AYB-də Seyran Səxavətin “Seçilməmiş əsərləri”nin təqdimatı keçirilib
02.06.15
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Seyran Səxavətin “Seçilməmiş əsərləri”nin təqdimatı keçirilib.
AYB-nin katibi Rəşad Məcid yazıçının yaradıcılığı haqqında məlumat verib.
Bakı Dövlət Universitetinin professoru İfrat Əliyeva bildirib ki, Seyran Səxavət haqqında danışmaq o qədər də asan deyil. O deyib: “Seyran müəllimi dərk eləmək üçün onun yaradıcılığına dərindən bələd olmaq lazımdır. İnsanın mənəvi dünyasında gedən təbəddülatları, insanı insan edən keyfiyyətləri, yaxşını pisdən ayırmağı onun əsərlərində görə bilərik. Seyran Səxavət Azərbaycan nəsrinin ən gözəl yaradıcılarından biridir. Onun tərcümeyi-halı ilə tanış olanda şeirlərinin də nəsri qədər gözəl olduğunu görürük. Seyran Səxavət çox duyumlu adamdır, insanı ilk baxışdan tanıma qabiliyyətinə malikdir. O, təkcə duymur, həm də hər şeyi görür və hiss edir. Mən bunu yazıçının “Yəhudi əlifbası”, “Qızıl teşt”, “Qaçhaqaç” əsərlərinə əsaslanıb deyirəm. Mən özümü Seyran Səxavətin əsərlərində tapıram. Onun nəsri axıcı, təkrarolunmazdır”.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli təqdim olunan kitabların hər ikisi ilə tanış olduğunu bildirib. “Seyran Səxavət bizim ədəbiyyatımızın sirri-sehri olan qələm sahiblərindən biridir. Onun əsərləri xalqımızın milli, mənəvi və ədəbi sərvətinə çevrilib”, – deyə V.Bəhmənli qeyd edib. Professor Nizaməddin Şəmsizadə Seyran Səxavətin hər zaman özünə, sözünə, üslubuna sadiq qaldığını bildirib.
Tədbirdə professorlar Cəlil Nağıyev, Fəridə Səfiyeva, Vaqif Yusifli və başqaları yazıçının yüksək insani keyfiyyətlərindən söhbət açıblar.
Sonda yazıçı qonaqlar üçün kitablarını imzalamazdan öncə tədbirdə iştirak və çıxış edən hər kəsə təşəkkürünü bildirib. /Azərtac/
|