Rüstəm Kamal - Yaradıcılıq tənhalıq oyunu kimi
11.11.14

Nabokov Vladimir Vladimiroviç rus ədə­biy­yatının ən sirli yazıçılarından biridir. Uşaqlıqdan “tale ərköyünü” olan V.Nabokov qədim və zəngin dvoryan nəslindəndir. Anası Yelena İva­novna Rukavişnikova Sibir qızıl sənayeçiləri nəs­lindəndir, atası isə en­to­moloq, hüquqşünas, publisist, dövlət xadimi Vladimir Dmitriyeviç Nabokovdur (ruslaşmış tatar knyazı Naboka Murzadan başlanan əski knyaz nəs­lindəndir. 1916-cı ildə ona bir milyonluq var-dövlət və XVIII əsr üslubunda tikilmiş malikanə qalmışdı).

1917-ci il inqilabından sonra ailə Peterburqdan baş götürüb qaçır, əvvəlcə Krıma köçürlər, sonra isə Rusiyanı tamam tərk edirlər. Nabokov Berlində yaşayır, ailəsini ingilis dili dərsləri deməklə saxlayır. Mühacirət nəşrlərində fəal çap olunur. 1922-ci ildə yazıçının atası, kadet liderlərindən biri olan Vladimir Dmitriyeviç terror qurbanı olur. Atasının ölümü gənc Nabokovun həyatını, arzularını alt-üst edir. Bu mənada ata obrazının onun əsərlərində mühüm yer tutması da məlumdur. Nabokovun tərcümeyi-halının ikinci hadisəsi Vera Yevseyena Slonimlə tanış olması və onunla ailə qurmasıdır. Demək olar ki, yazıçı bütün əsərlərini ona həsr etmişdir.

Almaniyada faşistlərin haki­miy­yətə gəlişindən sonra V.Nabokov 1940-cı ildə ABŞ-a köçür, 1945-ci ildə ona vətəndaşlıq ve­rilir. 1948–1958-ci illərdə Kornell Universitetinin pro­fessoru olur, 1951–1952-ci illərdə Har­vard Universitetində mühazirələr oxuyur.

Üç dili mükəmməl bilən, rus ədəbiyyatında bilinqvizmin parlaq nümayəndəsi olan V.Nabokov əsərlərinin yarısını ingiliscə yazıb (“Sebastyan Naytın əsl həyatı”, “Bend Sinister”, “Pnin”, “Lolita” və s.).

A.S.Puşkinin “Yevgeni Onegin” mənzum romanını ingilis dilinə tərcümə edib (4 cilddə, geniş şərhlərlə). M.Lermontovun “Zəmanəmizin qəhrəmanı” romanının, “İqor alayı haqqında dastan”ın ingilis dilinə tərcüməsi də ona məxsusdur.

1959-cu ildə Nabokov yenidən Avropaya qayıdır, 1919-cu ildən yaşamağa yeri olmayan yazıçı pansionatlarda, professor kotteclərində yaşayır və elə burada da 1977-ci il iyulun 2-də dünyasını dəyişir. İsveç­rənin Montryö şəhərindəki “Palas-hotel” mehmanxanası onun sonuncu evi olur.

1972-ci ildə A.İ.Soljenitsın Nabokovun Nobel mükafatına namizədliyini irəli sürür. 40 yaşlı kişinin “nim­fet­ka”ya, çox erkən yetişmiş 12 yaşlı qıza sevgisindən bəhs edən “Lo­lita” romanı yazıçıya bu ali mükafatı almasına mane olur.

İnsan ömrünü idarə edən tale, tale ilə qəh­rə­man arasında konflikt-oyun Nabokov nəs­rinin (“Lujinin müdafiəsi”, “Lolita”, “Edama dəvət” və b.) əsas mövzusudur. Tən­qidçilərin ifrat estetizmdə suçladığı Nabokov nəsri üçün avtobioqrafizm oyunu, keç­miş­dən bu günə və ya əksinə keçidlər, “itirilmiş cən­nət” – Rusiya obrazı (bəzən yazıçını gerçək Rusiyaya biganəlikdə də gü­nahlandırıblar) səciyyəvidir.

İki dəfə yerindən-yurdundan didərgin düşən – birinci dəfə Ru­s­iyadan, bolşeviklərin əlindən; ikinci dəfə də Avropadan, faşistlərdən, Hitlerin əlindən qaç­mış, iki dəfə bu real, fani dünyanın eti­bar­sız­lığını ömür təcrübəsində min bir əzabla, məhrumiyyətlə sınaqdan keçirmiş bir ya­zıçı üçün ədəbiyyat yeganə “xilas kəməri” – xilasedici ger­çəklik olmalıydı. Əslində, onun romanlarının əsas qəhrəmanı elə ədəbiyyatın özüdür. V.Xo­da­seviçə görə, Nabokovun əsas mövzusu – yaradıcılıq mexanizmi, məqsədi priyomların necə yaşamasını və işləməsini göstərməkdir. Onun yara­dıcı­lığında iki dünya – təxəyyül dünyası və gerçəklik dünyası var. Nabokov üçün təxəyyül dünyası gerçəkdən gerçəkdir, əsl gerçəklikdir.

Rolan Bart esselərinin birində sözə münasibətin iki tipindən – ya­zı­çılardan və yazanlardan bəhs edir. R.Barta görə yazanlar “tranzitiv tipli adamlardır”. Onlar qarşılarına han­sısa bir məqsəd (şahidlik etmək, nəyisə izah etmək, öyrətmək...) qoyurlar... Onlar üçün söz əməli ehtiva edir... Yazıçı üçün. əksinə, söz özü dəyərdir; ya­zanı müəyyən edən cəhət sadəlövhlükdür – o, “dünyada nə­sə bir qey­ri-müəyyənliyi aydın­laş­dır­maq” cəhdində bulunur. Özünü sözə həsr edən yazıçı isə, R.Bartın yazdığına görə, yazanların iki tipindən – birincisi, müəllimlikdən... ikincisi, şahidlikdən və sadəlövh­lükdən məhrum olur.

Bu təsnifata əsasən, Nabokov müəllimlikdən, şahidlikdən və izah etməkdən imtina etmiş yazıçıdır. Məsələn, onun sevmədiyi Dostoyevski daha çox “yazan” tipinə ya­xındır. Sözün tranzitiv istifadəsi ilə bağlı nə varsa, Nabokov ondan imtina edir: onun əsərlərində “həqiqət – düzgünlük, həqiqət – ədalət” ideyalarını axtarmaq əbəsdir. O, ya­lanla yaşamamağı öyrətmir, “zamanın ruhu” haqqında heç bir şahidlik də etmir. “Lu­jinin müdafiəsi”nin müəllifi, sanki, bu sosial-etik kateqoriyalardan kənardadır. Rolan Bart həs­­saslıqla duymuşdur ki, yazıçı özünü sözlə eyniləşdirərək, həqiqəti söyləmək hü­ququnu itirir, çün­ki dil tam tranzitiv deyilsə, strukturdur, onun məqsədi (ən azı, yu­nan sofistikası dö­nəmindən bəri) həqiqətlə yalan arasında fərqi neytrallaşdırmaqdır.

Nabokov üslublarla və sətiraltı mənalarla rus klassikası ilə bir ədəbiyyat oyunu aparırdı. Ağlarla və qaralarla başlayırdı və həmişə oyunu udurdu. Yalnız poeziyada uduzub. Səbəbi şeirlərində şahmatçı və nasir olmasıdır.

V.Nabokov ilk şeirlərini 16 yaşında çap etdirir. Bu şeirlər şagird təcrübəsinin zəif bədii ifadəsidir. 1916-cı ildə öz hesabına “Şeirlər” kitabını buraxır. Şeirlərini “V.Sirin” təxəllüsü ilə yazır. “Sirin” slavyan folklorunda sehrli quşlardan birinin adıdır.

Yuxu və itmiş xoşbəxtlik Nabokov – Sirin poeziyasının əsas mövzularıdır. Yuxu keçmişin, itirilmiş cənnətin simvoludur və bu mövzular Rusiya mövzusu ilə birləşir. Məsələn, “Güllələnmə” (1927) şerində lirik qəhrəman Rusiyada ölməyi mühacirət heçliyindən üstün tutur.

Artıq ilk əsərlərindən sonra Nabokovda xeyir-şər probleminə müəyyən laqeydlik göstərən, əsərlərinin yalnız forma və üslubu ilə maraqlanan, klassik rus-realist ənənəsini unudan yazıçı obrazı formalaşmağa başlayır. Romanları realizm manerasında yazılsa da, fantastik, qorxulu, qrotesk təsiri bağışlayır.

V.Nabokovun məişət fərdiliyi, personajlara münasibətdə soyuqluğu, təh­ki­yədə satirik-ironik, parodiya-oyun başlanğıcı bütövlükdə yaradıcılığına möhürünü vurmuşdur. Nabokovda canlı personajlar azdır. Personajlarının geniş təfərrüatlarla təsviri, onların seçim azadlığından məhrum olur. Məsələn, Kreçmar Maqdanın (Nabokovun) əlində oyuncağa çevrilsə də, yazıçının qurduğu torda ilişib qalsa da, hadisələrin faciəli axarına baxmayaraq, romanın sonunda nəfəs almağa, “dirilməyə” başlayır.

Nabokov, bəlkə də, illüziya və yoxluq məsələləri ilə belə dərindən maraqlanan ilk rus yazıçısıdır. O, cəmiyyətin sosial-mənəvi bəlalarını, ictimai fəsadlarını deyil, Varlıqdakı yaraları hiss edirdi və təsvir edirdi. Əsərlərindəki axirət-yoxluq, kabus havası da bu səbəbdəndir.

V.Nabokov üçün yaradıcılıq həyatın özündən də qiymətlidir və hətta romanlarının bi­rində bəyan edir ki, onun qəhrəmanı “Zina yox, rus ədəbiyyatıdır”.

Sağlığında onu kimlərlə müqayisə etməmişlər? – M.Prust, F.Kafka, alman eksp­res­­sionistləri, J.Jirodu... “Başqa sahillər” əsərində yaddaş – zaman mövzusu (bu mövzuda M.Prust bir örnəkdir) ön plana çıxır. Onun avto­bioq­rafiyasının əsa­sın­­da üç mövzu durur: müəllifdə və onun balaca qəhrəma­nında şüurun yaranması, ata itkisi və kəpənək ehtirası. Burada kəpənək bioqrafik və bədii simvoldur.

Nabokovun yaradıcılığı həmişə ənənə ilə, “Puşkin mifi” ilə bağlı olub. “Maşenka” (1925) yazıçının ilk romanıdır.

Nabokovşünaslıqda, adətən, “Maşenka”nı digər romanlarının modeli hesab edir­lər. Romanda Berlindəki rus pan­sionunun sakinləri – “itirilmiş rus kölgələri” təs­vir olunur. Onların arasında “mavi” məhəbbətləri ilə arsız-vecsiz yaşayan rəq­qas cütlüyü, qoca şair Podtyagin, Çe­xovun eyniadlı hekayəsindəki Veroçkaya çox ox­şayan sakit tə­biətli xanım Klara... sevgi üçbucağı üçün fon yaradır. Riyaziyyat müəl­limi Alfyorov, ağ ordunun keç­miş zabiti Qanin və romanda yalnız “pər­də­ar­xası” gö­rünən Alfyorovun arvadı. Qaninin ilk sevgilisi Maşenka bu oyuna qatı­lan­ların ara­sındadır. Onların “kölgə” mövcud­luğunu Klaranın otağında diva­r­dan asıl­mış Ar­nold Böklinin “Ölülər adası” rəs­minin surəti daha qabarıq əks et­dirir.

Pansion sakinləri yaxşı dərk eləyirlər ki, əski Rusiya artıq mövcud deyil. Bəziləri burada ömürlərini sakitcə başa vurur, digərləri bu mövzuda ara-sıra söhbət açsa da, heç nə dəyişmir. Onların yeganə ümid yeri xatirələrdir. Hər yerdə, hər şeydə – Ore­dejdəki su dəyirmanında, bir stəkan çayda əri­yən qənddə, Berlin göylərində sürətlə sürünən buludlarda... Rusiyadan bir nişan, əlamət axtarırlar.

“Maşenka”nın qəhrəmanları məğlub olmağa məhkumdurlar. Məsələn, ilk baxış­dan rəqibinə qalib gəlmiş Qaninin Alfyorovun dilində “əşya”ya çev­rilməsi. Alfyo­rov öncə onun adını, soyadını dəyişik salır. Qanin buna çılğıncasına eti­razını bil­dirir, şərəfini alçaldan təhqir kimi qəbul edir: “Mənim adım Levdir. Yad­da saxla­ma­ğa çalışın”. Oyun qaydaları isə pozulmaqda davam edir. Alfyorov da­vam­lı ola­raq onu gah Lev L­voviç, gah da, sadəcə, Lev çağırır. Revanşın ya­xın­laş­dığını hiss edən qəh­rəman mövcud durumla barışmalı olur.

Romanın əsasını qəhrəmanın xatirələri təşkil edir. Əsər gözlənilməz sonluqla bitir. Qanin son anda Maşenka ilə görüşdən imtina edir. Keçmişin birdəfəlik itdiyini anlayır. Yaddaşında və düşüncəsində canlı və gerçək qalan yalnız keçmiş sevginin obrazıdır.

Maşenkanın özü də artıq “kölgələr dün­ya­sı”ndadır. Gerçək Maşenka daha mövcud deyil. Maşenka özü də bir xatirəyə, simvola çev­rilib. Maşenka obrazının “itirilmiş cənnətlə” – Rusiya ilə semantik əlaqəsi şübhəsizdir.

Nabokovun avtobioqrafik əsərləri sırasında “İgidlik” romanı xatırlanmalıdır. Romanın baş qəhrəmanı Martın Edelveys Nabokov romantizminin bədii təcəssümüdür. Martın bir qəhrəman kimi əslində, yazıçının arzusunu yerinə yetirir: O, igidlik göstərir, Sovet Rusiyasına, yarımmifik “Zoolandiyaya” yollanır.

“Obskur kamerası” romanı iki dəfə işıq üzü görüb: 1932-ci ilin əvvəllərində “Obskur kamerası” adı ilə, bir neçə il sonra isə ingilis variantı “Qaranlıqda gülüş” adıyla çap olunub.

Personajların əcnəbi adlar daşıması, 20-ci illərin alman gerçəkliyinin təsviri oxu­cuları gərək çaşdırmasın. Bu, əsl rus romanıdır. Nabokov Berlin mühitini əla tanıyırdı və duyurdu. On beş ildən artıq bu şəhərdə yaşamışdı.

Romanda sənətşünas Bruno Kreçmarın “kino gözəli” karyerası ar­zu­su ilə yaşayan Maq­daya faciəli ehtirası təsvir olunur. Maqdaya bağlanmış Kreç­mar ailəsini atır, dostlarından üz döndərir və büsbütün təzə rəfiqəsinin dünyasında ili­şib qalır. Hə­mişə atasının yolunu gözləyən azyaşlı qızının ölümü belə onun vicdanını ağ­rıt­mır, onu kor ehtiraslardan ayırmır. Kreçmar o qədər rəhmsiz, iradəsiz adamdır ki, hətta qızının dəfn mərasiminə qatılmır.

Kreçmarın Maqdaya sevgisi ülvi, bəşəri duyğu deyil, seksual xarakterlidir. Qəh­rəman hərdən özünüdərk anlarında özünə hesabat versə də, əməllərindən əl çə­k­mir. Ömrünü yandırıb kül etmiş ehtiraslara qarşı müqavimət göstərə bilmir. Na­bo­kov qəhrəmanın ömrünü obrazlı şəkildə belə ifadə edir: “Bu ömür ona işıqlandırılmış, mismarlanmış yeşik və ya uşaq arabası olan uzun və toz­­lu dəhlizi xatırlatdı, dəhlizin dərinliyindən gözləri qaraldı”.

“Obskur kamerası” metaforadır. Adi aparatın “qara yeşiyində” – həyatda baş verənlərin təsviri verilir.

Kreçmarın düşüncəsi, əslində, obskur kamerasıdır. Zülmətin girdabına düş­dük­cə, suda boğulan adam saman çöpündən yapışan kimi, o da əski günlərin xoş­bəxt­lik il­ğı­mından yapışmağa çalışır.

“Lujin müdafiəsi” (1929) romanı, əslində, şahmat haqqındadır. Romanın süjeti dahi şahmatçı Lujinin ömür və ruhi xəstəlik tarixindən ibarətdir. Lujin üçün gerçəklik böyük şahmat oyunudur. Oyun atmosferi, oyun ehtirası romanın emosional-fəlsəfi poetikasını təşkil edir. Həyatın amansız təcavüzünə qarşı qəhrəmanın oyun aqressivliyi dayanır. (Romanın ilk səhifəsindən şah­mat kombinasiyaları ilə tanış olmayan balaca Lujinin aqressiv oynadığının şahidi oluruq: o, böcəklə oy­nayır, sonra böcəyi rəhmsizcəsinə, daşla əzib öldürür). Lujinin xanımı köməksiz, zəif və zərif ərini şahmat dünyasından təcrid etməyə çalışsa da, buna nail ola bilmir. Lujin axıracan oyundan əl çəkmir. O, davranış variantlarını qəbul etmədiyi bu dünyaya qalib gəlmək istəyir.

Nabokov şahmatı yaxşı bilirdi. Onun bütün yaradıcılığında “şahmat obrazının məntiqi” var: ancaq oyun qaydaları tək özünə bəlli idi. Ernstin şəklində olduğu kimi, kraliça ilə oynayan kral. Vəzir pi­yadaya doğru can atır, fil atla əvəzlənir. Möcüzələr ölkəsindəki Alisa Anya olur. Anya sonra Latiyə çevrilir.

Yuxarıda qeyd etdiyimiz kimi, “Maşenka”nın bəzi motivləri yazıçının başqa əsərlərində, o cümlədən “Lujin müdafiəsi” romanında da görünür. Bir yazıçı kimi onu patoloji hadisələr “adi” normalardan, yaşam qaydalarından kənaraçıxmalar maraqlandırır.

Ro­mandakı impressionizm çalarları, rənglərin zən­gin­liyi, metafora sıxlığı Nabokov sə­nətkarlığının göstəricisidir.

“Lujin müdafiəsi”nin bir mühüm xətti də yeni Rusiya və Avropa yaşam tərzlərinin müqayisəli kontekstdə qurulmasındadır. İki dünyanın müqayisəsi romanda cə­mi bir dəfə, Lujinin mənzilinin kandarında Sovetlər Birliyindən gəlmiş bir xanımın görünməsi ilə baş verir. Xanımın portreti, danışığı yüngül ironiya ilə verilsə də, heç vaxt acı, sərt satiraya keçmir. Xanım “Av­ropada teatr yoxdur, sadəcə, yoxdur” deyib Berlini söysə də, mağaza vitrinlərini saat­larla seyr etməkdən yorulmur. Müxtəlif bəhanələrlə Lujingilə gəlir, boş­bo­ğaz­lıq edir və bununla ev yiyəsinin nifrətini qazanır.

Nabokov poetikasının əlamətləri bu əsərdə də qabarıq görünür: xəyal – gerçəklik, dahilik – dəlilik, fərdi seçim, qəzavü-qədər qarşıdurmaları, ölüm (romanda şahmat ölüm simvoludur), oyun, tale, uşaqlıq, günah mövzuları.

Ətraf mühit qəhrəmana bir xəyal qırıqlığı gətirir, dünya ilə arasındakı dibsiz, dərin bir uçurum onu xilas etmir. Həssas təbiətli, istedadlı adamların taleyi belədir.

Nabokov dünyası oyun, kölgə, ilğım dünyasıdır. Yoxluq və heçlik metafizikasıdır. Nabokov personajlarında, sanki, “ruh” yoxdur.

“Lolita” (1953) Nabokovun ən qalmaqallı əsəridir. Burada romanın süjetini – ağdərili dul Qumbertin Lolitaya yönəlmiş ehtiras tarixçəsini danışmağa elə bir lüzum yoxdur, həm də ki, Nabokov üçün süjet elə bir əhəmiyyət kəsb etmir.

“Lolita” Nabokovun oxucu qavrayışı baxımından mürəkkəb romanlarından biridir. Növbəti “etibarsız hekayətçinin” etirafı şeirlə, şifrələrlə, illüziyalarla doludur. Romanın bir neçə laydan ibarət olması şərhləri xeyli çətinləşdirir. İkinci aspekt romanın etik xarakteri ilə bağlıdır. Nabokov etikasının “mehvəri” onun zorakılığa münasibətidir.

“Edama dəvət” romanı V.Nabokovun şedevr əsərlərindəndir və sadə süjetə malikdir. Hadisələr elə bir şərti, yarımfantastik dünyada baş verir ki, orada xeyir, gözəlliyə və idraka yer yoxdur. Bu mütləq şəffaf, aydın dünyada qeyri-şəffaf olan Çinçinnat Ç.-yə ölüm hökmü elan edilir. Çinçinnat kamerada on iki gün (günlərin təsviri əsərin süjet xəttini təşkil edir) keçirməli olur, romanın sonunda baş qəhrəmanın boynu vurulur. Ədəbiyyatşünaslar “Edama dəvət” romanını süjetinə görə Y.Zamyatının “Biz” romanı kimi antiutopiyalara şamil edirlər.

1962-ci ildə intervülərinin birində deyirdi: “Əslində, mən zorakılığa nifrət edən adamam”. Doğrudan da, onun patologiya meyilli qəhrəmanları ətrafa zərər vuranda, müəllif tərəfindən rəhmsizcəsinə cəzalandırılır. Qumbertin cəzası Lolitanın itkisi və çarəsiz axtarışı olur.

“Lolita”nın dünya şöhrəti Nabokovu, nəhayət, maliyyə asılılığından qurtarır: müəllimliyi buraxır, ailəsiylə yenidən Avropaya köçür və özünü tamamilə ədəbi yaradıcılığa həsr edir: Avropada daha dörd roman – “Zəif od” (1961), “Ada, yaxud ehtiras” (1968), “Şəffaf nəsnələr” (1972) və “Arlekinlərə bax!” (1974) yazır. O biri əsərləri kimi, bu romanlar da Rusiyaya yazıçının ölümündən sonra yol tapır. Özü nə vaxtsa demişdi: “Mən heç vaxt qayıtmayacağam, çünki bütün Rusiya həmişə mənimlədir: ədəbiyyat, dil və öz rus uşaqlığım. Mən heç vaxt qayıtmayacağam. Mən heç vaxt təslim olmayacağam”.

Nabokov, bəlkə də, dünyanın ən tənha yazıçısı idi. Bunin nə vaxtsa Nabokovun özünə deyibmiş: “Siz dəhşətli əzablar içində və tamam tənha öləcəksiniz”. Mən bilmirəm, necə olub ki, Buninin öncəgörənliyi baş tutmayıb. “Sebastyan Naytın əsl həyatı” romanında bir deyim keçir: “Bu dünyanın ko­bud­luğuna dözməyib, bu kobudluqdan yaralı Nayt maska arxasında öz ağrısını giz­lədirdi; ancaq bu maska müdhiş gerçəkliyə çevrildi”.

Deyəsən, Nabokovun özü haqqındadır...
/kult.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.