Səlim Babullaoğlu: "Zamandan çox, özündən şikayətlənən insanlardanam"
01.12.14
Müdriklərdən biri deyib ki, "siz heç zaman nədənsə ötrü "vaxt” tapa bilməyəcəksiniz, əgər sizə vaxt lazımdırsa, onu götürün və şikayətlənmədən zamanla razılaşın”. "Ədalət”in vaxtı”nın növbəti qonağı bu günə qədərki həmsöhbətlər arasında zamandan ən az şikayət edən və zamanın dönüşündən, gərdişindən, sürətindən qətiyyən narazılıq etməyən bir şəxs kimi yadda qalacaq. "Zamandan şikayətlənməyin, Zaman mən özüməm” – deyə Allahın müqəddəs Qurani-Kərimdəki xitabına istinadı, əslində onun asilikdən uzaqlığının səbəbini açır. Zaman və onun sahibinə olan sevgidən, rəğbətdən yaranan bu ruhi sakitlik, hüzur onu Əlahəzrət Vaxtı olduğu kimi qəbul etməyə hazırlayıb... Elə isə "zamanın dostu”nu yaxından tanıyaq: Şair, esseist, tərcüməçi Səlim Babullaoğlu – 1972-ci ildə Şirvan şəhərində anadan olub. 2008-ci ilin Prezident təqaüdçüsüdür . «Tənha» (Bakı, 1996), «İyunda oxunan nəğmələr» (İstanbul, Türkiyə, 2006), «Ürək döyüntüsünə ithaf» (Vroslav, Polşa, 2007), «On» / E.Zalla birlikdə (Bakı, 2008), «Küləyə qarşı gedən qadın» / (Təbriz, İran, 2009), «Kapellhausda bir axşam»/ E.Zal və E.Hüseynbəyli ilə birlikdə (Bakı, 2009), «İlyas Göçmənin şəkil dəftəri» (Bakı, 2009), «Maskalı adamların himni» (Kiyev, Ukrayna, 2009), «Qarın şərhi» (Tiflis, Gürcüstan, 2010) adlı şeir kitablarının müəllifidir. Şerləri rus, ingilis, polyak, özbək, gürcü dillərinə tərcümə edilib. Bundan başqa onun tərcüməsində B.Pasternak, Z.Herbert, Ç.Miloş, O.Vəli, F.H.Dağlarca və İ.Brodskinin şeir kitabları işıq üzü görüb. Bir çox milli və beynəlxalq ədəbiyyat mükafatlarına layiq görülüb. Hazırda Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədridir. ... Və Səlim Babullaoğlunun düşüncələri: "Bütün şeirləri biz onsuz da zamanın içində yazırıq” - Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir? – Müqəddəs Avqustindən soruşurlar ki, zaman nədir? Cavab verir ki, nə qədər ki, məndən zamanın nə olduğunu soruşmayıblar, mən onun nə olduğunu bilirəm. Elə ki soruşurlar, yadımdan çıxır. Zaman, başqa bir müdrikin diliylə desək – əməldir, insana əməl etmək üçün verilən imkandır. Mən zamanı daha çox imkan kimi dərk edirəm: yaşamaq, işləmək, yazmaq, daha çox xeyirxahlıq etmək imkanı. Amma ən doğru sözü ana kitablar deyir. Qurani-Kərimdə deyilir ki, "Zamandan şikayətlənməyin, çünki Zaman mən özüməm”. Yəni, belə anlaşılır ki, Allah özünə xitabən deyir bu sözü . Mənim cavabım da ağıllı adamların və Allahın verdiyi cavabdan doğru ola bilməz. Qəribədir, elə indi yadıma düşdü, axı başqa bir müqəddəs kitabda - "İncil”də "Əvvəl Söz olub. Söz Allahda olub. Söz Allah olub” kəlmələri var. Belə çıxır ki, Allah həm Zaman, həm də Sözdür. Və onda bu da aydın olur ki, "Zaman” və "Söz” arasında bir bərabərlik işarəsi qoymaq olar. Və diqqət yetirsəniz, istənilən yazılı söz, o cümlədən şeir zamana münasibətdə reprezentativ xassə daşıyır. Çünki şeirin oxunması üçün zaman tələb olunur. Yəni biz 5 il və ya 500 il əvvəl yazılmış bir misranı, şeiri oxuyanda əslində onu prezentasiya edirik, zaman parçası kimi bərpa edirik. Bu məqam şairləri məsuliyyətə çağırır. Yəni, biz həm də söz olan zamanı, kobud desəm cəfəngiyatla doldurmamalıyıq... Bir az mətləbdən yayındım... Onu da deyim ki, yaradıcılıqla ciddi məşğul olandan bəri nə anama, nə də zamana şeir yazmamışam. Bu yəqin ki, bir az o məsuliyyətdən doğub. Görünür, mənimlə Söz və Zaman arasında ilk körpü olan anamı bildiyim bütün yerüstü sözlərlərdən qiymətli bilmişəm, bildiyim bütün sözləri anamla keçirdiyim zamanı ifadə etməkdə aciz saymışam. Və onu da deyim ki, mən ana haqqında yazılmış əksər şeirləri oxumuşam, həm klassiklərimizin yazdığını, həm müasirlərin yazdığını. Onların hamısı mənə Ana obrazı qarşısında olduqca sönük görünüb. – Vaxtınızı necə bölürsünüz – daha çox vaxtınız nəyə gedir: yaradıcılığa, yoxsa fərd olaraq özünüzə? – Mən vaxtımı bölmürəm. Sadəcə olaraq, işlərin ardıcıllığını tərtib edir, ona riayət etməyə çalışıram. Hansını çatdıra bilirəmsə, həyata keçirirəm, yerinə yetirə bilmədiyim zamanlarda isə qarşısında məsuliyyət daşıdığım insanlardan üzrxahlıq edirəm. Son 4-5 ildə ümumiyyətlə, özümə vaxtım çox az qalır. Ancaq səyahətdə olanda bir az gəzirəm, gözüm təzələnir. Qalan hallarda isə, necə deyərlər, naxıra və axura... – Həyatınızda vaxt itkisi olubmu və olubsa nəyə təəssüflənmisiniz? – Ümumiyyətlə, vaxt itkisi deyilən anlayışı qəbul etmirəm. Vaxt heç zaman itmir. İnsan nələrisə etmək istəyir və etmir, sonradan onun peşmançılığını çəkir. Bunu da çox vaxt zaman itkisi adlandırır. Mən təəssüf edirəm ki, universitetdə oxuduğum illərdə ingilis dilini öyrənməyə kifayət qədər vaxt ayırmamışam. Çox istərdim ki, ingilis dilində də rus dilini bildiyim səviyyədə danışım. "Zaman bizdən daha qiymətli və daha yuxarıda olan bir şeydir" – Yaxşı, bəs vaxtı "öldürdüyünüz” məqamlarınız olub? – Vaxtı "öldürməkdən”, ümumiyyətlə söhbət gedə bilməz. İnsan elə düşünə bilər, amma əslində, o, öz imkanlarını "basdırır”, nəhayətdə vaxt yox, insan özü ölür, basdırılır. Zaman bizdən daha qiymətli və daha yuxarıda olan bir şeydir. – Özünüzü zamana nə dərəcədə borclu hesab edirsiniz? Qazandığınız uğurun təməlində vaxtı düzgün dəyərləndirməyiniz dayanırmı? – Paralel işlərə cəhd göstərirəm, onları həyata keçirməyə çalışıram. Hesab edirəm ki, o işlər vacibdir, görülməli olan işlərdir. Ümumiyyətlə, düşünürəm ki, kişi işləməlidir, onun boş vaxtı az olmalıdır və ya əyləncəyə az vaxt ayırmalıdır. Bəzən imkanlarımı, görünür, çox yüksək dəyərləndirirəm deyə dalana dirənirəm. Sonradan anlayıram ki, bu mənim imkanlarım xaricindədir. Amma əminəm, dəfələrlə təcrübəmdə qeyri-ixtiyari olaraq sınaqdan çıxıb ki, xeyirxah, xoş niyyətlə başlanılan iş həmişə sona yetir, onun öhdəsindən gəlmək olur. – Tələskən adamsınız, ya gecikən? – Tələskən adamam. Daxili ritmim sürətlidir, böyükdür. Ona görə də çox yorğun oluram. – Zamandan şikayətlənən insanlardansınız? – Əvvəllər şikayətlənərdim. Amma dərk etdikcə, şikayətlənmədim. Mən zamandan çox, özündən şikayətlənən insanlardanam. Özünü daha çox cəzalandıran, yəni çək-çevirə, sorğu-suala tutan adamam. İstəyirəm o yana heç nə qalmasın, elə bu dünyada özüm özümü sorğu-sual edim ki, o bir tərəfə heç nə saxlamayım. –İnsanlar həmişə vaxtın sürətindən şikayətlənirlər. Bəs siz necə vaxtı tuta bilirsiniz? – Dəqiq olmağa çalışıram. Hər halda mənə belə gəlir. Ən azı buna çalışıram. Tutaq ki, bir görüşüm var, ora vaxtında gəlməyə çalışıram. Görsəm ki, gecikirəm , məni gözləyənə 40 dəqiqə əvvəl zəng edib xəbərdar edərəm. "Bütün zamanlarda ləyaqətli yaşamaq mümkündür” – Bəs zamanla ayaqlaşmaq necə, asandır? Bəzi insanlar doğru zamanda dünyaya gəlmədiklərindən gileylənirlər... – Belə bir duyğu ola bilər, amma bu yalnız özünüaldatma, sadəlöhv bəraətdir. Sual yaranır ki, başqa zamanın adamıdırsa, indiki zamanda nə gəzir? İnsan hansı zamanda yaşayırsa, deməli o zamanda da doğulmalı idi. Bu faktdır. Elə şeylər var ki, onu başqa cür təsəvvür etmək gülünc olardı. Sadəcə, insanda həm dejavü duyğusu var – sanki bir şeyi artıq yaşayıb, onu ikinci və ya üçüncü dəfə təkrar yaşayır. Bundan başqa bir də xiffət hissi var: köhnə əyyamların nostalgiyası. Məsələn, hər bir kişinin qəlbində cəngavərlik dövrü üçün bir xiffət olur. "Kaş o dövr olaydı”, – deyə xəyal qurur. Bəzən yaşadığı zamandan şikayətlənənlər, başqa dövrdə olmağı arzulayanlar, ona bənzər situasiyalara düşəndə özlərini doğrultmurlar. Ancaq bir həqiqət var ki, bütün zamanlarda ləyaqətli yaşamaq mümkündür. – Belə bir deyim var: "Zaman bir naşı cərrahdır, mütləq onun etdiyi cərrahi əməliyyatın yeri illər sonra qanayacaq”. Siz belə bir "cərrahi əməliyyat”a düçar olmamısınız ki? – Xeyr, zaman ən kamil cərrahdır, sadəcə olaraq, insanlar o cərraha xəstəliklərinin yerini düzgün göstərmirlər. Əgər sizin məcazı inkişaf etdirsək, kor bağırsaq yerinə, dişlərini sökdürürlər. Mən buna inanıram ki, bütün pisliklər insanların özlərindəndir, bütün xeyirxahlıqlar və yaxşılıqlar Allahdandır. – Zamanla bağlı insanlara nə tövsiyə edərdiniz? – Unutmasınlar ki, bu ömür bircə dəfə verilir və ömür sonucludur, bitəndir. İnsan hər gün, bir dəfə də olsa öləcəyini xatırlamalıdır. Onda daha doğru və daha dolğun yaşayar və zamanı, ömrü, ona verilən imkanları daha düzgün dəyərləndirər.
Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.
Şəfiqə Şəfa "Ədalət" qəzeti
|