"Polad Bülbüloğlu Azərbaycan mədəniyyətinin görkəmli və yaradıcı simalarından biridir"
04.02.15
Xalq artisti Polad Bülbüloğlunun “Eşq və Ölüm” baleti artıq bir neçə dəfə səhnələşdirilib. Bu gün yeni quruluşda təqdim olunan bu səhnə əsəri müasir Azərbaycan baletinin gözəl nümunələrindəndir.
Bu sözləri müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir vurğulayıb ki, Polad Bülbüloğlunun yaradıcılığı bu gün nəinki Azərbaycanda və Rusiyada, eyni zamanda bütün MDB məkanında çox böyük maraq doğurur. Onun yaradıcılığı türkdilli dövlətlərdə də rəğbətlə qarşılanır.
Ə.Qarayev vurğulayıb ki, Polad Bülbüloğlu böyük musiqiçi ailəsinin yetirməsi olmaqla yanaşı, özünün yaradıcılıq qabiliyyəti, səhnə ustalığı sayəsində müasir Azərbaycan mədəniyyətinin parlaq ulduzlarından birinə çevrilib. 70 yaş onun müdrikliyinin başlanğıcıdır. İnanıram ki, biz hələ qarşıdakı onilliklərdə onun yeni ifalarını dinləyəcəyik.
Mədəniyyət və turizm naziri xüsusi olaraq qeyd edib ki, Polad Bülbüloğlu Azərbaycan mədəniyyətinin görkəmli və yaradıcı simalarından biridir. /AzərTAc/
|