Vasif Əlihüseyn - Anamın doğum günü, həkimləri, əsgərləri itkin düşmüş bina
23.12.14
Qəsəbənin ortasında bu yerinəyeksan olunmuş binanı gördükdə birdən – birə anam yadıma düşür. Əvvəl xəstaxana binası idi, sonra hərbi hissə binasına çevirdilər. Elə bu ilin yayında binanı əsgərlərdən də boşaldıb ikimərtəbəli binanı ağır texnikayla yerlə bir etdilər. İndi deyilənə görə burada gözəl bir park salınacaq ki, bu da Göytəpə qəsəbəsi sakinləri üçün həm istirahət, həm də gəzinti yeri olacaq.
Niyə anam yadıma düşdü? Bu maraqlı gələcək sizə. Çünki, bu binanın xəstəxana olduğu vaxtda anam burada əməliyyat olunmuşdu. Onda Bakıda tələbə vaxtım idi, və şəhərdəki restoranların birində günü beş manata “qarson” köməkçisi işləyirdim. Anamın telefonuna zəng vuranda telefona anamın yox, bacımın cavab verməsi məni daha çox qorxuya salmışdı. Elə birnəfəsə qışqırmışdım: - Ana hanı? - Qorxma, ana əməliyyat olunacaq. İndi yorğan – döşək götürüb xəstəxanaya getdilər. Telefondaca məni ağlamaq tutur. Yasamal bazarının yanında yaşadığım ikimərtəbəli evin birinci mərtəbəsində ağzı üstə uzanıb ağlayıram. Dadıma mənimlə otaq yoldaşı olan oğlan çatır: Darıxma, yaxşı olar.
Elə həmin günün axşamı işdən icazə alıb rayona gedirəm. Xəstəxananın həyətində bir adam tapmıram ki, anamı soruşam. Tapmamağıma da sevinirəm. Elə bilirəm mənə heç də yaxşı olmayan xəbər deyərlər. İkinci mərtəbədə anamın sağdakı otaqlardan birində olduğunu deyən tibb bacısı qapıya tərəf qaçır: - Xanımın nəyisən? - Oğluyam. - Hə, anan lap yaxşıdı.
Sevinirəm. Otağa daxil olduqda anamı uzanıqlı görməyim mənə yuxu kimi gəlir. Bir azda xəcalət çəkirəm ona görə ki, anamın əməliyyat puluna kömək edə bilmirəm. Günü beş manata işləyirəm, ayda əlli manat kirayə pulunu ancaq verə bilirəm. Qalmışdı anamın əməliyyat puluna kömək edəm.
Anam ona pay gətirilən meyvələrdən soyub mənə verir: Ye, narahat olma hər şey yaxşıdı. Axşamlar Pakizə nənə ilə Qumru xala yanımda qalır. Bir – iki günə evə buraxacaqlar.
Söhbətindən məlum olur ki, atam əməliyyat üçün həkimlərə lazım olan puldan artığını verib. Görünür atam da anamsız qalmağın nə qədər çətin olduğunu anlayıb, başqa vaxt xətrinə dəysə belə. Hələ, zəhləsi getdiyi siqaretini belə bir-birinə calayıb anam əməliyyat masasında olduğu zaman.
İndi, həkimləri, əsgərləri itkin düşmüş binanın həyətindən bir çay daşı götürüb yaxınlıqdakı çaya atıram:
Anam, doğum günün mübarək! Nə yaxşı ki, varsan!
|