Eldar Həsənovun vaxtında yazılan kitabı
08.10.15

"Avanqard.net" Azərbaycan Respublikasının Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinada Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənovun yeni çapdan çıxan "Balkanların dostluq körpüsü boyunca" kitabı haqqında yazını təqdim edir.

«Mənim qənaətimə görə, ölkələrimizdə formalaşmış ictimai şüur milli və dini zəmində münaqişə yaratmağa yönəlik istənilən neqativ prosesin qarşısını almağa qadirdir. Millətlər arasında nifaq salmağa, ziddiyyətlər yaratmağa çalışan, işğal planları quran insanlar gec-tez tamamilə marjinallaşmağa və öz həmvətənləri tərəfindən ittiham edilməyə məhkumdur. Elə ona görə də Balkan və Cənub Qafqaz ölkələrinin gələcəyinə nikbin baxıram. Ölkələrimiz, xalqlarımız daha yaxşı gələcəyə layiqdir və bu yolda inamla addımlayırlar. Balkan ölkələrinə həsr olunmuş, böyük sevgiylə qələmə aldığım bu kitab da ümid edirəm ki, bizim bir-birimizi daha yaxşı başa düşməyimizə, deməli, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına kömək edəcək...»

Müəllifdən



Müasir dünyanın hansı problemlərlə üzləşdiyi, bu problemlərin qarşısında hansı acizanə duruma düşdüyü bu gün artıq heç kəsə sirr deyil. Hazırda müxtəlif beynəlxalq auditoriyalarda, eləcə də virtual məkanın intensiv sosial-şəbəkə sistemində geniş diskussiyaların, qızğın müzakirələrin başlıca mövzusuna çevrilən bu neqativ prosesin səbəbləri ciddi araşdırılmaqda, müxtəlif versiyalar səslənməkdədir. Təbii ki, səbəblər çoxdur, amma əksər politoloqların, tanınmış siyasətçilərin, nüfuzlu söz sahiblərinin haqlı olaraq iddia etdiyi kimi, bütün bu mənfi təmayüllərin kökündə separatizm bəlası durur. Zaman-zaman həm öz xalqına, həm də digər millətlərə nifrət aşılayan təhrikçilər təəssüf ki, bu gün də şər əməllərindən əl çəkmir, xalqlar və millətlər arasına nifaq toxumu səpməklə insanları bir-birinə düşmən etməyə, bəşəriyyəti uçuruma sürükləməyə həvəsli görünürlər. Dahi Nizami Gəncəvinin əsrlərin o başından gələn müdrik səsi bu gün nə qədər aktualdır:

«Nifaq olan yerdə fəlakət də var,
Səadət günəşi birlikdən doğar!»


Yaxud, ciddi problemlərlə üzləşmiş müasir dünyanın ürək ağrıdan mənzərəsinə nəzər salanda, insanların düşdüyü bu ağır vəziyyətdən çıxış yolu axtaranda Balkan ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı İvo Andriçin sözlərini yada salmaya bilmirsən: «Axırı yaxşı qurtaran ortaq fəlakət qədər heç nə insanı insana bağlaya bilməz».

Bu müdrik kəlamları heç də təsadüfən xatırlatmadıq. Ölkəmizin Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinada Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənovun belə bir gərgin beynəlxalq durumda, necə deyərlər, əsl vaxtında qələmə aldığı «Balkanların dostluq körpüsü boyunca» adlı yeni kiabı məhz bu epiqraflarla açılır. Və müəllif öz məramını elə kitabın girişindəcə açıqlayır: «Şübhə etmirəm ki, bu kitab vasitəsilə Balkanları tanıyandan sonra siz o torpaqları, o insanları sevəcəksiniz. İstədiyim budur ki, Balkanlardan uzaq ölkələrin adamları bu torpaqlara onu ürəkdən sevən bir əcnəbinin gözüylə baxa bilsinlər. Görsünlər ki, bu region Avropanın bir parçası olaraq nə kimi çətinliklərə sinə gərib, insanlar arasında inam və etimadın bərpası yolunda nə qədər əziyyətlərdən keçib. Balkan əhalisinin çəkdiyi əzablar dərin hörmət və ehtirama layiqdir!»

Əlavə edək ki, adı çəkilən kitab müəllifn bu qəbildən ilk işi deyil, bir neçə il əvvəl onun «Slavyan dənizindəki Latın adasında» adlı sözün hər mənasında mükəmməl bir kitabı çapdan çıxmışdı – Eldar Həsənov həmin kitabı uzun müddət səfir kimi çalışdığı Rumıniyadan yazmışdı. Eynən o cür də hazırkı nəşri dəyərləndirmək olar: son illər Balkan ölkələrində müstəqil respublikamızın diplomatik nümayəndəliyinə rəhbərlik edən müəllif doğma vətənimiz Azərbaycanın Qərbi Balkan ölkələri ilə qarşılıqlı münasibətlərini təhlil etməklə, həmçinin regionda əsrlər boyu baş vermiş hadisələri müasir dövrümüzədək diqqətlə araşdır-maqla oxuduqlarını, gördüklərini, yaşadıqlarını qələmə almağa, bölgənin zəngin tarixindən, mədəniyyətindən, görkəmli şəxsiyyətlərindən, tarixi memarlıq abidələrindən söz açmağa, düşüncələrini bölüşməyə çalışıb. Keçmişə maraqlı ekskurs edən müəllif diqqəti tarixin müxtəlif mərhə-lələrində ortaya çıxan ziddiyyətli məqamların üzərinə çəkir, hadisələrin səbəb və nəticələrini araşdırır, müxtəlif inanclı xalqların adət-ənənələrindəki dəyərləri əsas götürür, sanki onları dünyaya qovuşduracaq körpünün yerini göstərir. Kitabda Qərbi Balkanın Avropanın vacib bir hissəsi kimi dünya məkanında sülhün və təhlükəsizliyin təminatı üçün güclü potensiala malik olması xüsusi vurğulanır.

Sirr deyil ki, Sovetlər birliyi dönəmində Azərbaycanın xarici ölkələrlə siyasi, elmi və  mədəni əlaqələri sistemli xarakter daşımırdı; hələ «mədəni diplomatiya» anlayışı şüurlarda bərqərar olmamışdı və ən müxtəlif əlaqələrin qurulması məsələsi dövlət səviyyəsində koordinasiya olunmurdu.

Postsovet dönəmində istər dövlət, istər ictimai təşkilatlar, ayrı-ayrı elm və sənət xadimlərinin təşəbbüsü ilə beynəlxalq əlaqələrin qurulması artıq davamlı prosesə çevrilib. Bu fəaliyyət sferası müstəqil dövlətimizin qloballaşan dünyada öz layiqli yerini tutmasına, milli mənafeyə söykənən sabit münasibətlərin möhkəmlənməsinə xidmət edir.

Əhatəli Giriş və Xülasə də daxil olmala, kitab səkkiz fəsildən ibarətdir. Burda Qərbi Balkan ölkələrinin coğrafi koordinatları və strateji əhəmiyyətindən, qloballaşma şəraitindəki iqtisadiyyatından, üç dinin (pravoslav, katolik və islam) daşıyıcıları olan cənub slavyanlarının görkəmli tarixi şəxsiyyətlərindən (Kiril, Mefodi, Müqəddəs Savva, Sokollu Mehmet Paşa, Vuk Karaçiç, Bojidar Podqoriçanin, I Aleksandr Karacorceviç, II Petar Petroviç, İosif Broz Tito), elm və sənət adamlarından (Nikola Tesla, Mixaylo Pupin, İvo Andriç, Meşa Selimoviç, Frans Preşern, Miroslav Krleja, Milorad Paviç, Emir Kusturitsa), bu xalqların bəşər tarixinə verdikləri böyük töhfələrdən, eyni zamanda cənub slavyanlarının Bizans mənəvi modelinin təsir dairəsinə düşmüş incəsənətindən, katolik Romasının təsiri altındakı memarlığından, qədim kilsə və camilərindən, tarixi məkanlarından (Bled, Dubrovnik, Oxrid, Blaqay Təkyəsi, Cerdap və Durmitor milli parkları) və ayrı-ayı şəhərlərindən (Belqrad, Novi Sad, Zaqreb, Split, Sarayevo, Banyaluka, Mostar, Çetinye, Skopye, Bitola, Maribor və s.) geniş bəhs olunur. Bir sözlə, müəllifin hərtərəfli araşdırması ilə tanış olan oxucu bu kitabda Qərbi Balkanların tarixi gerçəkliyi və müasır həyatı ilə bağlı, demək olar ki, bütün suallara cavab tapa bilər.

Kitabın böyük bir bölümü Azərbaycanla Qərbi Balkan ölkələri arasındakı mədəni əlaqələrə, dostluq münasibətlərinə, iqtisadi-siyasi əməkdaşlığa həsr olunub. O cümlədən, İkinci dünya müharibəsində faşizmə qarşı cəsur yuqoslav partizanları ilə bir sırada mübarizə aparmış Mehdi Hüseynzadəyə xüsusi yer ayrılıb – burda adı bu gün də hörmətlə anılan əfsanəvi Mixaylonun sloven kəndi Vitovedə həlak olduğu yerdən, həmçinin tərkibi azərbaycanlı döyüşçülərdən formalaşdırılmış və Belqradın azadlığinda müstəsna xidmətlər göstərmiş 223-cü Azərbaycan diviziyasından geniş söz açılır.

«Köhnə dostluq yeni zəmində» adlanan fəsildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hələ keçmiş sovet dönəmində, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi 1986-cı ildə Yuqoslaviyanın paytaxtı Belqrada səfəri xatirlanır, qeyd olunur ki, SSRİ-nin parçalanmasından sonra Azərbaycan müstəqil şəkildə bu ölkələrlə diplomatik əlaqələr qurdu və dostluq, əməkdaşlıq münasibətləri yeni inkişaf mərhələsinə keçdi. Bu mərhələ rəsmi səfərlər baxımından xeyli zəngindir. Belə ki, təkcə elə 2005-2015-ci illər arasıında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Zaqrebə, Lyublyanaya, Podqoritsaya, Belqrada və qarşılıqlı olaraq Xorvatiya, Sloveniya, Monteneqro, Serbiya, Makedoniya, Bosniya və Herseqovina prezidentlərinin, Baş nazirlərinin, Xarici İşlər nazirlərinin Azərbaycana səfərlərini göstərmək olar. Elə görülən işlərin heyrətamiz həcmi də (Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda Dostluq parkının, görmə qabiliyyəti zəif olan uşaq və yeniyetmələr Mərkəzinin və Bakı küçəsinin təmiri; Belqradda «Taşmaydan» parkı və Bayraqlı Caminin yenidən qurulması; Novi Pazarda Mədəniyyət mərkəzinin, Petrovaradində Müqəddəs Petka kilsəsinin, Podqoritsada Kral parkı və Bakı küçəsinin abadlaşdırılması və s.) məhz bu qarşılıqlı əməkdaşlıq münasibətlərinin nəticəsidir. Sadalanan faktlar görülən işlərin cüzi bir qismidir və müəllifin qeyd etdiyi kimi, Qərbi Balkan ölkələrində aparılan bərpa və yenilənmə işləri eyni uğurla davam etdirilir.

Hələ 2013-cü ilin fevralında dünya şöhrətli serb alimi Nikola Teslanın Bakıda abidəsinin açılışı zamanı Azərbaycan prezidenti bildirmişdi ki, dünya elminin inkişafına böyük töhfələr vermiş Teslanın abidəsi iki ölkə arasında münasibətlərin yeni səhifəsini açır.

Həqiqətən də belədir. Bu gün Belqradın «Taşmaydan» parkında iki abidə ucalır. Bunlardan biri dünya miqyaslı böyük siyasi xadim Heydər Əliyevin, digəri isə – görkəmli serb yazıçısı Milorad Paviçin abidəsidir. Kitabı vərəqlədikcə bu qəbildən bir sıra ürəkaçan faktların şahidi oluruq. Məlum olur ki, Novi Sad şəhərində, Dunay çayının sahilində Üzeyir Hacıbəylinin xatirə kompleksi var. 2011-ci ildə yaradılan bu möhtəşəm kompleks bizə mədəniyyətimiz və musiqimiz arasındakı yaxınlıqdan, xoş münasibətlərdən xəbər verir. Yaxud görkəmli şair və dramaturq Hüseyn Cavidin Podqoritsadakı büstü Azərbaycanla Monteneqro arasında dostluğun bir simvoludur. Təsadüfi deyil ki, bu büst öz naşirlik fəaliyyəti ilə cənubi slavyan ölkələrinin mədəni inkişafına böyük töhfələr vermiş Bojidar Podqoriçaninin büstü ilə yanaşı qoyulub.

Kitabla tanışlıqdan öyrənirik ki, Serbiyada yalnız bir neçə ölkənin – Fransa, Rusiya, Almaniya, İspaniya, Böyük Britaniya, ABŞ kimi böyük dövlətlərin mədəniyyət mərkəzi var və artıq Azərbaycan da bu sıraya daxildir. Mərkəzin işi mədəniyyət xadimləri, elm və təhsil müəssisələri ilə əlaqələr qurmaq, xalqlarımızın daha da yaxınlaşması üçün mədəni əməkdaşlığa şərait yaratmaqdır. Səfirliyimizin təşəbbüsü ilə burda artıq serb və Çernoqoriya dillərində bir sıra kitablar nəşr olunub: "Görkəmli adamların həyatı" silsiləsindən «Heydər Əliyev» və professor Zemfira Səfərovanın «Üzeyir Hacıbəyli» kitabları, Cəlil Məmmədquluzadənin «Seçilmiş əsərləri», Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” kitabı, Rəsul Rzanın «Rənglər» poeması, Elçinin «Ölüm hökmü», Çingiz Abdullayevin “Balkan opponentləri”, Kamal Abdullanın «Yarımçıq əlyazma» romanları, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış «Qarabağ həqiqəti» bukleti, «Erməni soyqırımı: miflər və gerçəklər», «223-cü Qırmızı Bayraqlı Belqrad diviziyası» adlı sənədli kitablar və sair. Eləcə də, 2011-ci ildə Milorad Paviçin məşhur «Xəzər lüğəti» romanı, 2015-ci ildə isə Yasmina Mixayloviçin «Xəzər dənizinin sahillərində» əsəri serbcədən dilimizə çevrilərək Bakıda nəşr olunub. Kitabda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin  adı da minnətdarlıqla xatırlanır, Mərkəzdə məşhur serb yazarları İvo Andriçin seçilmiş əsərlərinin və Milorad Paviçin «Küləyin astar üzü» romanının Azərbaycan dilinə tərcüməsi qeyd olunur.

Sonda qeyd edək ki, bu dəyərli kitab hüquq elmləri doktoru, professor Eldar Həsənovun Azərbaycanda və dünyanın müxtəlif ölkələrində çap olunmuş sayca 25-ci kitabıdır. Bu nəşri müəyyən mənada yubiley nəşri də hesab etmək mümkündür və bu münasibətlə müəllifi təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

Səxavət Sahil





















Belqradın «Taşmaydan» parkında Heydər Əliyevin abidəsi






















Novi Sad şəhərində Üzeyir Hacıbəylinin abidəsinin açılışı






















Podqoritsanın Kral parkında Hüseyn Cavidin abidəsinin açılışı






















Monteneqro paytaxtındakı Bakı küçəsi
























Serbiya paytaxtında Bəxtiyar Vahabzadənin adını daşıyan küçənin açılışı






















Sarayevo şəhərindəki Bakı küçəsi























Blaqay Təkyəsi. Bosniya və Herseqovina























Bled. Sloveniya













































Belqradın «Taşmaydan» parkında Milorad Paviçin abidəsi

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.