Kənan Hacı: "Qadınına xəyanət etməyən kişi tapmaq mümkün deyil"
23.09.15

"Avanqard.net" yazıçı Kənan Hacı ilə müsahibəni təqdim edir.


- Kənan bəy, indi necəsiniz? Xəstəliyə güc gələ bilirsinizmi, üstünlük hansınızdadır?

- Mən artıq xəstəliyimlə bağlı nəsə danışmaq istəmirəm. Çünki bu mövzu özümü də bezdirib. Yaxın günlərdə gedib Türkiyədə yenidən müayinədən keçmək haqda düşünürəm. Bundan artıq heç nə demək istəmirəm.

- Yaradıcılığınızdan indi hansı qoxu gəlir? Nə yazırsız, nədən yazırsız, necə yazırsız?

- Yaradıcılıqda heç bir yenilik yoxdur. Ara-sıra sayt üçün yazılar yazıram, yaradıcılıqla məşğul olmaq üçün gücüm qalmayıb.

- "Görmür qan süzülür arzularımdan, səbrimin dizləri didik-didikdi" deyir, Kənan Hacı şeirlərinin birində. Bu şeir də xəstəlikdən doğulduğu üçünmü belə qan verir, yoxsa ki, tam başqa səbəbdəndir?

- Yox, bu şeirin xəstəliklə heç bir əlaqəsi yoxdur. Sadəcə, obrazlı deyimdir, vəssalam.

- Deyəsən gizlədirsiz səbəbini?

- Gizlədəsi olsam, onda gərək bütün sevgi şeirlərimi gizlədim. Şəxsi duyğuların məhsuludur və bu, bütün şairlərin yaradıcılığında var.

- Axı sizin bir nakam sevgi tarixçəniz də olub.

- Rumiyyə xanım, bu nakam sevgi hər kəsin həyatında olub da. Lermontovun şeiri yadıma düşdü: "Ürəkdə hər nə ki, var, hamını açıb deməkmi olar?"

- Bu şeirlərin o nakam sevgidən doğduğunu demək olarmı?

- Bütün sevgi şeirləri nakamlığın məhsuludur.

- Yenə də sevirsinizmi onu, yoxsa İlhamə xanım ağzınızdakı o acı sevgi tamını dəyişməyi bacardı?

- Rəhmətlik Tofiq Bayram deyirdi ki, "şairə nə qədər keşik çəksən də, hardasa bir gizli məhəbbəti var". Əlbəttə, bu, bir zarafatdır. Şair sevgisiz qalanda da mütləq özü üçün xəyali bir sevgi uydurur, çünki bunsuz yazmaq mümkün deyil. Bizi də Allah belə bədbəxt yaradıb… Amma mənim həyatımda İlhamənin xüsusi yeri var, həmişə mənim yanımda oldu. Mənim bütün kaprizlərimə dözən yeganə qadındır o.

- İlhamə xanımın sizə olan diqqəti və qayğısı, həqiqətən də əhsənə layiqdir. Ana heç dözməzdi bu qədər balasının kaprizlərinə…

- Tam razıyam.

- Bir məsələyə toxunum, ananız sizi sevdiyiniz qızdan ayırdı və həyatdan küsdürdü, ancaq İlhamə xanım sizi həyata bağladı...

- Hə, o vaxt belə bir şey olmuşdu. And içmişdim ki, bir daha  evlənməyəcəyəm. Valideynlərim mənim toyumu görmədi. Sonra dünyada təmtək qaldım. Həyatımda çoxlu qadınlar oldu, amma onların heç biri məni bu təkliyin əlindən ala bilmədi. Bir tək həyat yoldaşım mənim təkliyimin dərmanı olmağı bacardı...

- Bir müddət İlhamə xanımla aranızda soyuq küləklər əsirdi. Demək ki, səbəb xəyanət imiş.

- Yox, deməzdim. O soyuq küləklər hər dəfə mən tərəfdən əsib, çünki balıq kimi sürüşkən adamam. Balıq bürcündənəm, yəqin ona görədir.

- Siz sevdiyinizdən çox sevilirsiniz, demək. Çünki sevməyən qadın heç zaman bu qədər kaprizə dözməzdi. Sevilmək daha çox xoşbəxtlikdir şair üçün, yoxsa ki sevmək?

- Hər ikisi. Sevilmək inanılmaz zövq verir adama, amma sevmək çox vaxt iztirab yaşadır. Şair bu mənada mazoxist məxluqdur, əzablardan da zövq alır. Füzuli niyə deyirdi ki, "qoy məni dərdimlə, dərman eyləmə...".

- "İtmək istədiyim yerdə tapdım səni, ay mənə sevgidən dərs keçən qız"- bu qız sevdiyiniz idi, yoxsa ki, sizi sevən?

- Siz deyəsən hər vasitəylə məndən söz almaq istəyirsiniz. )))

- Ola bilər.))

- İlhamə məni evdən qovmasa yaxşıdır. )))))

- İlhamə xanım bizim adamdır, qəti qorxusu yoxdur, Teymur əmi demiş)). O qədər böyük ürəyi olan xanım bunu da keçməyi bacarar.

- "Mənə sevgidən dərs keçən qız" demək sevgidə püxtələşmiş adamdır da. Qadınlar çox vaxt sevilməklə xoşbəxt olurlar. Ola bilsin ki, məni yox, mənim onu sevməyimi istəyən qadın da olub.

- Qarşılıqsız, birtərəfli sevgi? O sevgi necə olur ki?

- Qarşılıqsız, platonik sevgilər dünyada çox böyük faciələrə səbəb olub. Höte bunu "Gənc Verterin iztirabları" əsərində gözəl təsvir edib. Bir şeyi deyim ki, qarşılıqlı sevgi də əbədi deyil, dünyada əbədi olan heç nə yoxdur.

- Bəlkə də elə əbədi olmadığı üçün adı sevgidir. Bəlkə də siz ilk sevdiyiniz qızla qovuşsaydınız, belə yenə də axtaracaqdınız kimisə?

- Bəlkə də. Mən daim dəyişkən əhvallarda oluram, ola bilər ki, heç kimə heç nə demədən çıxıb harasa çox uzaq bir səfərə çıxım. Dəfələrlə belə hallar olub. Heç kəsə hesabat verməyi xoşlamıram. Azad bir adamam, bir insandan yorulanda açıq şəkildə deyirəm ki, məni yorursan. Və bir müddət çıxıb harasa gedirəm. Hətta iş yerimdən də xəbərsiz getdiyim vaxtlar olub. Bir yerdə qalmaq məni çox bezdirir. Eyni insanlar, eyni mühit məni çox tez bezdirir.

- Hansı limana yön alsanız da sonda döndüyünüz bir ünvan olur. İlhamə! Düşünmürsünüz ki, həyat yoldaşı olaraq onu xoşbəxt etmək missiyasını layiqincə yerinə yetirməyi bacarmadınız? Sevgidən çox acı verdiniz ona, halbuki ən ali sevgiyə O layiq idi...

- Etiraf edirəm ki, ona xoşbəxtlik verə bilmədim. Buna mənim xarakterim imkan vermədi, çünki həyatımı bir qadına həsr etməyi bacaran insanlardan deyiləm. Halbuki,  O, ən böyük sevgiyə layiq bir qadındır. Bu, mənə həmişə əzab verir. Allah məni belə yaradıb, hər halda istəməzdim ki, belə olsun. Amma dünyada qadınına xəyanət etməyən kişi tapmaq mümkün deyil. Kim deyirsə, etməmişəm, ağ yalan danışır. Bu, mümkünsüz bir şeydir.

- Kənan bəy, həyatda bir çox nəsnədən nakam qalmısız, tək qalmısız. İlhamənin sevgisinin də bir səbri var. Qorxmursunuzmu ki, sədaqətsizliyiniz sizi bu sevgidən də nakam qoya bilər?

- Mən onun sədaqətini çox yüksək qiymətləndiririəm. O, mənim üçün hər şeydən keçməyə razı olan bir insandır. O, anlayır ki, yaradıcı adamın həyat yoldaşıdır və çox məhrumiyyətlərə dözür və anlayır, bunu qiymətləndirməsəm, şərəfsizin yekəsi olaram.

- Bu qədər arxayınçılığınızın səbəbi bəllidir artıq.)) Bir şeirində də deyirsiz ki, "əvvəl sevgi doğulur, sonra uşaq". Uşaq olmayanda sevgi ölürmü?

- Olsa yaxşı olar, olmasa da eybi yox. Mənim bu yaşdan sonra uşaq böyüdəcək halım yoxdur.))  Hər şey gərək vaxtında olsun.

- Kənan Hacı necə bir ata olardı? Heç özünüzü o obrazda xəyal etdiyiniz zamanlar olubmu?

- Özümü ata kimi təsəvvür etmişəm. Mən uşaqlara hədsiz bağlı adamam. İlhamə də bilir, bəlkə də uşağa hədsiz sevgim onun tərbiyəsinə mane olardı. Amma İlhamə çox sərt adamdır, müsahibələrimdən birində demişdim ki, uşağım olsa, onun tərbiyəsini İlhaməyə həvalə edəcəyəm. Özüm çox tərbiyəsiz adamam, uşaq məndən nə tərbiyə götürəcək? )))

- Bəlkə də uşaq sizi dəyişərdi.

- Bəlkə də. Ola bilər.

-Nə zamansa uşaq sahibi ola bilməməyinizi İlhamə xanıma xəyanətinizin nəticəsi olduğunu düşündünüzmü?

- Çox fatalistcəsinə yanaşırsınız. Axı bayaq dedim, qadınına xəyanət etməyən kişi yoxdur. Onda gərək insan nəsli kəsiləydi. Qətiyyən razı deyiləm.

- Amma sizdə xəyanətin həcmi o qədər böyükdür ki, fatalist olmamaq mümkünsüzdür. ))

- Xəyanətin həcmi olmur ki. Mən realist adamam.

- Vahid Əziz təbiriycə desəm, bütün şairlər gözəlbaz olurlar. Həqiqətənmi belədir, şairlər sevgi yox gözəllik axtarırlar?

- Bütün şairlər estet olub. Poeziyanın mahiyyətində elə estetika durur.

- Belə çıxır ki, qadın gözəlliyini itirəndən sonra şair  üçün heç nədir?

- Yox, elə deyil. Futuristlər keçmişi inkar etmək istədi, dadaistlər dünyanı xaos kimi təsəvvür etdi, amma sonda yenə də estetik dəyərlər qalib gəldi.

- Yaxşı yazmaq üçün bir gözəl qadın, bir də bir şüşə içki bəsdir düşünənlərə münasibətiniz? Haqlıdırlarmı sizcə?

- Bir şüşə şərab və gözəl qadın... Yüz illərdir Ömər Xəyyamı buna görə günahlandırırlar. Halbuki Ömər Xəyyamın rübailəri bəşər düşüncəsi üçün qadın və şərabdan qat-qat böyük mətləblərə yol açdı. Bu, şeirin missiyasını hədsiz kiçiltmək deməkdir. Mən bu cür düşünmürəm.

- "Buludlarla toqquşanda gerçək olur yuxular".  Buludlarla toqquşan yuxularınız olurmu heç?

- Hətta küləklə toqquşan yuxularım da olub. Yuxular şüuraltıda gedən proseslərin nəticəsidir. Daha doğrusu, şüuraltıda ilişib qalan nəsnələr insanın yuxularına da enir. Həyata keçməyən arzular şüur sahəsindən çıxıb qeyri-şüur sferasına keçir və ordan da yuxulara damcılayır. Mən yuxuda küləyi də görmüşəm. Hekayələrimdə də yuxulardan istifadə etmişəm.

- Yormuram ki sizi?

- Yox qətiyyən, sadəcə, məhşər ayağına çəkirsiniz. ))

- Kənan bəy, şairlərin yuxuları da şeir kimi olurmu?

- Yuxugörmə psixi bir haldır və insanın arzularından, bir şey haqqında çox düşünməsindən yaranır. Çox nadir hallarda yuxu görürəm. Amma qəribə yuxular olur. Belə deyək, absurd janrındadı mənim yuxularım.

- Ananiz qonaq gəlirmi röyalarınıza?

- Anam dünyasını dəyişəndən sonra iki-üç dəfə yuxuma gəlib. Hər dəfə də görürəm ki, məndən ötrü çox narahatdır.

- Nə deyir sizə? Görəsən sizi sevdiyinizdən ayırdığı üçün peşimandırmı?

- Heç nə demir, susur, amma gözlərindən yaş axır. Neçə dəfə belə vəziyyətdə yuxuma gəlib. O, 7 ay ağır xəstə yatdı və mən onun üçün heç nə edə bilmədim. Pulsuz, evsiz-eşiksiz vəziyyətdə idim və o da çox narahat idi, deyirdi ki, “məndən sonra sənin halın necə olacaq?”

- Allah rəhmət eləsin, nur içində uyusun. Ananıza şeirlər həsr etmisiniz, Xəstəxanada yatanda ananıza bir məktub ünvanlamışdınız, daha əvvəllər ananıza şeirlər də həsr etmisiniz. Şeirlərlə bəlkə də yüngüllük tapmağa çalışmısız, bəs məktub nə idi, nədən yazıldı?

- Anam dünyasını dəyişəndən sonra iki şeir yazmışam, bu yaxında xəstəxanada yatanda da anama bir məktub yazdım, bəli. Mətbuatda çap olundu o məktub. Hərbi xidmətdə olanda ciyərlərimə su yığılmışdı və məni ağır vəziyyətdə hospitala gətirdilər, 3 ay hospitalda yatdım. O üç ay ərzində anama məktublar yazmağa başladım və anam da o məktubları cavablandırırdı. İndi o yazışmalar arxivimdə qalır. Mən o üç ayda bütün həyatım boyunca anama demədiklərimi yazdım. Heç vaxt aramızda belə məhrəm söhbətlər olmamışdı. Uzaqlıq o yığılıb qalmış hisslərin bəndini qırdı elə bil. Xəstəxanada yatanda da ən çox anamı, o məktublaşmaları xatırlayırdım və bu məktub da belə yazıldı. Anam sağmış kimi yazırdım o məktubu. Canlı, həyatda yaşayan adama yazırmış kimi yazdım.

- Ancaq bu məktub əvvəlkilərə bənzəmədi, cavabsız qaldı... Cavabsız məktubun ağrısı nə qədər göynətdi sizi?

- Çox incitdi, çox. Hər gün düşünürəm bu barədə, görəsən anam mənə nə cavab yazardı, nə məsləhət verərdi... Çox təəssüf ki, o, heç vaxt mənə cavab yaza bilməyəcək.Sonuncu dəfə haçan ağladığımı xatırlamıram, o məktubu axıra çatdırmamış hiss etdim ki, qəhər məni boğur və bu yaşımda yorğanı başıma çəkib xeyli ağladım. Yüngülləşdim xeyli.

- İndi də kövrəlməyinizi istəmirəm, söhbətimizi başqa səmtə yönəldək.  Şair Kənan Hacı  indiyə qədər ən dəyərli şeirini kimə həsr edib?

- Yazdıqlarımın hamısı mənim üçün dəyərlidir. Bilmirəm nədənsə hamı şeirlərimdə konkret ünvan axtarır. Şeirə bədii mətn kimi yanaşmırlar. Mən axı adlı-ünvanlı şeirlər yazmıram. ))

- Xilaskarınıza şeir həsr etmisinizmi heç?

- Əlbəttə, yazmışam.  "Xeyir-dua" hekayəsinin qəhrəmanı odur.

- Ruhunuza yaxın olan yazar kimdir, kimi oxuyanda mənəvi qidalanırsınız, rahatlanırsınız, öz əksinizi görürsünüz?

- Belə bir seçim etmək mənim üçün çox çətindir. Ruhuma yaxın olan yazıçılar var, Balzak, Heminquey, Markes, Orhan Pamuk və sair. Şairlərdən isə Cemal Süreyya, Orhan Vəli və Nazim Hikmət. Bu ədəbi simaları hər dəfə oxumaqdan zövq alıram.

- Bizimkilərdən, müasirlərdən yoxdurmu?

- Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, İsa Hüseynov, İsi Məlikzadə, Əkrəm Əylisli, şairlərdən Vaqif Səmədoğlu, Ramiz Rövşən, lap yaxın dövrü nəzərdə tutsaq, Salam Sarvan, Qulu Ağsəs, Qismət, Qan Turalı, Şəhriyar del Gerani, Cəlil Cavanşir, Şərif Ağayar, bunları sevə -sevə oxuyuram. Kamal Abdullanın nəsrini çox sevirəm, onun estetikası da böyük məktəbdir. Gənclərdən Fərid Hüseynin şeirləri, esseləri ləzzət edir.

- Nədənsə heç qadın yazar adı çəkmədiniz?

- Qadın yazıçılar içində ən çox sevdiyim yazıçı Afaq Məsuddur. Gənclərdən Sevinc Elsevərin şeirlərini çox sevirəm. Aysel Əlizadənin esselərini də həmçinin. Onun "Qadın peyğəmbər" romanını da çox bəyəndim. Bu əsərin nə vaxtsa qiymətini alacağına inanıram. Ədəbi tənqid nədənsə bu əsərləri təhlilə çəkmir. Məsələn, Səxavət Sahilin "İsanın qadını" romanı tamamilə yeni yanaşmanın məhsuludur.

- Sonda, naxoş vəziyyətinizdə əziyyət verdiyimçün günahımdan keçin. Və cavablara görə təşəkkürümü qəbul edin.

- Çox xoş oldu, qətiyyən əziyyəti yoxdur. Mən də sizə təşəkkür edirəm. /reaksiya.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.