Dünya Ədəbiyyatı Kitabxanası seriyasından 4 kitab çap olundu
10.07.15
DƏK Seriyasından növbəti yeni 4 kitab çap olundu. Beləliklə Dünya Ədəbiyyatı Kitabxanası layihəsindən 109 kitab artıq nəşr olunub.
Tomas Vulf. Seçilmiş əsərləri Samuel Bekket. Seçilmiş əsərləri Ərəb ədəbiyyatı antologiyası Latın Amerikası ədəbiyyatı antologiyası
Tomas Vulf. Seçilmiş əsərləri
Tomas Vulf 1900-cü il oktyabr ayının 3-də Şimali Karolina ştatının kurort şəhəri olan Aşvillada doğulmuşdur. Anasının sahib olduğu pansion şəraitində böyüyən Tomas Vulf artıq on beş yaşında Şimali Karolina Universitetinin hüquq fakültəsinə daxil olur. 1920-ci ildə universitetdə təhsilini başa vurduqdan sonra Vulf dramaturq olmaq istəyi ilə Harvard Universitetinə daxil olur. Buraya o, prof. P. Beykerin rəhbərlik etdiyi dramaturgiya üzrə seminarlarda fəal iştirak etmək məqsədilə gəlmişdi. Üç ildən sonra o özünün “Bizim şəhərə xoş gəlmişsiniz” və “Manner haus” pyeslərini Nyu-Yorka gətirir, lakin bunları tamaşaya qoymaq üçün prodüser tapmadığından arzusunu həyata keçirə bilmir. Yaxın dostuna çevrilən nəşriyyat direktoru M. Perkins əsərlərinin nəşr olunmasında ona xeyli kömək edir. Onun 1929-cu ildə qələmə aldığı “Mələk, öz evinə nəzər sal” avtobioqrafik romanı da həmin dostluğun nəticəsində işıq üzü görür. Bir müddət sonra o, Nyu-York Universitetində ingilis ədəbiyyatından dərs deməyə başlayır.
Avropaya səyahət edən Vulf tənha həyat tərzi keçirir, ikinci romanını yazıb başa çatdırır. “Zaman və çay” haqqında (1935) romanında Yujin Qantın sonrakı həyatından bəhs edir.
1938-ci ilin yayında ABŞ-ın qərb sahillərinə səfəri zamanı o, pnevmoniya xəstəliyinə düçar olur. 1938-ci ilin sentyabr ayının 15-də vəfat edir.
Kitaba müəllifin “Həyatım haqqında bəzi qeydlər” avtobioqrafik qeydləri, “Baskom Hokun portreti”, “Dünyanın hörümçək toru”, “Ölüm-məğrur bacı” povestləri və 11 adda hekayələri daxil edilib.
Samuel Bekket. Seçilmiş əsərləri
Tərcüməçi: Əyyub Qiyas
Dünya şöhrətli irland yazıçısı, şair və dramaturq Samuel Bekket dünya ədəbiyyatı tarixində daha çox Absurd Teatrının yaradıcısı kimi qalır. Ona ən böyük şöhrət gətirən əsəri isə dünya dramaturgiyası incilərindən biri olan "Qodonun intizarında" pyesidir. S.Bekket 1969-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına ("Nəsr və poeziya sahələrində müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə") layiq görülüb. Müəllif əsərlərini ingilis və fransız dillərində yazıb yaratmışdır.
Kitaba müəllifin “Qadonun intizarında”, “Endşpil”, “Bütün yıxılanlar haqqında”, “Xoşbəxt günlər”, “Söz və musiqi”, “Kül”, “Kreppin sonuncu lent yazısı” pyesləri və “İlk məhəbbət” hekayəsi daxil edilib.
Ərəb ədəbiyyatı antologiyası
Kitaba Tahir Vəttarın “Balıqçı və saray”, Hani Nəqşəbəndinin “Dubayın bir gecəsi” və Qəssan Kənəfaninin “Gün altında adamlar” əsəri daxil edilib.
Latın Amerikası ədəbiyyatı antologiyası
Kitaba Xulio Kortasarın “Xəstələrin əhvalı”, Luis Sepulvedanın “Eşq romanları oxuyan qoca” və Amanda Karpenterin “Tənha ürək” əsərləri daxil edilib.
Avanqard.net
|