İsveçdə Azərbaycan mədəniyyəti günləri keçiriləcək
03.02.15
Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov bu ölkənin Mədəniyyət Nazirliyinin dövlət katibi Per Olsson ilə görüşüb.
Görüşdə İsveç ilə Azərbaycan arasında mədəniyyət və humanitar sahələrdə əlaqələrin inkişaf istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Səfir Adış Məmmədov ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirib, Azərbaycanın İsveç ictimaiyyəti tərəfindən daha yaxşı tanınmasına ehtiyac olduğunu vurğulayıb. Diplomat İsveç ictimaiyyətini Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə tanış etməyin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. İkitərəfli münasibətlərdə mədəni əlaqələrin inkişafının böyük önəmə malik olduğunu diqqətə çatdırıb.
A.Məmmədov səfirliyin bu istiqamətdəki fəaliyyətindən söz açaraq, belə addımlardan birinin də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Stokholmda Azərbaycan cazmenlərinin konsertinin təşkil olunması ilə atıldığını qeyd edib, bu konsertin İsveç ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib.
Səfir Azərbaycan mədəniyyətinin qədim tarixə malik olduğunu, min illər ərzində Azərbaycan ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irsin yaradıldığını qeyd edib. Diplomat Azərbaycanın Şərqin mədəniyyət mərkəzinə çevrildiyini və mütəmadi olaraq ölkəmizdə müxtəlif beynəlxalq festivalların, o cümlədən mədəniyyətlərarası, dinlərarası dialoq forumlarının, humanitar forumların keçirildiyini vurğulayıb.
Bütün bunlara baxmayaraq, İsveç ictimaiyyətinin Azərbaycan xalqının zəngin mədəniyyəti, musiqisi haqqında kifayət qədər məlumatlı olmamasının təəssüfləndirici hal olduğunu vurğulayan diplomat bu məqsədlə də səfirliyin təşəbbüsü ilə Azərbaycan hökuməti tərəfindən 2015-ci ilin ikinci yarısında digər Skandinaviya ölkələri ilə yanaşı, İsveçdə də Azərbaycan mədəniyyəti günlərinin təşkil ediləcəyini və İsveç Mədəniyyət Nazirliyinin də bu tədbirin həyata keçirilməsində dəstək olmasının arzu edildiyini diqqətə çatdırıb.
Per Olsson ölkələrimiz arasında əlaqələrin inkişafının mühüm əhəmiyyət kəsb etdiyini söyləyib, Azərbaycan mədəniyyətinin İsveçdə daha yaxından tanıdılması üçün mədəniyyət günlərinin keçirilməsinin təqdirəlayiq təşəbbüs olduğunu bildirib. O, ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafı, müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün lazım olan dəstəyi göstərməyə hazır olduqlarını bildirib. /AzərTAc/
|