“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı ilə Akademik Həsən Əliyevin xatirəsinə həsr olunmuş “Həyəcan təbili” devizi altında məktəblilərin Respublika baxış-müsabiqəsinin yekun tədbiri Bakı Xətai Sənət Mərkəzində keçirildi.
Baxış müsabiqəsində əsas məqsəd dahi alim, akademik Həsən Əliyevin təbiəti mühafizə ideyalarının məktəblilər arasında təbliği, şagirdlərin ekoloji biliklərin, ətraf mühitin qorunması istiqamətində yaradıcılıq potensiallarının artırılmasıdır. 2014-cü ilin noyabr-dekabr aylarında V-XI sinif şagirdləri arasında keçirilən müsabiqəyə 150-dən çox rəsm əsəri təqdim olunmuşdur.
Yaradıcılıq nümunələri içində 55 saylı tam orta məktəbin V nitqi qüsurlu sinfində təhsil alan Əli İskənədərli “Ağlayan ağac” rəsminə görə fərqlənmə diplomu ilə təltif olunmuşdur. Əli nitqi qüsurlu olmağına baxmayaraq daxilindəki yüksək yaradıcı potensialı və ekologiya mövzusuna fərqli baxışıyla digər müsabiqə iştirakçılarından seçildi. Ona bundan sonra da uğurlar və yaradıcılığında müvəffəqiyyətlər arzu edirik.
Xanım Aydın