“Cavanşir Yusifli ilə QİYMƏT” layihəsində Mübariz Örənin hekayəsi
21.11.14

“Cavanşir Yusifli ilə QİYMƏT” layihəsində Mübariz Örənin “Qazanılmış günün siestası, yaxud balıq gülüşü” hekayəsi müzakirə olunur.

– Cavanşir müəllim, Mübariz Örənin “Qazanılmış günün siestası, yaxud balıq gülüşü” hekayəsində mənə ilk maraqlı gələn ad məsələsi oldu.

– Hekayənin adı haçalanır: siesta, yaxud balıq gülüşü, bunlar bir-birini tamamlayır, məncə. Siesta – günün ən isti vaxtı… Bir də balıq gülüşü.  Hekayədə belə deyilir: “…Kanalın sarı-lil suyundan sıyrılıb qarğının dalınca sevincək “uçan” balıq heyrətə salmışdı onu – gözləmədiyi yerdən çıxmışdı balıq! – və qorxutmuşdu; gülürdü balıq! Qarnı ağ-gümüşü, beli göy-qara, şüşə gözlü, xırda qanadcıqlı... Yer üzünə ilk təşrifinə, insanla ilk görüşünə sevinirdi”. İlk dəfəydi anası alağa gedəndə onu oyatmamışdı. Yəni uşaq təsəvvüründə müstəqilləşmişdi.

 – Sizcə, hekayənin adı mətnin açılmasında rol oynayır?

– Biz bu hekayədə, zənnimcə, elə onun adından başlamalıyıq – hekayədəki mətləbin açarlarından biri onun adındadır – siesta, yaxud balıq gülüşü.

– Niyə?

– Siesta günün ən qızmar vaxtıdır, günün kəlləçarxda olan məqamı – bu “iqlim şəraitində” adi, gündəlik nə varsa dəyişir, buludundan yağışına, uşağından böyüyünə qədər. Yəni bu, elə bir məqamdır ki, bir anlığa, sanki, gerçəklikdəki bütün həqiqətlər “boşalır”, bütün bağlar qırılır, bundan sonra keçən hər saniyə ömrün yeni mərhələsindən xəbər verir. Ancaq fikrimcə, bunda bir az da ilğım, miraj xarakteri var. İndi biz hekayənin adının birinci hissəsini nəzərdən keçirdik, bir az da fantasmaqorik fikirlər səsləndi.

– Maraqlıdır, niyə fantasmaqorik?


– Biz təbiət hadisəsinin xarakterindən çox, hekayənin təlqin etdiyi əhvalın “iqlimindən” bəhs etdik.

 – Bəs adın ikinci hissəsindəki “balıq gülüşünün” bununla nə əlaqəsi?


– İkinci hissə birincinin əksidir. Həm də belə: əgər adın birinci hissəsi oxucunu mətnə, onun havasına alışdırmaq məqsədi güdürsə, ikinci hissə yaradılan təsəvvürü dağıtmaq üçündür. Burda təsəvvür çıxmaza dirənir. Bunun üçün hekayənin semantik təhlilindən struktur təhlilinə keçməliyik.

– Aha...

– Bizdə ədəbiyyatşünaslıq və ədəbi tənqiddə ən yaxşı halda semantik təhlil yüyrəkdir, məzmunu zənginləşdirmək (necə ki, uranı zənginləşdirirlər-!) yolu ilə mütəxəssislər belə deyək, nəsr donundakı bədii mətni bir az da tanınmaz hala salırlar. Struktur təhlil isə mətndə üst qatda bilinməyən məna, mətləb savaşını, mətnin fəlsəfi dərinlikliyini nümayiş etdirir. Mübarizin hekayəsi bu mənada təhlil üçün zəngin material verir. Gördüyü kimi, bu hekayədə hər bir xırda detal da ümumən götürdükdə əsərin poetik sistemi ilə sıx əlaqəlidir. Bunu daha dərindən çözmək üçün gəl, səninlə oxuduğumuz hekayədəki detalları yer-yurd eləyək. Razısanmı?

– Nədir burda ən mühüm detal və yaxud əsas mesaj?


– Hekayədə ən mühüm detal, birdən-birə yada düşən, özü də hekayənin bütün məğzini bir nöqtədə düyünləyən “balıq gülüşüdür”. Bu məqamda ilğımla, mirajla həqiqi, gerçək olan şey bir köynəyin içindədir. Olsun ki, adı keçən şəxs bunu “öz bildiyi, öz yozduğu kimi” görüb, yəni əslində, hadisə heç də belə olmayıb. Bu detalın ətrafında müxtəlif semantik oyunlar baş alıb gedir: bir əlin barmaqları sayı qədər yaşı olan qəhrəman da balıq gülüşüdür, yaxud balıq gülüşündən səhnəyə, təhkiyə meydanına çıxan bir şəxsdir. Onun çirkin dünya ilə ilk təması, sövq-təbii tamahının oynaması hər şeyi darmadağın eləyir və onun yadına hələ bundan sonra edəcəyi günahları salır. Təmizlik, məsumluq içindən silkələnib çıxan insan, yəni uşaqlıq xəttini arxada buraxan insan bundan sonra ömrü boyu balıq gülüşünü xatırlayacaq və istəyəcək ki, bu hadisə onu xilas etsin. Günah işlədən insanla balıq gülüşünün münasibətləri – balans duyğusu, tərslik, uyğunsuzluq, kəskin qarşıdurma,... bunların hamısı məhək daşına-balıq gülüşünə nəzərən öz yerini tutacaqdır.

– Sizə elə gəlmir ki, geniş təhlil üçün dedikləriniz çox xırda nüanslardır?

– Bu hekayədə, Kəramət, təhlil edilməli o qədər nüanslar (və məhz kiçik nüanslar) var ki, onların hamısını, necə deyərlər, ovuc içinə yığıb seçib-sonalamaq olmur, balıq kimi əldən sürüşür. Hekayədə təhkiyə havası, başqa sözlə, iqlimi anidən dəyişir, belə kiçik mətndə iqlimin, ritmin, ritm əyrisinin qəfildən yox, sıçrayışlarla dəyişməsi onun strukturunun orijinallığından və müəllifin böyük istedadından xəbər verir. Bunları da deyək: Mən dərhal müəyyənləşdirmək istərdim, bu hekayədə həlledici cümlə hansıdır, o cümlə ki, hekayəni iki yerə bölür, mənaları bölür, çoxaldır, işarələr bir-bir yox, topayla gəlir. Budur o cümlə, zənnimcə: “Çəpəri aşıb başqa bir dünyaya, vaxta düşmüşdü, sanki; nəsə əlahiddə bir şey baş vermişdi. Nə? Özü də bilmirdi. Ətraf, hər şey dəyişmişdi, bağ-bağat, çal-çəpər başqa rəng almışdı; boz pərdə çəkmişdin, sanki, hər tərəfə. Özü də dəyişmişdi. Böyümüşdü! Sinəsində, ayaqlarında, dizlərində hiss edirdi böyüdüyünü...”.  Belə olduğu üçündür ki, gördüyü hər şeydən qorxmağa başlayır, qorxmaq – dünyanı tanımağın, ona reaksiyanın bəlirtisidir. Gülüşdən qorxurdu, uşaq kimi gülən balıq gülüşündən, bir də anasının havalı gülüşündən. Bir gündə iki gün yaşamaq məsələsi həm uşağın, həm də hekayənin tapıntısıdır.

 – Hekayədə zaman məsələsi də qəribədir.

– Hə, hekayədə zaman məsələsinin verilməsi, fokusa gətirilməsi çox maraqlıdır, müəllif uşağın xəyal aləminə ekskurs edir və bunu bildirmir, bu və ya digər mətləbi çatdırmaq üçün uşağın təsəvvürləri ilə hərəkət edir. Hekayədə hər yer istidən yanır, elə uşağın içi də, xəyalları da. Günəşin ən pik nöqtədə dayandığı gündür, bu gün hər şeyin, bütün başlanğıcların əvvəli və sonu üst-üstə düşür. Təsvirdən, təhkiyə altında elə görünür ki, uşaqla ətraf aləm sanki bir-birinə qarşıdır (bəlkə də, “sanki” sözü artıqlıq eləyir), ətraf aləm həmin yandırıcı istidən, balıq gülüşündən, bu dünyada məsum şeylərin insanı heyrətə salan kədərindən... ayrılıb, birdəfəlik qopub. Və şübhəsiz ki, yaşını soruşanda bir əlinin barmaqlarını tam, o birinin bir barmağını açan uşaq bunları anlamır.

 – Əsas məsələyə gələk. Sizcə, bu hekayənin fəlsəfəsinin düyünləndiyi kompozisiyası necədir, yəni onun qurulma, özünü “işə salma” mexanizmi nədən ibarətdir?

– Əvvəla, burda ən müxtəlif rəngli gülüşlər bir-birini əvəz edir. Hadisələr bu ardıcıl əvəzetmənin boyunca gah paralel, gah da düz səthi kəsən istiqamətdə cərəyan edir. Cərəyan edir ki, mətləb hekayənin təhkiyə ritmində aydınlaşa bilsin. Ritmdən söz düşmüşkən, bu hekayədə o, fərqli xarakterə malikdir, hətta Mübarizin digər hekayələrindən də fərqlənir, təbiidir, hər bir təhkiyə tipi özünün ritmini seçir. Hekayənin mətnində bir “balıq kimi sürüşmək” cümləsi var, aktual şəkildə dövriyyədə çox fırlanmasa da, nəzərə çarpdırılır. Bayaqdan haqqında danışdığımız hekayədə uşağın məxsusi  aləminə nüfuzdan bəhs edilmir, onun görüntüsünü ekrana gətirmək, masştabını böyütməkdən söz açılır. Uşağın adının, yaşının, belə deyək hecalandığı (höccələndiyi), sətirdən-sətrə keçdiyi vaxtdır. Bu hekayədə sözün yerində işlədilib-işlədilməməsi, havanın, iqlimin ritmə uyğun verilib-verilməməsi ilə bağlı irad tutmaq çətindir. Gerçək olan, bizə belə gəlir ki, “plazma mühitinə” daxil edilib, yəni o, həm gerçəkdir, düz gözümüzün qarşısında baş verən hadisədir, həm də kiminsə xəyalının bir parçasıdır, təsvir yuxu “reallığına” bənzəyir.

– “Qazanılmış günün siestası, yaxud balıq gülüşü”nü sizcə, hansı hekayə ilə paralel təhlil aparmaq mümkündür? İlk ağlınıza hansı hekayə gəlir?

– Burada fikrimcə, magik realizmin elementləri usta şəkildə işlədilib. Şüurlu şəkildə yox, sadəcə, hekayənin mühiti, təhkiyənin xarakteri bunu şərtləndirib. Bu hekayə beynimdə Kortasarın mübhəm duyğulardan hörülmüş, axıra qədər anlaşılmayan mətnlərini oyatdı. Kortasarın “Qorxulu yuxu” hekayəsində (bu hekayəni 90-cı illərdə tərcümə etmişdim). Kortasarın təhkiyəsində heç nə aydınlaşmır, aydınlığa doğru getmir, bir az da mübhəmləşir; nəsrdə hər bir poetik sistemin kosmosla sirli əlaqəsi var. Kortasar bizi bu qədər mübhəmlik içində “boğsa da” yenə, bir daha həmin mətnləri maraqla oxuyuruq. Deməli, əslində, oxunan şey bir deyil, bilmədiyimiz qədərdir. Nə isə. Başqa bir ayrıntı: hekayə, orada təsvir edilən hadisələr və ümumi, əsas mətləb – xüsusi bir havadır, necə ki, sən deyək ki, aşıq havasını, muğamatın rəng hissəsini, ümumən, musiqini dəqiq şəkildə sözə çevirə bilməzsən, burda da son hüceyrəsinə qədər dərk etdiyin mətləbi ikinci , üçüncü.. dəfə nağıllaya bilməzsən, danışsan, başqa bir mətn yarana bilər. Bayaq detallardan bəhs etdik və “balıq gülüşünü” açar-detal adlandırdıq. Başqa detallar da var, bunlar əsas detalı “şərh etməklə” yanaşı, həm də onu ziddiyyətli aspektlərdən açmağa cəhd göstərir. Hekayədə anasının uşaqla hər səhər sağollaşma səhnəsi təsvir edilir: şalvar , üstündən filan rəngdə kofta, yaylıq (yaylıqlanma), ... elə xüsusi şəkildə geyinir, yaylıqlanır ki, bircə gözlər qalır və uşaq bu gözlərlə səyahətə çıxır, atasını axtarır, hələ ki, o, məsum dünyasından ayrılmayıb, bu gözlər ona hayandır, böyüyüb yad, özgə zamana düşdükdə, fikrimizcə, onlarla addımlamaqdan çəkinir və düşünür ki, daha böyümüşəm, atam gəlmir, gəlməsin.

– Həmişə gecələr yatıb səhərlər yuxudan duran və günəşi görən uşaq bu dəfə gündüz yatır, gündüz də oyanır və bu dəfə günəşi görmür. Zaman pozulur. Zaman pozulmasının hekayənin ümumu ruhuna hansı təsiri var?


– Zamanın pozulması, daha doğrusu, uşağın indiyə qədər içində yaşamadığı yad, özgə vaxtın içinə düşməsi qəribə metamorfoza yaradır. Hekayədə belə bir yer var: “Niyə evin kişisiydi,– səbəbini anası demirdi heç, özü də soruşmamışdı.– Niyə atası yoxdu onun? Hara getmişdi?.. Amma, qayıdacaq bir gün! İnanır! Qələmə ağacından o tərəfdə, çörəkxananın qabağında düşəcək maşından. Qollarını açıb gözləyəcək onu. Bir əlində çamadan,– çamadansız təsəvvür eləmir atasını.– qoltuğunda yüngül boz pencək. O da qaçıb sarılacaq boynuna atasının...”. Bu hələ, sən demişkən, zamanın pozulmadığı vaxtdı, yəni xəyalındakı dünyadır.

 – Bəli, bu, hələ zamanın pozulmadığı vaxtdır, amma hekayə başlayan kimi, artıq mən deyən hadisə – zamanın dağılması baş vermişdi.


– Hekayədə belədir. Və bu gün hər gün yuxudan bir oyandığı anası ilə zamanları ayrılıb. İndiyə kimi uşaq üçün yerlə göy bir idi, nəsə olub. Əslində, biz bilirik nə olub, heç xoşlamadığı şeyin üstünə gedib, içindəki saflıq qeybə çəkilmək üzrədir, bax belə bir alatoranlıqda məhz zaman hissi deformasiyaya uğrayır. Beləcə, uşaq hərgünkü zaman rejimini aldadır, onu ötürür və nəticə etibarı ilə bir günü iki yerə bölmüş olur, ömründə bir gün artıq yaşanır, yəni: yaşam ritmi dəyişir, iqlim fərqli şəkil alır. Fikrimcə, insan psixologiyasındakı ani dəyişmə bu hekayədə usta şəkildə, incə detallardan istifadə etməklə rəsm edilib. Mənim tələbəmin belə ustalığa yiyələnməsi qürurvericidir.

– Əlbəttə...


– Kəramət, bu hekayənin özəllikləri bununla da bitmir. Dörd-beş səhifədən ibarət olan bu mətndə çözülməli çox mətləblər var, özü də poetika baxımından. “Poetika” sözünü burda mən “insan haqqında həqiqət” kimi götürürəm.

– Bu hekayədə hadisə var? Hekayə nəylə başlayır, nəylə bitir? Hekayənin başını, ayağını tapmaq, məncə, mümkün deyil.


– Hekayədə hadisə yoxdu, onu hadisə axınına biz qoşuruq, doğrudan, maraqlıdır – hər bir hekayənin təhlilini verdikdə sən onun içində olanları maddiləşdirirsən və bir az da onun toxumasını zədələyirsən. Deyəsən, bunu da biz tapdıq, istənilən nəsr əsərində hadisə yoxdu, bizim xəyalımız, təsəvvürlərimizlə.... təmasda bu kimi şeylər cücərə bilər. Baş verənləri kənardan, bəlkə də, uzaqdan seyr etməyə məhkumsan, hekayənin son cümləsi də bunu deyir, bu cümlə, əslində, hekayədəki “hadisələrlə” əlaqəsi olmayan cümlədir. Bəlkə, belə demək olar: hekayə yuxuyla başlayır, yuxuyla da bitir – ilk cümlə ilə son cümlə onu mistik, magik tülə bürüyür.

Və Cavanşir Yusiflinin QİYMƏTİ:


 – Müəllim, 10 ballıq sistemlə bir tənqidçi kimi bu hekayəyə neçə qiymət verərdiniz?

– Doqquz bəsidir, məncə.

– Bəs bu hekayənin müəllifi tələbəniz Mübariz Örən olmasaydı, qiymət neçə olardı?


– 10 verərdim, birini də üstünə qoyardım. /kult.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.