“Cavanşir Yusifli ilə QİYMƏT” layihəsində Kamal Abdullanın “Göyəzən dağının ilahəsi”

12.11.14

Layihəydə Kamal Abdullanın həftəiçi dərc edilmiş “Göyəzən dağının ilahəsi” adlı yeni hekayəsidi.

 – Sizcə, Kamal Abdulla son hekayəsində – “Göyəzən dağının ilahəsi”ndə nə demək istəyir?

– Məncə, birdən-birə belə sual verməzlər. Bir məsəldə deyildiyi kimi, bu sualı özünə versən, bunu izah eləmək üçün gərək hekayəni təzədən yaza. Yəni mən belə deyə bilərəm: çox şey demək istəyir və bunu birnəfəsə demək olmaz, onu hissələrə bölmək lazımdır. Belə bir nüansdan başlayaq: hekayə, danışılan əhvalat tipi etibarı ilə nədir?

– Aha... Cavanşir müəllim, sizcə, bu hekayə, danışılan əhvalat tipi etibarı ilə nədir?

– Kəramət, əvvəlcə hekayəni abzaslara bölüb, yaxud abzas-abzas təhlil eləməyə başlayaq. Birinci abzasdan aldığım informasiya və onun təhlili: Bu hissəni necə şərh etmək olar və hansı nəticəni əldə etmək mümkündür? Hekayədə İlahə (lüt-üryan, həm də cansız, kölgə formasında) obrazı təsadüfi deyildir.

– Yəni nəyinsə simvoludur.

– Gəl biz onu nəyinsə simvolu adlandırmağa tələsməyək. Özümüzü elə aparaq ki, guya bu hekayəni heç oxumamışıq. İlahə bəzən, gecə vaxtı dağın başından (istiqamət kimi: yuxarı) yerə (istiqamət kimi: orta) enir, həm də ay işığı altında (yaxud qaranlıqda-!) (demək fərqi yoxdur ay işığı da, qaranlıq da ayrı şeylər deyil, bir-birinin içindədir-! ) nəsə axtarırmış kimi kəndi o tərəf-bu tərəfə gəzirmiş. Ayaqlarını yerə elə basırdı ki, səs çıxmırdı, ancaq yastı-yapalaq komalarında yatmağa çalışan kənd əhlinin qulağına ağır, zəhmli, ürək dağıdan, bağır yaran guppultu səsi gəlirdi. Demək, bu səs qədimlərdən, insanların qorxusundan, mifik, izahı məlum olmayan hisslərindən baş alıb gəlir. Keçək ikinci pasaja.

– Keçək.

– Demək, biz hekayənin nəyin əsasında yarandığını təxmin edə bilərik: onun özülündə mifik model və ya motiv dayanır. İstənilən bədii mətndə axıra qədər anlaşılmayan bir sirr qalır onsuz da, əgər poetik mətndə bütün sirlər yozulsa, açılıb-faş edilsə, o, artıq mətnlikdən çıxmış olar. Bir də, yazıçının işi nəyisə axtarıb yerinə qoymaq deyil, sadəcə, nəyəsə işarə etməkdir, ən böyük enerji daşıyıcısı elə işarədir. Bədii mətndə ən kiçik və enerji etibarı ilə ən güclü vahid! Bu hekayəni yuxarıda vurğuladığım kimi tipinə görə analiz etmək zəruridir. Sən, yəqin ki, Azərbaycan və başqa dillərdə mifoloji mətnləri oxumusan. Məsələn, əvvəllər yerlə göy bir idi, insan qan tökdü, yerlə göy bir-birindən ayrıldı. Beləliklə, bildiyimiz kimi, mifdə həqiqi-yalan qarşıdurması qəribə (bildiyimizdən fərqli-!) tənasübdə meydana gəlir. Mif hardasa, təhrif edilmiş reallıqdır və Bartın yazdığı kimi, metadil sferasına aiddir. Bu aspekti aşağıda imkan düşdükcə izah etməyə çalışacağıq.

– Sizcə, bu hekayədə iki qardaşı bir birinə nə düşmən elədi? Mən bunun səbəbini hekayədə görə bilmədim.

– Kəramət, sən, əslində, bayaq dediyim cavaba yaxşı qulaq asmadın. Dedim ki, bizə təqdim edilən təhkiyə strukturunun tipini müəyyənləşdirək. İki qardaşın, daha doğrusu, qardaşlığın arasına düşən nifaq dünyanın əbədi-əzəli nifaqlarındadır, hekayədə hər bir hissin, ifadənin, üz cizgisinin rəngi düzgün seçilib və verilib, bu mənada, fikir verirsənsə, onlar qardaşlıq andı içdikdə, biləklərini bıçaqla çərtib bir-birinə yapışdırmırlar, bir-birinin qanını içirlər. Reallıqda insanları, iki çox yaxın dostu... bir-birinə nə düşmən eləyir? Orda necə, burda da elə. Hekayədə, (tipindən asılı olmayaraq) əvvəldə, müəyyən məqamda verilən işarə başqa bir məqamda realizə edilir. Bu mənada birinci abzasdan sonrakı əhvalatlara da baxmaq pis olmazdı: Bəzi kənd əhli bunu, yəni İlahənin gəlişini xüsusi mənaya, onun bir hikmət olduğuna yozurdular. Məlum folklor, mifoloji motiv – ilahə öz qurbanını axtarır və onu tapandan sonra öz kamına çəkir. İlahənin gəzdiyi şey – ovunun bədəni yox, ruhudur, onu bədənindən çıxardır və dağ başında bir yerə zəncirləyirdi.

– Bunun izahı nədir?

– İzah belədir ki, ilahə özü övlad üzünə həsrət idi, zəncirlədiyi ruhun üstünə gəlir, layla oxuyurdu. Fransızcadan tərcümədə bu (accalmie) “sakitlik” anlamına gəlir, həm də tufanqabağı sakitlik. Bu sakitliklə ilahənin gəlişindəki sakitlik eyni şeydir, sakitlik – qorxu yaradır. Layla olmasa, ilahənin gözəlliyi saralıb-solacaqmış, buna görə onun hər gəlişində bir nəfər seçilir, qurban kimi. Diqqət yetirin: sakitlik (tufanqabağı qasırğa və qurban-!).

– Bu hekayə ilə Kamal Abdullanın əvvəlki hekayələri arasında hansısa fərq hiss etdiniz? Məncə, müəllifin əvvəlki hekayələrində ruha münasibəti tamam fərqlidir. Bu hekayədə sanki ruhu çox yüksəklərə qaldıranlara qarşı çıxır.

– Mən elə bir şey hiss eləmədim, Kamal müəllim eyni model daxilində müxtəlif rakurslar seçməyə cəhd edir və fikrimcə, buna bəzən tam, bəzən də qismən nail ola bilir. Bu hekayələr həm də müəyyən mənada ixtisaslı oxu tələb edir. Hekayədəki ideyaların canını, həm də sən deyən kimi, iki qardaşın düşmənə çevrilmə motivlərini izah etmək üçün düşüncələrimi bölüşmək istərdim: hər bir pasajda da diqqət ediləsi sözlər var: sakit, fağır, bir həsir, bir Məmmədnəsir, cındır, cındırından cin ürkən... Motiv kimi qan qardaşlığı, Göyəzən dağının ətəklərində (orta) biləklərini çərtib, bir-birlərinin qanını sümürdükcə sümürmüşdülər. İkisi də qan içmişdi, hərfi mənada qaniçən olmuşdular.  Adlara baxın: Göyəzən, dağın başı, ətəkləri, Cındırqulu (tam sakit, tam fağır), İmamyar (imam övladı, təmiz, tərtəmiz), ancaq suayrıcı da var: qan içmək motivi. Reallıq, gerçəklik bu nöqtədə təhrif edilir. Birinci sınma məqamı budur.

– Aha...

– Yuxarıdakı motivin davamı kimi: Nazpəri, pərilər, cinlər... Birinci pasajdakı “ay işığı”... Ümumən, “ay” sözünü yadda saxlayaq. Və bu hissə, əslində, hekayənin sonuna, sonluğuna uyğun gəlir, nəsr əsərində struktur elə olur ki, burda kimsə harmonik düzüm axtarsa, məğlubiyyətə düçar olar və özünü itirər. Bu hissədə Nazpəri qızdır, qızlar bulağından təzəcə su içib, ayın hilal, yəni təzə doğan vaxtına uyğun gəlir (birinci faza). Təzə doğduğundan dünyanın tən ortasındadır, hamı onu görür, hamı ona baxır, hamı eyni zamanda ona aşiq olur, bu səbəbdən yaşmaqlanır. Burada bir ayrıntıya da diqqət yetirək. Vaxtilə zavala gəlməmiş Borxes yazırdı ki, poetik dilin qrammatikasını öyrənməyə əşədü-ehtiyac var. Bu sözləri o, ingilis şairi Robert Qreyvsin “Poetik mifologiyanın tarixi qrammatikası” traktatını oxuduqdan sonra yazmışdı. Adı çəkilən traktatda isə “üçlü ay” prinsipindən, daha doğrusu, “ağ ilahə”dən söz açılırdı. Həmin əsər o dövrün tənqidçiləri tərəfindən darmadağın edilsə də, təsirsiz qalmadı. Neobütpərəstlər bu təlimi diriltdilər. Əsərdə şair fantaziyası bol olsa da, burada, əslində, bir danılmaz həqiqət vardı: insanı real, gerçək hadisələrdən daha çox, bilmədiyi, axıracan dərk eləmədiyi qorxular, şüuraltından gələn nəsnələr idarə edir. Robert Qreyvsin məqsədi poeziyanı öz qədim mifik mənbələrinə qaytarmaq idi.

– Bu cür hekayələrdə məntiq axtarmaq doğrudur?

– Mif məntiqinə uyar bir şeydir. Məlumdur, qız ikisini də rədd etdi.  Çünki onlar da bir-birinin qanlarını içdikdən sonra eyni transformasiyaya uğramışdılar – eyni adam olmuşdular. Və əslində, Nazpəri onları bir adam kimi rədd edir. Ancaq bu eynilikdə bir qəddarlıq, bir kin-küdurət də var. Bu eynilik onlara bir-birinə nifrət etməyə də mane olmur. Qəribə məntiqdir, ancaq realdır, gerçəkdir. Bir-birlərinə düşmən olmağa an qalmış, canlarındakı qan onları barışdırır, düz yol seçməyə sürükləyirdi. Bir-birilərinin qanını içdiklərindən hekayədə deyildiyi kimi, barış anında yenə bir-birilərinə can verməyə hazır olurdular. Fikir verin, mətndə “can deməyə” yox, “can verməyə” ifadəsi işlənib. Məntiq nə deyir: bunları bir-birindən ayırmaq və düşmən eləmək lazımdı. Dərmanları da özlərindədi, təhlükə anında bir-birilərini qoxlayırlar. Yorğunluq, halətin olmaması, Cındırqulunun heydən düşməsi.. elə həddə çatdı ki, bu dəfə allahına şükür etməyi də unutdu. İnandığı, onu qoruyan hər şey bir-bir yoxa çıxır, qollu-budaqlı yüz ilin qarağacını da görmək mümkün deyildi. Qarağac nəyin simvoludur?  Miflərdə qarağacın nəyi təcəssüm etməsi məlumdur, onun yoxa çıxması.

Cavanşir müəllim, Azərbaycan ədəbiyyatında mifoloji mətnlər demək olar ki, çox azdır. “Pəri Cadu”, “İblis”... Sizcə, bu hekayələr Azərbaycan ədəbiyyatının mifoloji dayağını möhkəmləndirməyə xidmət edir, yoxsa...

– Deyəsən, dediklərimi tam çatdıra bilmədim. Dediyim odur ki, Kamal müəllim vaxtilə Robert Qreyvsin işini görür bizim üçün. Mifoloji mətnləri vaxtilə hörmətli Arif Acalov toplamışdı və ona geniş və tutarlı ön söz yazmışdı. Bu hekayələrə həm də ona görə böyük ehtiyac var ki, bizdə çox ciddi sənət sayılan nağılçılıq (rusca: skazitel) sıradan çıxır. Belə bir məqamı da unutmayaq: bütün yollar sirrə doğru gedir, amma sirr açılmır.

– Kamal Abdullanın əsərlərinin dili həmişə mübahisə doğurub. Bu hekayədə bir cümlədə hadisələr müxtəlif zamanlarda cərəyan edir. Məsələn. “Hətta Cındırquluya bir an elə gəldi ki, onların arasında Nazpəri də var və qızın kinayəli gözləri par-par parıldayırdı”. Sizcə, müəllif burda zamanı bilərəkdən pozub? Bilərəkdən pozubsa, bunu niyə eləyib?

– Bütün dillərdə, məncə, həm formal, həm də məna baxımından zamanların uzlaşması məsələsi var (concordance des temps). Ancaq sitat gətirdiyin cümlədə, məncə, pozuntu yoxdur, mürəkkəb cümlənin birinci hissəsində “bir an” sözü var. Orda məncə, hər şey normaldır, bir də ki, bu, poetik mətndir, zaman bilərəkdən pozula da bilər. Hesab eləyirsənmi ki, pozulub, səncə, düzgün forması necə ola bilərdi?

– Məncə, axırıncı “dı” şəkilçisi olmamalıdır. Çünki cümlədə “var” sözü işlənib indiki zamanda. Yəni “parıldayır” olmalıdır, “parıldayırdı” yox.

– Yox, elə deyil, “di” şəkilçisi yerindədir. Bu sonluq cümləyə, onun mənasına davamlılıq xüsusiyyəti aşılayır. İkincisi, dilçidən dil xətaları tutmaq və ümumən dil xətası ovuna çıxmaq, məncə, düzgün deyil, başqa yönlərdən sual ver. Bir şeyi də nəzərə al. Model mif modeli olduğundan, hər şey onun məntiqinə tabe tutulur. Ancaq əsərin sırf formal xüsusiyyətlərinə toxunsaq belə, bir fikri də ifadə etmək olar ki, süjet, əslində, ikilidir: bir var izlədiyimiz, aktual süjet, bir də var, gizli süjet.

– Bir şey deyim, hekayəni oxudum, xoşuma gəldi. Amma fikir bildirə bilmirəm. Nə məsələdir?

– Ona görə ki, bu, sənin adət eləmədiyin bir şeydir. Bayaq da söhbət oldu, gördüm, uşaqlar oxuyub, xoşları gəlib, soruşuram niyə, cavab verə bilmirlər. Model, tip, üsul fərqlidir. Ona görə.

– Mən belə başa düşdüm, hekayənin sirri var, qəbul elədik, amma sən onu təhlilə çəkdikcə bu sirr itir. Düzdür, yoxsa, mənə belə gəlir? Yəni hekayədən belə başa düşdüm ki, ruh insana ancaq əziyyət verir və ruhsuz sən daha yüngül, daha güclü olursan. Səhv eləmirəm? Ruh bədəni tərk edəndə sən heç kimdən qorxmursan. Sizcə, bunu ədəbi üsyan saymaq olar? Yoxsa çox fəlsəfəyə getdim? Nəzərə alaq ki, biz ruhu bütün ədəbi mətnlərdə, məncə, çox fetişləşdirmişik. “Filankəs ruhu olan adamdır” kimi sözlərlə. Bu hekayə mənə elə gəlir, deyir ki, ruhu bu cür də görmək olarmış, çox da ruh, ruh deməyin.

– Sən bir hissənin təhlilindən danışdın. Öz fikrini də güclə ora pərçim elədin ki, çox da ruh, ruh deməyin. Elə deyil, hekayədə belə bir mətləb yoxdur. Ona qalsa, hekayənin sonunda gücün, ifrat güclülüyün insanı necə eybəcərləşdirməsi səhnəsi də var. Cındırqulu İmamyarı öldürəndə sifəti, üzü-gözü əyilir, adamlıqdan çıxır, qupquru heykələ dönür. Amma qana bələnmiş bıçağı (yenə qan, həm də əvvəlcədən içdiyi qan-!) öz köksünə sancanda bənizinin əyrisi düzəlir, bıçaq ürəyinə yeridikcə gözəlləşir. Bayaq dedik ki, mif metadil sferasına aiddir. Burada mənanın formaya keçməsi hadisəsi baş verir, mif təbii dili, necə deyərlər, “oğurlayır”.

– Bu hekayədə bir cümlə var. “Cındırqulu İmamyarın boynunu qollarına aldı və onu qoxladı”. Məncə, əladır. Halbuki onu boğurdu.

– Düz deyirsən, ağ İlahə də bu iki dostdan, əslində, həmin hissi oğurlamışdı və dağın döşündə dağdan ağır zəncirlərlə qandallamışdı. Bu hiss pəriyə əziyyət verir. İlahə Cındırqulunun ruhunu aparmağa gələndə bir detal da var. Pəncərənin təkgözlü olması.

– Bizdə uşaqlıqdan “qoltuğunun altını qoxlamaq” sözü də var ha. Bilmirəm, nə əlaqəsi.

– Əlaqə var. Yuxarıda, məncə, işarə eləmişdik ona. Axı bu adamlar qan qardaşı olduqdan (qaniçən-!) sonra bir canda iki adam olmuşdular. Bu səbəbdən onların bir-birini anlaması da bu formada ola bilər. İndi dediyimiz şeylər, əslində, mifoloji düşüncənin rudimentləridir.

– Rudiment nədir?

– Rudiment “qalıq” deməkdir.

– Hekayə Vaqif İbrahimoğlunun xatirəsinə ithaf olunub. Ola bilər ki, ordakı İlahə Vaqif İbrahimoğludur? Yoxsa...

– Məncə, yox. Vaqif İbrahimoğlu ilə bunun assosiativ əlaqəsi ola bilər. “Gizli süjet” deyilən anlamda, bəlkə də, ola bilər. Belə olduqda, mifoloji motivin təsirini, qurulan modeli gərək nəzərə almayasan. İlahə insanların ruhunu alıb gedəndə şərt qoyur: “nabadə dalımca gələsən”. İlahənin getdiyi yerə sən gedə bilməzsən, bu, hardasa, iki dünya arasındakı sərhədə bənzəyir, istəsən də, o sərhədi keçə bilməzsən. Ümumən, ruha layla demək motivi də çox maraqlıdır. Fikrimcə, bu nüansın əsərin poetik sistemi ilə sıx və vacibdən vacib əlaqəsi var.

– Məntiqlə düşünsək, belə nəticəyə gələ bilərik ki, Cındırqulu İlahəni izləsəydi, sona qədər onun dalınca getsəydi, nə olardı?

– Yəqin ki, İlahə öz işini, missiyasını yerinə yetirə bilməzdi. Ancaq İlahə təkcə lüt-üryan kölgə deyil, həm də səni istədiyi qədər təsir altında saxlayan bir qüvvədir.

– O İlahə Nazpəri olar bilər? Paralel dünyalar məsələsi.

– Adını nə qoyursan qoy, paralel, düzbucaqlı, nə bilim nə. Həqiqət budur ki, bir məkanda olan, cərəyan edən hadisə həmişə hardansa gəlir, bizim yaşadığımız məkana onun qəlpələri düşür. Və... canında qəlpə gəzdirmək ağrılı şeydi. İki dost, elə bütün kənd camaatı canında qəlpə gəzdirən insanlardı. Canlarında qəlpə gəzdirirlərsə, demək, həm də buraya başqa məkandan gəliblər, yaddaşları, şüuraltı keyfiyyətləri ilə ağrı, hicran, dostluq, namərdlik, xiffət, ölümə susamaq, bədheybətlik, qənim kəsilmə hissi davam edir və dünya durduqca da davam edəcək.

– Müəllim şüuraltı dediniz, yadıma düşdü. Məncə, bu hekayədə təhtəlşüur inkar edilir. Belə deyək, burda təhtəlşüura inanmamaq var. Düzdür?

– Hekayənin bədii məntiqində, məncə, bu, inkar edilmir. Ağ ilahə bunu məhv edir, dağıdır. Məqsəd aydındır.

– Sizcə, o İlahə xeyirxah idi?

– Yox!

Və Cavanşir Yusiflinin QİYMƏTİ:


– Müəllim, 10 ballıq sistemlə bir tənqidçi kimi bu hekayəyə neçə qiymət verərdiniz?

– Məni hara çəkirsən? Zarafat xətrinə deyə bilərəm, doqquz yarım.

– Bəs bu hekayənin müəllifi Kamal Abdulla olmasaydı, qiymət neçə olardı?

– Dübbədüz 10!  
/kult.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.