Vaqif Yusifli - Salam Elçin Hüseynbəyli
29.10.15

Onun ədəbiyyata gəlişi səksəninci illərin sonlarına-doxsanıncı illərin əvvəllərinə təsadüf edir. Qapılarını onun üzünə açan ilk dərgi «Gənclik» oldu. Sonra «Ulduz», «Azərbaycan» jurnalları onun hekayələrini dərc etməyə başladı. Təbiətən çox qaynar, işgüzar təsir bağışlayan Elçin doxsanıncı illərdə həm də bir publisist kimi diqqəti cəlb etdi. Həm məhsuldar ədəbi-publisistik fəaliyyəti, həm də ədəbi prosesdə seçilmək, fərqlənmək iddiası çox tez bir zamanda onun imzasını oxuculara tanıtdı.

Ədəbiyyatda istedad başlıca amildir, ancaq istedadlı olduğunu sübut eləmək üçün bir az da cəsarətli olmaq lazımdır və Elçin Hüseynbəylidə bu cəsarət kifayət qədərdir. Bu cəsarət ona imkan verib ki, layiq olduğu yeri tutsun və yazılarında da daxili azadlığını, sərbəst söz demək missiyasını qoruyub saxlasın. İlk yazılarını vaxtilə cavanların üz tutduğu «Gənclik» jurnalında dərc etdirən Elçin Hüseynbəyli indi gəncliyin sevimli dərgisi olan «Ulduz»un baş redaktorudur. O, bir baş redaktor kimi «Ulduz»un ənənəsini qoruyub saxlayır, bu jurnalın gənc ədəbi qüvvələrin ilk uçuş meydanına çevrilməsi üçün qayğısını əsirgəmir. Bir sözlə, cavanların ağsaqqalı olmaq kimi şərəfli bir vəzifəni yerinə yetirməyə çalışır.

Amma əlli yaşı olmasına baxmayaraq Elçin Hüseynbəyli cavan qalıb. Həm fiziki baxımdan, həm də daxilən. Daxilən cavan qalmaq o deməkdir ki, iyirmi, otuz yaşında olduğu kimi, qırxda da, əllidə də, lap altmışda da əvvəlki yaradıcılıq enerjisini qoruyub saxlayasan, cavan ikən qocalmayasan. Elçin Hüseynbəylinin şəninə heç bir tərif, tərənnüm yağışı yağdırmaq istəmirəm (yeri gəlmişkən deyim ki, onu da yerli-yersiz çox tərifləyiblər), ancaq bu həqiqətdir ki, müasir ədəbi prosesdə onun özünəməxsus, necə deyərlər, öz halal zəhmətiylə qazandığı, ucaldığı bir məqam var və mən də arzu edirəm ki, bu məqamdan o heç vaxt enməsin.
Elçin Hüseynbəyli əlli yaşına nə gətirib, hansı ədəbi uğurları ilə diqqəti cəlb edib-ilk növbədə, bu suallara statistikanın gözüylə baxaq. İrili-xırdalı xeyli hekayə, bir neçə povest, beş müasir, iki tarixi mövzuda yazılmış yeddi roman, publisistik və tənqidi yazılarından ibarət sanballı bir kitab, on beş pyes.. Bu əsərlərin müəyyən qismi rus və başqa dillərdə də çap olunub. Qibtə edilməli yaradıcılıq ömrüdür...

O ki qaldı keyfiyyətə. Bax, burada kəmiyyətlə keyfiyyətin əksər hallarda bir-birini tamamladığının şahidi olursan. Əlbəttə, bu sadaladığım əsərlərinin heç də hamısı əliyyüləla deyil və ümumiyyətlə, yer üzündə elə bir yazıçı tapılmaz ki, bütün yazdıqları eyni səviyyədə gözəl olsun, əla olsun, şedevr olsun. Ancaq söhbət ondan gedir ki, bütün yazılarını bir yerə toplayanda ümumi bir fikir hasil olur: bu yazıçı nə yazırsa-yazsın, bunların içərisində ədəbiyyatdan kənar heç nə yoxdur. Məsələn, mənim fikrimcə, Elçinin yeddi romanının bədii səviyyəsi, yaxud bir roman kimi janrın poetikasını özündə əks etdirməsi baxımından biri digərindən fərqlənir, amma bunları naşı bir romançı yazmayıb. Olsun ki, birində o, maksimum dərəcədə istəyinə nail olub, digərində isə nəsə çatışmır.

«Doxsanıncılar»ın ədəbiyyata gətirdiyi yeniliklər haqqında vaxtilə bir sıra mülahizələr də söylənilib. Bunları bir araya gətirsək, təxminən belə bir nəticə ilə razılaşmış olarıq ki, «doxsanıncılar» yeni tarixi dövrün bətnindən doğulmuşlar, onların ədəbiyyata, sənətə baxışları ilə qələmə aldığı əsərlərdə irəli sürdüyü fikirlər də üst-üstə düşür. Onlar mümkün qədər sxematizmdən, şablondan uzaqlaşır, özlərini ifadə etmək üçün yeni bədii maneralara üz tuturlar. Çox zaman eksperiment kimi qələmə verilən bu yeniliklər müəyyən mübahisələrə də meydan açırdı. Amma fakt budur ki, ədəbiyyatın özündə doğrudan da, yeni bir mərhələnin başlanğıcı onların adıyla da bağlıdır. «Doxsanıncılar» da eynən «altmışıncılar» kimi yenilik duyğusu ilə yazıb-yaradırdılar, ədəbiyyata yeni tipli obrazlar gətirirdilər və sözün həqiqi mənasında, müstəqilliyin onlara bəxş etdiyi söz azadlığının tamını hiss edirdilər. Bu mənada onlar «altmışıncılar»a nisbətən daha sərbəst idilər. Janrların müəyyən təkamül prosesini, şeirdə də, nəsrdə də, dramaturgiyada da, bədii publisistikada da dəyişən, yeniləşən ovqatı hiss etmək mümkün idi. Bu prosesi Elçin Hüseynbəylinin yaradıcılığında da izləmək mümkündür. Elçin Hüseynbəyli yaradıcılığı üçün səciyyəvi olan ən mühüm cəhət özünəməxsus təhkiyeyi-kəlamını qurmaq və söyləmək idi. Doxsanıncı illərin gərgin, təzadlı, mürəkkəb reallıqları ilə sanki bir araya sığmayan uşaqlıq və ilk gənclik aləminin romantik duyğularını qələmə almaq kiməsə təəccüblü görünə bilərdi. Elçin, ədəbiyyata belə demək mümkünsə, məhz uşaqlıq illərinin qanadlarında gəldi. 2001-ci ildə onun «Rəqs edən oğlan» hekayələr kitabı çapdan çıxdı və o zaman bu kitaba yazdığımız resenziyada qeyd etmişdik ki: ədəbiyyatımızda «kənd nəsri» ifadəsi ilə şərti mənada razılaşmaq olarsa, o zaman Əli Vəliyev, Sabir Əhmədli, İsa Hüseynov, Əkrəm Əylisli kimi yazıçıları ilkin xatırlamaq lazımdır. Əli Vəliyev Azərbaycan kəndinin zəngin folklorunu, adət-ənənələrini ədəbiyyata gətirdi, Sabir Əhmədli kəndin təzadlı, mürəkkəb mənzərələrini, sovet reallığının, sosialist gerçəkliyinin ağır, psixoloji durumunu canlandırdısa, İsa Hüseynov onun faciəsini qələmə aldı. Əkrəm Əylisli isə nəsr dililə kəndin poeziyasını, şeiriyyətini rəsm elədi, balaca bir uşağın-Sadığın gözüylə dünyanın göylərinə baxdı, dağlarına boylandı, adamların ürəyindəki nəğmələri dilləndirdi. Elçin Hüseynbəylinin nəsrində isə silsilə kənd nağıllarını dinlədik. Bu nağıllarda Simurq quşu, devlər, uçan xalçalar yox idi, gəşt eləyən pəhləvanlara, zalımlara qan udduran igidlərə də tuş gəlmədik. Onun «nağılları» Cəbrayılın Mahmudlu kəndində yaşayan balaca bir uşağın-Elçin Hüseynbəylinin yaşadığı dünyaya, bu dünyanın adamlarına, həyatın doğurduğu sevinclərə, qəmlərə, çölün çiçəyinə-gülünə, otuna, heyvanına sonsuz və həm də qəribə marağından yaranır. Çox-çox illər keçəcək, bu hekayələri yenidən oxuyacağıq. O uşağın hərəkətlərində hərdən-hərdən bir qəribəlik görəndə qətiyyən təəccüblənməyəcəyik, onun ağlı, hərəkətləri, düşüncə tərzi təkcə qəribəliyilə seçilmir, həm də tamam fərqli bir dünyagörüşə malik olmasıyla diqqəti cəlb edir.
Elçinin təsvir etdiyi «qəhrəman» romantik xəyallarla yaşayan, amma bu xəyalları gerçək həyatın reallıqları qarşısında duman kimi yox olan bir uşaqdır. «13 yaşlı romantik müqəssir» hekayəsini oxumaq kifayətdir ki, daim möcüzələr gözləyən, özü haqda əfsanələr quraşdıran, nağıllara inanan uşağın qəfil bir hadisədən sonra hansı ədalətsizliklə üzləşdiyinin şahidi olasan. Başqa bir hekayəyə müraciət edək. Görəcəyik ki, bu uşaq təkcə romantik xəyallarla yaşamır, həm də ətrafında baş verən hadisələrə də qiymət verə bilir. Təbii ki, uşaq ağlı ilə.
«Babamı kommunizmə çəpəki baxdığına görə tutublar. Düz baxsaydı, indi sağ-müsəlləm öz kəndində, doğma ev-eşiyində yaşayırdı, camahatın kişiləri kimi uşaxların yekəldərdi, tay nənəmin ümidinə qoymurdu. Babamı nənəmin qardaşı oğlunun xətrinə güllələmiyiblər, eləcə Sibirə sürgün eliyiblər. Daha dəqiqi, babamı nənəmin əri olduğuna görə güllələmiyiblər. Vallah, kişi hələ yaxşı qutardı. Yoxsa ki, ağzın nəydi sovet hökümətinə çəpəki nədi e, belə birtəhər baxasan. Adamı sorğusuz-filansız gülləliyirdilər».

«Babam, nənəm və kommunizm» adlı bu hekayə beləcə nağılvari bir üslubda davam edir. Bu üslubun bir məziyyəti də onun yumor çalarına bürünməsidir. Həmin hekayədə nəql olunur ki, baba şəkil çəkdirəndə düz qabağa-kommunizmə baxmalıymış, amma əksinə, yana baxıb və buna görə şəkli qəzetdə çıxanda kommunizmə düz baxmadığı üçün «kulak» adı ilə Sibirə sürgün eləyiblər. Bu faciə balaca uşağın diliylə nağıl kontekstində, yumoristik həllini tapır.
Elçinin nağılvari kontekstə üz tutması onun «Rəqs edən oğlan» kitabındakı digər hekayələrdə də açıqca görünür və bu cəhəti təkcə uşaqlıq illərinin yaddaşa həkk olunan sehrindən, cazibəsindən uzaqlaşa bilməməsi ilə izah etmək doğru olmazdı. İllər keçəcək, Elçinin «Tut ağacı boyunca», «Balıq adam», «Yovşan qağayılar», «Metro vadisi» kimi sırf psixoloji, «Don Juan», «Şah Abbas» kimi tarixi və hələlik sonuncu- «Yol ayrıcında qaçış» kimi romanlarında da həmin üsluba, təhkiyə tərzinə sadiqliyini hiss edəcəyik.

«Rəqs edən oğlan» kitabında Elçin Hüseynbəylinin «Şimallı gəlin», «Eşşək haqqında ballada», «Qarabağ şikəstəsi», «Keçid dövrünün toyuğu», «Oyun» kimi hekayələri də var ki, bunlar artıq keçid dövrünün -doxsanıncı illərin hadisələrindən söz açır. Elə hesab edirik ki, həmin o balaca uşaq artıq böyüyüb, o, daha xəyallarla yaşamır və hətta nağıllara da inanmır. Çünki «Mən keçid dövrünün adamıyam. Keçid dövrünün bütün qaydalarına əməl edirəm. İşıq pulunun dörddə birin verirəm və onu vermək üçün sayğacda yazılmış rəqəmlərin dörddə üçünü sildirirəm, həm də ciblərində siçanlar oynayan-hər halda özləri belə deyirlər-dövlət məmurlarına yardım edirəm…Keçid dövrünün yuxuların görürəm. Təsadüfən tapdığım bir diplomat dolları xərcləyirəm və zəhrimar yaman tez də qurtarır. ...Mən həmin yuxuları hər gün görürəm, görməsəm də uydururam…Hərdən müxalifətin piket, mitinqində iştirak edirəm. Fıştırıq çalıb, haya-küyə basmaq üçün. İmtahandan qiymət yazdırmaq üçün rüşvət verirəm».
Bu cümlələr «Keçid dövrünün toyuğu» hekayəsindən seçilmişdir və bir məzəli, amma düşündürücü əhvalatın süjetinə hopdurulub.

Heç bir yazıçı özünü ictimai-siyasi hadisələrdən kənara çəkə bilməz və doxsanıncı illər bu mənada Azərbaycan yazıçıları üçün sözünü deməyə, bilavasitə içində olduğu, yaxud müşahidə etdiyi hadisələrə, olaylara münasibətini bildirməyə imkan verdi. Ancaq şairlərdən fərqli olaraq nasirlər ictimai-siyasi hadisələrə bir qədər gec reaksiya verirlər. Bunun səbəbi odur ki, hekayədə, yaxud romanda və povestdə müşahidə, baş verən hadisələrin tədqiqi bir qədər vaxt aparır. Şair üçün tutalım, Xocalıda baş verən qırğına şeir həsr eləmək bir günün işidirsə, nasir bu hadisənin təfərrüatını öyrənmək və sonra bunları bədii reallığa çevirmək o qədər də asan görünmür. Elçin Hüseynbəyli Qarabağ hadisələrinə həsr etdiyi «Əsirlər» povestini də yalnız sonralar qələmə aldı. Bu povestdə Qarabağ müharibəsinin bir kiçik anı təsvir olunur. Ancaq bu kiçik anda, iki əsir düşmüş qardaşın xilas olmaq üçün yollar aradığı zaman müddətində yazıçı müharibə həqiqətlərini açıqlaya bilir və belə bir fikirlə qarşılaşırıq ki, müharibə təkcə ölüm-dirim savaşı, yaxud böyük dövlətlərin əli ilə quraşdırılan bir oyun deyil, həm də adi insanların şüurunda, psixologiyasında baş verən dəyişiliklər, ələlxüsus, düşünüb-daşınmağa, bu böyük bəlanın hardan gəldiyini anlamağa fürsət verən məqamdır.
Elçin Hüseynbəylinin son illərdə yazdığı «Gözünə gün düşür» hekayəsi isə, mən deyərdim, Qarabağ mövzusunda yazılmış ən gözəl nəsr əsərlərindən biridir.

Yeri gəlmişkən qeyd edim ki, Elçin Hüseynbəylinin publisist yazılarında 90-cı illərin ictimai-siyasi hadisələri, xüsusilə Qarabağda baş verən olaylar, müharibə dövrünün mürəkkəb ab-havası, iqtidar-müxalifət qarşıdurması, kütləvi informasiya vasitələrinin həmin dövrdəki fəaliyyəti, ayrı-ayrı siyasi partiyaların mövqeyi bu və ya digər dərəcədə öz əksini tapmışdır.
Adətən, bizim tanıdığımız, sevə-sevə oxuduğumuz yazıçılar nəsrin «klassik» qanununa riayət ediblər. Onlar əvvəlcə nəsrin ən kiçik janrına-hekayəyə üz tutublar, bu sahədə az-çox təcrübə və uğur qazanandan sonra povest yazmağa girişiblər. Povest isə daha məsuliyyətli bir janr - roman üçün sözün həqiqi mənasında bir sınağa çevrilir. V.Q. Belinski yazırdı ki: «Povest-hisslərə, minlərcə hisslərə parçalanmış romandır. Povest-romandan alınmış bir fəsildir…Povest qəti və sürətli, yüngül və dərin bir formadır; o, sürətlə bir şeydən digərinə keçir, həyatı ən xırda hissələrə bölür və böyük həyat kitabının ayrı-ayrı vərəqlərini qoparır».Deməli, romandan söz açanda onun nəsrin digər janrlarına nisbətən fundamental rolunu unutmamalıyıq. Belinskinin həmin tərifində təkcə həcm məsələsi qoyulmur, əgər povest «romandan alınmış bir fəsildirsə», deməli, roman dünyanı, cəmiyyəti, insanı və insan münasibətlərini daha dolğun əks etdirməklə diqqəti cəlb etməlidir. Heç şübhəsiz, xarici ədəbiyyatı mütaliədə vaxtını boş keçirməyən Elçin Hüseynbəyli müasir dünya nəsrində romanın bir janr kimi durumundan xəbərdardır. Roman get-gedə öz klassik ölçülərindən uzaqlaşmağa başlayır, janr hüdudlarını genişləndirir (elə Azərbaycan romanında qismən də olsa, bunu müşahidə etmək mümkündür), romanlarda psixologizm aparıcı istiqamətə çevrilir, simvollara, metaforik düşüncə tərzinə meyil artır və s. Əvvəllər birmənalı şəkildə romanda bir üslubun hakim mövqe tutduğunu iddia etmək mümkün idisə, indi bəzi romanlar müxtəlif üslubi istiqamətləri özündə birləşdirir. Bunu səkkiz ildə yeddi roman yazmış Elçin Hüseynbəylinin yaradıcılığında da izləyə bilərik.

«Tut ağacı boyunca», «Balıq adam», «Yovşan qağayılar», «Metro vadisi» romanları ilə Elçin Hüseynbəyli yaradıcılığında doğrudan da, yeni bir mərhələ başlandı. Bu mərhələni səciyyələndirməli olsaq, bədii düşüncənin artıq bir çevrədə qalmadığını, sintezə meyil etdiyini görərik. Onun romanlarından söz açan əksər müəlliflər bu əsərlərdə komizmlə tragizmin, gerçəkliklə fantaziyanın, realizmlə romantikanın, şairanəliklə vulqarizmin, estetizmlə antiestetizmin bir-birinə qaynayıb qovuşduğunu qeyd edirdilər. Bu əsərlərdə sırf realist səhnələr də var, romantika ilə süslənən təsvirlər, sürrealist boyalar da... Xüsusilə, bu romanları simvollar, rəmz və eyhamlar olmadan təsəvvür etmək mümkün deyil. Elçinin bu romanları barədə hərarətlə söz açan cavan həmkarım Ə.Cahangirin çox dəqiq mənalandırmasına görə: «Onun əvvəlki yazıları üçün (söhbət «Yovşan qağayılar»dan gedir-V.Y.) səciyyəvi olan orijinallıq cəhdləri, xüsusən də şüuraltı axın prosesini ətraf gerçəkliklə paralel vermək istəyi, bir-birinə daban-dabana zidd olan lirik və komik situasiyaların çulğalaşması, sosial-siyasi və əxlaqi-mənəvi imperativlərə qarşı etiraz ruhu, tarixiliklə çağdaşlığın vəhdəti, çağdaş problemlərin tarixi köklərinə varmaq ehtirası və bundan doğan çoxqatlılıq və s. kimi xüsusiyyətlər burada da özünü göstərir».

Və bütün bu romanlarda fərd və cəmiyyət, insan və zaman, şəxsiyyət və gerçəklik kimi problemlər öz əksini tapır. Təbii ki, Elçin Hüseynbəyli bu problemləri yalnız bir romanında həll edə bilməzdi, hətta deyə bilərik ki, heç dörd romanında da tamamilə həll etmək mümkün deyildi. Buna hətta bir yazıçı ömrü də yetməz. Amma ayrı-ayrı, özü də müxtəlif taleli insanların faciəsini əks etdirmək baxımından hər bir roman orijinallığı ilə seçilir.

O ki qaldı SİNTEZ məsələsinə…Bu, öncə qeyd etdiyimiz kimi, dünya ədəbi prosesində mövcud olan roman poetikasına xas olan bir xüsusiyyətdir. Roman artıq öz əvvəlki stixiyasını, yönünü və istiqamətini dəyişə-dəyişə yeniləşməkdədir. Bu yeniləşmənin aqibəti necə olacaq, bunu indidən proqnozlaşdırmaq çox çətindir. Elçinin «Tut ağacı boyunca», «Balıq adam», «Yovşan qağayılar», «Metro vadisi» romanları da müasir Azərbaycan nəsrində belə təşəbbüslərdən biridir. Onun yaradıcılığından söz açan müəlliflər M.Prustun, yaxud Dostoyevskinin təsirini qeyd etsələr də, bir cəhəti unutmayaq ki, modern düşüncəli E.Hüseynbəylinin nəsrində sırf milli kolorit güclüdür.
Bu yazıda Elçinin adını çəkdiyim romanları barədə geniş söz açmaq imkanım yoxdur. Bununla belə bəzi məqamları nəzərə çarpdırıb bu romanlarda müəllifin bədii-estetik məramını nəzərə çarpdırmaq istəyirəm.

«Tut ağacı boyunca» mənim fikrimcə, insan hisslərinin iki bir-birinə zidd təzahürünü qarşı-qarşıya qoyur. Əsərin tələbə qəhrəmanı üçün həyat, gözəllik və sevgi sanki özünü dərk etmək üçün bir sınaqdır. Bu qəhrəman çox mürəkkəb, xaotik bir həyat tərzi keçirir. Onun sevdiyi qıza- Ayişəyə münasibəti alışqanlıqdan sevgiyə doğru böyük bir yol, məsafə qət edir. Seksual həyatından məmnun olan bu adam ikili həyat tərzi keçirir; bir tərəfdən özü də hiss etmədən Ayişəyə vurulur, alışqanlıq get-gedə məhəbbətə çevrilir. Ancaq bu hiss yalnız Ayişənin ölümündən sonra qətiləşir.

Əsərdə Ayişəylə, onun saf, təmiz hissləri, həmçinin faciəli həyatı ilə bağlı təsirli səhnələr də diqqətdən yayınmır və bu saflıq- bir qızın gözəl duyğuları tələbə gəncin mənasız həyatına da işıq salır. «Tut ağacı boyunca» əsərindəki qəhrəmanlar istər-istəməz Anarın «Beşmərtəbəli evin altıncı mərtəbəsi» romanındakı Zaur və Təhminəni xatırladır. Hər iki əsərin sonluğu kişi qəhrəmanın sevdiyi qadının yoxluğundan yaranan əzablı düşüncələri ilə yadda qalır. Oxşarlıq ancaq bundadır: Qadın məhəbbəti kişini həyatın hər cür bayağı, adi və ötəri hisslərindən təmizləyir. Ancaq Təhminə ilə Ayişənin və Elçinin tələbə qəhrəmanı ilə Zaur arasında fərqli xüsusiyyətlər daha çox diqqəti cəlb edir.Təhminə və Zaur altmışıncı illərin ədəbi qəhrəmanlarıdır. O zaman Təhminə, Elçin Əfəndiyevin doğru qeyd etdiyi kimi, «öz emansipasiyasını, modernliyini necə əzabla, necə hisslərə qapılaraq özünə dərd edirdi». Məlum məsələdir ki, Təhminənin yaşadığı mühit qadının sərbəstliyi, modernliyi üçün keçilməz bir maneə idi. Ayişə üçünsə belə bir maneə görünmür. O, sadəcə, şəxsi faciələrini yaşayır. Elçin Hüseynbəylinin tələbə qəhrəmanı isə Zaurdan fərqli olaraq daha sərbəstdir.

Ümumiyyətlə, ilk hekayələrindən və «Tut ağacı boyunca» əsərindən başlayaraq Elçin Hüseynbəyli cəmiiyyətdə baş verən yeni ictimai, mənəvi prosesləri əks etdirməyə çalışır. Dəyişən dünya və dəyişən insanlar Elçin Hüseynbəylinin müasir mövzuda yazdığı əsərlərin başlıca leytmotivini təşkil edir. Bu onun «Balıq adam» romanında da aparıcı xəttə çevrilir. Əgər «Tut ağacı boyunca» romanında müəllifi cəmiyyətin dəyişən meyarları deyil, fərdlərin şəxsi taleləri düşündürürdüsə, «Balıq-adam» fərdlərin taleyini cəmiyyətin prizmasından izləyir. Cəmiyyətdə isə forma yox, mahiyyət dəyişir, daha doğrusu, insanların içi dəyişir. İnsanları akvarium balığına çevirib mənəvi azadlığından məhrum etmək, cılızlaşdırmaq, sonra da dənizin dibinə buraxıb suyun axarına tapşırmaq…bu, içimizdə yaşanan səssiz repressiyadır.

Elçin Hüseynbəylinin ən sanballı romanı «Yovşan qağayılar»dır desəm, bəlkə də mübahisə doğurar. Ancaq mən bunun fərqinə varmıram. Bu romanda da dəyişən dünya məkan obyekti seçilmişdir. Hadisələr çar zamanında cərəyan edir. Roman Mahmud bəyin timsalında igidliyi, mərdliyi, kişiliyi vəsf edir və belə bir həqiqəti ortaya qoyur ki, babaların keçdiyi yol haçansa, tarixin hansı dönəmindəsə bir də təkrarlanacaq. Əsərdə bu mənada YADDAŞ böyük rol oynayır və deyərdim ki, romanın sosial mahiyyəti və bədii-estetik dəyəri də elə bununla bağlıdır. Yaddaşsızlıq başlanan yerdə insanın, millətin, xalqın mənəvi ölümü baş verir. Amma nə yaxşı ki, Yaddaş diridir, ölmür.

Elçin Hüseynbəylinin birincisini roman-ekskürs, digərini isə roman-xronika adlandırdığı iki romanı da var: «On üçüncü həvari-141-ci Don Juan» və «Şah Abbas». Müasir həyatdan, gerçəklikdən uzaq tarixi keçmişə adlamaq bizim bir çox yazıçılarımıza xas olan bir cəhətdir ki, bu artıq bir ənənəyə çevrilmişdir. İsa Hüseynovun müharibədən sonrakı Azərbaycan kəndinin təsvirindən, bu kəndin sosial faciələrinin inikasından sonra Nizami və Nəsimi dövrünə üz tutması, Elçin (Elçin Əfəndiyevin - V.Y.) «Bir görüşün tarixçəsi», «Şuşaya duman gəlib», «Dolça» əhvalatlarından sonra «Mahmud və Məryəm»də Azərbaycan tarixinin ən keşməkeşli bir dövrünə-XV əsrin qanlı, müdhiş hadisələrinə müraciət etməsi, yaxud Çingiz Hüseynovun «Məhəmməd, Məmməd, Məmiş»dən sonra Axundov əsrinə gedib çıxması bir kimsədə təəccüb doğurmur. Ancaq söhbət ondan getməlidir ki, yazıçı tarixə müraciət edəndə hansı prinsipləri əsas tutur.Tarixin müəyyən bir dövrünü əks etdirən roman hansı mərama xidmət edir. Və nəhayət, bu tarixi roman oxucuya hansı formada təqdim edilir? Axı, eyni üsulla, tarixdən bizə məlum olan bir şəxsiyyətin (dövlət xadiminin, sərkərdənin, söz ustasının) həyatından məlum tərcümeyi-halı bədiiləşdirib təqdim etmək yolu ilə yazılan əsərlər az deyil. Sadəcə, «tərcümeyi-hal» romanı…Elə deyilmi? Yaxın tarixi keçmişin sovet yazıçısı, özü də bir çox tarixi romanların müəllifi S.Zlobinin bu gün üçün də əhəmiyyətini itirməyən bir fikrini xatırlatmaq istəyirəm: «Tez-tez bizim ədəbiyyatçılar, tənqidçilər «müasir» və «tarixi» roman anlayışlarını qarşı-qarşıya qoyurlar. Mən tarixi romandan söz açanda onu heç də müasir mövzuda yazılan romana qarşı qoymuram. Çünki «tarixi» məfhumunun özü «müasir» məfhumuna qarşı qoyula bilməz. İndi və keçmiş-bunlar bir-birinə zidd anlayışlar deyil. Tarix bu gün yenidən başlamaq üçün dünən qurtarmır. Bu, vahid prosesdir».

Fikrimcə, Elçin Hüseynbəylinin «Don Juan» və «Şah Abbas» romanlarında da «tarixi» və «müasir» məfhumlarının qovuşduğu danılmaz bir həqiqətdir. «Don Juan»da müəllif özü də romanın personajlarından birinə çevrilir, Azərbaycan Don Juanının keçdiyi yolları sanki addım-addım izləyir, həm tarixi yeni gözlə «oxuyur», həm də ulu babasının hərəkət və əməllərini, yanlışmı, doğrumu düşündüyünü maraqlı, cəzbedici bir süjet daxilində oxucuya təqdim edir. «Şah Abbas» romanı isə doğrudan da tarixi xronikadır və bizim bu tipli tarixi romanlar içərisində növbəti bir cəhddir ki, tarixi mənbələr və qaynaqlara istinad edib daha bir şəxsiyyətin ömür yolunu gözlərimiz qarşısında canlandırır. Burada ənənədən gələn bədii priyom və üsullarla qarşılaşsaq da, Elçin Hüseynbəylinin özünəməxsus bədii təsvir ustalığı, obrazları məhz canlı, koloritli boyalarla, həm də bütün mürəkkəbliyi ilə əks etdirmək məharəti diqqətdən yayınmır.

Elçin Hüseynbəylinin nəsr yaradıcılığı haqqında bu ümumi fikir və mülahizələrimi yazıda nəzərinizə çatdırmaqda bir məqsədim oldu. O da bundan ibarətdir ki, onun yaradıcılığındakı bu «çevrilmələr» -həm mövzularının rəngərəngliyi, həm qaldırdığı problemlərin gərəkliliyi, həm də bunları özünəməxsus bir şəkildə bədii materiala çevirməsi, bu yolda dünya və milli ədəbiyyatda məlum və həm də yeni bədii priyomlarla oxucuya çatdırması onun orijinal yazıçı olmağını təsdiq edir.

2004-cü ildə, Elçin Hüseynbəylinin «Balıq adam» kitabının müzakirəsinə həsr edilmiş yığıncaqda Xalq yazıçısı Anar belə bir söz söylədi: «Bu romanla bağlı Elçinə bir şeyi arzu edərdim. Mənə elə gəlir ki, o bir qədər realist olmaqdan qorxur, çəkinir. Halbuki, onun güclü cəhəti məhz incə realistik təsvirlərindədir. Amma o, elə bil düşünür ki, birdən ona deyərlər, sən dəbdən düşmüş üslubda yazırsan, bu, keçmiş etapdır və buna görə də, əsərinə modernizm elementləri qatır. Demək istəyirəm ki, modernizm elementləri olmasaydı da, mən bu əsəri maraqla izləyərdim, çünki orada insan taleyi, insan psixologiyası çox dəqiqliklə təsvir olunur». Bu sitatda mənim xüsusi vurğulamaq istədiyim fikir də məhz onun «realist olmaqdan qorxmasıyla» bağlıdır.Təbii ki, Elçinin bədii düşüncəsində modernizm çalarları güclüdür və yuxarıda adlarını çəkdiyim romanlarda da siz bunu arayıb-axtarmaqda heç bir çətinlik çəkməzsiniz. Bəlkə də, E.Hüseynbəyli Anar müəllmin dediyi kimi, əsərinə modernizm elementləri qatır ki, onu ənənəçi adlandırmasınlar.Ola bilər.

Budur, Elçin Hüseynbəylinin «Yolayrıcında qaçış» romanı («Azərbaycan» jurnalı, 2010, № 10) onun nəsr yaradıcılığında artıq realist olmaqdan qorxmayan, həyat həqiqətlərini məhz realistik üslubla əks etdirən bir əsər kimi diqqəti cəlb etdi.
«Yolayrıcında qaçış» müasir dövrün romanıdır və burada təsvir olunan hadisələr də bizə tanışdır. Mən romanın məzmununu təfərrüatı ilə danışıb sizi yormaq istəmirəm. Amma xüsusi bir qeydə ehtiyac var. Roman qloballaşan dünyada çaşmış insanlar barədədir. Və təsadüfi deyil ki, müəllif romanı elə bu cür də xarakterizə edir. Züleyxa və Fatimənin timsalında Qərb-Şərq ziddiyyətlərini qələmə alan müəllif, əsərin ideyasını, qəhrəmanının dililə İstanbul konfransındakı çıxışında açıqlayır və bunu elə ustalıqla edir ki, əsərə yamaq kimi görünmür. Züleyxa Qərb düşüncəsinin, Fatimə isə Şərq təfəkkürünün daşıyıcısıdır və onların sevdikləri Məhəmməd bu ziddiyyətin qurbanı olur. Əsərdə iki azərbaycanlı qadının faciəli taleyi izlənilir. Onlar çaşmış azərbaycanlıların rəmzidir. Əqlən qərbli, qəlbən şərqli olan cavanlarımız qloballaşan dünyada çaşmağa məhkumdurlar.

Şərq ədəbiyyatında ənənəvi Yusif-Züleyxa macərası bu əsərə də təsirsiz qalmır, bu əsərdə də Züleyza Yusifə aşiq olur, dastanın prozaik bir «versiyası» yaranır. Amma bir qədər fərqli. Yusifin yaraşıqlı boyuna, idmançı qamətinə vurulan Züleyxa bir neçə cəhddən sonra istədiyinə nail olur. Züleyxa məhlənin uşaqlarına «kim mənə Yusifin ora girdiyini xəbər eləsə, döşlərimi ona göstərərəm» deyir və cilovlaya bilmədiyi ehtiraslarını gizlədə bilmir. Nəhayət, o, Yusifgilin duşxanasına girib «məsələni» elə oradaca həll edir. Daha eşq yolunda çəkilən sürəkli əzab-əziyyətə ehtiyac qalmır. Sonra isə məlum olur ki, Züleyxa Yusifdən uşağa qalır. Atasının və bacısı Fatimənin qəzəbinə düçar olan Züleyxanın yolları Dubaydan keçir, sonra bu yollar onu Türkiyəyə aparıb çıxarır. Orada zəngin olur, şəkli qəzetləri bəzəyir. Məhlə uşaqlarından biri -artıq böyüyüb yaşa dolmuş Jurnalist Züleyxanın Türkiyədə yaşadığını öyrənir və onu axtarmağa başlayır.

Elçin Hüseynbəylinin bu romanda əvvəlki romanları ilə müqayisədə həm irəlilədiyini, həm də bir qədər gerilədiyini nəzərə çarpdırmaq istəyirəm. Onun yazıçı ustalığının və səviyyəsinin bu romanda artı
 
Qloballaşmanın beyinlərə və şüurlara hakim kəsildiyi bir vaxtda bu cür əsərin yazılması peşəkarlığa və vətəndaş mövqeyinə bir işarədir.

…Bu yazını mən Elçin Hüseynbəylinin əlli yaşı münasibətilə qələmə aldım. Onun yaradıcılığında nəsr irəlici və aparıcı olduğu üçün diqqətimi daha çox bu səmtə yönəltdim. Elçin Hüseynbəylinin doxsanıncı illərdən başlayaraq mətbuatda bir publisist kimi məhsuldar fəaliyyəti təkcə kəmiyyət göstəricisi olub qalmadı və etiraf etmək lazımdır ki, o, artıq bu sahədə öz dəst-xəttini qoymuşdur. Dramaturgiyasına gəldikdə isə, o, öncə qeyd etdiyimiz kimi, artıq on beş irili-xırdalı pyesin müəllifidir və bu əsərlərin bir çoxu müxtəlif teatrlarda tamaşaya da qoyulub. Bu pyeslər barədə bizim tanınmış bir dramaturqumuz-Əli Əmirlinin bir fikrini xatırlatmaq istəyirəm. Əli Əmirli deyir ki, dramaturgiyada Elçin Hüseynbəylinin sözü yenidir.

Elçin Hüseynbəylinin «Cənab XXI əsr» adlı bir kitabı var və o kitabda publisistik əsərləri toplanıb. Bu da fikrimcə, rəmzi məna daşıyır. Yaradıcılığa keçən əsrin sonlarında başlasa da, Elçin, əslində, yeni - XXI ƏSRİN yazıçısıdır.; SALAM, ELÇİN HÜSEYNBƏYLİ!
 
“Azərbaycan” jurnalı

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.