Yeqzar Cəfərli - Tərkedilmişlər
05.01.15
HEKAYƏ
Hadisə 25 il öncə baş vermişdi - deyildiyinə görə.
Bəlkə də heç baş verməmişdi, uydurma idi. Ancaq ilk baxışdan fikir verəndə heç
də burada uydurmalıq bir şey yox idi. Necə deyərlər, “kor kor, gör gör”. Hər şey göz qabağında idi. Hörmətsiz məhəllənin
hörmətli ağsaqqalı Hörmət kişi bu əhvalatı danışanda açığını desəm, əvvəl-əvvəl
bir az şübhəyə qapıldım. Dedim, “yox
canım, belə şey olmaz. Biz məgər neçənci yüzildə yaşayırıq?!”.
O vaxtlar biraz balaca idim. Boyum o qədər balaca
idi ki, qonşuların hasarlarından boylanıb onların həyətlərinə baxa bilmirdim. Hətta
bu bir qırağa bir dəfə atam demiş, hamının başına tük gələndə mənim başıma
maraqlı bir hadisə gəlmişdi. Yalan olmasın, 5-6 yaşım olardı, anamla marşurutla
yaşadığımız qəsəbəyə gəlirdik. Anamla yanaşı oturmuşduq avtobusda. Bizimlə
qonşu oturacaqda da cavan bir qız əyləşmişdi, hardasa 24-25 yaşı olardı. Qız
çox açıq-saçıq geyinmişdi. Sinəsinin ucları əməlli-başlı görünürdü. Məndə
gözümü çəkmədən ona baxırdım. Birinci dəfə idi belə maraqlı hal yaşayırdım. Axırda
avtobusdan düşəndə həmin qız əlindəki alçaları mənə verdi. Yazıq qız elə bilib
ki, onun əlindəki alçalarda gözüm qalıb. Yəqin fikirləşib ki, uşaqdı meyli çəkib...
Mətləbdən çox kənara çıxmamaqçun türklər demiş, gələlim
əsas məsələnin üzərinə. Hörmət kişi adından da göründüyü kimi çox hörmətli kişi
idi. Dediyinə görə bu adı atası vermibmiş ona. Atası düşünüb, daşınıb ki,
uşağın adını hörmət qoysun ki, böyüyəndə, hörmət, nüfuz sahibi olsun, sözü keçərli
olsun, bir dediyini iki etməsinlər. Yazıq kişi hardan biləydi ki o böyüyəndə
hörmət əlaməti yalnız onun adındakı altı hərfdə qalacaq...
Hörmət kişinin gözləri ümumiyyətlə görmürdü. Bu hal
onda anadangəlmə deyildi, görmə qabiliyyətini itirməsi illər öncəki hadisənin
yekunu idi necə deyərlər. Hörmət kişi cavan vaxtlarında əxlaqsız bir qıza nəyi
var aşiq olmubmuş, qızı alıb evə gəlin gətirmək istəyirmiş. Atası bu məsələlərdə
çox ciddi idi. Həmişə deyirdi ki, “haçansa
biləm ki mənim qarım (arvadına “qarı” deyirdi) cavan vaxtı hansısa başqa
oğlanla məktublaşıb o saat onu boşayaram, gözünün yaşına baxmadan!” Hörmət
kişi də bu əxlaqsız qız üstündə atası ilə savaş şəraitində yaşayırdı. Nə qədər
acı da olsa deməliyəm ki, bir dəfə əsəbiləşib hətta atasına şillə də vurmuşdu.
Bundan bir neçə gün sonra avtomobil qəzasına düşərək, beynindən tramva almışdı,
beləliklə də hər iki gözünü itirmişdi. Onsuz da xəstə olan atasının xəstəliyi
biraz da irəli gedərək xərçəng xəstəliyinə keçmiş, çox keçmədən xərçəng onu özü
ilə o dünyaya aparmışdı. O əxlaqsız qız da Hörmətin belə hala düşdüyünü görüb o
biri sevdiyi oğlanla (hansı ki, Hörmətlə sevişəndə həmin oğlanı əlində ehtiyat,
müasir dillə desək “kozur” saxlayırdı)
qoşulub qaçdı. Bütün bunlara görə Hörmət kişi həmişə özünü “tərkedilmiş” adlandırırdı. Hörmət kişi etdiyi hərəkətdən dolayı
çox peşman olmuşdu. Dəfələrlə atasının məzarının üstə gedib vedrələrlə göz yaşı
tökmüşdü. Həmişə o məzardan qayıdandan bir-iki həftə keçər-keçməz qəbistanlıq
bütünlüklə yaşıl ota bürünürdü. Bu bir yana qalsın e. Yazıq kişi o qədər peşman
olmuşdu ki, əllərini sobaya salıb ütmüşdü bir ara...
Hörmət kişidən ətraflı danışmağım onu oxuculara
daha yaxşı tanıtmaqdan ibarət idi. Gələk onun əziz-xələf oğlu İzzətdən macəralarına..
Bu macəralarla tanışlıq sizə Hörmət kişini daha
yaxından tanıtdıracaq. İzzət hardasa mənimlə eyni yaşda idi, bir-iki bayram fərqimiz
olardı ya olmazdı. Xasiyyətcə çox təkəbbürlü və özündən razı idi. Bütün günü
avaraçılıqla, əyri-üyrü işlərlə məşğul idi. Üç ədəd qoyunu var idi. Özü də bu
qoyunlara “sürü” deyirdi. Deyirəm,
yaxşı ki, çox şeyi yoxmuş. Qoyunların da maşallah haram yeməkdən enləri ilə
uzunları bərabər idi. Qonşuların kimsəsiz həyətləri, yolun qırğındakı yenicə əkilən
körpə ağacların budqaları və nisbətən yaşlı ağacların yarpaqları bu qoyunların əsas
qida mənbəyi idi. Birdən düşünərsiniz İzzəti “tərkedlimişlər” sırasına qatasınız, o zaman sizdən inciyə bilərəm.
O heç də “tərkedilmiş” deyildi.
Oğlanın tər-təmiz, oğlan əli dəyməmiş (özü demiş) gül üzlü sevgilisi var idi.
Adı da Sevgi idi qızın. Bütün günü qız İzzəti fikirləşirdi, İzzət də qızı.
Çünki İzzət qızın əsas gəlir mənbəyi idi. Sevginin necə “namuslu” qız olduğunu bütün məhəllə əzbər bilirdi. Elə özü də bunu
yaxşı bilirdi. Lakin özünü elə aparırdı ki, elə bil dünyada iki kişi var elə ikisi
də özüdü. Bir dəfə qız barədə ondan soruşdum:
-Görürəm yaman vurulmusan aaa?!
-Yox əşşi başın xarab olub, başına at təpib nədi,
neynirəm e onu...
Həmişə də bir söz var idi, onu deyərdi. Yaxşı qızı
istəyərlər, pis qızı pisləyərlər...
Bütün bunları o deyirdi. Mən də deyirdim vallah
halaldı atasına oxşamadı. Bu dediyim sözlərin yanlış və absurd olduğunu onun
telefonundakı qaralama mesajı oxuyandan sonra tam başa düşmüş oldum. Zatən “tərbiyəli” qoyunları olan adamdan
bundan başqa nə gözləmək olardı ki?! Qaralama mesajda yazılmışdı: “Həyatım Sevgi, sənsiz yaşaya bilmərəm, ölərəm.
Sən mənim hər şeyimsən. Nəyin bahasına olur-olsun səni özümə arvad edəcəm. Öldü
var, döndü yox...”
Bir az öncə sevgi haqqında bir-iki fikir səsləndirib,
oxucuları şübhəyə saldım. İndi istəyirəm ki, bu sübhəli fikirlərə aydınlıq gətirim.
Yəni sevgi dolu Sevginin sevgi dolu sevgi həyatını sizə sevdirim. Sevginin 18
yaşı var idi. Düz iki bundan öncə Sevgi feysbukda bir oğlanla tanış olmuşdu.
Oğlana baxsan deyərdin ki, əməlli-başlı modeldi. Bu oğlan özünü “tərkedilmişlər” sırasında görməyən
Sevgini “tərkedilmiş”lərə qatan yeganə
qüvvə idi. Sevgi bu məhəbbət hekayəsini saytların birində paylaşmışdı. Sevgi
yazırdı: “İki il bundan qabaq feysbukda
gözəl bir oğlanla tanış oldum. Onda 16 yaşım var idi. Bu oğlan çox xoşuma gəlirdi.
O vaxtlar biraz ehtiraslı idim. O oğlanın şəklini görəndə özümü itirirdim, ürəyim
xarab olurdu. Nəisə bir müddət danışdıqdan sonra görüşməyə qərar verdik. Günlərin
bir günü məktəbdən bir saat tez çıxıb görüşə getdim. Görüşümüz parkların birində
baş tutdu və bu mənə yaxında qaldığını bildirdi və evinə dəvət etdi. Mən də
hörmətsizlik olmasın deyə onu qırmadım. Nə biləydim ki axırı belə olacaq?!
(guya ki mən istəmirdim axırı belə olsun... yalansa mənim ata-babama lənət).
Qısası bu yavaş-yavaş mənə toxunmağa başladı, yataq otağına apardı. Sonra da ki...
Bakirəliyimi ona qurban verdim. Papa bilsə məni öldürəcək...”.
Qəribəsi onda idi ki “öldürəcək” sözündən sonra gülmək işarəsi də qoymuşdu. Bu onun nə qədər
şən, həyat dolu, vecsiz bir qız olduğunu göstərirdi. İzzət başı batmış bunların
hamısını bilirdi. Amma neyləmək olar ki, hamıda kişilik damarı olmur. Kişilik
damarı paylananda bu ya yatıb, ya da başı qoyunlarına qarışıb. Sevgi
texnologiya ilə ayaqlaşmağı bacarırdı. WhatsApp-dan tutmuş, facebook-a,
odnaklassnikidən tutmuş twitter-ə kimi bütün sosial şəbəkələrdə var idi. WhatsApp-dakı
siyahıda yuxarıdan aşağıya doğru 161-ci sevgilisinin adı İzzət idi.
Bu sevgi macərası atasının qulağına çatanda kişini
od götürdü.
-Mənim kişiliyim yol verməz ki, sən bu əxlaqsızı
evimizə gətirəsən. Gül kimi qızlar var. Get birini bəyən alaq dəə...
Hörmət kişi bu sözləri söyləyə-söyləyə dizləri əsirdi.
Çünki bu sözlər ona yad deyildi. İllər öncə atası ona eynən bu sözlərlə müraciət
etmişdi və atasının cavabı beşqardaş (yəni şillə) olmuşdu. Hörmət kişi oğlundan
biraz aralıda dayanmışdı. Çünki gec-tez bu beşqardaş onun da qapısını döyə bilərdi.
Oğlu isə atasının bu sözlərinə cavab verərək:
-Məni məcbur eləmə keçmişi vərəqləyim. Kişilikdən
danışanıma bax da...
Əslində İzzət bu sözlərlə özünü də “kişi” kimi təsqid edirdi.
Atası bu sözləri eşidən kimi donub qalırdı, deməyə
söz tapmırdı.
İzzətlə Sevgininki çox çəkmədi. Sevgi İzzət kimi
çoxlu oğlanı “tərkedilmiş”lər cərgəsinə
qatmışdı. Bu onun üçün bir içimlik su idi. Çünki “tərkedilmişliy”in gözəl bir bir hiss olmasını gözəl bir oğlanın
sayəsində başa düşmüşdü.
Günlərin bir günü Sevgi İzzətə mesaj yazaraq hər
şeyin bitdiyini bildirdi. Mesajın mətni aşağıdakı kimi idi: “Sən yaxşı oğlan deyilsən, mənim kimi
namuslu, tərbiyəli qıza layiq deyilsən. Get başqa qapıya”...
İzzətsə bu sözlərdən sonra əməlli-başlı
sarsılmışdı. Onun sonunun nə olduğunusa oxucuların öhdəsinə buraxıram. Sevgi yəqin
ki, papasının onu növbəti dəfə “öldürmə”sini
istəyirdi. Mən də bu sözlərdən sonra iki gülmək işarəsi qoyuram. Birini özüm
üçün, birini də bu hekayəni oxuyanlar üçün. Bu hekayənin oxuyanlar istəsə onlarçün
qoyulan gülmək işarəsini silə bilər. Amma xahiş edirəm, mənimkinə dəyməsinlər...
|