Vaqif Yusifli Kamal Abdulladan yazdı

16.12.14

Poeziyanın çox qəribə, sirli bir aləmi var və bu aləmin dərinliyinə vardıqca səni çəkib aparır. Bir də görürsən ki, tamam şeirə bürünmüsən, misraların içində səni özünə çəkən, bir an belə rahat buraxmayan duyğularla baş-başasan. Kamal Abdullanın “Nar çiçəkləri” şeir kitabını oxuyanda mən belə bir hiss keçirdim.

Kamal Abdulla bu gün şairdən daha  çox alim, nasir, dramaturq, tərcüməçi kimi tanınır və deyərdim ki, qibtə edilməli yaradıcı ömürlə baş-başadır. Əsərləri dünyaları gəzib dolaşır, Dədəqorqudşünas, Azərbaycan nəsrində postmodernist təmayülün aparıcı nümayəndəsi kimi təqdir olunur və əlbəttə, belə bir istedadlı adamın şeir yazmağı da heç qəribə görünməsin. Şəxsən bir oxucu və tənqidçi kimi mən onun şeirləri ilə daha tez dil tapdım. Fikrimcə, Kamal Abdullanın şairliyi “Gizli Dədə Qorqud”dan da, “Yarımçıq əlyazma”dan da, “Sehrbazlar dərəsi”ndən də, “Unutmağa kimsə yox”dan da qabaq onun dünyasına varıbmış.

Kamal Abdullanın şeirlərini bir şairin tənhalıq duyğuları da adlandırmaq olar, yaxud qəlbin –”ağıllı ürəyin” çırpıntıları kimi də qiymətləndirmək olar, hətta bu şeirləri bir fərdin-duyğusal bir insanın səadət, xoşbəxtlik axtarışları kimi də qələmə vermək olar. Amma nə olur-olsun, bunlar insani hisslərin bir az qeyri-adi ifadəsidir. Qeyri-adilik nədədir? Qeyri-adilik bu şeirlərin aşıladığı ovqatdadır. Səni özünə çəkən də budur.

Şeirdə hər şeydən danışmaq olar. Amma necə? Bəziləri qışqıraraq, hər sətirdə “mən” deyib mikrofonu çatdadaraq şeir bağırırlar. Bəziləri əllaməçilik libasına bürünərək sətirləri, misraları bir kəmər kimi şeirlərinin belinə dolayırlar – məna da yox, hiss də, duyğu da. Bəziləri isə bizimlə adi danışıq tonunda dilləşirlər, misralardan pilləkan düzəldib nəfəslərimizi kəsənə qədər canımıza sinirlər. Kamal Abdullanın şeirlərində isə  şeirimizin yaşarı ənənələrindən gələn, dilimizin zərifliyini, gözəlliyini xatırladan bir xətt var – bu xətt boyunca irəliləyirsən və qarşında yaşı mini ötüb keçən Dədə Qorqudu görürsən. Dədə Qorqudun nəfəsi Kamalın şeirlərində bir ruh kimi dolaşır. Amma bu nəfəs əntik bir əşyanı cilalamaq, ona təzə rəng qatmaq missiyasını yerinə yetirmir, Dədə Qorqud nəfəsi Kamalın şeirlərində tamam müasirdir.  Kamalın “Kitabi-Dədə Qorqud”dan “Sirriçindən nəğmələr” silsiləsində məhz qədim dastanımıza müasr bədii təfəkkürün işığı ilə baxmaq cəhdini hiss edirik:

Bu duyğular
yenə işığa büründü ola.
Bu uyqular
yenə mənə göründü ola.
Bu sənmisən Dözən oğlu?
Dözən oğlu Alp Rüstəm, bu sənmisən?!
Dəli Dondar, bu sənmisən?!
Bəy yigidlər yaşıl-yaşıl,
budaq-budaq,
Yarpaq-yarpaq
Gəlib girdilər uyquma.

“Dədə Qorqud” dilinin incəlikləri, semantik gözəllikləri Kamalın şeirində yenidən ehya olunur. Amma müasir biçimdə.

Mən bu məqamda ünlü şairimiz Vaqif Bayatlı Odərin Kamalın şeirləri barədə söylədiyi bir fikri xatırlatmaq istəyirəm: “Kamal Abdulla elə ilk şeirlərindən sübut elədi ki, nəinki necə yazmamağı çox gözəl bilir, hətta hər səsin, hərfin üstündə indiyə qədər heç bir şairin əsə bilməyəcəyi qədər əsir və indiyə qədər heç kəsinki olmayan səslərə “mənim ol” deyir və onlar onun şeiri olur”.Bu fikirdə heç bir tərif, difiramb tonu hiss eləmirəm və məsələ burasındadır ki, Kamal Abdullanın şeirləri necə yazmamağın təhərini-tövrünü nümayiş etdirir.

Sevməyə bir adam qalmadı daha.
Hər şeyin dadı qaçdı
Çiçəklərin üzündəki kəpənək kimi.
Yağışlar başladı.
Üzü Allaha tərəf,
Üzü dərgaha sarı yağırdı bu yağışlar.

Şeirdə Yağış insanla Allah arasında  qırılmış körpülərin, sanki yox olmuş diləklərin ifadəsimi?  Bəlkə, əksinə? Əgər yağış “min il su üzü görməyən səhraların dibsizliyindəki ölü ruhları” canlandırırsa, sevməyə bir adam qalmırsa, nədi bu məntiq? Məsələ burasındadır ki, K.Abdulla məlum nəsnələrin və hadisələrin əks tərəfini düşünür. Başqa bir şeirində də o, yenə yağışların üzüaşağı deyil, üzüyuxarı yağdığını söyləyir və artıq həmin şeirdə hər şey aydınlaşır.

Yavaşdan axar göz yaşlarımız,
Yağışla axar göz yaşlarımız.
Üzüyuxarı göz yaşlarımız,
Yağışlar yağar dərgaha sarı.
      
Deməli, yağışlar yox, göz yaşlarımızdı axan. Və bu məqamda Əli Kərimin o məşhur misralarını da xatırlayıram: “Külək qarı püskürür, Yerdən göyə yağır qar”. Amma burda sırf fiziki çevrilmənin obrazlaşması nəzərə çarpır.

Kamal Abdullanın şeirlərində ayrı-ayrı obrazlar diqqəti cəlb edir ki, bunların hər biri onun poetik düşüncəsində müəyyən bir fikrin simvolik ifadəsinə xidmət edir.

Yol obrazı Kamal Abdullanın şeirlərində üstün yer tutur. “Yol-1”, “Gəldiyim yolla”, “Sənin yolun”, “Yol-2” şeirləri, həmçinin digər şeirlərindəki yolla bağlı deyimlər YOLun insan taleyi ilə birbaşa bağlılığına işarədir. Məncə, “Yol-2”dəki bu bənd Kamalın Yol və İnsan taleyi arasındakı bağlılığın ən bariz ifadəsidir:

Bu Yol sənin yolun deyil-bilginən,
Sənin olan addımındı, izindi.
İstəyirsən-ürəyindi döyünən,
İstəyirsən-nəfəsindi, səsindi.

Başqa bir obraz-Tənhalıq. Yenə Vaqif Bayatlıya üz tuturam. Deyir ki: “Nə qədər böyük və dəhşətli Tənhalıq! Bu Tənhalıq Sevgi kimi!”.

Kamal Abdulla Tənhalığı məhz sevgi kimi tərənnüm edir. Oxucu bu tənhalığın verə biləcəyi qəmə, kədərə deyil, sanki verə bildiyi xoşbəxtliyə alışır.Bəlkə də bu bir aldanışdı?

Dünyanın sonuncu tənha adamı
Elə sevinər ki, tənhalığına.

Dünyaya gəlmək, yaşamaq, sonra ölmək, sonra xatırlanmaq..Hamısı bir Yolun başlanğıcı və sonuymuş. Hara gedib çıxır bu Yol?

Kimi dindirirsən, tənhaymış,
Kimə baxırsan, təkmiş.
Nə isə çoxaldı bu təklər, tənhalar...
Tənhalıqdan təkliyə
Təklikdən tənhalığa
Əyilə-əyilə-
Başımız göyə dəyər.
Var-gəl.
Var-gəl.
Yəni məşəqqət.     
Hər şey sənin içindəymiş:
Dünya sənin qəfəsindi,
Ya sən dünyanın qəfəsi?

Hər şey unudulur, xatırlamağa heç nə yox. “Dünya hey istəyir bu son adamdan Qurtulsun, canını götürüb qaçsın”. Yox, dünyada xatırlamağa kimsə tapılmırsa, unutmağa  da kimsə yox! Bu iki məntiq Kamalın şeirlərində qarşı-qarşıya durur, necə deyərlər, təsdiq inkara, inkar təsdiqə çevrilir.  Elə o sevgiyə bənzər tənhalığın içində də unudulmayan hisslər, duyğular, olaylar yaşayır. Yenə Əli Kərimin misraları yada düşür: “Tənhalıq boşluq deyil, Səni gözləyən varsa”.

Kamalın şeirlərinin bir çoxu belə bir məntiqə əsaslanır ki, dünyada hər şey göründüyü kimi deyil. Adi sifət-üz insanı aldada bilər, göz də elə. Bəlkə elə işığı sevmək qaranlığı sevməkdən başlayır.                                                                                                                                                                                                                                                                                                    Axı, insanın iç dünyası böyük Dünyanın özü kimi qəribə və təzadlıdır.     

Mənə qaranlıq verin-
Qapqara, zil qaranlıq.
Mənə heç nə verməyin,
Mənə qaranlıq verin.

Qaranlığın içində
Salın itirin məni.
Nə mən görüm kimsəni,
Nə kimsə məni görsün.    

Salın məni itirin
Qaranlığın içində.
Bəlkə onda bilərəm
Mən işığın qədrini.

Mən “lirik qəhrəman”, “lirik mən” ifadələrini Kamalın şeirlərinə tətbiq etmək istəməzdim. Bunlar o qədər işlənib ki, sitallaşıb və bəzən mənasını da itirir. Amma  Kamalın lirik qəhrəmanı olsa-olsa, XXI əsrin –bu mürəkkəb əsrin, bu qəribə əsrin təzadları içində çırpınan bir insanın ümumiləşmiş obrazıdır,-deyə bilərik. Niyə çırpınır o? Niyə hər şeyə qarşı bu qədər şübhə ilə yanaşır? Niyə təkliyi sevir və niyə “xatırlamağa kimsə yox, unudulmağa da kimsə yox” deyir? Bu suallar və bu sualların doğurduğu şübhələr, gümanlar necə yaranır? Təbii ki, hər bir şairin –hər bir söz adamının çox mürəkkəb və ziddiyyətli olan, baş açılması mümkün olmayan müasir dünyanı necə qavraması, özünü dünyada, dünyanı özündə əks etdirməsi eyni deyil. Kamal Abdullanın dünyası (söhbət əlbəttə, şeirdə ifadə olunan dünyasından gedir) bizim üçün qapalı deyil, çox açıqdı. Amma onun bizə təqdim etdiyi dünya böyük Dünyaya tamam ayrı nəzərlə boylanmağımıza yol verir. Filosofluq yox, şairlik elə bu məqamdan başlayır....

Kamal Abdullanın şeirlərində sözlər, ifadələr şeiriyyət donuna bürünəndə, yəni sözlər fikirlə hissin vəhdəti olan şeirə çevriləndə oxucu ilə tez ünsiyyət tapır. Amma o yerdə ki, bunun əksi olur, şeir ŞEİRİYYƏTİN yox, sadəcə quruca bir fikrin qurbanına çevrilir, onda təəssüflənirsən. Tutaq ki, “Divar önünə” şeiri ilə tez dil tapırsan. Fikir sənə çatır. Bu fikrin poetik ifadəsi də yetərlidir:

Yadında qalıbmı harda, nə vaxtdı
Yolun əvvəlinə qoydular səni.
Sən bir hədəf idin, yol ox idi,
Tarıma çəkilmiş ox idi o yol.    

Dünyanın bu boyda yolları qaldı,
Səs səni apardı iynə ucuna.
Yolların genişi, hamarı qaldı,
İynə ucundan keçmək istədin.

Yollar ilan kimi kəsdilər yolu,
Quş deyildin-uçmaq istədin.
Dünyada bəlkə də möcüzə olur,
Bu elə o idi-səni səslədi.

Qatdı qabağına yollar səni,
Yarı ölü kimi, yarı sağ kimi.
Divar önünə qoydular səni,
Sən-hədəf kimi, yollar-ox kimi.

Desək ki, bu şeirdə fikir onun poetik ifadəsindən daha yüyrəkdi,-səhv edərik. Yolun oxa bənzədilməsi, insanın iynə ucundan keçmək istəyi, yolların ilana bənzədilməsi və s. belə bədii təsvir vasitələri hər halda, maraqlı tapıntılardır.Yaxud, “Pıçıltı”, “Bu dəniz bu dağa yaman oxşayır” şeirlərindəki metaforik düşüncə tərzi, “Ölərik-ayılıb gördük ki, varıq” şeirindəki bədii təzadlar düzümü maraqlıdır, şair qələmindən yoğrulub. “Vaxt gələr” və “Yağışlar başladı” şeirlərindəki təşbihlər də maraqlıdır. “Nar çiçəkləri”ndə peyzajla insan duyğusu lövhə, rəsm təsiri bağışlayır.

Ümumilikdə, bir ŞAİR kimi, Kamal Abdulla hələ yoldadır və onun YOL  NAĞILI hələ bitməyib. /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.