YARAT Müasir İncəsənət Təşkilatı italiyalı rəssamın əsərini təqdim edir
12.02.15
YARAT Müasir İncəsənət Təşkilatı “FARE”nin (Milan, İtaliya) əməkdaşlığı ilə birgə həyata keçirdikləri “Art-rezident” layihəsi çərçivəsində italiyalı rəssam Paola Anzichénin Bakıda yaratdığı əsərin təqdimatını keçirir.
Təqdimat “Kiçik QalArt” Qalereyasında fevralın 12-də keçiriləcək və fevralın 19-dək nümayiş olunacaq.
Açılış mərasimində rəssamın qeyri-formal çıxışı da nəzərdə tutulub. O, sərgidə nümayiş etdirilən əsərindən söz açacaq, yaradıcılıq yolunun bəzi səhifələri barədə və gələcək planlarından danışacaq. Həmçinin rəssam Bakıda art-rezident olmağı barədə şəxsi təəssüratını paylaşacaq.
Rəssam, boş bir məkanda ənənəvi tekstil parçalarından və şəhərin memarlıq kompozisiyalarından götürülmüş elementlərdən istifadə edərək, Bakının qeyri-adi portretini yaratmağa çalışır.
Qalereyanın genişliyindən istifadə edərək, Paola Anziché ənənəvi yerli parçalar, eləcə də şəhərin memarlıq xüsusiyyətləri kimi bir neçə elementləri özündə birləşdirən qeyri-adi Bakı portreti yaratmaq niyyətindədir. Sərginin adı onun Bakıda olarkən istifadə etdiyi yanaşma tərzini əks etdirir: O, Azərbaycanın mədəni irsi ilə sıx bağlı olan, yun daxil olmaqla, buradakı yerli lifləri araşdırıb. Bakıda olduğu müddətdə onun ideyaları zənginləşib təkamül etdikcə bu, xəyali heykəllər əvvəlcə onun təxəyyülündə, daha sonra isə real həyatda formalaşmağa başladı.
“Bakı Lifləri” rəssamın şəxsi, mədəni təcrübəsinə xitab edən və bu şəhərdə tanış olduğu insanları əks etdirən kəşfiyyat portretidir.
Paola Anziché 1975-ci ildə Milanda anadan olub. Frankfurtda Städelschule Dövlət Təsviri Sənət Akademiyasını (Staatliche Hochschule Für Bildende Künste) və Milanda Brera İncəsənət Akademiyasını bitirib.
Onun fərdi sərgiləri sırasında “CARD”, Cascina Masarola, Pianello Val Tidone (2014), “Vitrine 270° - Paola Anziché”, Gam, Turin, “Pier Luigi və Natalina Remotti” Fondu (2012), “Böyük Turin: Paola Anzichè - Paolo Piscitelli”, “Sandretto Re Rebaudengo” Fondu, Turin (2010), “Tapis-à-porter”, Careof, Milan (2009) daxildir.
|