Kənan Hacı - Özgə planetdən gələn səs
01.05.15

Hekayə

    Qəfildən sükut çökdü, hər şey nəfəsini içinə çəkdi. Sonra hıçqırığa bənzər səs eşidildi, sükutun boğduğu qatışıq səslər içində bu səs yox idi... Hə, anasının səsi idi, bu səs gah  alçalır, gah yüksəlir, gah  da əriyib- əriyib damla- damla içinə hopurdu.
   Sonra elə bil birdən- birə çəkisizliyə düşdü, sinəsinə ağırlıq çökdü. “Deyəsən tabutun qapağını mıxlayırlar... Vəssalam, hər şey bitdi... Bundan sonra  “dünyanı  xəyal eyləmək olmaz.” Rəhmətlik Seyyid Əzimin sözüdür, bu sözlər çoxlarını qəbr evinədək  müşayiət edib.
    Az sonra isə yenə gecənin qaranlığında çox- çox uzaqlardan keçib gedən qatarın yeknəsəq səsinə bənzər uğultu eşidilməyə başladı, bu uğultunun soyuq və biganə ritminə qovuşmağa macal tapmamış lap yaxınlıqdan gələn küt tappıltı səsləri qəfil zərbə kimi beynini silkələdi və onu yenidən real düşüncə məkanına qaytardı. Qəbri torpaqlayırdılar. Dünyanın bu üzündə o qızın  göynərtili səsi  qəfəsdəki quş kimi çırpınırdı, çırpınırdı, çıxacaq yer tapa bilmirdi...
    ...Sükut öz yuvasından didərgin düşmüşdü.

    * * *
           Liftin qapıları açılan kimi telefon zənginə bənzər bir səs özünü onun üstünə saldı. Tələsik əlində hazır tutduğu açarla evin qapısını açdı, içəri keçib dəhlizdəki kiçik mizin üstünə qoyulmuş telefonun  dəstəyini qaldırdı.
- Alo?
- Yatmışdın?
- Yox, elə indicə girdim içəri...
Həmid idi, işdən sonra görüşdüyü, axşamlar xudmani kafelərdən birinə çəkilib dərdləşdiyi, ürək açdığı yeganə dostu. Hər gün görüşürdülər və bu görüşlərin hər birinin öz havası, öz ovqatı olurdu. Bəlkə elə buna görəydi ki, bir- birlərindən zərrəcə bezmirdilər, stol arxasına oturan kimi danışmağa mövzu tapılırdı, lap mövzu olmasa da, köhnə söhbətlər həvəslə təzələnirdi  və hər dəfə də bu köhnə söhbətlərə yeni rəng, yeni çalar əlavə olunurdu.
Bu gün çox yorğun idi, həm də nədənsə fikri yaman dağınıqdı. Səbəbini özü də bilmirdi.
- Həmid, bəlkə sabah görüşək, bu gün nəsə  kefim yoxdu.- Elə dedi ki, dostu inciməsin. İncəvara, o da çox təkid etmədi, sabah zəngləşmək haqda razılığa gəlib  söhbəti bitirdilər.
Gödəkçəsini soyunmadan mizin yanında qoyulmuş kürsüdə oturub hərəkətsiz halda telefona baxa- baxa fikrə getdi. O məqamda soruşan olsaydı ki, nə haqda fikirləşirsən, gözünü döyə- döyə qalacaqdı. Uzun bir yolçuluqdan dönmüş yorğun qoca kimi gözlərini yerə zilləyib  oturmuşdu, sanki taleyin dumanlı dolaylarında azıb qalmışdı. Aradan nə qədər keçdi, bilmədi, bir dəqiqəmi, bir saatmı, beyni yavaş- yavaş durulmağa, duyğuları öz axarına düşməyə başladı. Gün ərzində getdiyi yerləri, görüşdüyü adamları bir- bir yadına salmağa çalışdı. Sonra başını qaldırıb dəhlizin divarındakı yeknəsəq cizgili divar kağızlarına, ara qapıdan görünən qalaq- qalaq çirkli boşqablar  yığılmış mətbəxə, yataq otağındakı üstü  dəftər- kitabla dolu  yazı masasına, son vaxtlar həmişə qarışıq olan çarpayıya nəzər salıb baxışlarını yenidən telefon aparatının üzərində saxladı. Yenə hər şey bir an içində yüngül dumana dönərək beynindən çəkilib getdi.
O qızın küsgün xəyalı ayın suya düşmüş əksi kimi yaddaşında ləpələndi, sinəsi körükləndi. Onunla bağlı günlərini, aylarını xatırladı. Və... eyni anda telefonun harayı iliklərinəcən işlədi, ürəyi çırpındı. Əlini dəstəyə uzatdı.
- Alo? Eşidirəm.
Güclə eşidiləcək narın bir nəfəsdən başqa heç nə eşidlilmədi. O idi. Həmişə olduğu kimi zəng edib susurdu. Bayaq liftdən çıxanda da ürəyi beləcə qopmuşdu. Çox qəribəydi, həmişə evdə kimisə, hətta aylarla, illərlə ona zəng etməyən bir adamı xatırlayan kimi telefonun zəngi özünü yetirirdi və dəstəyi qaldırıb mat qalırdı- xatırladığı adam idi zəng vuran.
Dəstəyi yerinə qoyub üstünün kir- pasını tökürmüş kimi tez- tələsik gödəkçəsini çıxarıb asılqana keçirdi. Şkafın gözündə gizlətdiyi siqaret qutusundan bir gilə götürüb alışdırdı, eyvana çıxdı. Şəhərə cansıxıcı axşam düşürdü. Adamlar daha bir iş gününün ağırlığından qurtulub güclə seziləcək çiskinə sinə gərərək yeyin addımlarla evə tələsirdilər. Sabah yenə eyni proses yaşanacaqdı, dünənki, srağagünkü, o biri, daha o biri günlər kimi... Amma havalar həmişə belə çiskinli olmayacaq, bir gün günəşli, o biri gün küləkli olacaq. Çoxları üçün günəş elə adicə istilik gətirmək üçün çıxacaq, külək bezdirici və yorucu olacaq,- özüylə nostalgiya-zad gətirməyəcək, nələrisə yada salmayacaq.
Yarıqaranlıq otaqda şəhərin tədricən boşalmaqda olan küçələrini pəncərə arxasından seyr etdikcə onu da hiss edirdi ki, bu əzici ovqat belə tezliklə və asanlıqla dəyişməyəcək. Qəfildən yadına düşdü ki, o gündən düz üç il keçir. Məhz bu gün üç ili tamam olur. Qısa bir müddətdə bütöv bir ömrə dəyəsi bir həyat yaşadılar. Bu son üç ilin üzücü, cansıxıcı günlərini, aylarını cəhənnəm əzabı çəkə- çəkə yaşamışdı. Əgər buna yaşamaq demək olardısa...
Sərt hərəkətlə pəncərədən aralanıb küncdəki kresloya çökdü. Siqaret yandırıb tüstüsünü acgözlüklə, ovurdları bir- birinə dəyənəcən sümürüb ciyərlərinə çəkdi və şaquli xətt   üzrə tavana üfürdü. Siqaretin közü barmaqlarını yandıranda kötüyünü külqabıya basıb eyni sərtliklə yerindən sıçradı.     
       Soyuducuda dişə vurası bir şey yoxudu, şkafın gözündən              srağagün aldığı pryanik qutusunu götürüb geri qayıtdı, televizoru yandırıb qarşısında oturdu və azca bərkimiş pryanikləri həvəssiz- həvəssiz ötürməyə başladı. Fikirləri yenə qarışıq düşmüşdü, bulvar gəzintiləri, Quba səfəri, qızın həmişə ovuclayıb qoxladığı, ətrindən doymadığı ipək saçları, daha nələr, nələr... yaddaşından süzülüb gözləri önündə cilvələnirdi.
    Televizor ekranında kimisə iri planda göstərirdilər, o adam danışdıqca onun səsinin içində dolaşan, yuxusuna gələn tanış səsə bənzədiyini hiss etdikcə artıq unudulmağa başlayan yuxusunu xatırlamağa çalışdı...



* * *

    Həmişə yatağa uzandıqdan sonra uzun müddət gözünə yuxu getmirdi. Uzun- uzadı o üz- bu üzə çönə- çönə gün ərzində baş vermiş irili- xırdalı hadisələri, söhbətləri özlüyündə vərəvurd eləyirdi, hərdən keçib getmiş günlərin, illərin ardından tamamilə unutduğu bir adamın çöhrəsi qəfildən peyda olurdu və həmin anlarda özü də təəccüb edirdi ki, axı bu adam neçə illərdi niyə yadına düşməyib və niyə məhz indi, nagahani şəkildə, heç bir səbəb- filan olmadan gəlib durdu gözlərinin önündə. Bu adamı hansı əşya, hansı hərəkət, hansı nüans illərin əlçatmaz,  toz- duman içində itmiş uzaqlığından dartıb çıxardı?!..
     ...Sonra gecənin nə vədəsisə (çox güman ki, səhərə yaxın olurdu) qulağına güclə eşidilən ahəstə bir səs gəldi:
-Məni eşidirsənmi?..
    Çox qəribə səs idi, anışdırmaq olmurdu- bu səsin sahibi kişi idi, yoxsa qadın. Deyəsən qorxdu da bir az.
- Eşidirsənmi?
    Səs təkrarlandı. Alnına soyuq tər gəldi.
- Qorxma, arxamca gəl.- Bu dəfə səs aydın və ötkəm idi.
Səsi titrəyə- titrəyə dedi:
- A-aa-xı  səəən ha-haradasan?
- Burdayam.
    Səsin hənirini duysa da, istiqamətini tuta bilmirdi. Kor adamlar kimi əlini havada gəzdirdi.
- Harda?..
- Gəl, gəl, səsimdən tut, gəl, qorxma...
    O, səsin  havasını tutub ardınca getməyə başladı. Hərdən səs uzaqlaşırdı, ardınca gələn adamın karıxdığını görüb yenidən ucadan “gəl, gəl!”  deyirdi. Qayalıqla əhatələnmiş bir sahilə yetişdilər.
- Həəə... Gəl, bax, otur bu qayanın üstündə.
    Oturdu. Səsin nəfəsini lap qulağının dibində hiss etdi.
- Məni niyə bura gətirmisən?
- Darıxma, hər şeyi yavaş- yavaş öyrənəcəksən.
- Bura bax, axı de görüm, sən kimsən?
- Məəən? – Səs sap kimi incəldi, nəzildi.- Mən elə səsəm.
- Necə yəni səs? Bəs kimin səsisən?- hövsələsi darala-darala soruşdu.
- Mən özgə planetdən gəlmişəm, sənin düşündüyün kimi, bioloji varlıq deyiləm. - Səs sakit və təmkinliydi.
- Deməli siz yeyib- içmirsiz? Gözünüz, ağzınız yoxdur?- sadəlövhcəsinə sual verdi.
- Axı biz adam deyilik. Hi-hi- hi- hi!..- səs gülə- gülə əriməyə başladı və əridikcə eşidilməz oldu.
    ...Hövlnak yuxudan oyandı. Büsbütün tərləmişdi. Yuxusunu xatırlamağa çalışsa da, bir nəticə hasil olmadı. Nəsə bir şey etmək lazım idi. Bəlkə geyinib şəhərə çıxsın? Həmidlə görüşünü təxirə salmağına heyfsiləndi. Sonra fikirləşdi ki, Həmid belə havada çətin ki, şəhərə çıxaydı. Yağışlı havadan lap zəhləsi gedirdi. İstər- istəməz tələbəlik yoldaşı Sahibi xatırladı. Sahib də onun kimi bəzən saatlarla şəhərin küçələrində söhbət edə- edə gəzişməyi xoşlayırdı. Bir dəfə söhbətləri o qədər şirin olmuşdu ki, yağışlı havanı da vecə almadan iki saatdan artıq bulvarda var- gəl etmişdilər, nəticəsi də bu olmuşdu ki, hər ikisi bərk xəstələnmişdi və bir də on beş gündən sonra görüşə bilmişdilər.
    Bu, çoxdan olmuşdu, lap çoxdan. Aradan illər keçmişdi. Sahib artıq çoxdandı ki, Türkiyədə yaşayırdı. Arabir zəngləşirdilər. Hər dəfə dostunun  “nə vaxt gəlirsən?”  sualına Sahib qeyri- müəyyən cavablar verirdi. Sahib o vaxt eyni kursda oxuyan Kəmalə adlı bir qızı sevirdi. Dörd il davam edən platonik sevgisini nəhayət ki, günü birində izhar edə bilmişdi, o da qızın özünə yox, yağışlı havaların dostuna. Qız isə çox məşhur bir ailədən idi, oğlanlar üçün əlçatmaz bir nöqtədə durub onlara yuxarıdan aşağı baxır, onların umsuq baxışlarına qarşı son dərəcə etinasız, laqeyd davranırdı, bir az da bu baxışlardan  ləzzət alırdı, nazı- qəmzəsi bir az da artırdı.
    Telefon zəng çaldı. Cəld yerindən qalxıb dəhlizə keçdi.
    -Alo?
    Yerindəcə quruyub qaldı- Sahib idi. İşə bax, uzaq bir diyarda onun da yadına tələbəlik dostu düşmüşdü. Sahibin zənginə əməllicə sevindi.
  Həmin gülüş idi-  bir az xırıltılı, amma şirin və ürəkaçan. Neyləsən də bu Sahib indi o Sahib deyildi, o illərin Sahibi elə o illərdə də qalmışdı. Zaman kimi o da dəyişmişdi...
  Nə indiki kimi pulu, maşını, evi vardı, nə işi- gücü. Bununla belə, xoşbəxt idi- bütün bunlardan qiymətli olan dəyərəgəlməz qayğısız gəncliyi vardı. Axşamlar  “Tarqovı”da dəstəylə gəzişənləri aralayıb keçmək mümkün olmazdı. Xüsusən yay aylarında. Bu küçənin daimi cütləri, daimi təkləri vardı. Qəribə qızlar vardı; bütün tanışlarına ümid verər, münasibəti pozmaz, amma yaxınlıq da verməzdilər. Bu təsadüfi tanışlıqların çoxu sevgiyə, yuxusuz gecələrə,  qol- qola gəzintilərə, küsüşmələrə, barışmalara, ayrılıqlara, nəhayət, yenə qovuşmalara çevrilərdi.
-    Necə oldu o qızlar, ay brat?! – Sahibin nisgilli səsi xəyalının güzarını  Tarqovıya saldı. Gözəl, qayğısız illərin tanış qoxusunu yenidən duymaq xoş idi.
...Demə o günlərdə, aylarda Sahib həmin qızı ən təmiz hisslərlə sevirmiş. Belə çıxır ki, o, öz dostuna xəyanət edib. Xəyanət demək olardımı buna? Axı o, Sahibin ən yaxın dostu idi?! Dostu?  Bəs onda niyə bu gizli görüşləri barədə Sahibə heç nə deməyib? Axı dost arasında sirr olmaz, deyiblər. Noolsun?!  Axı o, öz intim hisslərini heç kəslə bölməyi bacarmırdı və xoşlamırdı. Bir dəfə yanaşı söhbət etdikləri zaman Kəmalənin keçmişindən söz düşdü. O, özü də hiss etmədən inadkar bir qısqanclıqla bu sualı verdikdə qız sərt hərəkətlə əlini onun ovcundan çəkib  çıxardı və onun təəccübünə səbəb olan sözlər dedi: “Mənim öz intim macəraları haqda başqalarına, hətta ən yaxın dostuna belə hesabat verən, birinin üstə beşini də qoyub danışan qadınlardan  da, kişilərdən də zəhləm gedir. Beləsinə deyəsən, görüşüb kefini çəkmisən, bu sənin üçün bəs deyil?”
-    Yaxşı, neyləyək?
Fikirdən ayrılıb key- key Sahibə baxdı:
-    Nəyi neyləyək?
  Sahib uzun müddət susdu. Handan – hana dilini sürüyə- sürüyə:
-    Bəlkə sən deyəsən ona? – dedi.
-    Mən?
 Əsəbi halda siqaret çıxartdı. Söhbətin bu yerə gəlib çatacağını heç gözləmirdi.
-    Necə deyim?- söhbəti uzatmaq, fikrini toplamaq üçün vaxt qazanmağa çalışdı.
-    Necə deyəcəksən?  De ki, bəs Sahib səni... hələ birinci kursdan... Sən belə şeylərdə cəsarətlisən, bilirəm.
    Sahib gör haralara gedib çıxmışdı. Axı o, bunu qıza necə deyə bilərdi?! İşvəli- nazlı olduğu qədər də sərt və əsəbi olan bu çılğın qız ona deməzdimi ki, sən hansı vicdanla, hansı qeyrətlə bir vaxtlar çox yaxın olduğun bir varlığı indi öz əllərinlə başqasına təhvil verirsən?! Yox! Bu, heç cür mümkün olan iş deyil.
-    Mən deyə bilmərəm.
-    Niyə eee?.. –Sahib sadəlövhlüklə soruşdu.
-    Bacarmaram. Başqasının sözünü necə deyim?
-    Mən başqasıyam? – Sahib incidi.
-    İncimə, sən Allah! Mən heç vaxt belə işə baş qoşmamışam.
Xeyli sükutdan sonra Sahibə məsləhət verdi:
-    Məktub yaz, ən yaxşısı budur.
    Dəniz vağzalına çatıb geriyə döndülər. Hər ikisi dalğın idi, ağır- ağır addımlayırdılar. Sahibin sevgisi köhnə sovet istehsalı olan televizorlar kimi yalnız iki rəngi – ağla qaranı əks etdirirdi. Bu sevgi rənglərdən, çalarlardan  məhrum idi. Nargindən əsən duzlu dəniz küləyi həm də xəyanət qoxuyurdu... Bu xəyanət çağırılmamış qonaq idi, iki dostun arasına soxulmuşdu, deyəsən çəkilib getmək fikri də yoxudu. Onun özü barədə gəldiyi nəticələr  sürüşkən idi, tutalqasız idi. Qızdan vaz keçmək gücündə deyildi, dostunu da itirmək istəmirdi. Dostusa sevgisinə  yetişmək  qırımındaydı.
    Məxləs, həmin söhbətin axırına Sahibin qəti qərarı qəfil bir nöqtə qoydu. O,  günü sabah məktubla qıza öz sevgisini izhar edəcək!
    Evə gəlib soyuducunu açdı. Özünə gələndə qarşısında boş bir çaxır şüşəsi gördü. Bayaqdan bəri beynini gəmirən fikirlər tədricən yumşalıb mayeyə çevrilərək harasa naməlum bir boşluğa axmaqdaydı.
    ...Sonra elə bil birdən- birə çəkisizliyə düşdü. Bir anlığa ətraf  büsbütün səssizləşdi. Bir az sonra isə yenə gecənin qaranlığında  uzaq yollardan keçən maşınların səsinə bənzər uğultular eşidilməyə başladı. Bir neçə anlıq həmin  uğultunun anlaşılmaz və biganə ritminə qovuşdu və yenə də o dəfəki kimi qəfil bir zərbədən diksinərək real və adi düşüncə  tərzinə qayıtdı. Qəbri torpaqlayırdılar.
    ...Gözündən bircə damcı da yaş çıxmadı. Sahibsə bir küncə çəkilib səssizcə ağlayırdı. Görəsən məktubu yazmağa macal tapa bilmişdimi?
    O, sonralar maşın altına düşüb yerindəcə canını tapşırmış Kəmaləni xatırlayanda sevgilisinin nə vaxt, hansı ilin hansı ayında dünyadan getdiyini heç cür yadına sala bilmirdi.
    Amma nədənsə  “özgə planetdən gələn səs”in  yuxusunu qarışdırdığı gecələrin səhərisi yerindən qalxan kimi o nakam qızın küsgün xəyalı gəlib dururdu  gözünün önündə. Və belə vaxtlarda o, qız üçün yox, dostu üçün bərk darıxmağa başlayırdı.    


"Avanqard" ədəbiyyat və mədəniyyət jurnalı

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.