxıb: "Məni Baxtıma Tapşırma","Biz ölməyə doğuluruq","Quzey qönçəsi","Qaratel"(dastan-poema) kitablarının müəllifidir. Amma istəsəydi xeyli kitab çap etdirərdi və cilidlərə sığacaq şeirləri - qoşmaları, gəraylıları, təcnisləri, sərbəstləri, hecada bəndləmələri var...
Amma bircə şeirini oxuyan kimi, bildim ki, yanlış məlumat olmasa da, bu səhv fikirdir. Və gördüm ki, duyğu zənginliyi ilə, söz sığalı və söz cığalıyala  Məmməd İlqarın hər şeiri bir kitabdır...
Məmməd İlqarın üslubu xalq üslubu, dili xalq dilidir deyirlər! Əlbəttə ki, belədir, xalqdan ayrı düşən şairin ömrü olmur! Amma bu fikrə bir mətləbi də əlavə edirəm, Məmməd İlkin Xalq sözünə, üslubuna arxalansa da,  arxayın olmur, Xalq dilinə təpər verir, enerji verir, sözün çalarlarını kəşf edir və beləliklə də, dilimizi (Xalqın dilini) zənginləşdirir. Məmməd İlqarın özünəməxsus poeziya ləhcəsi, dil şirinliyi var...
Bir də, deyirlər, qoşma, gəraylı, təcnis yazmaq asandır! Kökündən yanlış fikirdir. Min illərin el yolu ilə gedib özünə təzə yol salmaq, cığır açmaq asandırmı? Qətiyyən! Buna təpərli ürək, ilahi eşq və misilsiz, təbii istedad lazımdır.  
Məmməd İlqar bu qədim yolu tapdamır, onunla yanaşı öz yolunu yaradır, daha dürüstü, çoxdan yaradıb, elə ilk şeirlərindən təzə nəfəsin təşnəsi olub, amma, tənginəfəs olmayıb... "Qaralama dəftərin"dən bir şeir onun yaradıcılığının avtoportretidir, yaradıcılıq psixologiyasının güzgüsüdür. Şeiri, sözü belə bir kürədən keçən şairin sözü yandırıb-yaxır, şair canını ağ kağızlara sıxanda, əbədiyaşar olur, ölməzliyə çevrilir:

Mən şeir yazmiram,ogul,
Canimi sixiram ag kagizlara.
Söz-söz gözlərimdən damiram,ogul,
Süzülüb axiram ag kagizlara.

Qəm gəlir üstümə,qaça bilmirəm,
Ömrü bu qəmlərdən uca bilmirəm.
Od tutub alişmir necə,bilmirəm-
Yagirkən bu qədər ah kagizlara.

Sözlərə çökmüşəm,o illərə yox,
Qəbrimə səpdiyin o güllərə yox.
Yadina düşdümsə,şəkillərə yox-
Aç da bu dəftəri,bax kagizlara.


Qazax mahalının İncə Dərəsi eli onun "Hardan başlanır vətən?" sualının başlanğıcıdır. Onun ürək və qələm dostu, qudası, haqq dünyasınıbu yaxınlarda tapan Məmməd Dəmirçioğlundan bu iqtibas yrinə düşür: " Artıq bu gün bu fikirləri cəsarətlə söyləmək olar ki, İncə Dərəsinin özünə nməxsus dil ləhcəsi, poeziya nümunələri, çağdaş Azərbaycan ədəbiyyatı, tənqidi tərəfindən ciddi bir formada qəbul olunmaqdadır. Hörmətli ədəbiyyatşünas alim Rüstəm Kamal-" Yüz imzasız şeir nümunəsinin içindən İncəlilərə məxsus bircə nümunə olsa, mən onu dərhal tanıyaram"- ifadəsi, çox hörmətli professorumuz, Millət vəkili Nizami Cəfərovun mötəbər məclislərin birində- "İncəlilər dərsini ancaq tanrıdan alırlar"- kəlamı bu fikirləri təsdiq edə bilər.
Üzu Əfqan Hacıdan bəri (17 əsr) başlanan bu yol, Açıq Avdı Qaymaqlı sazında, sözündə cilalanıb, aşıq Cəlal Qəhrəmanov, aşıq Kərəm İncəli, açıq Yəhya, aşıq Sadıq Avdıoğlu və c. ozanların sazında tumarlanaraq, Səyyar Vəli, Ələddin İncəli, Qarasultan oğlu İbrahim ləhcəsindən mayalanaraq, Ağamalı Sadiq Əfəndi, Akif Səməd, Hacı Məhəmməd Astanbəyli, İbrahim İlyaslı, Rəfail İncəyurd, Avdı Qoşqar, Mahmud Vəli (Bu gün içi mən qarışıq adlarını sadalamadığım cox İncəli şairləri var ki, bu siyahıya görə məndən inciməsinlər) və nəhayət Məmməd İlqar zirvəsinə yüksəldi. O doğulub boya- başa çatdığı İncə Dərəsinin mənzərəsini elə parlaq boyalarla, dilin elə bir möcüzəsiylə yaradıbı ki, nə özündən əvvəl, nədə özündən sonra bu abidəni yaratmaq başqalarına müyəssər olmayacaq."
Şeirləri dillər əzbəri olan Məmməd İlqardan bir dəfə məslək dostu Hüseyn Əfəndi soruşur ki, Məmməd, bu İncə dərəsi haqqında çox söz-söhbətlər gəzir, ora necə olan bir yerdir? Məmməd də ona şeirlə cavab verir:

İncənimi soruşursan, Əfəndim,
Dünyanın bir bucağında bir eldi.
Halal yığar, haramılar da daşıyar,
Haram bişməz ocağında bir eldir.

Əfsanələr incələnib adında,
Binələnib ürəyimin çatında,
Kök-köməci yerin yeddi qatında,
Başı qardaş bıçağında bir eldi.

Yüz Məmmədə ilqar verib gözdüyür,
Tanrım, dinim, qibləm yerim gözdüyür,
Qucağında qəbir yerim gözdüyür.
Qəbrləri qucağında gözdüyən eldi.


Məmməd İlqar, sən xoşbəxtsən ki, "Qucağında qəbir yerin olan bir el-oban var! Ay zalımı çıxmamış, bizim Qarabağ ellərində qalan kəndimizdə bizi gözdüyən qəbir yerimiz qorxuram gözdüyə-gözdüyə qala! Amma ağlıma gəlməyən bir həqiqəti səndən indi öyrəndim ki, biz yurdu gözdüyə bilmədiksə, torpaq bizdən etibarlıdır, Ağdamda, baba yurdum olan Əlimədədlidə, Kolanı ellərindəki torpaq qəbirlərimizi, əzizlərimizin mədfənlərini, gorgahlarımızı gözdüyür, yəni, qaravulunu çəkir... Torpaq necə də etibarlı imiş...
Onun poeziyasında qafiyələr, rədiflər, obrazlar yenidir... Təcnisə yeni qan, yeni can verdi, Məmməd İlqar! Mükəmməllik onun söz mülkünün mehrabıdır...
Qələm dostu Ramiz Qusarçaylının sözüdür: :  "Təcnisin ustadı, cinasın ustası Məmməd İlqar, var ol!!!" Bunu da, əbədiyyətə qovuşan poeziyamızın Məmməd Aslanı deyib: "Təcnis dünyasında elə bir cinas qalmayıb ki, ona Məmməd İlqarın əli dəyməmiş olsun. Təkcə cinas yox, əlini hara atırsan, yenə gəlib Məmməd İlqarla rastlaşırsan!" Mən də, təstiq edirəm, peşəkar şeirimizin təcnis ustasıdır, Məmməd İlqar!
Bir fikri də misal gətirməsəm insafdan olmaz. Sosial şəbəkədən götürmüşəm, olduğu kimi, ləhcəsi ilə təqdim eləyirəm: "Qarib Elli: "Ay qa,vallah bu şer döy, ilahi pıçıltılardı,ya nəvlem nədi. Ayə sənin ağrın alem mən, nə yazersan adamın canına,qanına yeriyer. Eşq olsun sənə. Mən onsuz da sağlardan sənnən qürurlaneram. Nə yaxşı sən varsan...
18 Noyabr 2013, saat 23:55.) Bundan böyük məhəbbət olarmı, ay qılvasızlar?
Bilməyənlər bilsin, təcnis yazmaq, özü də, silsilə təcnis yazmaq ustalıq tələb edir, söz duyğusu tələb edir, sözü hiss etmək tələb edir... Təcnisdə təkrar olmamalıdır. Məsələn, Aşıq Ələsgərin, eləcə də, sənə qədər təcnis yazanların işlətdiyi qafiyə-təcnisi təkrarladınsa səndən təcnis ustası olmaz! Məmməd Alimin təcnisinin mayası qonşudan gəlməyib, ürəyinin, bənzərsiz ruhunun mayasından mayalanıb... Bu maya onu kağıza, sonra sözə, sözünü isə saza hopdurdu... O, sözü sevilən, özü sevilən şairdir...
Məsələn, "Gözəl" rədifli şeirində olduğu kimi:

İlahi belə də gözəl olarmı?
Kimdi qələm çəkən nə gözəl çəkir,
Üz-üzə göz-gözə sehirlənmişik,
Nə mən göz çəkirəm nə gözəl çəkir.

Güney gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olam bircə sən,
Gül üstündə arıya bax bircə sən,
Gör gülün nazını nə gözəl çəkir.

Salma gəl Məmmədi gözündən gözəl,
Gözüm gözmü görüb gözündən gözəl,
Mən ölmüş neynim ki, gözündən gözəl,
Nə bir könül doyur nə göz əl çəkir...

Vətən, vətəndaşlıq motivi yox, özü onun şeirlərindən boy çəkir, haysız-küysüz, yaxacırmadan, tirbun hayqırtıından uzaq, həzin, yanğılı səslə... Axı Vətən məhəbbətindən necə hay-küylə, pafosla, şüar-misralarla yazmaq olar! Yazanlar var, amma inandırmır, qəlb isitmir belə şeirlər, q saat görsənir ki, nəyinsə xatirinə yazılıb bu şeirlər... Özü də Vətənin bir parçası - Qarabağın əsir-yesir günündə...
Qarabağ dərdi Məmməd İlqarın özünün kiçik  vətəni (bu nə sözdü belə işlətdim, Vətənin də kiçiyi, böyüyü var!?) İncə Dərədən yazdığı kimi ürəyinin çatında yerləşir və bəlkə də ürəyi bu dərddən cat da veribdir!
 Məmməd İlqar qiryətdi şairdir, qiryətdi ziyalıdır, qiryətdi vətənsevərdir! Vətəndən pay umanlardan deyil, Vətənə can verənlərdəndir! Vətənin dərdişlərindəndir!! "Qaratel" poema-dastanı bu mükəmməlliyin bariz faktıdır.
O bir intervüsndə-müsahibəsində deyir ki, mən bir insan ömrü yşadım, heyif ki, şair ömrü yaşaya bilmədim! Burada təvazökarlıq edir. Məmməd İlqarda saf, səmimi bir elat xarakteri, xasiyyəti var ki, onun şeirinə hopubdur. Bu onun şeirinin imkanlarını lokallaşdırmır, əyalət çəmbərinə salmır, əksinə böyüdür, bəşəriləşdirir, hissin-duyğunun informasiya siferasını genişləndirir, modern terminlə desək qloballaşdırır, mikromühitdən makromühitə çatdırır. Məmməd İlqar İncə Dərəsinin Astanbəyli kəndindəki ana yurdundakı beşikdən çıxıb, pərvazlanlb eşik, yurd, el, xalq şairinə çevrilib... Onun özünün də, şeirinin də xoşbəxtlik kodu, açarı buradadır...
Mən Məmməd İlqarı şəxsən tanımıram! Tale bizi bir əlsıxmaq məsafəsində də, qarşılaşdırmayıbdır. Amma o, elə şairlərdəndir ki, şəxiyyəti, xarakteri, kişiliyi, əxlaqı şeirlərinə hopubdur və bütün bunnar "ayineyi şeirindən" görükür. Mən ondan dörd yaş böyük olsam da, elə bilirəm ki, onu yaşımdan qabaq tanıyıram! Şair və tənqidçi münasibətində belə zaman anoxronizminin olması məqbul hesab edilməlidir, elə bilirəm ki, bayaq dediyim xoşbəxtliyin bir ucu da burdadır, hər münasibətdə baş vermir...
Eşitdiyimə görə, Məmməd İlqar depressiyadadır, yaddaşsızlıq sindiromundan, tibbi anlayışla -  alçheimer xəstəliyindən - demensiyadan çox əziyyət çəkir! Bu xəstəlik xalq arasında daha çox "qocalıq ağıl zəifliyi" və ya "qocalıq pozğunluğu" kimi tanınır. Buna bəzən yaddaş pozğunluğu kimi də yanaşırlar. Belə ki, xəstəlik insanda nitq, məntiq və yaddaş kimi əhəmiyyətli əqli göstəricilərin zamanla itməsi ilə nəticələnir. İndi mən duruf-duruf şairə bu yaşda diaqnoz qoyanlardan deyiləm, ixtisasıma da uyğun deyil, eləcə oxuduqlarımdan məlumat verəsi oldum.
Amma, Məmməd İlqarda bunu görməmişəm, eşitmişəm və inanmıram! Ona görə inanmıram ki,  Şairin yaddaşı millətin yaddaşıdır və bu yaddaş da əbədidir. Bu təcnisi yazana Allah qıymaz:

Yönü Vətən sari, qərib bir qoca,
Bayati çagirir:-eləmi daglar...
Necə göynəməsin, güşümləməsin-
Çəkilib köysünə eləmi daglar?

Dedim, de dərdini, sən əmi, - bilmir...
Bilmir harda qalib sənəmi, bilmlr...
Baxtami qargasin, sənəmi, bilmlr-
Viranə obaya, eləmi, daglar?


Tutmaz eldən ayri tutmaz ömür dən,
Məmməd ilqar ummaz elsiz ömürdən.
Obasiz olumdan, elsiz ömürdən
Ölüm urvatdidi, eləmi daglar?!.

Bax, Məmməd İlqar bu cür  "urvatlı söz" axtara-axtara öz urvatlı şeirlərini yazır. Qarabağ, qaçqın, köçgün dərdini bu qədər ağrı-acı, nər dəvə götürməz dərd yükünü üccə bəndlik şeirə yükləmək ağlın qüdrəti deyil, bəs nədir? Amma bir həqiqət də var ki, Məmməd İlqar bunu - hamının bildiyini poeziyanın-təcnisin dili ilə diaqnostik təsvirini veribdir:

Qari dünya, bu nə qovga, nə qaldi?
Aman ver, aman ver, a yagi, bir...bir...
Öyündüyüm-güvəndiyim nə qaldi?
Alirsan əlimdən a yagi, bir-bir.

Ha çagirdim-taleyim hey...baxtim hey...
Gah bulanib, gah durulub axdim hey...
Yüz gümanla ag yollara baxdim hey...
Getdi gözlərimin ay agi, bir-bir.

Məmməd İlqar,dar günündü, seyr elə-
Nə vaxt düşər, bir də belə seyr ələ...
İnanmazdin-qohum-qardaş seyrələ-
Çəkilə dostlarin ayagi bir-bir.

Açı həqiqətin dəqiq və yüksək səviyyədə poetik ifadəsi! Yağı Dünyaya, Qarı Dünyaya ömrün xitabı! Yeri gəlmişkən deyim ki, Məmməd İlqarın "Dünya" rədifli Dünyaya, Dağlara xitabən xeyli zərbərcəd, seçmə qoşma-təcnisləri var.
"Dünya" qafiyəli,rədifli və ya qafiyəsiz dünya mövzulu, dünyaya müraciətən, xitabən yazılan  şeirlərimiz poeziyamızda şox-çoxdur. Dünya və bəşər, İnsan və dünya dilemması filosofları da, sosioloqları da, psixoloqları da həmişə düşündürüb və qalaq-qalaq əsərlər yazılıbdır. Bu şeirlər silsiləsində. şəxsən mənə Səməd Vurğunun "Dünya" şeiri qədər təsir edən, içimi tərpədən və bu "dilemma" deyim qıfıla açar salan ikinci bir möhtəşəm şeir bilmirəm! Bu mənim şəxsi qənaətimdir və bəlkə elə bilməməyimdəndir... Məmməd  İlqar tarixən avazlanan bu şeir silsiləsində, "durna qatarında" öz şeirini, öz şeir durnasını ustalıqla, tamam yeni yöndən, yeni yöndəmdən, özü də gözəl yöndəmdən yerləşdiribdir. Məsələn:

Gördüm kərəmini Kərəm sahibi,
İnanma gözümdə dəyişə dünya.
Qəhrinə qailəm,dərdinə tənəm-
Özü də mat qalib bu işə dünya.


Onun şerlərini Tanrıya, "Dünyaya", insana, mühitə, zamana,dostlara, dağa, çəmənə, çaya, daşa, quşa - bu aləmdə nə var poetik xitablar toplusu da adlandırardım! Poetik xitab şeiri abstraksiyadan, mücərrədlikdən qoruyur, sözü ünvanlaşdırır! Şeirin, sözün ünvamnı olmalıdır! Ünvansız, hədəfsiz şeir-söz boşluğa, kor quyuya atlan daş təhərdir. Məmməd İlqarın hər bir poetik sözünün,şeirinin, kəlməsinin ünvanı - hədəfi var! Çatana çatır, duyğulandırır, düşündürür, ağrıdır.. Mənə elə gəlir ki, bu şeirlər mənaca dəryalar qədər olsa da, aydan arı, sudan duru olduğuna görə hamıya çatır, lap anlamazdan da yan ötmür və anlayanlar da  susurlarsa, özlərini anlamazlığa vururlar... Elə bilirəm ki, "Dünya" belə deyildir, çünki Məmməd İlqar bu dünyanın övladıdır.
Oxucularından biri (Mehman Əhməd) sosial şəbəkədə ona belə bir şərh yazıb: "Torpaq - su - hava ... və  Məmməd İlqar!" Onun bu oxucusu yaxşı tapıb və bu fikirdən yan keçmək olmaz. Məmməd İlqarın poeziyasınd dörd ünsür İlahi bir tövrlə birləşib - torpaq, su, od və hava!! İlahi bir "Ol!" əmri ilə onun şeirlərində Adəm baş obrazdır və bu Adəm elə Məmməd İlqarın özüdür!
Onun yaradıcılığında Sözün kamillik zirvəsində qeyri-adi, möcüzanə yatımda ifadə imkanının sonsuzluğunu gördüm və "heyrət, ey büt!" - nidası könlümdən şığıyıb keçdi... Ağ yolların qara sonu... Yeri gəlmişkən, Məmməd İlqar ağ və qara qarşılaşmasından (ümumiyyətlə sözlərin mənaca qarşılaşdırma üsulundan), əksiliyindən fəlsəfi səviyyədə həyatın, dialektikanın "əksiliyin vəhdəti və inkarı" qanunu səviyyəsində mənalandırır və onu fikrinin poetik ifadə vasitəsinə çevirir. Yenə dağlara bədii-poetik xitab:

Nədi çəkilibsən başa, dag kimi,
Dagı dərəsindən başlanan dünya.
Qarası agıyla qoşa tag kimi-
Agı qarasından başlanan dünya.

Görürsünüzmü, bütün bənd, eləcə də şeir əksiliklər üzərində qərarlaşıb: dağ-dərə, qara-ağ - bütün bunlar həyatın sarayında "qoşa tağ"lardır!!

Kimə yalmanırsan, kimə yagısan
Qana çalxanırsan-qan çanagısan
Bagır yarasısan, sinə dagısan
Bagır yarasından başlanan dünya.


Burada, ikinci bənddə məna və mahiyyət əxlaqi-mənəvi, sosioloji müstəviyə keçir, "yalmanmaq"la, "yağı"lıq qarşılaşdırılır, həyati ziddiyyətin və əzabın ünvanı müəyyənləşir. Bu "bağır yarası, sinə dağı" dünyanın yalmandığı zümrəyə aid deyil və bəs " qan çanağında qana çalxananlar" kimlərdir, ay dadi bidad?!

Hanı daş tərəzin olanı çəkə,
Bir belə yanlışı,yalanı çəkə.
Fagır balalardı bəlanı çəkən-
Fagır balasından başlanan dünya.


Məmməd İlqar xalqın "fağır balalarının" dərdeşidir, dərdçəkənidir! O, ildırımötürən təkin xalqının, elinin, yurddaşlarının dərdlərini öz şair ürəyindən keçirərək neytrallaşdırmaq istəyir, yenə də "ağ - qara" obrazı ortaya gəlir və şeir boyu müxtəlif məna çalarlarında axıb gedir, "Anamın saçının qara vaxtları" şeirindəki təkin:

...Ah, necə duruydu eşqim, ay Allah,
Nə qədər təmizdi ürəyim onda...
Nələr vəd etməzdi mənə xəyallar,
Nə daşqın dənizdi ürəyim onda -
Anamın saçının qara vaxtları.

...Hələ ümidlərin sıx vaxtlarıydı,
Arzumun çoxunun sağ vaxtlarıydı,
Baxtımın, günümün ağ vaxtlarıydı
Anamın saçının qara vaxtları.


Necə də səmimi, yanğılı, nostalji hisslərlə zəngin, insanı duyğulandıran şeirdir... İnsan ahıllığından uşaqlığına, gəncliyinə qayıdır, ana məhəbbətinin apogeyində olur, anasızlığın xiffətini yana-yana  işindən keçirir... İnsani hisslər, duyğular adamın içini də, çölünü də təmizləyir... Deyəsən, buna nəzəriyyədə (Rüstəm Kamal bilər...) katarsis də deyirlər...
  Şair talei və psixologiyası qəribədir. O, heç kəsə bənzəməz. İnsanlar - dünya malına hərislər (hamısı yox), iqsidadçılar (deyəsən, Məmməd İlqarın peşəsi iqtisadşıdır) yığıma, yatırıma üstünlük verərlər. Amma, el sözüdür, deyərlər ki, evdə, künc-bucaqda bir yaman günlük saxla! Şairin, alimin nəyi var ki,  (sözdən başqa) yamangünlük saxlasın. Şairin dar gününün yatırımı şeirdir və Məmməd İlqar "Dar günün şeiri"ni yazır, acı və düşündürücü, çoxumuzun qarşılaşdığı hadisənin bağlı qalmış qıfılına açar salır, fəlsəfi-həyati mənasını bir az dadı-duzuyla, məzaha bükülmüş ironiyasıyla, bir az da acı "pul bibər"lə belə açıqlayır və aldı görək, nə dedi:

Yigildi başima dostum-qardaşim,
Dərdimi yüz yerə yozub getdilər.
Dünyani, zamani söydülər yenə,
Seltək coşub,yeltək əsib getdilər.

Gördülər dərdimin dərmani yoxdu,
Səbrim öz sinəmə sancilan oxdu,
Şöhrətim çoxdusa, dərdim də çoxdu
Bəlkə də, dərdimdən bezib getdilər.

Dedilər-həyatdi,uyu dibində
Vayi dibindədi, toyu dibində…
“Məlik”siz Məmmədəm quyu dibində,
Mənim kəndirimi kəsib getdilər.


Onun "Şəhidlər xiyabanında deyilmiş iki yarpaq söz", "Yerində", "Aldadır" rədifli "yarpaq"lar, "Bağlı", "Bizə qilbəmizi göstər", "A, baş redaktor!", "Qara maşında sallaqxanaya aparılan qara kəhər", "Davalı kinolar", "Kədərimə açıq məktub". "Dərd", "Ağamalı Sadiqə", "Azadlıq", "Dağlardan oxuduq", "Sehirbaz", "Şöhrətli şairə, hörmətli məktub", "Qara camaat", "Kepkası əyri kişilər", "Bir ömür" qəbildən onlarca şeirləri, "Qaratel" dastan-poeması günümüzün ağrı-acılarını əks edən sosial-ictimai məzmunlu, dərd yüklü şeirlərdir, əsərlərdir, poetik nümunələrdir.

Tanrim,sən bilərsən,nədi bu xalqin
Niyyəti bir olur,işi bir olmur?..
Beş-üç müşkülünün həlli yolunda
Üçü bir olursa,beşi bir olmur?!.

Heç bilmir ki,niyə baş əyməlidi?-
Böyükdən-kiçiyə baş əyməlidi!
Hami bir kişiyə baş əyməlidi-
Biri baş əymirsə-başi bir olmur!

Nə çox qatlanirsan ay "dəmir kişi?"
Həftədə bir kişi,ayda bir kişi,
Deyirsən yerdə bir,göydə bir kişi!-
Axi məmləkətdə kişi bir olmur...


Onun bu şeiri sosial mühitə sərt bir şillədir! Bir vəzifə kreslosundan ötəri min-bir oyundan çıxan, dövlətə-dövlətçiliyimizə xəyanət edən yaltaqların, millətin qanına yerikləyən zəli məmurların iş üslubudur, obrazıdır bu şeirdəki...  İctimai əxlaqsızlıq Sabiranə yanğı ilə hecada, xalq şeiri tərzində əksini tapıb, bu şeirdə... Nakişilər baş əyə-əyə Vətəni də bu təhlükə qarşısında qoyurlar və bunu öncədən duyan Məmməd İlqar yazır:

Vətən başa çox iş gələr,
Baş əymə, başın sağ olsun.
Biz ölməyə doğuluruq,
Torpağın, daşın sağ olsun.

Qarabağ dərdini əks etdirən onlarla yaxşı, yaxşıdan-yaxşı poeziya nümunələrimiz var və barələrində də az yazılmayıbdır və yaxşı ki, az yazılmayıbdır, lap çox yazılmalıdır, harayımız kar-sağır qulaqlara çatana qədər yazılmalıdır... Amma həqiqət, gerçəklik və insaf naminə, Məmməd İlqarın "Bizə qilbəmizi göstər" şeiri bu yaxşı şeirlərin, deyərdim ki, ən yaxşısıdır:

Ey, televizionçu!
Burax, bu duzsuz şouları.
Burax, bu əttökən əyləncələri,
kefləri.
Qeyrətimiz çürüyür axi, qardaş,
Yaddaşımız kiflənir...
Minillərdi üzü Kərbalaya ölür
bu millət,
Dualarını yönü Kərbalaya deyir...-
Minillərdi dözmüşük, yenə dözərik,
hər bəlaya - deyir...
Burax, bu əttökən əyləncələri,
Bizə qibləmizi göstər, əfəndim!
Xocalı çöllərini göstər!
O çöllərdə çiçəklərin üstündəki
qanı göstər!
Bizə qibləmizi göstər, əfəndim!
Şuşanı göstər hər gün!
Hər gün Şuşanı göstər!!!


Bu şeirdə zamanlar, inamlar, imanlar qarşılaşır... Bizi "qrant sifarişlərlə" dərdlərimizdən ayıranlar, milləti yuxuya verənlər, "şoularla baş altına yastıq qoyanlar", kərbübəla müsibəti çəkən millətin Kərbala yerini, xalq inamının və imanının qiblə yerini göstərən vətənpərvər, vətəndaş bir şairin ürək sızıltıları ilə, milləti oyadan yalvarışları ilə üz-üə qalır, düşünən başımız varsa düşünürük, duyan qəlbimiz varsa duyuruq...
Müasir çağda, nə qədər ki, Qarabağ, Qarabağın Məkkəsi Şuşa Azərbaycan xalqının qibləsinə çevrilməyibdir,  qəvi düşməni yenmək, məğlub etmək mümkünsüzlük divarına dirənəcəkdir!.. Əfsanədə deyildiyi kimi, qızıl yumağı əlimizdən alıb bizi labrintə, çıxmaza salıblar... Bu çıxmazdan çıxmaq üçünsə biz azərbaycanlılar qibləmizi tapmalıyəq... Həqiqət olan, gerçək olan budur və millətin şairi peyğəmbəranə bir tərzdə millətə qibləsini göstərməkdə haqlıdır!..
Bu məqamda mübariz, 25 il Rus imperiyası ilə azadlıq uğrunda vuruşan Şeyx Şamilin min kəlamından bir kəlamı yadıma düşdü: "Əgər torpağınız kafir ayaqları altındadırsa etdiyiniz ibadətin mənası yoxdur! Öncə kafiri qovacaqsınız, sonra ibadət edəcəksiniz!" Fikirlər, duyğular necə də, bir-birləri ilə səsləşir. Ey, ibadət edənlər və etməyənlər, ayılın! Ey, torpağını kafir əlində qoyub, qaçqınları və qaziləri səfil halında yaşayan hacılar, şeyxlər, harınlıqla milyonlar sovuran "işbaz"lar, bu millətdən olub bu milləti soyan məmurlar, ayılın!!  Ey, 27 dəfə Səyudiyəyə gedənlər,ərəblərə pul xərcləyənlər, yurddaşlarına kor qara qəpik də, qıymayanlar, vicdanınızı oyadın! Ey, bir ibadət evi tikdirib, qarşısında on nəzir qutusu dikəldənlər, ayılın!! Nə olar, yatan, mürgüləyən vicdanınızı oyadın... Həqiqi qiblənizə, Vətən adlanan qiblənizə yönəlin! "Əgər torpağınız kafir ayaqlarıaltındadırsa etdiyiniz ibadətin mənası yoxdur!" kəlamının mənasını dərk edin!!!
Elə bu bəndində dediyi fikirlə də şair haqlıdır:
 
Eldən ayrı düşmək, ayrı dağıymış...
Hər anın şələsi dagdan agırmış...
Əl ver,ay yuvası-yurdu dagılmış-
Əl ver, ay Qazaxlı, ay Qarabaglı!


Bir ağzıgöyçək, dar düşüncəli tapılıb deyə bilər ki, bu bölgəçilikdir. Burada bölgəçilik-filan yoxdur! Misraya sığan bu adlardır... Burada bütöv Azərbaycana xitab var, poetik müraciət var, dərd adamları - qohumu-dostu birləşdirdiyi kimi, bütöv Azərbaycanı da, ictimai-siyasi təbəqəsindən asılı olmayaraq hamımızı Qarabağ dərdi birləşdirməlidir.
Məmməd İlqar  (bütün şair Məmmədlər kimi) əqidə, məslək şairdir. Əyilməzdir, yenilməzdir... Böyük, dahi Səməd Vurğunun "Vaqif" pyesində Şah Qacarla şair Vaqifin qarşılaşmasındakı mükaliməni yada salın: " Şah Qacar: - Şair, hökmüdarın hüzurundasan! Vaqif : - Bunu sizsiz belə,düşünürəm mən! Şah Qacar: - Bəs, baş əymədiniz?! Vaqif: - Əymədim, bəli! Əyilməz vicdanın böyük heykəli!" Həqiqət budur! Şair, yazıçı, alim, ziyalı "Vicdanın böyük heykəli olmalıdır!" Bu həqiqəti şəxsiyyətində və məsləkində cəmləyən çağdaş şeirimizin dəyərli şəxsiyyətlərindən olan Məmməd İlqar “Şöhrətli şairə hörmətli məktub” adlı şeirində belə yazır:

"…Əl çalıb əyriyə “ura” deməklə,
Bilə-bilə ağa qara deməklə,
Şöhrət qazanırsan, ad qazanırsan,
çörək qazanırsan – mat qalır adam!…"


Məmməd Ilqarın psevdoşairlərin sahib olduğu qədər “şöhrət”i yoxdu; titulları, fəxri adları, imtiyazları yoxdu, öz dili ilə söyləsək, çörəyi heç vaxt əyriyə “ura”, ağa qara deməkdən çıxmayıb. Onun şəxsiyyəti Səməd Vurğunun şair şəxsiyyətindən istədiyi, şair şəxsiyyətindən tələb etdiyi ideya-estetik, əxlaqi-mənəvi qayəyə bağlıdır ki, dahi şair Vaqifin dili ilə demişdir:

Aldada bilməmiş dünyanın varı,
Bir məslək eşqiylə yaşayanları!
Mən ellər bağında azad bir quşam,
Mənsəbə, şöhrətə satılmamışam!..

 Vicdanlı şair necə ləyaqətli, namuslu, həqiqətə, dürüstlüyə söykənərək yaşamalı və yazmalıdırsa, Məmməd İlqar da, eləcə  yaşayıb və yazıb. O, qələminə, qarşısındakı kağıza, yazı masasına baş əyib, buna görə də başı ucalardan olubdur!.. Azad olubdur, hürr olubdur:

Azadlıq
Adam olsun,
Ağac olsun,
Quş olsun –
Qəfəsə düşmüş olsun.
İllər, aylar demirəm,
Lap elə bircə günlük,
Bircə saatlıq,
Bax o adam bilər
o ağac bilər
o quş bilər –
Nə şeydi Azadlıq!


Lirizm, axıcılıq, dərin fəlsəfi düşüncə ilə yoğrulan hiss axını, qövsi-qüzeh söz çaları, saz havalarının harmoniyası, sarı simin telləməsi, axar bulaqların sellənməsi onun şeirlərinin havacatını, ovqatını, ahəngini təşkil edir, gülləndirir, "müğənni kəkliklər"in oxumasına dönür, bülbül cəh-cəhinə çevirir:

Eşq yolunda nallar düşür,
Qovuşunca qanlar düşür
Bülbülə bax, gözlərindən
Nə qirmizi xallar düşür-
Sari güllərə-güllərə.

Ömrü-günü ələk-vələk,
Can sökülür lələk-lələk...
Biçarə bülbül neyləsin-
Sən Allah qondurma fələk
Sari, güllərə-güllərə.

Gözümü çaylaq elərəm,
Köysümü yaylaq elərəm
O gülləri qan aparir
Könlümü yayliq elərəm-
Sari, güllərə-güllərə.


"Könlünü yaylıq edib Vətəninin gül rəngli yaralarına sarıyan Məmməd İlqar az yazıb. Amma yazdıqları çox-çox kitab bağlayan şairlərin şeirlərindən daha çox oxunandır, seviləndir, dillər əzbəridir, aşıqların sinələrindən el məclislərində səslənir, tel-tel olub tellənir, bir sözlə, qımqıma olub yaddaşlara hopur...
   Məmməd İlqar əqidə dostlarını, qələm dostlarını, məslək və ruh qohumlarını həmişə əziz tutub, sözü onlara, onları sözə qısqanmayıb... Kimlər var onun  şeirlərində? Məmməd İsmayıl, Məmməd Araz, Məmməd Aslan, Məmməd Dəmiçioğlu, Ağamaalı Sadiq Əfəndi, Akif Səməd, Aşıq Avdı, Aşıq Nazim, Aşıq Ədalət… daha kimlər, kimlər…  Bunların hər biri Məmməd İlqarın özüdür ki, var! Mən yox, Məmməd İlqarın özü belə hesab edir; bir nümunə ilə kifayətlənək:

Ağamalı Sadiq kimi şairlər
Gəlir – yelkəni göydədir,
Ölür – ölkəni göynədir.
Çölü özgəni göynədir,
Içi özünü yandırır.

Haqdan yanır can kürəsi,
Söz bişirir can kirəsi.
Qədəhində qəm şirəsi,
Içir – özünü yandırır!..

Aşıq gördü – divanədi,
Uçuq gördü – viranədi.
Işıq gördü – pərvanədi,
Uçur – özünü yandırır!


Dostuna həsr etməsinə baxmayaraq, bu onun - Məmməd İlqarın avtoportretidir! Eynən özüdür, Anadil quşudur - özü-özünü yandırır, onun dimdiyi şaxmaq, lələkləri, tükü qovdur;  külünün-qorunun içindən dirilir, təzədən özünü yandırır... Oxucunu yandırır, dağları, dərələri yandırır...
  Onun dostu, qudası, haqq dünyasına qovuşmuş Məmməd  Dəmirçooğluna həsr etdiyi, dağlara xitabən şeirində belə bir bənd də var:

Köhnə dostdur!
– təzə kədər
Ömür nədir? –
 Qəza–qədər.
Bir də gələn yaza qədər
Dağlar, Məmməd amanatı…


Ümumiyyətlə, xatırladım ki, Məmməd İlqarın dağlara xitabən çoxlu şeirləri var, çoxu da təcnisdir və deyim ki, Azərbaycan poeziyasında, açıq şeirində özünə qədər yazılan bu silsilədə öz orjinal və görünən yeri olan şeirlərdir. Onun dağa bənzər şair şəxsiyyətinin başını duman alıb, xəstəlik haqlayıb, haqdan ona sağlamlıq diləyirik. Allah-Təala ona qıymaz yəqin ki, bu tezliklə qıymaz, səhhətini qaytarar! Çünki Məmməd İlqar xalqın dərdini dərdi kimi, sevincini sevinci kimi çəkən xalqın amanat şairidir, dağ kimi ölkəmizin amanat qələm sahibidir...
Məmmədin şeirlərində qəm-kədər olduğu kimi, kədərin şuxluğu, kədərlə-qəmlə munisanə bir zarafat da var! Məmməd İlqarın ictimai məzmunlu elə şeirləri var ki, başdan-ayağa xatadır. Lap, bu "Xatadır bu qız!" şeirindəki kimi, şuxluq, incə ruh, şit duyğudan uzax təmizlik tülünə bürünmüş gözəlliyin vəsfidir bu şeir:

Bu qızda ədaya, ərkə bax, Allah,
Ərzi titrədəcək ədası bunun.
Doqquz planetdə düşür söhbəti,
Ərşi-gürşü sarıb sədası bunun.

Sübhanın sehridi işvəsi, nazı
Güllər gözəlidi, sular sonası,
Bir addım gözündən qoymur anası –
Bəylərbəyidirmi atası bunun?

Xətri əziz olsun, xətrə düşəndi,
Tərifi misraya, sətrə düşəndi,
Nə mənə rəhmindən qətrə düşəndi –
Nə məndən xal olmaz xatası bunun.


Düz olmaz, desəm ki, dərdindən ölləm,
Ya da Kərəm kimi yanıb kül ollam.
Amma meyl eləsə qadasın allam –
Zəhər-zəqqum olsa qadası bunun.

Haqqım yox ki, deyəm – pis cavansınız,
Bir eşqin izində yüz cavansınız...
Qıymıram, ay dostlar, siz cavansınız,
Məmməd İlqar olsun fədası bunun.


Bir intervüsündə-müsahibəsində Məmməd İlqar belə deyir: " Səməd Vurğunu Allah rəhmət eləsin, qoymadı adam ömrü yaşayaq. Deyən lazım idi ki, get işinlə məşğul ol da, ağsaqqal kişisən, nə var axı, şeir yazırsan? Baxdıq ona, biz də heyf olduq, yazıq olduq... Səməd Vurğun böyük bir nəsli yazıq elədi. Hamı Səməd Vurğun olmaq istədi, nə sənət vurğunu ola bildik, nə də Səməd Vurğun!!"
Əlbəttə, bu da Məmməd İlqarsayağı bir təvazökarlıq nümunəsidir və elə,  bəlkə də həqiqətdir!  Amma bir həqiqət də var ki, müasir Azərbaycan poeziyasında Məmməd İlqar ünvanlı, hamının qəbul etdiyi  bir istedadlı şair var. Ha desin, ha axtarsın, ha çəkinsin onun bəxtinə şairlik tapşırılıb:

Çək Üstümə Qanadini
Dagin bir üzü görünməz,
Dərdin tüstüsü görünməz.
Kimsən, a gözəgörünməz?
Haqqin taxtini aşirma!
Yetər bunca sinadigin,
Çək üstümə qanadini!

Ta arzumu inadimin
Ölən vaxtina tapşirma.
Ən zulumlu dərdə tapşir,
Bu yiyəsiz yurda tapşir,
İtə tapşir,qurda tapşir-
Məni baxtima tapşirma!..

 
Bəzən deyirlər ki, filan şair filankəsin söz bulağından, filan aşıq filankəsin saz bulağından su içib! Ola bilər... İlk vaxtlarda, ruhun mayalanan çağlarında təşnə ürəyi bir hour soyutmaq üçün belə olsun! Amma bulaq bulaqdan göz götürməz! Gərək bulağın ayrıca qaynağı, qaynama yeri, gözü olsun. Burdan batıb, aşağıdan çıxan bulaqlar da olur və suyu süzülsə də kimyavi-minerali tərkibi eyni olur! Məmməd İlqarın öz söz bulağı var... Lap elə Rövşənin-Koroğlunun içdiyi Qoşabulaq bulağı kimi - can verən, söz verən, səs verən, əbədiyyət verən Xızır  bulağıdır Məmməd İlqarın poeziya bulağı!..
"Türk Dünyası Edebiyat ve Kültür Sitesi" saytında (2014-11-13) müəllifi qeyd edilməyən  belə bir fikrlə rastlaşdım, gerçəyinə inandığımdan təqdim etməli oldum:
"Bu ad (Məmməd İlqar nəzərdə tutulur -Q.B.) çağdaş Azərbaycan ədəbiyyatının ən ünlü və onurlu siması olaraq tanınır. Onun şeirlərinin hər biri boyundan uzun ödüllər almış çox şairlərin cild-cild kitablarından çox-çox zirvələrdə durur. Çünki, Məmməd İlqar poeziyası adlı bir ədəbi cərəyan yaradıb. Kim buna inanmırsa, gedib gerçək Türk ədəbi düşüncəsini bir də vərəqləsin. Mən şəxsən onun şeirlərinin mayasını Altay Türklərinin kai, Kırğız Türklərinin akınçı, Saka Türklərinin oloxo, Sibir Türklərinin koorjun, Oğuz Türklərinin ozan sənətinin ən incə dəyərlərindən biri hesab edirəm. Çünki, onun şeirlərinin hər biri Qam-Şaman nəfəsindən, duyğusundan, ruhundan doğub. Bunun anlamının nə demək olduğunu bilməyənlər, Türkün nə sazını, nə də söüzünün qarvamını başa düşməzlər. Çoxları bu gün elə dərk edirlər ki, sözün xiridarı olmaqla, ədəbiyyatı yaratmaq olar. Bu tamamilə yalnış fikirdir. Sözün rəngini, işığını duyğularının ruhunda, ruhunun rəngini isə şeirlərində ifadə etmək, əslində Türk poeziyasının zirvəsi sayılır. Məmməd İlqar o şairlərdən ki, hər zaman bu zirvənin yüksəkliyində yer alıb."
Haradasa oxumuşdum ki, dünyada məşhur futbol ustası olan Dieqo Armando Maradona 12 saat topu yerə salmadan müxtəlif, özü də, ən mürəkkəb fəndlər göstərə-göstərə bir nəfəsə, aramsız oynaya bilir...
Məmməd İlqarın qoşmalarını, gəraylılarını, xüsusən təcnislərini oxuyanda, nədənsə həmin bu Maradona yadıma düşdü, illiyi 37 milyon dollar qazancı olan Maradona! Məmməd İlqar sözlə beləcə oynayır və bir dəfə də sözü yerə salmır, sözü özündən uca tuta-tuta ucaldır, sözü ucalda-ucalda ona əbədiyyət qazandırır, amma özü 37 qəpik də qazanmır...
Belə olan tərzdə bu millət,  bu dövlət gərəkdir ki, Məmməd İlqarın illiyinin qayğısına qala, necə ki, yarım saatlıq toy aparan uçuz səsli müğənnilərimizin ombalarına  torba-torba axça səpirik...  Ay Gözəgörünməz, sən bizi hifz elə və şair demiş, "ozün üstümüzə çək qanadını"
Onun "Əlli yaşın söz payı" adlı bir şeiri var və yalan-yanlış belə deyir:

Ömrü qaygilardan qoparammadim,
Gözümü açanda yaş-əlli gördüm,
Haqqin ətəyinə əlim çatmadi,
Həsrəti yaxamda beşəlli gördüm.

Sag olsun ürəyim-toxucum oldu,
Yazanim,yozanim,oxucum oldu.
Mənim əlli payim çox uzun oldu-
Bir əlli yaşadim-beş əlli gördüm.

Olanim-qalanim göz qabaginda,
Yanlişim-yalanim göz qabaginda!
Bir belə söz yazdim-söz qabaginda
Özümü yenə də boşəlli gördüm?!.


 "Buradakı bir misranın ovsarından yapışıram : "Mənim əlli payim çox uzun oldu- Bir əlli yaşadim-beş əlli gördüm." Doğrudan da,  belədir, Məmmd İlqar! Sən bir ömrü beş ömür yaşayanlardansan! Min illik söz qabağında söz yazmaq asan deyil və sən bunu elədin və boşəlli qalmadın! Şeirimizi, poeziyamızı, ruhumuzu, sözümüzü, duyğumuzu zənginləşdirən sənətkar şair oldun və çoxları sənə bica yerə "USTAD" deyə müraciət eləmir! Bir ömrü beş ömür yaşayanlar ölməz olurlar, əbədiyaşar olurlar! İnsan xəstələnər və bu qaçınımazdır! Ətraf mikroblarla, viruslarla dolu olanda bu daha dəhşətli olur! Kaş, insanın SÖZ Ruhu xəstələnməsin!! Sənin SÖZ RUHUN həmişə sağlamdır və sən böyük cəsarətlə, əzab-əziyyətlə SÖZ RUHUNU ədəbi mühitdə tüğyan edən mikroblardan, viruslardan qoruya bilmisən!! Eşq olsun SƏNƏ və SÖZ RUHUNA!! Sən elin gözündə və sözündə olan şairsən! Özün demiş : "Saza ucalan sözə ölüm yoxdur!"

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.