Seymur Baycan: “Üç-dörd hekayə oğurlamaq istəyirəm”
02.12.15
Avanqard.net Seymur Baycanla müsahibəni təqdim edir. - “Quqark”dan sonra niyə irihəcmli əsər yazmırsan? - İri həcmli əsər deyəndə, yəqin ki, roman nəzərdə tutursan. Roman yazmaqçün pul lazımdır. Azı beş min manat. Gərək bütün işini atıb ancaq yazmaqla məşğul olasan. Pul yoxdur. Pul olmadığına görə yazmağa güc, həvəs də yoxdur. Birtəhər səfərbər olub yazmaq olar, amma bu, kimə lazımdır? Heç mənim özümə də lazım deyil. Əziyyətinə dəyməz. Hekayələrlə, məqalələrlə bir təhər yola verirəm. Bir dəfə bu mövzuda söhbət edirdik. Dostlardan biri sual verdi ki, bəyəm pulsuz yazmaq olmaz? Ona dedim ki, sən hər gün səhər yuxudan qalxıb maaşsız işə gedə bilərsən? Sənə maaş vermirlər, amma sən hər gün yuxudan qalxırsan, geyinib-keçinib işə gedirsən. Üstəlik gördüyün işə görə də hərə bir tərəfdən üzünü danlayır. Hərə bir tərəfdən deyir ki, bu nə işdi görmüsən? Susdu. Cavab verə bilmədi. Təəssüf ki, bizim ən yaxın dostlarımız belə yazmağı iş kimi təsəvvür edə bilmirlər. Yəqin yazı yazmaq hər kəsə mümkün iş kimi görünür, bəlkə də ona görə yazan adamın işləmək sözünü dilə gətirməsi ciddi qəbul olunmur. Uzun söhbətdir. Dərd ağırdır. Danışılası deyil. Ovqatım yoxdur bu haqda danışmağa. Bu söhbət nəticəsində ancaq qanımız qaralacaq. Dayansaq, bu haqda danışmasaq daha yaxşı olar. - Svetlana Aleksieviç ilə öz yaradıcılığın arasında oxşarlıq görürsən? - Təxminən görürəm, amma Nobel almış bir yazıçıyla yazdıqlarım arasındakı oxşarlıqlar haqqında konkret, detallarla danışmaq istəmirəm. Bu, gülməli görünə bilər. Bir də ki, Svetlana Aleksieviç yazı yazanda mən heç uşaq baxçasına da getmirdim. Tərsinə olsaydı, mən yazı yazmağa başlayanda Svetlana Aleksieviç uşaq baxçasına getməsəydi, o zaman aradakı oxşarlıqlar haqqında danışmağa xeyli səbəb və bəhanə olardı. O zaman oxşarlıqlar haqqında daha cəsarətlə danışa bilərdim. Həm də talesizlikdən, uğursuzluqdan şikayətlənməyə ciddi əsasım olardı. Biri əvvəl yazır, tanınmır, başqası sonra yazır, uğur qazanır. Bu kimi söhbətlər daha maraqlıdır. Düz-əməlli tiraj yığmamış, normal bir mükafat almamış ortabab bir yazıçının məşhur yazıçılar haqqında yekə-yekə danışması, özüylə onun arasında paralellər aparması, oxşarlıqlar tapması olduqca təhlükəlidir. Belə söhbətlərin hər dəqiqəsi “opasnıdı”. Adama deyərlər, get, hoppan, sən kimsən özünü onunla yanaşı qoyursan?! İstəmirəm kimsə mənə “get, hoppan” desin. Xahiş edirəm, anlayışla qarşıla. - Orxan Pamuk mışhur yazıçıdır. Nobel mükafatı alıb, amma onun haqqında neçə dəfə, üzr istəyirəm, yekə-yekə danışmısan. - Bilmirəm, nədənsə Orxan Pamuka ərkim çatır. Hansısa özümə bəlli olmayan bir səbəb mənə Orxan Pamuk haqqında ərklə danışmaq ixtiyarı tanıyıb. Sadəcə Svetlana Aleksieviçin Nobel alması “Seymurun yazdıqları publisistikadı, onun yazdıqlarının ədəbiyyata dəxli yoxdu” deyənlərə tutarlı cavab oldu. Şərif də Svetlana Aleksieviçin bir hekayəsini paylaşaraq qeyd etmişdi ki, bunu Seymur yazsaydı hərə bir tərəfdən deyəcəkdi, bu nədir, bu ədəbiyyat deyil. Svetlana Aleksieviçə Nobel mükafatının verilməsi çox yaxşı oldu. Yazıçılarımızın, tənqidçilərimizin, tərcüməçilərimizin “Svetlana Aleksieviç Nobelə layiq idi-layiq deyildi” mövzusunda apardıqları polemikaya qoşulmasam da, onun Nobel almasına çox sevindim. Nobel alan yazıçının əsərlərinə diqqət yaranır. Nobel alana qədər yazıçını tanımayanlar da maraqlanır, əsərlərini tapıb oxuyurlar. Əsərlər yenidən nəşr olunur. Svetlana Aleksieviçin əsərlərinə, mövzularına bir daha diqqət yaranması yaxşı haldır. Bu mövzularla daha geniş oxucu kütləsinin tanış olmasına ehtiyac vardı. Günümüzdə baş verən hadisələr, zaman özü bunu tələb edir. Çox doğru seçim oldu. Qalanı zamanın işidir. Nobel alıb sonradan sürətlə unudulan, əsərlərinə qarşı maraq ölən, adı ancaq nobelçi yazıçı kimi qalan yazıçıların da sayı az deyil. - Sənin əsərlərinin əksəriyyətinin kökündə real həyat faktları dayanır. Buna görə də çoxları deyir ki, Seymur “qurama” əsər yaza bilməz. Özün necə düşünürsən, yaza bilərsənmi? - Xahiş edirəm, yazdıqlarım haqqında danışarkən əsər sözünü dilinə gətirmə. Hekayə denən, roman de, amma əsər demə. Öz yazdıqlarıma əsər deməyə utanıram. Beş il əvvəl yazdıqlarımı əsər adlandırmağın çox xoşuma gələrdi. Hətta buna görə sənə qonaqlıq da verərdim. İndi utanıram. Yazdıqlarımı nəzərdə tutaraq “əsər” sözünü işlətsən, bunu adam dolamaq kimi qəbul edəcəm. Xeyli vaxtdır münasibətimiz var. Bu vaxta qədər aramızda zərrə qədər də narazılıq olmayıb. İstəməzdim bir sözə görə münasibətimizdə soyuqluq yaransın. Qayıdaq suala. Yox, əsla qurmağı bacarmıram. Qurmaq Ələkbərdə, səndə yaxşı alınır. Deyəsən Rəşad Məcid bir dəfə demişdi ki, Seymurla Ələkbəri birləşdirsən, ikisindən yazıçı düzəltmək olar. Qurmaq bir tərəfə, dialoqlarda adamları danışdırmaqda da olduqca çətinlik çəkirəm. Sözüm tez qurtarır. İstər-istəməz araya sükut çökür. Məhz bu səbəbdən “Filan yeri gərək uzadaydın, filan yeri gərək çox yazaydın” iradlarını tez-tez eşidirəm. Haqlı iradlardır. Bizim ölkədə mövzu korlamaq üzrə yarış keçirilsəydi, yəqin ki, həmin yarışda ilk yerlərdən birini tutardım. - Son vaxtlar hekayə janrına geniş yer verirsən. Birinci, ikinci və üçüncü kitabların roman idi. Sonra sanki birdən-birə istiqaməti dəyişib hekayəyə keçdin. Səbəb nədir? - Səbəbi bir az əvvəl qeyd etdim. Yazmaq üçün oxucu olmalıdır. Yaxşı, səviyyəli jurnal olmalıdır. Müsabiqələr olmalıdır. Qonorar olmalıdır. İngilis, alman, fransız dillərinə tərcümə olmalıdır. Bir dəfə bir qız oxucu kimi məktub yazmışdı. Onun məktubuna həmən gün cavab verə bilmədim. İki gündən sonra həmən qızdan palaz boyda bir məktub aldım. Ağzına gələni yazmışdı: “Sən özünü nə hesab edirsən?! Bu nə yekəxanalıqdır? Oxucu məktub yazıbsa, ona cavab verilməlidir-zad.” Yazdım, ay bacı, məktubuna iki gün cavab gəlməyib, dəli olmusan. Görürsən, cavabsız qalmaq nə çətindir? İndi hekayə yazmaq mənim üçün daha sərfəlidir. Hekayəni bir növ məqalə kimi yazıram və bir hekayəyə görə əlli manat qonorar alıram. Vəziyyət belədir. - Səni daha çox ədəbi oğurluqda ittiham edirlər. Gəl bu barədə danışaq. Adi oxucuların oğurluq dediyi bu “pastiş” texnikasından niyə belə geniş yararlanırsan? Tutalım təbiət təsvirlərini, insan hisslərini özün yaza bilmirsən, ona görə də hansısa yazıçıların hazır təsvirlərini götürüb istifadə edirsən? - Başqalarından yararlanmaq daha sərfəlidir. Həm oxuyuram, həm də istifadə edirəm. Təbiət təsvirlərini, insan hisslərini yaza bilmirəm. Yaza bilmirəmsə, başqalarından götürmək daha yaxşıdır. Burda utanmalı heç nə yoxdur. İndi Sovet dövründə yazılmış romanlardan, hekayələrdən geniş istifadə edirəm. İki günə, üç günə bir roman oxuyuram. Oxuduğum əsər nə qədər bayağıdırsa, bir o qədər də istifadə etmək asanlaşır. Məsələn, “İşıqlı ferma” hekayəsini İlyas Əfəndiyevdən götürmüşdüm. “Poeziya gecəsinin təsiri” hekayəsi isə bir neçə yazıçının hekayəsinin miksi idi. Əvvəllər ayrı-ayrı təsvirləri, cümlələri götürürdümsə, indi bütöv hekayəni götürüb orasını-burasını düzəldib özəlləşdirirəm. Elə hekayə var, iyirmi faizi mənə aiddir, səksən faizi ordan-burdan götürmədir. Hələ istəyirəm məşhur yazıçıların hekayələrindən bir neçəsini götürüb öz adımdan dövriyyəyə buraxım. Mən uşaqlara da deyirəm ki, əbəs yerə özünüzü əziyyətə salırsınız. Sovet dövründə çoxlu romanlar, hekayələr yazılıb. Həmən romanların, hekayələrin müəllifləri qonorar, ev alıblar. Şəhərlər gəziblər. Sanatoriyalarda, kurortlarda dincəliblər. Hazır xammaldır. Götürüb orasını-burasını düzəltmək, özəlləşdirmək lazımdır. Nəsə ağıllarına batmır. Belə hesab edirəm ki, xammala ehtiyacları yoxdur. Özləri bilərlər. - Bəziləri deyir ki, Seymur təkrarçılıq edir. Bir mövzuya müxtəlif hekayələrdə qayıtmağa ehtiyac hardan yaranır? Bunu necə izah edərdin? - Hə, təkrarçılıq edirəm. Təkrarçılığa niyə ehtiyac yarandığını dəqiq bilmirəm. İndən belə keçmiş, uşaqlıq haqqında yazmaq istəmirəm. Ola bilsin bundan sonra təkrarçılıq azalsın. İndi daha çox mənasız hekayələr yazmaq istəyirəm. İstəyirəm hekayədə heç bir məna olmasın. Ona görə də Azərbaycan yazıçılarının Sovet dövründə nəşr olunmuş roman və hekayələrini oxuyuram. Mat qalmışam. Bu qədər yalan yazmağın, boşboğazlılıq etməyin özü də bir istedaddır. İnsan da öz işinə bu qədər məsuliyyətsiz yanaşa bilərmi? İnsan bu qədər səydəş, səviyyəsiz ola bilərmi? İnsanda heç olmasa bir qram, bircə qram yumor hissi olmalıdır. İnan, istəsən məqsədli şəkildə sən heç vaxt elə düşük və səviyyəsiz hekayə yaza bilməzsən. Sadəcə dəhşətdir. Oxuyuram və dəhşətə gəlirəm. İlahi, gör kimləri şair, yazıçı, dramaturq adıyla bizə soxuşdurublar. Bizim insanlarımızın bu qədər zövqsüz olmasının səbəbini Sovet dövründə şair və yazıçı kimi xalqa soxuşdurulmuş boşboğazlarda, onların yazdıqları poemalarda, hekayələrdə, romanlarda axtarmaq lazımdır. Oxuduqca camaatımızın bu gün gənc nəslə qarşı necə qərəzli olduğunu da görürəm. Halbuki, bu gün bəyənmədikləri gənc yazarlar səviyyə baxımından bizim camaatın dönə-dönə oxuduqlarından daha üstündürlər. Özlərini elə aparırlar, guya belə çox ciddi ədəbiyyatları olub, guya ta o ənənəni davam etdirən yoxdur. Bu riyakarlığı görmək və cəsarətli olmaq üçün o boşboğazların əsərlərini daim oxumağı məsləhət görürəm. Mənim şair-yazıçı adıyla millətə soxuşdurulmuş o məzmunsuzlara qarşı amansız olmağımın səbəbi daima onların boşboğazlığı ilə təmasda olmağımdır. - Sənə hansısa bir mövzuda, tutalım tarixi mövzuda roman sifariş versələr yaza bilərsən? - Sifariş vermək azdır, qonorar da vermək lazımdır. Düzəldə bilərəm. “Yazmaq” sözü əvəzinə “düzəltmək” sözünün işlənməsini daha məqbul hesab edirəm. Məsələn, İlyas Əfəndiyevin “Söyüdlü arx”nı, İsmayıl Şıxlının “Dəli Kür”ünü, Anar Rzayevin “Dantenin yubileyi”ni, Elçin Əfəndiyevin “Ölüm hökmü”nü, Afaq Məsudun “Azadlıq” romanını xammal kimi istifadə edib, əsərin ciddiyyətini öldürüb yaxşı roman düzəltmək olar. - “Adsız itin qayıdışı” kitabındakı hekayələri xeyli tənqid etmək olar. Hekayələrin bitkin, vahid strukturunun olmadığını, süjet xəttinin bəzən qırıldığını, arada hekayə prinsiplərindən kənara çıxdığını, quruca əhvalatçılığa meyl etməyini qəbahət hesab etmək olar. Bununla belə bir həqiqəti danmaq olmaz: “Adsız itin qayıdığışı” kitabı oxucuya qəribə, dağıdıcı bir ovqat, pessimizm bəxş edir. Yəni əgər əsas məziyyəti kimi emosional təsiretməni götürsək bu kitab alınıb. Bəs sən necə düşünürsən? - Sadaladığın bütün iradlar yerindədir. Haqlı iradlardır. Bəli, o hekayələri yazanda əsas məziyyət kimi emosional təsiretməni götürmüşdüm. Əsas fikrim hisslərimi ifadə etmək, hisslərimi ötürmək idi. Hiss vardı, onu ötürdüm. Əlbəttə, texnika da yerində olsaydı, daha yaxşı olardı. Yoxdu texnika. Qurmağı bacarmıram, nə edim? Nəyi yaza bilirəmsə, onu da yazıram. Necə yaza bilirəmsə, elə də yazıram. - Səni realist yazıçı kimi tanıyırıq, amma birdən-birə “Başından bezən adam” hekayəsini yazırsan və əsəri fantosmaqonik bir sonluqla bitirirsən. - Orda nə uydurmuşam ki? Real söhbətdir. Sadəcə qəfildən adam başından bezir və qoparıb çaya atır. Əli İsa Cabbarov o hekayəni oxuyub mənə bir film göndərdi. Həmən filmdə də bir nəfər başını qoparıb yerə çırpır. - Son hekayələrindən müdrik bir el ağsaqqalı boylanır. - Müdriklik-filan yoxdur. Dostlar da deyirlər ki, qocalmısan. Niyə belə deyirlər, başa düşmürəm. “Cəfər müəllim” hekayəsini nəzərdə tutursansa, o hekayələr silsilə olacaq. Romantik hekayə olacaq. Klassik hekayə olacaq. Maraqsız hekayə olacaq. Maraqlı hekayə olacaq. Qananlar üçün hekayə olacaq. Qanmayanlar üçün hekayə olacaq. Artıq on yeddisini yazmışam. “Cəfər müəllim” hekayəsi də didaktik hekayə idi. Müdriklik-zad yoxdur. Əksinə, Şota İataşvili demişkən, mənalı söhbətlərdən bezmişəm. Bir az da boş-boş danışmaq istəyirəm. Mənasızlıq daha maraqlı görünür. - Özunu xoşbəxt hesab edirsən, ya bədbəxt? - İndi Aleksey Fedinin “Qəribə yay” əsərini oxuyuram. Orda deyilir ki, sənətlə məşğul olan adam başqa adamlara nisbətən daha asan bədbəxt olur. Şöhrət yoxdur, tanınmırsan, vəssalam, bədbəxtsən. Mən özümü necə xoşbəxt hesab edə bilərəm ki, heç bir şöhrətim yoxdur. Şöhrət istəyirəm. İstəyirəm heykəlim olsun. Adıma küçə olsun. Adıma olan küçədə gəzişim. Ya da gedim hər gün öz heykəlimin qarşısında dayanım, heykəlimin qarşısına çiçək qoyum. Bu arzu məni məhv edir. İndi istəyirəm yaxın dostlardan ianə yığım. Hərə bacardığı qədər kömək etsin. Heç olmasa özümün balaca büstümü düzəltdirim. - Qırx yaşın var. Artıq yazıçı kimi qəbul olunursan. Buna şübhə etmək olmaz. Əgər bir vaxtlar bəyənməyənlər var idisə indi onlar da sənin yazıçı olduğunu etiraf etməyə məcburdurlar. O zaman belə bir suala cavab ver. Bir yazıçı kimi gənc yazarlara nə məsləhət görürsən? Nə etməlidirlər? Qısa və konkret. - Keçəl dərman bilsə, öz başına sürtər. Gənc yazarlara heç bir məsləhətim yoxdur. Mənim özümə məsləhət verən lazımdır. - Deyəsən son vaxtlar içkiyə münasibətin dəyişib. Daha əvvəlki kimi içmirsən. - Əvvəlki içmək deyildi, tərbiyəsizlik idi. Yadıma düşəndə özümdən zəhləm gedir. Günəşi küləş başa düşmüşdük. Elə bilirdik yaxşı yazmaq üçün çoxlu içmək lazımdır. Bir nəfər də başa salıb demirdi ki, belə içmək lazım deyil. Hə, indi az içirəm. İçəndə sentimentallaşıram. Boş-boş danışıram. Səhər yuxudan qalxanda xəcalət çəkirəm. İndi ancaq çaxır içirəm. O da bir-iki bakal. Arada bir butulka. Baxır məclisə, çaxırın keyfiyyətinə. Ancaq onu deyə bilərəm ki, hara fırlatsan da, araqdan yaxşı içki yoxdur. Araq gözəl içkidir. Ümumiyyətlə, məclis yaxşı şeydir. Məclislərdən çox şey öyrənmişəm. - Seymur, tam ciddi deyirəm. Evdə misal üçün su krantı xarab oldu, nə edərsən? Tutalım mən “qazıvıy açarı” götürüb düzəltməyə çalışaram. Bu sualı ona görə verdim ki, kənardan baxana elə gəlir sənin məişət qayğıların yoxdur. - Məişət söhbətlərinin qarşısında çox acizəm. Məsələn, evdə bir problem yaranırsa, depressiyaya düşürəm. Krantın xarab olması çox ağır dərddir. Adamın başı xarab olur. Yaxşı ki, qardaşım ustadır. Zəng edirəm, gəlib düzəldir. Baxmayaraq ki, atam, əmilərim usta olub, mənim bu tikinti-quruculuq işlərindən zəndeyi-zəhləm gedir. Yol gedəndə harada tikinti materialları görürəmsə, ürəyim sıxılır. Taxtaları, dəmirləri, sement kisələrini üst-üstə yığırlar, yanında da daş yüklənmiş maşınlar dayanır. Çox pis mənzərələrdir mənim üçün. Ya gözümü yumuram, ya da başımı çevirirəm. Uşaq vaxtı da evdə paltar qaynadılanda dəli olurdum. Çıxıb gedirdim evdən. - Bəlkə də bizim ədəbi mühitdə yeganə yazıçısan ki, həyatınla, davranışınla da bunu göstərirsən. Bu həyat tərzi səndə təbii alınıb, yoxsa buna can atmısan? -Adam bir işlə ürəkdən məşğul olanda istər-istəməz məşğul olduğu sahə onun davranışlarına təsir edir. Bizim həkimlərin çoxu nəyə görə həkimdən çox qəssaba oxşayırlar? Çünki onların çoxu mahiyyətdə qəssabdırlar. /Kulis/
|