Səxavət Sahil: “Mifik və ya antik süjetdən istifadə edib əsər yazmaq peşəkarlıq tələb edir”
07.07.15

Səxavət Sahil 1982-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını və Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. "Hər zaman və heç vaxt" (2009 şeirlər) və "İsanın qadını"(2014 roman) kitablarının müəllifidir. Hazırda "Avanqard.net" mədəniyyət portalının, “Avanqard” ədəbiyyat jurnalının baş redaktorudur.

– Səxavət, son bir-iki ildə neçə-neçə kitablar çap olundu. Həmin kitablara ciddi reaksiya, tənqidin münasibəti olmadı. Aydındır ki, həmin kitablar oxucuların əlində də əl-əl gəzmir. Səncə, istər oxucu, istər ədəbi mühit baxımdan ədəbiyyata bu cür biganəliyinin kökündə nə dayanır?

– Ədəbiyyata biganəlik məsələsi ilə razılaşmıram. Ciddi ədəbiyyat hamı üçün deyil, bu səbəbdən də ona maraqda kütləvi münasibət ummamalıyıq. Biz sovet ədəbi ənənələrinə öyrəndiyimiz üçün ədəbiyyata bu cür yanaşırıq və oxucuların biganəliyindən narahatıq. Bəyəm Amerikada Folkneri hamı oxuyub? Bəlkə Fransada Moruanı hamı əzbər bilir? Hemenqueyi demək olar ki, bütün dünya tanıyır. Amma necə tanıyır, onu tanıyanlar əsərlərinə görəmi tanıyıblar. Bu, heç də belə deyil. Hemenquey öz adını populyar etməyi bacarmış və ya bu sarıdan bəxti gətirmiş yazıçıdır. Oxucular həmişə populyarlığa və ada yönəliblər. Buna görə onları qınamaq olmaz. Lakin ədəbiyyat adamlarının, yazarların ən əsası isə tənqidçilərin yeni çap olunan əsərlərə biganə qalması yolverilməzdir. Bunlar hansı ədəbiyyatı təmsil edirlər, nəyi tənqid edirlər? Bax əsas məsələ də budur. Ədəbiyyat zümrəsinin ədəbiyyata laqeyd münasibətinin kökündə qeyri-peşəkarlıq, şəxsi münasibət, dostbazlıq durur.

– Şeirdən nəsrə keçdin. Bu keçidi zəruri edən nə oldu və səninçün şairliklə yazıçılığı yolu harada ayrılır?

– Mən janrların arasında keçid və ya sərhəd qoymuram. Hərçənd ki, janrların öz sərhədi var. Hesab edirəm ki, peşəkar ədəbiyyat adamı üçün janrı dəyişmək keçid sayıla bilməz. Yəni şair esse, ssenari, hekayə və ya roman da yaza bilər. Sənə hansı rahatdırsa, hansında öz fikrini ürəyincə ifadə eləyirsənsə, həmin janrda da yaza bilərsən. Bizim üçün bu qəribə görünə bilər, lakin dünyada bu cür təcrübələr var. Məsələn, Servantes kimi böyük sənətkar, "Don Kixot"dan başqa şeirlər, romanslar, dramlar yazıb. Nazim Hikmət də roman və pyesləri var. Mənə gələndə isə deyim ki, tam nəsrə keçməmişəm, şeirlər də yazıram. Bu yaxınlarda "Nar silsiləsi" adlı şeirlər yazmışam, yəni mənim üçün əsas ifadədir, forma deyil.

– "İsanın qadını" romanında İsa Məsih obrazın yaratdın. Daha sonra yeni, hələ çap olunmamış romanında da Müqəddəs Oğulun sürəti olduğundan xəbərdaram. Bizim ədəbiyyatda indiyədək, bu obraza müraciət, onun ədəbiyyat müstəvisində belə geniş miqyaslı zühuru olmamışdı. Bu obraz, səncə, ədəbiyyatımıza nə dərəcədə maraqlıdır və XXI əsrdə İsa yenədəmi öz xilaskar missiyasında qalır?

– "İsanın qadını" romanında İsa Məsih obrazının forma kimi istifadə etmişdim. Roman daha çox real həyatı, cəmiyyətimizi əhatə edir. Bundan əlavə, real və magik süjetlər birləşərək vəhdət yaradır. Əslində o romanın süjetinin ideyası antik yunan dramturqu Esxilin "Müdafiə üçün yalvaranlar" faciəsindən götürülüb. Mən də bizim ədəbiyyatda İsa obrazına geniş formada rast gəlməmişəm. Lakin İsa Məsih obrazı hər zaman dünya ədəbiyyatında aktual olub və bu gün də belədir. Bunun da öz səbəbləri var: İsanın dini, mifik və tarixi şəxsiyyət kimi olduqca müasir, sivil, sadə, eyni zamanda mürəkkəb olması buna əsas verir. Təbii ki, bu obraz bizim ədəbiyyatımız üçün də maraqlıdır. Ən azından obrazlar qalereyasının müxtəlifliyi və zənginliyi baxımından. Digər tərəfdən, obrazın plastikliyi və mürəkkəbliyi yazıçıya əlavə imkanlar açır. İsa hər zaman xilaskardır, həm peyğəmbər, həm mif, həm də tarixi şəxsiyyət kimi, bütün dövrlərdə də bu belə olub. "İncil"də də o, xilaskar kimi təqdim olunur - bəşəriyyətin günahlarının cəzasını öz üstünə götürüb, özünü qurban edir. Rəvayətlərdə də İsanın yenidən qayıdacağı, zühur edərək bəşəriyyəti xilas edəcəyi deyilir. Yeni yazdığım "İsanın qayıdışı" romanı qeyd elədiyin kimi İsanın müasir dövrdə zühurundan bəhs edir. Roman "İncil"in süjetlərinin dekonstruksiyasıdır. Onun Azərbaycanda zühur eləməsi, yaşaması, cəmiyyətin bir hissəsinə çevrilməsi və heç nəyə nail olmadan peşman olaraq geri qayıtması romanın əsas məqamlarıdır. Hazırda müəllif redaktəsi ilə məşğulam, yəqin ki, oktyabrda çap olunacaq.




– Belə başa düşürəm ki, səni yazıçı kimi daha çox Azərbaycan həqiqətləri düşündürür. Yəni dünyəvi obrazları bizim reallığın açılmasına xidmət etdirirsən. Belədirmi?


– Əslində məni daha çox insan düşündürür. Fikir vermişəm, dünya yazıçıları daha çox fərdlərə üstünlük verir, o fərdlərin fonunda cəmiyyəti, ölkəni, kəndi və ya şəhəri təsvir edir. Bizdə isə təəssüf ki, əksinədir, bizimkilər əvvəlcə ölkəni, şəhəri və ya kəndi yazırlar. Hansısa bir yazıçı kəndi, oradakı həyatı təsvir etdikdən sonra insanı yazır. Con Steynbek "Siçanlar və adamlar"da insanı və kəndi elə təsvir edib ki, heyran qalırsan. Həqiqətə gəldikdə isə məncə, insan üçün ümumi həqiqət şərti məsələdir. Hər kəsin öz həqiqəti, yanaşması var. Yazıçı üçün də elə olmalıdır, onu da öz həqiqəti, yanaşması olmalıdır ki, yazdığı əsrlər də bunu ifadə etsin. Obrazlara gəldikdə isə deyim ki, onların dünyəvisi və ya yerlisi olmur. Obraz yazıçının ifadə vasitəsidir. Yazıçı obrazlardan istədiyi kimi istifadə edə bilər.

– İlahi vergili yazarların olduğunu istisna etmirəm. Ancaq bizim yazarlardan elə bil çox adam özünü vergili hesab edir, yoxsa mənə belə gəlir?

– Vergili yazıçı kəlməsini eşidəndə həmişə yadımı məşhur qədim Roma şairi Vergili düşür. Mən də razıyam ki, yaradıcı adamlar digərlərindən seçilənlərdi. Lakin yaradıcılığı, ən çox da şeiri vergi ilə izah edənlərə qeyri-ciddi baxıram, əgər elədirsə belə çıxır ki, bütün şairlərə ilahidən vergi verilən kimi baxmaq lazımdır. Özünü vergili hesab edənlər, ciddi şeirdən, poeziyadan xəbərsiz adamlardı. Vergili o şairlərdir ki, ona qədər yazılan şeirlərdən xəbəri olsun, onları bilsin. Özünə vurğun olanlar ədəbiyyatdan uzaq adamlardı, narsizim onları məhv edəcək. Şeirdə vergi axtaranlar yanılır, onlar şeirdə ciddiyyət, peşəkarlıq axtarsalar daha yaxşı olar.

– Bir yazıçı kimi bir çox məsələlərdə Freydin düşüncələrinə və onun nəzəriyyəsinə istinad edirsən. Hətta hekayə və köşə yazılarının demək olar ki, böyük əksəriyyəti onun ideyalarının yenidən realizəsidir. İstərdim bu məsələdən danışasan.

– Freyd mənim üçün İsa peyğəmbər kimin böyük şəxsiyyətdir. Məncə, dünyanı İsa Məsih və Freyd qədər dəyişən şəxsiyyətlər az olub. Freyd insana özünü, cəmiyyəti tanıdır, ona görə də onu diqqətlə oxumaq lazımdır ki, necə yaşamağın yolunu biləsən. Bizdə elə yazarlar və ədəbiyyat adamları var ki, Freydə inanmırlar, ona qeyri-ciddi baxırlar. Bu cür adamlara gülməyim gəlir. Unutmaq lazım deyil ki, Freydin dedikləri şüuraltı olaraq düzgündür. Yəni onun nəzəriyyəsi konkret olaraq insanın normal halına yox, şüraltısına aiddir. Heç kimi normal halda Freydin qəhrəmanı ola bilməz, amma şüuraltında biz onun qəhrəmanlarıyıq. Mən də istinad kimi Freydə söykənirəm, onun fikirlərindən yararlanıram. Məncə, cəmiyyətdə, həyatda onun izahlarından kənar yaşamaq mümkün deyil. "İsanın qadını"nda onun şüuraltı nəzəriyyəsindən istifadə etmişəm. Yazıçı üçün Freydi oxumaq olduqca vacibdir.

– Bilirəm, daim mütaliə ilə məşğul olursan. Səninçün hansı kitablar, hansı məziyyətinə görə önəmlidir və hesab edirsən ki, onları oxumadan yazmaq olmaz?

– Mənim üçün əsas təməl kitablarıdır. O kitablar ki, ədəbiyyata, yaradıcılığa yön, istiqamət verib. Məsələn, "İliada"nı, "Mahabarata"nı, "Tövrat"ı, "İncil"i, "Don Kixot"u, "Metamarfozlar"ı oxumadan ədəbiyyatdan danışmaq məncə, qeyri-mümkündür. O kitablar oxuyub yazmaq, təsirlənmək üçün deyil, o kitablar ədəbiyyatın, dünyanın, yaranışın mahiyyətini dərk etmədən ötəridir. Hər kəsin sevimli, tez-tez qayıtdığı kitabı olmalıdır. Kitab ən yaxşı xilaskardır.

– Səncə, niyə son dövrlərdə yazılan bədii əsərlərdə miflərə, əsatirlərə istinad bu qədər çoxaldı?

– Əslində bu təkcə son dövrlərdə olmayıb. Avropa intibahı, rəssamlığı, memarlığı məhz mifik, antik süjetlərə qayıtmaqla, onları yenidən canlandırmaqla yarandı. Bu zaman-zaman olub, bundan sonra da olacaq. Sadəcə müxtəlif formalara, dövrə, zamana uyğunlaşacaq. Dünya miqyasında olan ciddi əsərlərə baxsaq, onların süjetləri, ideyası məhz mifik süjetlərə əsaslanır. Bizdə miflərə qayıdış ədəbiyyatın sovet dönəmindən çıxması və yeni mərhələyə keçməsi ilə bağlıdır. Əslində bu, bizim ədəbiyyata zənginlik və müxtəliflik gətirir. Hesab edirəm ki, gələcəkdə daha geniş yayılacaq. Mifik və ya antik süjetdən istifadə edib əsər yazmaq peşəkarlıq tələb edir.

"Kaspi" qəzeti, Fərid Hüseyn 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.