Vaqif Səmədoğlu - Nazım Hikmətlə üç görüş
08.12.14

“Kərəm kimi” kitabımı çapa hazırlayarkən əziz dostum Vaqif Səmədoğludan Nazım Hikmət haqqında xatirələrini yazmağı xahiş etdim ki, kitabıma Son söz kimi verim. “Xatirələrimi yazmışam, – dedi, – türk jurnalında dərc olunub”.

Vaqifin icazəsiylə həmin mətni Azərbaycan türkcəsində ilk dəfə olaraq “Kərəm kimi”yə Son söz kimi çap etdim. İndi isə “525”in oxucularının diqqətinə təqdim edirəm.

ANAR
   
 

Nazım Hikməti ilk dəfə on səkkiz yaşımda görmüşəm. 1957-ci ilin payızında Bakıya gələn zaman atam Səməd Vurğun bir ildən artıq olardı ki, dünyasını dəyişmişdi. Səməd Vurğun 27 may 1956-cı ildə vəfat edən zaman xəstələndiyi üçün dəfnə gələ bilmədiyindən indi də S.Vurğunun ev muzeyində saxlanan belə bir teleqram göndərmişdi: “Qardaş türk dillərimizin böyük şairi dillərimiz yaşadıqca sonsuzadək yaşayacaqdır”.

Otuz ildən sonra Nazım Hikmət yenidən Bakıya gəlmişdi. Bakı da, Nazımı sevənlər də onu həsrətlə gözləyirdi. Azərbaycanın hər yerində onu sevənlər çox idi. Bu sevgi sadəcə onun özünə, qürbətdə olan şairə deyil, eyni zamanda türk xalqına olan böyük məhəbbətin, hörmət və həsrətin ifadəsi idi.

Nazımın Bakıya gəlməsi münasibətilə olduqca zəngin proqram hazırlanmışdı: tələbələrlə, müəllimlərlə, jurnalistlərlə, şair və yazıçılarla görüşlər, teatr tamaşaları, Səməd Vurğunun məzarını ziyarət və onun evində ailə üzvləriylə görüş.

Biz o vaxt hazırda Səməd Vurğunun muzeyə çevrilmiş mənzilində qalırdıq. Evimiz 3-cü mərtəbədəydi. Bina liftsizdi, mərtəbələri çox yüksək idi. Buna bir də Nazımın səhhətini əlavə etsək, çox çətinlik çəkməsinə baxmayaraq, hər mərtəbədə qoyulan kətillərdə oturub hər dəfə nəfəsini dərərkən “Ah, Səməd” deyə-deyə evimizə qalxdı. Onun şux geyimi; məxmər papağı, yumşaq ayaqqabısı, gümüşü rəngli zərif paltosu, boynuna bağladığı ipək şərfi məni və qardaşım Yusifi – Bakının moda həvəskarlarını – heyran etmişdi. Nazım gözəl, zövqlə geyinməyi, Avropa geyim tərzini çox sevərdi.

Anam Xavər xanım əziz qonağımızın şərəfinə xüsusi hazırlıq görmüşdü. Nazım Hikmət ona olan hörmətdən çox razı qaldığını gizlətmirdi. Mən o zaman Azərbaycan Dövlət Konservatoriyasının 2-ci kurs tələbəsiydim. Əziz qonağımıza F.Şopenin “3-cü sonatası”nı çaldım. Məni qucaqladı və soruşdu:

– Üzeyir Hacıbəylini yoxsa Qara Qarayevi çox sevirsən?

– İkisini də – deyə cavab verdim.

– Özünü və torpağını sev- dedi.

Bu, heç gözləmədiyim, bu günə qədər ağlımda sual kimi qalan bir sözdü.

Bizdə qaldığı müddətdə tez-tez təkrarlayırdı:

“Öz dilinizdə danışın. Dilinizi qoruyun. Azərbaycan türkcəsi təmizdir, safdır, şirindir”.

Patefonu açaraq nə isə söyləməyini xahiş etdik. Dərindən nəfəs alaraq dedi:

“Qardaşım Səməd! Evinə gəldim. Məni elə qarşıladılar ki, sənin hələ bu həyatda yaşadığına inandım. Xatırlayırsanmı, Moskvada sənə bir şeir oxumuşdum. İndi eyni şeiri sənin ailə üzvlərinə oxuyuram:

Karşı yalı memleket,
Haykırıyorum Varnadan.
Eşitiyormusun Memet?
Kara deniz akıyor,
akıyor durmadan.
Deli hasret, deli hasret...
Oğlum, sana sesleniyorum,
eşitiyormusun, Memet?”


Nazım Hikmətin Azərbaycanın elm, ədəbiyyat, musiqi sahəsində tanınmış nümayəndələriylə yaxın münasibətləri olmuşdur. Bu əlaqələrin bəziləri sağlam dostluğa çevrilmişdir, Səməd Vurğunla olduğu kimi. Mənim atam da kommunist idi, Nazım Hikmət də. Amma onların görüşü kommunist şairlərin deyil, iki türk şairinin görüşü idi. Hansı mövzularda söhbət etdiklərini bilmirəm. Ancaq şübhəm yoxdur ki, Vətən sevgisi, Vətən həsrəti, ana dilin qorunmasının vacibliyi və buna bənzər mövzular onların söhbətlərinin əsasını təşkil edib. Nazım Hikmət Bakıda köhnə və yeni dostlar arasında sevgi, həyəcan, alqışlarla dolu günlər yaşasa da, Səmədin yoxluğunu daha da dərindən hiss edirdi. Hələ Bakıdaykən yaşadığı duyğuları şeirə çevirmişdi:

Nehayet, şehrine gelebildim,
ama geç kaldım Samet,
Görüşemedik.
Bir ölüm boyu geç qaldım.
Teypdeki sesini
dinlemek istemedim, Samet!
Ölülerin büsbütün ölmeden
resmlerine bakamam.
Ama gün gelecek,
Seni de senden büsbütün
ayıracağım, Samet!
Sayğılı hatıralar dünyasına gireceksin.
Kabrinin üstüne çiçek de
koyabileceğim
gözüm yaşarmadan.
Sonra, gün gelecek,
senin başından geçen iş
benim de başımdan geçecek,
Samet!

Bakıdan döndükdən sonra Nazım yazmışdı:

“Şairlərə hörmət edilən, sevgi duyulan ölkələrdən birində – Azərbaycandayam. Azərbaycan xalqının öz şair və yazıçılarını nə qədər sevdiyini gözlərimlə gördüm. Mən burda hara getdimsə Səmədlə qarşılaşdım. Hər rayonda, hər kənddə, hər məktəbdə, hər klubda, neft mədənində, pambıq tarlalarında, hər evdə Səmədlə üz-üzə gəldim. Hər süfrədə qədəhimi onun qədəhinə vurdum. Hər narı, hər salxımı Səmədlə bölüşdüm. Xalqla görüşlərimdə Süleyman Rüstəmlə, Mehdi Hüseynlə, Rəsul Rza ilə bərabər Səməd də öz ağıllı, çox aydın və bir az da məsum gözləri ilə mənə gülümsədi”.

Nazım Hikmətlə ikinci görüşüm 1960-cı ildə oldu. O, Bakıya qardaşım Yusifin toyunda iştirak etmək üçün gəlmişdi. Yusif Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxuduğu zaman atam onu Nazım Hikmətlə tanış etmişdi. Söhbət zamanı Nazım Hikmət Yusifdən yazılarını hansı təxəllüslə yazacağını soruşdu. Yusifin “Yusif Vəkilov” – deyə verdiyi cavaba, “onda hər kəs elə zənn edəcək ki, russan”- deyə qarşılıq verdi. – “Elə isə atanın adını özünə təxəllüs olaraq götür, Yusif Səmədoğlu ol”.

Sonralar mən də oldum Vaqif Səmədoğlu.

Nazım Hikmətlə üçüncü görüşüm Moskvada oldu. 1963-cü ilin qışında. Mən Moskva Konservatoriyasında təcrübədə olarkən.

Moskva Konservatoriyasında unudulmaz Niyazinin rəhbərliyi ilə türk bəstəkarları Adnan Saygun və Ulvi Camal Erkinin əsərlərindən ibarət bir konsert təşkil olunmuşdu. Foyedə Nazım Hikmət və tədqiqatçısı Əkbər Babayevi gördüm. Yenicə danışmağa başlamışdıq ki, bir qrup rus ziyalısı Nazımə yaxınlaşdı və onu söhbətə tutdular. Bu vaxt Əkbər Babayev mənə Nazımlə Saygunun dənizçilik məktəbində bir yerdə oxuduqlarını və uşaqlıq dostu olduqlarını astadan söylədi. Konsert başladı. Əvvəl Saygunun əsərindən biri ifa olundu. Sonra pianoçu İ.Juk Erkinin “Piano və orkestr üçün 3-cü konserti”nı səsləndirdi.

İ.Juk bu əsəri üç gündə öyrənmişdi. Konsert çox uğurlu alınmışdı. Konsertdən sonra səhnə arxasına Niyazini təbrik etməyə getdim. “Ürəyimiz dağa döndü, maestro” dedim.

Maestro özünəməxsus əzmlə cavab verdi:“Bəs sən Niyazini nə zənn etmişdin!”

Niyazi məni Türkiyə səfiri, türk diplomatları, həmçinin Saygun və Erkin ilə tanış etdi. Bu vaxt unutmayacağım bir hadisə baş verdi. Nazım Hikmət vüqarla otağa daxil oldu və heç kimə baxmadan Niyaziyə yaxınlaşdı. Onu qucaqlayıb təbrik etdikdən sonra mənə: gəl gedək – dedi.

Getmək istəyirdik ki, Türkiyə səfiri Saygundan: “Sən nə üçün məktəb yoldaşınla salamlaşmırsan?” – deyə soruşdu.

Saygun və Nazım sanki bunu  gözləyirdilər, bir-birlərinə sarıldılar və mən türk diplomat qadınlarının için-için ağladıqlarına şahid oldum. Sonra Nazım Hikmət, Əkbər Babayevlə bərabər konservatoriyadan çıxaraq Gertsen küçəsindən aşağı, Karl Marks prospektinə dönüb “Nasyonal restoranı”na getdik. Nazım bizi axşam yeməyinə aparırdı. Yolboyu yanımızdan keçən hər bir qızın və qadının gözləriylə onu necə yola saldıqlarının şahidi oldum. 60 yaşında olmağına baxmayaraq o, hər kəsin diqqətini cəlb edirdi. Yaşadığı illərin əzab-əziyyəti, kədərli hadisələri onu sanki daha işıqlı, cazibədar etmişdi.

Nazımlə danışmaq, onu dinləmək çox maraqlıydı. O, dərin fəlsəfi məlumatlara sahib, azad düşüncəli şəxsiyyət idi. Bəzən düşüncələrini açıq söyləməkdən çəkinmirdi. Kommunizm quruluşuna inamını itirdiyini və əsl sosializmi İsveçdə gördüyünü söylədiyi kimi. Ona təmkinli olmağın vacibliyini söyləyənlərə, Türkiyə həbsxanasında yatmışam, Sovet həbsxanasında da yataram – deyə cavab verirdi.

Onun şeiri də özü kimi sərrast və gözəldir. Əgər türk olmasaydı, kommunist olmasaydı Nobel mükafatı alardı.

Sonra onun ani ölüm xəbəri... Sarsıdıcı xəbər...

Ancaq Nazim ölümdən qorxmurdu, demək olar ki, dünyaya gəldiyi gündən etibarən.

Bu onun sözüdür: “Nə ölümdən qorxmaq ayıb, nə də düşünmək ölümü”.

O, ölümə meydan oxudu, həm taleyi, həm həyatı, həm də yaradıcılığıyla. Buna ancaq müdrik insanlar qadirdir... Moskvada heykəltaraş Sidurun emalatxanasında Nazımın məzar daşının necə olması üstündə məsləhətləşərkən yaxın dostu Rəsul Rza: “Məzar üstündə yalnız ayaq izləri olsun, “bu dünyadan bir Nazım keçdi” duyğusunu oyandırsın” – dedi.

Belə də etdilər. O zaman bir şeir yazdım:

Məzarımın baş ucuna
Nə məzar daşı qoyun,
nə də heykəl...
Bir cüt ayaqqabı qoyun,
ayağı yalın olan geyib getsin...


Uzun müddət onun parlaq, yaraşıqlı, nurlu siması xəyalımdan silinmədi. Bu hisslərlə 1963-cü ildə ona ithafən bir şeir yazdım:

Öləndə neçə yaşın var idi?
Neçə qış, neçə bahar görmüşdün?
Öləndə kimin saman sarısı
saçlarının qoxusunu duydun?
Torpağını gördünmü
gözlərini yumanda.
Mavi gözlərinin səması indi yox,
Gecə çökdü gözlərinin səmasında.
Neçə ulduz söndü mavi gözlərinin
qapanmış gecəsində?
İşığı bizə heç bir vaxt çatmayacaq
ulduzlar...
Öləndə neçə yaşın var idi sənin?
Yoxsa hələ doğulmamışmıydın?


Sonra “Divin nağılı” adlı şeirimi Nazım Hikmətə həsr etdim. Yer üzündə az insan var ki, işini, sənətini xarici görünüşündən söyləmək mümkün ola bilsin. Nazım Hikmət elə nadir şəxslərdəndir ki, onun poetik ruhu üzündə, görünüşündə əks olunurdu.

Bu yazımla mən yenidən Nazımlı xatirələrimi yaşadım. Nazım Hikmətlə çox az görüşdüyüm üçün peşmanam. Bir də hələ də peşmanam ki, niyə ona şeir yazdığımı söyləmədim. O, məni yalnız Səməd Vurğunun oğlu və musiqiçi kimi tanıdı.

Dilimizə uyğunlaşdırdı:
T.Teymurova
/525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.