“Azərbaycan qadın şairlərinin poeziya antologiyası” işıq üzü görüb
12.02.15
“Azərbaycan qadın şairlərinin poeziya antologiyası” Azərbaycan və ingilis dillərində nəşr olunub.
Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən bildirilib ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi və UNESCO-nun birgə layihəsi olan antologiya üç tarixi dövrü əhatə edir: klassik dövr (1200-1850), neft bumu dövrü (1850-1920) və sovet dövrü (1920-1991).
Kitaba daxil edilən şeirlər Şəhla Nağıyeva və Əlison Məndəvil tərəfindən toplanıb. İllüstrasiyaların müəllifi Günay Həsənova, əsərlərin seçimi üzrə məsləhətçi Səlim Babullaoğludur. Antologiya UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyevanın “Mənəvi ucalıq” başlıqlı yazısı ilə açılır.
Azərbaycan qadın şairlərinin poeziyasından seçilmiş nümunələrdən ibarət antologiya 800 illik ədəbiyyat tariximizi əhatə edir. Burada Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Ağabəyim Ağa Ağabacı, Heyran xanım, Aşıq Bəsti, Fatma xanım Kəminə, Ümmügülsüm, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə Gülgün, Hökumə Billuri, Xanımana Əlibəyli, Zivər Ağayeva, Kəmalə, Nurəngiz Gün, Kamilə Nemət, Rüzgar Əfəndiyeva və bir çox digər qadın şairlərimizin yaradıcılığından seçmələr toplanıb. Şeirləri ingilis dilinə Mirəsgər Ağalarov, Fatma Burciyeva, Günay Mirzəyeva və Şəhla Nağıyeva tərcümə ediblər.
Antologiyada şairlərin həyat və yaradıcılığı haqqında müxtəsər məlumatlar da yer alıb.
Nəşrin redaktorları Hüseyn Hümbətov, Vüqar Əliyev və Müsəllim Həsənovdur. /AzərTAc/
|