Günel İmran - Məktub
09.12.14
Ata, bir neçə gün sonra sənsizliyin iki ayını qeyd edəcəm. Məni sənsizliyə hazır etmədən qaça-qaça getdin. Səni tələsdirən nə idi?! Əsl darıxmağın necə hiss olduğunu səndən sonra öyrəndim. Axşam çağı evə gələrkən yolda bir kölgə gördüm, sənə oxşatdım. Ona doğru qaçmaq istədim. Sonra sən olmadığını anladım. Kiminsə sənin üçün “Allah rəhmət eləsin” deməsi incidir məni. Sanki bu sözlər sənin ölümünü qəbul etmək üçün məni bir küncə sıxışdırır.
Səni səyahətə çıxmış kimi düşünməyə çalışıram. Elə bir an gəlir, belə düşünməyə də gücüm çatmır. Bir də baxıram ki, özüm də bilmədən “Allah, atam geri qayıtsın” deyə dualar edirəm. Sənə məktub yazanda onu oxuyursan kimi hiss edirəm. Bu iki ayda sənə dəfələrlə yazdım. Sonra isə komputerimdən sildim. Çünki kədəri sevməzdin. Mənimsə ağladığımı bilsən heç dözməzdin. Geyimlərimi də qara rəngdə geyinmirəm. Bilirəm, qara geyinsəm hirslənərsən.
İsti havanı çox sevərdin. O dünyaya köçdüyün gün də hava isti idi. Mənsə soyuq havanı çox sevirdim. Artıq soyuğu heç sevmirəm. Özüm üşüyəndə düşünürəm yəqin sən də orda üşüyürsən. Kiçik yaşlarımda qarlı havada əlcək geyinməyi heç xoşlamırdım. Çünki əlcəklərlə qara toxunanda onun necəliyin yaxşı hiss edə bilmirdim. Əlimi ovcuna alıb cibinə qoyardın. Ata, hələ də əlcəkləri xoşlamıram. Səni artıq görməsəm də həmişə yanımda olduğunu hiss edirəm. Əvvəlki kimi xəyalpərəstəm, möcüzələrə də inanıram. Sənlə xəyal qurmaq çox gözəldi. Xəyal qurmağı mənə sən öyrətmişdin. Elə möcüzələrə inanmağı da. Amma sən gedərkən möcüzə olmadı. Səni dəfn etməyə apardıqları zaman buna bütün gücümlə mane olmağa çalışdım. Ölümdən belə qayıdacağına inanırdım. Möcüzə idin, dostum. Körpəykən səni dostum deyə çağırardım. Ata, mənə ən yaxın dostsan. Sənin kimi olmadıqlarına görə tez-tez hamıya hirslənmək istəyirəm. Sonra heç kimin sən ola bilməyəcəyini qəbul edirəm. Qəlbində bu qədər sevgi olan insan... Hər kəsə qayğı, diqqətlə yanaşardın, bütün insanları sevirdin. Yaxşı insan olmağı səndən öyrənirdim. Sənin üçün də getməyin çətin olduğunu bilirəm. Son nəfəsində gözlərimə baxıb axıtdığın iki damla yaşı hər gün xatırlayıram. Əlindən tutub “getmə” deyə yalvarırdım, həmin an isə “Ata, qorxma. Yanındayam, hər şey yaxşı olacaq” dedim.
Əbədiyyat da ədəbiyyat kimidir. Yazarkən sənlə danışan kimi oluram. Təşəkkür edirəm, mənim atam olduğuna görə. Tanıdığım ən ən gözəl insan. Beynimdə, qəlbimdə hər zaman yaşayacaqsan.
Avanqard.net
|