Herman Hesse - "Roman oxumaq"
13.03.15

Artpress.az gənc yazar Xanım Aydının tərcüməsində Herman Hessenin "Roman oxumaq" essesini təqdim edir.

Bu yaxınlarda gənc, müəyyən qədər tanınmış bir müəllifin məndə maraq doğuran, əslində adi insanlardan və hadisələrdən bəhs edən romanını oxuyurdum. Böyük şəhərlərdə yaşayan, həyatı maraqsız, cansıxıcı keçməsin deyə onu müxtəlif təəssüratlarla, əyləncələrlə, emosiyalarla mənalandıran insanlar haaqındadır. Bu cür romanlar çoxdur. Bəzən mən - kənddə, tək yaşayan bir insan  maariflənmək üçün belə kitablardan birini götürüb oxuyuram ki, öz müasirlərimin həyatıyla tanış olum. Mənə elə gəlir onlardan çox aralı düşmüşəm. Onlar mənə tamamilə yad olan adamlardır. Və onların maraqları, fikirləri mənimçün möcüzə, ekzotika,  və əlçatmazdır. Bir sözlə, mən böyük şəhərlərin əyləncə həvəskarı olan sakinləri ilə maraqlanıram. Bu insanlara marağım təkcə bir avropalının fillərə, timsahlara olan marağıyla eyni deyil, bu həm də qəribə bir maraqdı: axı mənə də agah idi ki, böyük şəhərlər, hətta mənim kimi kəndin bir küncündə sakit həyat sürən bir adamın da bəzən hayatına və əhval-ruhiyyəsinə hiss olunacaq qədər çox təsir edə bilir. Çünki məhz bu qələbəlikdə, bu cür qarmaqarışıq bir atmosferdə instinktlə hərəkət etdiyindən müəmmalı həyatı, müharibəni, valyuta məzənnəsindəki dəyişikliklər kimi məsələləri insanlar deyil, dəb, birja, əhval-ruhiyyə, "küçə" qaydaları həll edir. Böyük şəhərlərin sakinləri öz əhatələrində baş verən bütün hadisələri "həyat" adlandırırlar. Çünki bu sözlə onlar həmçinin biznes və cəmiyyət anlayışını, cəmiyyət dedikdə isə əylənməyi nəzərdə tuturlar. Böyük şəhər mənimçün yaşamadığım yad bir həyatdır. Lakin o müəyyən mənada mənimçün də vacib olan şeyləri müəyyənləşdirir. Bundan əlavə oxucularımın böyük şəhərlərin sakinləri olduğundan da agaham. Lakin mən heç də tək onlar üçün yazmıram. Axı onları uzaqdan, yalnız kənardan görünən həyatlarına az bələdəm deyə az tanıyıram. Demək olar ki, barələrində heç nə bilmirəm. 

Fəqət mən bununla nə böyük şəhərləri, nə də onlar haqqında yazılan romanları mühakimə etmək fikrində olmasam da, əhəmiyyətli və nümunəvi insanlara həsr edilmiş əsərləri oxumaq daha xoş və ürəyimcə olardı. Mən özüm də ədəbiyyatçıyam. Bilirəm ki, yazmaq üçün mövzu seçən yazıçılar yazıçı deyil. Onların əsərləri nə oxunmağa layiqdir, nə də  müzakirə etməyə. Məsələn, mümkündür ki, əsər çox mükəmməl bir tarixi hadisəni əhatə etsə, dəyərsiz olar, çox adi, primitiv bir hadisədən, məsələn, itirilmiş iynədən, yanmış xörəkdən bəhs edən bir əsər əsl ədəbiyyat nümunəsi ola bilər.  

Odur ki, mən o müəllifin əsərini mövzusuna xüsusi bir rəğbət və hörmətlə oxumadım. Əsərə oxucu yox, müəllif özü inanmalıdır. Oxucu yalnızca ədəbiyyata hörmətlə yanaşmalı, əsərə fikir vermədən yazıçının onu necə yazdığını mühakimə etməlidir. Mən buna hər zaman hazıram. Və hətta peşəkarlığın mükəmməlliyini  məzmun və mahiyyətdəki ideya və emosiyalarından get-gedə daha çox üstün tuturam. Çünki  yaşadığım bir neçə onillik və yazıçı zəhmətimin nəticəsində mən əmin oldum ki, ideya və hissləri imitasiya etmək mümkün olsa da, peşəkar əlindən çıxmış işi yamsılamaq mümkün deyil.  Beləliklə, mən romanı anlayaraq və həmkarıma hörmətlə oxudum. Elə yerləri var idi başa düşmədim və bəzən məndə gülüş doğurdu. Kitabın qəhrəmanı peşəkar yaradıcılıqla məşğul olan biri yox, öz dostlarıyla əylənən gənc ədəbiyyatçıdır. Bundan başqa o, vaxtını gözü onun pullarında olan qadınlara sərf edirdi. Böyük şəhərə, cəmiyyətə, qəzet sensasiyalarına bu müəllif nifrət edir. Çünki hiss edir ki, müharibəni məhz onlar törədir. Lakin onun qəhrəmanının bu dünyadan ayrılmağa gücü çatmır və o bundan bir əyləncəni başqa əyləncəyə, bir sevgini başqa sevgiylə əvəz etməyə  çalışır. 

Əsərim məzmunu belədir. O özü məcbur edir ki, bir çox şeylərlə yanaşı restoranları, qatarları, mehmanxanaları, naharçun ödənilmiş məbləğləri və buna bənzər digər təsvirlər əsərdə öz yerini tapsın. Və ola bilər ki, bunlar da öz-özlüyündə hardasa maraqlıdır.  Mən isə əsərdə məni çaşdıran, təəccübləndirən bir yerə çatdım. Deməli, qəhrəman Berlinə gəlir, mehmanxanada məhz on bir nömrəli otaqda qalır. Bunu (müəllifi həmkarım olduğundan hər cümləsini çox diqqət və maraqla) oxuyaraq düşünürdüm: "Görəsən otağın nömrəsini belə dəqiq qeyd etmək onun nəyinə lazımdır?" Əminəm ki, on bir rəqəmininin mütləq nəsə qeyri-adi, maraqlı, heyrətləndirici bir mənası var. İki-üç səhifədən sonra qəhrəman mehmanaxanaya qayıdır və birdən məlum olur ki, o, on iki nömrəli otaqda yaşayır! Arxa səhifəyə qayıtdım. Yox, mən səhf etməmişəm. Əvvəldə on bir, indi isə on iki yazılıb.  Və burada heç bir zarafat, oyun, maraq, sirr yoxdur. Sadəcə müəllifin diqqətlizliyi, məsuliyyətsizliyidir. Müəllif birinci dəfə "on bir" yazıb, ikinci dəfə "on iki". Çox güman ki, o, nə yazdığını, nə də rəqəmləri təkrar oxumayıb. Və yaxud oxuyubsa rəqəmələri elə yazdığı kimi də çox etinasız və diqqətsiz oxuyub. Ədəbiyyatda insanları məktəbəki kimi bütün səhvlərə və yanlışlara görə sorğu-sual edən yoxdur. Axı həyat o qədər qısadır ki... Böyük şəhərsə böyük gərginlik tələb  etdiyindən gənc müəllifin işləməyə vaxtı qalmır. Bax, hər şey bax bu cürdür. Əvvəllər olduğu kimi elə indi də məsuliyyətsiz qəzet sensasiyalarına, laqeyidliyinə, etinasızlığına görə müəllifə alqış düşür. Bu cür laqeyidlik böyük şəhərlər üçün çox xarakterikdir. Rəqəmlərlə bağlı uyğunsuzluğa rast gələndən sonra mənim müəllifə etibarım azaldı. Və mən birdən-birə hər şeyə şübhəylə yanaşaraq, irad axtara-axtara oxumağa başladım. "On iki" rəqəminə bənzər səliqəsizliklərlə daha bir neçə yerdə rast gəldim. Kitab öz bədii çəkisini, dəyərini, həqiqiliyini o axmaq "on iki" rəqəminə görə itirdi. Mənə elə gəlir ki, bu kitab meqapolis yazıçısı tərəfindən böyük şəhərin sakinləri üçün bir gündən, bir andan ötrü nəzərdə tutularaq yazılıb. Sanki müəllif buna qeyri-ciddi yanaşır. Və buna görə də böyük şəhərin ağrılı və rəhimsiz olması barəsindəki narahatçılıqları da ciddi deyil.  

Bu haqqda fikirləşəndə yadıma düşdü ki, uzun illər əvvəl oxuduğum bir kitabda da bu cür qəribə və dolaşıq hadisəyə rast gəlmişdim. Bir gənc, lakin məşhur    müəllif  oxuyub fikir bildirməkdən ötrü mənə öz romanı göndərmişdi. Müxtəlif hadisələrlə yanaşı romanda isti və quraqlıq bir yay haqqında danışılırdı: torpaq "yorulmuş", bəhırdən düşmüş məhsul kökünə kimi yanmış, otlaqlar isə saralıb solmuşdu. Lakin bir neçə səhifədən sonra əsərin qəhrəmanı həmin yay fəslində, həmin torpaqda gözəl, ətirli güllərdən zövq ala-ala gəzişirdi.  Mən müəllifə bu barədə yazdım ki, bu unutqanlıq və səliqəsizlik kitab oxumağıma mane oldu. O isə bu barədə danışmaq belə istəmədi. Həyat qısadır və o, artıq digər vacib işlərlə məşğul idi. Müəllif bircə bunu yazdı ki, mən çox vasvası adamam və bədii əsərdə bu cür xırdalıqlar yox, tamam başqa şeylər vacibdir. Fikir bildirdiyimə peşman oldum və bir daha heç kimə bu cür məktublar yazmadım. Heç elə şey ola bilərmi ki, bədii ədəbiyyatda, məhz bədii ədəbiyyatda həqiqət, dəqiqlik, xırdalıq vacib olmaya?! Nə yaxşı ki, indi də xırdalıqları dəqiqliklə, çox gözəl, incə təqdim edən gənc yazıçılarımız var. 

Qoy mən dəqiqliyim vasvası, deyingən və köhnəpərəst, geridəqalmış donkixotluq sayılsın. Məgər biz bilmirikmi ki, kitabların böyük əksəriyyəti tez-bazar, heç bir məsuliyyət hissi olmadan yazılıb? Və bütün bu çap olunmuş kitablar bir gün kağız yığını olacaq? Bəs onda bu cür xırdaçılıqlara ciddi yanaşmağın mənası nədir? Ömrü bir günlük olan "maraqlı" kitab yazan müəlliflərin mətnlərini niyə  əbədi əsərlər kimi oxuyaraq onlara haqqsızlıq edək? 

Heç nəyə baxmayaraq mən öz fikrimdən dönə bilmərəm. Böyük işlərə ciddi, kiçik işlərə qeyri-ciddi yanaşmaq qaçılmaz məğlubiyyətin başlanğıcıdır. Belələri mənəviyyatı üstün tuturlar, lakin ayrı-ayrı adamları, onlara qulluq edənləri incidirlər. Bu cür yazıçılar vətəni, kilsəni və ya partiyanın fəaliyyətini təqdir edirlər, lakin gündəlik işlərini insaflı yerinə yetirmirlər. Bax bunlar rüşvətxorluğa gətirib çıxarır. Bundan xilas olmağın bir yolu var: Əvvəla özündə, sonra isə başqalarında uca və müqəddəs aldandırılan nəsnələrdən - xarakterdən, dünyagörüşündən, vətənpətvərlik hisslərindən uzaqlaşıb xırda və çox xırda, hətta müvəqqəti işlərə də ciddi yanaşmalıyıq. Kimsə əgər təmir üçün ustaya velosiped veribsə, ondan bəşəriyyətə qarşı sevgi, Almaniyanın böyüklüyünə əminlik ummur. Sadəcə işində məsuliyyətli olmağı istəyir. Və haqqlı olaraq işinə görə də dəyər ona verir. Axı bəs onda niyə "bədii yaradıcılıq"la  vicdan və insanfla məşğul olmamalıdırlar? Və niyə "kiçik" peşəkar səhvləri ideloji məsələlərə görə bağışlamalıyıq? Yox, gəlin medalın əks tərəfinə də baxaq.  Axı əsaslı işlər, böyük  ideologiyalar medal kimidir. Onun o biri üzünə çevirəndə bizi yalnız karton olması ilə heyrətləndirir.

/Kaspi qəzeti/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.