Xalq yazıçısı Elçin yazır - Nəsillərdən nəsillərə
16.12.14

XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyi həm ölkəmizdə, həm də ölkəmizdən xaricdə geniş qeyd edilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük ədibimizin yubileyi ilə bağlı bu ilin yanvar ayında xüsusi sərəncam imzalamışdır.

Keçən dövr ərzində İlyas Əfəndiyev yaradıcılığına məhəbbətin ifadəsi olaraq, Azərbaycanın bütün guşələrində yubiley tədbirləri keçirilmişdir. Noyabr ayının 21-də Heydər Əliyev Sarayında keçirilən böyük yubiley gecəsi əsl ədəbiyyat bayramına çevrildi.

İlyas Əfəndiyevin 100 illiyi Parisdə YUNESKO-da, Ankarada TÜRKSOY-da geniş qeyd edildi. Ədibin məşhur “Sən həmişə mənimləsən” pyesi Londonda tamaşaya qoyuldu, əsər ingilis dilində nəşr olundu. Bu pyes Braziliyada da portuqal dilində nəşr edildi və kitabın Rio-de-Janeyroda yubileyə həsr olunmuş təqdimat mərasimi keçirildi.

Bu günlərdə “Təhsil” nəşriyyatı İlyas Əfəndiyev haqqında məqalələr, esselər və xatirələrdən ibarət “Geriyə baxmağa dəyər...” adlı kitab nəşr etmişdir. Kitabın tərtibçisi, redaktoru və ön söz müəllifi Xalq yazıçısı Elçindir. Oxucuların marağını nəzərə alaraq həmin ön sözü onlara təqdim edirik.

1939-cu ildə İlyas Əfəndiyevin ilk kitabı – hekayələrdən ibarət “Kənddən məktublar” – nəşr edildi və o vaxtdan etibarən də onun yaradıcılığı daima ədəbi tənqidin, ümumiyyətlə, ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuşdur və bu yerdə İlyas Əfəndiyevin yaradıcılığına oxucu sevgisi ilə qələm sahiblərinin diqqəti və marağı üst-üstə düşür.

Səməd Vurğun və Süleyman Rüstəmdən, Süleyman Rəhimov və Mehdi Hüseyndən, Məmməd Arif və Məmməd Cəfərdən, Əli Sultanlı və Cəfər Xəndandan, Mirzə İbrahimov və Cəfər Cəfərovdan tutmuş, bu günün aparıcı ədiblərinəcən, ədəbiyyatımızın simasını müəyyən edən müxtəlif ədəbi nəsil nümayəndələri 25 yaşlı gənc yazıçının və 100 illiyi YUNESKO səviyyəsində qeyd edilən XX əsr Azərbaycan ədəbiyyatı klassiki İlyas Əfəndiyevin 57 il – 1996-cı il oktyabr ayının 3-nə kimi – davam edən yaradıcılıq yolunda oxuculara və tamaşaçılara təqdim etdiyi romanları və pyesləri, povestləri və hekayələri haqqında mütəmadi yazmış, fikir söyləmiş, bu əsərlərin milli ədəbiyyatımıza gətirdiyi bədii-estetik yenilikləri, onların ədəbi-bədii dilimizin, yaxud teatr sənətimizin inkişafındakı rolunu tədqiq etmiş, dissertasiyalar yazmış, elmi monoqrafiyalar nəşr etdirmişlər.

Baxın, yalnız elə bizim böyük ədəbiyyatşünasımız və tənqidçimiz, unudulmaz Yaşar Qarayev İlyas Əfəndiyevin əsərləri haqqında 15-ə qədər məqalə yazmışdır – bu, hələ tərtibat zamanı mənim saya bildiklərimdir.

Yaxud, İlyas Əfəndiyevin ancaq bir teatrda – Akademik Milli Dram Teatrında 19 pyesi tamaşaya qoyulub (bunun, bəlkə də, müasir dünya teatr tarixində analoqu yoxdur!), bu tamaşaların hər biri  haqqında neçə-neçə məqalələr yazılıb və bura orasını da əlavə etsək ki, həmin pyeslər yalnız AMDT-da yox, ölkənin bir çox başqa teatrlarında da tamaşaya qoyulub (və qoyulur!) və onların haqqında da az yazılmayıb, o zaman yalnız elə tamaşalar haqqında yazılan məqalələr böyük bir kitab edir.

Bütün bunlara görə də bu kitabı hazırlayarkən, aydın məsələdir, ciddi çətinliklərlə rastlaşdım – təsəvvür edin, bu qədər ədəbiyyatı yenidən oxumalı, ən azı yenidən nəzərdən keçirməli və onların arasından seçim etməli idim.

Belə bir seçimə nə qədər nail olduğumu, yəqin, mütəxəssislər, oxucular deyəcək, ancaq mən bu kitabla bağlı bəzi cəhətləri qeyd etməyi lazım bilirəm.

Orasını da deyim ki, İlyas Əfəndiyevin yaradıcılığı haqqında rusdilli mətbuatda da – həm Azərbaycan, həm də Sovet dönəmindəki “mərkəzi mətbuatda”, yəni “Literaturnaya qazeta”, yaxud “Teatr” jurnalı kimi Moskva nəşrlərində – görkəmli yazıçı və tənqidçilərin (D.Medvedenko, V.Zalesski, S.Əsədullayev, G.Əlibəyova, R.Rayeva, V.Boquslavski, H.Quliyev, S.Dunina və b.) bir çox maraqlı məqalələri dərc edilmişdir, ancaq onları yəqin ki, başqa məxsusi bir kitab üçün seçmək lazımdır.

Oxucunun qarşısındakı bu kitab “Geriyə baxmağa dəyər” adlanır, bu – istedadlı tənqidçimiz, rəhmətlik Nadir Cabbarovun artıq səsçatmaz, ünyetməz bir uzaqlıqda qalmış 1981-ci ildə məşhur “Geriyə baxma, qoca” romanı haqqında yazdığı məqalənin adıdır və məncə, bu ad bu gün rəmzi səslənir: geriyə , yəni 57 illik yaradıcılıq yoluna – istedadlı və şərəfli bir yola – yenidən baxmağa dəyər.        

Buradakı məqalələr, esselər İlyas Əfəndiyevin müxtəlif əsərlərindən bəhs edir, təbii ki, müəlliflərin üslubları, təhkiyələri də müxtəlifdir, xatirələr ayrı-ayrı fərdi müşahidələrin, fərdi hiss-həyəcanların ifadəsidir, ancaq bununla bərabər,  elə bilirəm ki, bir mühüm cəhət bu məqalələrin, xatirələrin hamısını birləşdirir: səmimilik.

Həmin səmimilik ki, İlyas Əfəndiyevin özünün də qələminin və şəxsiyyətinin əsas xüsusiyyətlərindən biri, bəlkə də, birincisi idi.

Oxucu, olsun ki, kitabdakı məqalələrdə bir-birinə zidd fikirlərə, mülahizələrə rast gəlsin və bunun özü də haqqında bəhs edilən roman, pyes və hekayələrin həm bədii-estetik baxımdan, həm də xarakterlərin səciyyəsi, surətlərin daxili aləmində xislətin doğurduğu ziddiyyət və mürəkkəbliklər baxımından zənginliyindən, çoxcəhətliyindən xəbər verir.

Kitaba eyni əsər haqqında iki ayrı-ayrı müəllifin (“Bahar suları” haqqında Məmməd Arifin və Cəfər Xəndanın, yaxud “Atayevlər ailəsində” tamaşası haqqında Mehdi Hüseynin və Əli Sultanlının, yaxud da “Söyüdlü arx” romanı haqqında Süleyman Rəhimovun və Xəlil Rza Ulutürkün) məqalələri də daxil edilib və bu, eyni əsərə, eyni teatr tamaşalarına müxtəlif bucaq altından baxmaq mənasında, məncə, maraqlı ola bilər.

Eyni zamanda, oxucular kitabda bir müəllifin iki məqaləsi ilə də rastlaşacaqlar və bu da, yəqin, maraqlı olar – baxın, misal üçün, 1959-cu ildə “Söyüdlü arx” romanı çap olunarkən, Moskvada təhsil alan Xəlil Rza (onda hələ Ulutürk deyildi) bu romanı oxuyub, oradan bir gənclik ehtirası ilə olduqca lirik-emosional açıq məktub – “Söyüdlü arx” romanının qəhrəmanı Nuriyyəyə açıq məktub” yazır, 28 ildən sonra isə tamamilə başqa səpgidə qələmə alınmış “Şeyx Məhəmməd Xiyabani” pyesinin tamaşası haqqında yenə də emossional, ancaq bu dəfə vətəndaş qayələrinə və meyarlarına söykənən bir məqalə yazır.

Kitabda elə məqalələr də var ki, onlar tənqidimizin, sənətşünaslığımızın klassikasıdır və mən nümunə kimi 1964-cü ildə Cəfər Cəfərovun “Sən həmişə mənimləsən” tamaşası haqqında yazdığı “Təklik faciədir” məqaləsini göstərmək istəyirəm.

“Sən həmişə mənimləsən” pyesi dramaturgiyamızda və teatr sənətimizdə necə bir parlaq hadisəyə çevrildisə, “İlyas Əfəndiyev teatrı” estetik anlayışını yaratdısa, “Təklik faciədir” məqaləsi də teatrşünaslığımızda eyni hadisəyə çevrildi, “Cəfər Cəfərov teatr tənqidi” nəzəri-estetik məfhumunun tam olaraq formalaşmasında ciddi rol oynadı.

Kitabdakı məqalələr xroniki ardıcıllıqla verilib və bu yerdə mən bir cəhəti də əlamətdar saydığım üçün, ayrıca qeyd etmək istəyirəm: bu məqalələrin bir qismi Nizaməddin Şəmsizadə, Vilayət Quliyev, Şirindil Alışanlı, Məryəm Əlizadə kimi günümüzün görkəmli ədəbiyyatşünas, sənətşünas tənqidçilərinin qələmindən çıxıb və bu müəlliflər o ədəbi nəslin nümayəndələridir ki, özlərini yüksək professionallar kimi son 20-25 ildə ifadə və təsdiq ediblər və onların məqalələri elə bu kitabın timsalında milli ədəbi tənqidimizin inkişafını, hansı səviyyəyə gəlib çatmasını açıq-aşkar göstərir.

Bu cəhət bir də ona görə əlamətdardır ki, İlyas Əfəndiyev və başqa böyük yazıçıların hətta sosrealizm dövründə qələmə aldıqları, ancaq sosrealizm çərçivələrinə heç vəchlə sığışmayan əsərləri bu gün – sosrealizm prinsiplərindən uzaq müstəqil Azərbaycan ədəbi tənqidinin elmi-nəzəri inkişafında mühüm rol oynayır.

Güman edirəm ki, bu kitabda təmsil olunan məqalələr, ümumiyyətlə, Azərbaycan ədəbi tənqidinin keçdiyi son 66 illik – 1948-ci ildən 2014-ə qədər – inkişaf yolu barədə də müəyyən təsəvvür yaradır.

Kitabın daha iki xüsusiyyətini, elə bilirəm ki, qeyd etməyə dəyər: burada keçən əsrin otuzuncu illərindən etibarən yazı-pozu işi ilə məşğul olan bütün ədəbi nəsil nümayəndələrinin məqalələrinə rast gəlmək mümkündür və bu mənada ardıcıllığa diqqət edin:

Nasirlər: Süleyman Rəhimov – İsmayıl Şıxlı – Anar – Afaq Məsud...

Yaxud şairlər: Süleyman Rüstəm – Azəroğlu – Qabil – Cabir Novruz – Zəlimxan Yaqub...

Yaxud tənqidçilər: Məmməd Arif – Kamal Talıbzadə – Bəkir Nəbiyev – Yaşar Qarayev – Aydın Məmmədov...

Bu ardıcıllıq indiki halda İlyas Əfəndiyev yaradıcılığının timsalında, ümumiyyətlə, əsl sənət əsərinin zaman sərhədlərini – sənətin qarşısında duran ən amansız sərhədləri – tanımadığını və bu sərhədlərdən qətiyyən çəkinmədiyini yaxşı göstərir.

İkinci xüsusiyyət də odur ki, yazıçılarla, tənqidçilərlə, teatr aləminin nümayəndələri ilə yanaşı, kitabdakı yazılar arasında başqa sənət sahiblərinin – Səid Rüstəmov, Tofiq Quliyev, Süleyman Ələsgərov kimi bəstəkarların, Fərəməz Maqsudov (riyaziyyatçı), Tofiq Köçərli (tarixçi), Əhliman Əmiraslanov (cərrah) kimi akademiklərin, Mikayıl Abdullayev və Tahir Salahov kimi rəssamların, hətta din xadiminin (Molla Qurban Süleymanov), sadə və zəhmətkeş bir sürücünün (Kərbəlayi Əli) İlyas Əfəndiyev haqqında yazdıqları məqalələr, xatirələr, qısa ürək sözləri də var və məncə, bu cəhət İlyas Əfəndiyevin şəxsiyyəti və həmin şəxsiyyətin miqyası barədə az söz demir.

Burasını da yaddan çıxarmayaq ki, kitaba toplanmış məqalələr nəinki ayrı-ayrı dövrlərdə, hətta ayrı-ayrı epoxalarda yazılıb və Sovet dönəmində yazılmış məqalələrdə ara-sıra özünü göstərən fikir və mülahizələr, əlbəttə, zamanın ideoloji təsir və təzyiqinin göstəriciləridir.

Mən dövrün koloritini saxlamaq üçün hətta 40-50-60-cı illərdə yazılmış bəzi məqalələrdə açıq-aşkar vulqar sosiologizmlə yoğrulmuş müddəalara belə, çalışdım ki, imkan daxilində əl dəyməyim, vaxtında necə dərc olunubsa, o cür də saxlamağı lazım bildim, çünki bu, ədəbiyyat və ədəbi tənqid tariximizin real səhifələridir və onları “yeniləşdirmək” cəhdi (bu gün belə hadisələrə – siyasi-ədəbi-bədii kosmetikaya! – tez-tez təsadüf edirik), əslində, ədəbiyyatımızın və tənqidimizin tarixini, gerçək tarixi simasını təhrif etmək deməkdir, təhrif olan yerdə isə, aydın məsələdir, hansısa inkişafdan söhbət gedə bilməz, bir də ki, onsuz da “yazıya pozu yoxdur”, maraqlanan hər bir kəs kitabxanaya gedib “Kommunist” qəzetini, yaxud da o dövrün hər hansı bir mətbu orqanını açacaq və istədiyi yazını – nə yazılıbsa da, onu – oxuyacaq.

Və mən bu qısa ön sözü belə bir ümidlə (hətta inamla!) bitirmək istəyirəm ki, illər keçəcək, milli ədəbiyyatşünaslığımızın İlyas Əfəndiyev yaradıcılığına diqqəti və marağı nəsillərdən- nəsillərə keçən dediyim həmin ardıcıllıqla davam edəcək. /525.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.