Sərdar Fərəcov: İrihəcimli əsərlər üzərində də işləyirəm
11.02.15
Bu yaxınlarda böyük bir əsəri tamamlamışam. Bu, türk şairi Nəcib Fazil Qısakürəyin sözlərinə oratoriyadır. Həcm etibarilə böyükdür. Bir saatdan artıq davamlı musiqidir. Yaxın zamanlarda Ankarada ifası gözlənilir.
Bu sözləri Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov deyib.
Bəstəkar bir neçə il bundan əvvəl bəstələdiyi, Kiyevdə, Hanoyda səsləndirilən “Koroğlu” simfonik freskasının yanvarın son günlərində Qazaxıstanın milli xalq çalğı alətləri orkestrinə transkripsiya edilərək Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ifa edilməsinin onun üçün çox xoş olduğunu söyləyib. Bildirib ki, bu simfonik əsər olsa da, milli alətlər orkestrinin ifasında səsləndirildi və əsəri ilk dəfə yeni ifa tərzində eşitdim.
Bəstəkar, həmçinin opera və balet kimi irihəcimli əsərlərin də üzərində işlədiyini vurğulayıb.
Tamaşalara və filmlərə musiqi yazmağı barədə məlumat verən S.Fərəcov qeyd edib ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnəyə qoyulan “Nadir şah” tamaşasının musiqisi ona məxsusdur.
“Bəstəkarlar İttifaqı” sənədli filminin ssenari müəllifi olduğunu vurğulayan S.Fərəcov bildirib ki, bu ssenari müəllifi olduğum ikinci filmdir. Birinci film isə 5 il bundan əvvəl çəkilmiş və Üzeyir Hacıbəyliyə həsr olunmuş “Əbədi iftixarımız” adlanır. /AzərTac/
|