Mübariz Örən: “Maşın sürə-sürə kitab oxuyuram” - MÜSAHİBƏ
07.11.14

Avanqard.net yazıçı Mübariz Örənlə müsahibəni təqdim edir.

– Mübariz, nə vaxtdan yazmağa başlamısan?

–  Orta məktəbdə oxuyanda şeirlər yazırdım. İnstitut dövrü də ara-sıra yazdım. Bir dəfə bir-iki şeirimi vurub qoltuğuma utana-utana, sıxıla-sıxıla aparmışdım o vaxtkı “Ulduz”a. Şeirlərimə baxandan sonra dedilər, get Məmməd İsmayılın yanına. Dərnəyi vardı Məmməd bəyin o vaxtlar.  Mən də təbii ki, bir də heç yerə getmədim. Əvəzində, institutu bitirən kimi Rusiyaya üz tutdum, uzun müddət Qərbi Sibirin, Tayqanın şiddətli, dayanıqlı şaxtaları ilə baş-başa verib, həyatın daha praqmatik işləri ilə məşğul oldum. O vaxtlar sözlə mənim aramda olan məsafə 5000 kilometrdən çox idi. Bu məsafə təxminən Uzaq Tayqa meşələrindən o vaxtkı “Ulduz”un yerləşdiyi binaya qədər olardı.

– Bəs nəsr yazmağa nə vaxt başladın?


– Nəsrə maksimum iki-üç il olar başladığım...

 – İki-üç il olsa da, hekayələrini 200-300 ilin kişiləri bəyəniblər. Əkrəm Əylisli, Cavanşir Yusifli...

– Kəramət, mənim mətnə qarşı olan tələbkarlığım bəzən özümü qorxudur; elə bilirəm, bir hekayəni yazanacan canım çıxacaq. Bəzən mənə elə gəlir ki, mən hekayəni yazmıram, onu “tapıram”. Sanki yazacağım hekayə hansısa mistik bir lövhədə əvvəlcədən hazır dayanıb, mənəsə onu sözbəsöz, cümləbəcümlə tapıb öz yerinə qoymaq qalır. Lap krossvorddakı kimi. Həmin mətni tapana kimi bəlkə, min yol çək-çevir edirəm, onu götürüb bunu qoyuram. Hər sözün üstündə əsirəm. Bəlkə, ona görə Əkrəm Əylisli, Cavanşir Yusifli kimi söz sərrafları orada nəsə görüblər. Əgər doğrudan da, belədirsə, bu, ancaq məsuliyyət artırır.

 – Bəzi cavanlara dəfələrlə deyiblər ki, “nəsr sənlik deyil”, ancaq yenə də... Ancaq səndə tamam fərqlidir. Yəni çox iddiasızsan. Görəsən, bu, yaş və təcrübəylə bağlıdır, yoxsa, əksinə, özünəarxayınlıqdır?


– Yadındasa, bir dəfə mənə yarıciddi, yarızarafat dedin ki, ay Mübariz, sən də yazıçı olub getdin. “Yazıçı olub getmək” nədir? Yazıçı özünü necə hiss etməlidir, necə davranmalıdır, ətrafla münasibətlərində hansı dəyişikliklərə məruz qalmalıdır? Təkcə mətn yaratmaq yazıçılıq deyil axı. Yazıçılıq, məncə, həm də tale məsələsidir, Qədim Yunan miflərində olduğu kimi, gərək Moyralar sənin taleyinə yazıçı taleyi yaza. Gərək özünü, həyatını büsbütün bu işə həsr etmiş olasan. Günün, saatın o işığa bağlı ola, o işığın haləsi hər yerdə səni müşayiət edə. Başın o qədər qarışa ki, saqqalını belə qırxmağa macalın olmaya. Bilirəm ki, bizim şəraitdə bu, mümkün deyil, ona görə heç bir iddiam da yoxdur.

– Bizim şəraitdə əsl yazıçı olmaq mümkün deyilsə və buna görə iddiasızsansa... Bəs iddiası yeri-göyü lərzəyə salan cavanlar sənə necə təsir edir?

– Açığı, bəzi məqamlarda mat qalıram. Bir dəfə jurnalistlərdən biri Rusiya Televiziya Akademiyasının prezidenti Poznerə sual verərkən, “Siz televiziyada işləyirsiniz...” deyəndə Pozner həmin an jurnalistin sözünü kəsdi: “Mən televiziyada işləmirəm. Mən televiziyanı yaradıram” – dedi. İndi, bizdə də... Hələ heç nə yaradıb ortaya qoymamış cavanlar var, iddiaları, sən demiş, yerə-göyə sığmır. Bir-iki çətin tələffüz olunan yazıçı adı əzbərləyib əllərində bayraq edirlər, yeri gəldi-gəlmədi sitatlar gətirir və s. Bununla da özlərini ədəbiyyat müstəvisində müstəsna səlahiyyətlərə malik personalar hesab edirlər. Nəticədə nə baş verir? Köhnələr inkar edilib, yoxdur, təzələrsə hələ yoxdur. Yəni ədəbiyyat özü yoxdur, sadəcə, ədəbiyyatətrafı proseslərdə mövqe davası gedir.

– Səncə, ümumiyyətlə, ədəbiyyatda iddialı olmaq nədir? Və yaxud bu iddianı ən səviyyəli şəkildə necə göstərmək mümkündür?


– Məncə, iddialı olmaq müəllifə aid deyil, mətnə aiddir.

– Səncə, iddialı mətn hansıdır? Söhbət oxuduğun Azərbaycan müəlliflərindən gedir.

–Hər halda mənə görə, Azərbaycanda iddialı mətn ortaya qoymaq üçün örnək var;  dünyada baş verməkdə olan ədəbi proseslərin, cərəyanların, axınların... içində özünü yetərincə komfort, rahat hiss edən, eyni zamanda, əbədi-əzəli süjetləri qan damarı kimi öz içindən keçirən Kamal Abdulla nəsri var.

– Kitab çıxarmaq fikrin var?

– Kitab çıxartmaq mənimçün heç vaxt hədəf olmayıb. Əsas hədəfim bacardıqca yaxşı əsərlər yaza bilməkdi. Məlumdur ki, kitab çıxarmaq üçün xüsusi bacarıq, yaxud istedad tələb olunmur. İndi hər kəs, istənilən vaxt asanlıqla öz kitabını çıxara bilər, yetər ki, əlin cibində olsun. Lakin, kitab xatirinə kitab mənlik deyil. Onsuz da, gecikmişəm, heç olmasa, kitabım çıxanda içində bir şey olsun.

– Deyirlər, ciddi nəsr məsələn, 40 yaşdan sonra yazılır. Ancaq bu yaşa qədər müəyyən yol keçməlisən, yəni ciddi yazı məşqin olmalıdır, yaxşı mütaliə də öz yerində. Sənin də az yaşın yoxdur. Özünü necə hiss edirsən, hesab edirsən ki, ciddi bədii mən yazmaq üçün bazan var?


– Həmişə oxumuşam. Lakin mütaliəm sistemli olmayıb. Sovet vaxtı nə tərcümə olunurdu oxuyurduq. Sonralar aydın oldu ki, dəryadan bir damladı oxuduqlarım, hələ oxunmalı nə qədər kitablar var. Vaxtında rus dilini öyrənməyim qismən köməyimə çatdı, bir çox əsərləri tapıb ruscadan oxumaq fürsəti yarandı. İndi intensiv şəkildə oxuyuram. Evdə, işdə, hətta maşında da...

– Sükan arxasında necə kitab oxumaq olur ki?

– Tıxacların canı sağ olsun. (gülür)

– Yazıçılar Birliyinə niyə üzv olmursan?

– Özümü yazıçı hiss eləmirəm, ona görə.

 – Hekayəni bir neçə dəfə Azadlıq Radiosunun müsabiqəsinə göndərmisən, özünü yazıçı hiss eləmirsənsə, niyə göndərirdin?


– Yazıçı olmaq üçün mütləq harasa üzv olmaq gərəkdir ki? Onsuz da, yazıçı dostlarımla vaxtaşırı çay süfrəsi ətrafında – yalansa!.. – oturub, ədəbi cameədə baş verən proseslərdən, yeniliklərdən xəbər tuturam və bu, bəs edir.

– Azadlıq Radiosunun müsabiqəsinə hekayənin yer tutmaması sənə necə təsir elədi? Məncə, çox ümidli idin, birinci yerə çıxacağına inanırdın.

– Azadlıq radiosuna iki il dalbadal hekayə göndərmişəm, hər ikisində də 10-luğa düşmüşəm. Düzü, birinci il yox, amma bu il nəticələrdən narazı qaldım. Hesab edirəm ki, mənim hekayəmə qarşı haqsızlıq edildi. Heç ilk beşliyə də düşmədim.

 – Müsabiqədə hekayənə ədalətsiz yanaşmışdılarsa, niyə etirazını bildirmirdin?

– “Azadlıq Radiosu”nda keçirilən o müsabiqə öz obyektivliyi və ciddiliyi baxımından bəlkə də, bizdə ən nüfuzlu müsabiqədir. Təkcə oradakı münsiflərin bəzilərini yada salmaq kifayətdir ki, o müsabiqənin konseptuallığı haqda təsəvvür yaransın. Lakin müsabiqənin həm onlayn səsvermə etapında, həm də final mərhələsində boşluqlar var ki, bu da, zənnimcə, müəyyən manipulyasiyalara şərait yaradır. Bu iradımı həmin radionun “Pen Klub” verilişində də bildirmişəm.

– Cavanlar arasında kimlərin yaxşı nəsr yazacağına inanırsan?

– Lap cavanlar arasında Ayxanla Mövludu deyə bilərəm. Nədənsə, mənə elə gəlir ki, Səxavət Sahil də nə vaxtsa əla romanlar yazacaq.

 – “Yazı” dərgisində Əkrəm Əylislinin “Dağlar deyir ki, soyuqdur” povestinin yanında sənin “Balıq gülüşü” hekayən də çap olunmuşdu. Sonra məlum oldu ki, mətnin Əkrəm müəllimin də xoşuna gəlib. Maraqlıdır, belə şeyləri özü üçün kriteriya hesab edirsən?


– Əkrəm Əylisli sıradan oxucu deyil. O, mükəmməl dilə, təhkiyəyə, yazı texnikasına malik olan usta sənətkardır. Təbii, əgər Əkrəm müəllim mənim hekayəmdə nəsə tapıbsa, yaxud nəyisə bəyənibsə, bu, mənim üçün əlavə stimuldur.

– Yəni Əkrəm bəyəndisə, deməli, yaxşı nasirəm, vəssalam.

– Bilmək istəyirsənsə, bəli, Əkrəm müəllimin sözü mənim üçün kriteriyadır. Amma “yaxşı nasir” məsələsi bir az ağır məsələdir...

– Bəs başqa hansı ustadlar tərəfindən təsdiq olunmaq ürəyincə olardı?

– Kamal Abdullanın, İlqar Əlfioğlunun və Etimad Başkeçidin fikirləri mənimçün ustad sözü olar.

 – Roman yazmaq fikrin var?

– Məlum yazısında Cavanşir Yusifli də yazmışdı bu haqda. Janr məsələsində xüsusilə diqqətli olmaq lazımdı. Hələ ki, hekayə janrını özümçün ən optimal janr sayıram.

– Bəlkə, romana keçməyəsən? Ancaq hekayə yazasan Çevox kimi. Mümkündür?

– Güman ki, elə belə də olacaq.

 – Ən sevimli əsərin hansıdır?

– Belə əsərlər bir deyil, iki deyil. Gənclik çağlarımda  “Gənc Verterin iztirabları”, “Başsız atlı”, “Çovdarlıqda uçurumdan qoruyan”. “Dahi” və s. əsərlər ruhuma hakim kəsilmişdi. Sonralar bu əsərlərə “Yad”, “Master və Marqarita”, “Patriarxın payızı” və s. də əlavə olundu.

– Azərbaycanda sevimli əsərin yoxdur?


– Bir vaxtlar Mövlud Süleymanlının “Köç” romanı məni riqqətə gətirmişdi.

– Sonra nə oldu ki?


– Sonralar Markesi oxudum...

– Dünyanın hər üzünü görmüş insansan, xeyli yerlərdə olubsan. Yenə deyirəm, nəsrə gec başlasan da, xeyli yaşın var. Mənim üçün maraqlıdır, Yaradıcılıq fakültəsinin tələbəsi olmaq təcrübənə nəsə əlavə eləyə bildi?

– Heç bir fakültə, dərnək, ocaq adamı yazıçı, ya şair eləmir, məlum məsələdir. Yaradıcılıq fakültəsi mənimçün ilk növbədə mühitdir, yeni dostlardı, dəyərli müəllimlərdi: Niyazi Mehdidi, Cavanşir Yusiflidi, Asif Hacıyevdi, Salam Sarvandı, Rəhim Əliyevdi, Azad Qaradərəlidi...

– Deyə bilərsən, nə üçün yazırsan? Yəni insanlara nə demək istəyirsən?

– Ən çox yazmaya bilmədiyim üçün yazıram. Bilirsən, heyfim gəlir o adamlara. Mənim hekayələrimdə olan adamlar çoxu dünyadan köçüb, qalanlar da bir gün gedəcək. Bu labüddür. Hamımız nə vaxtsa, amma mütləq gedəcəyik...  Bu gözəl insanları – yaxşılı, pisli, –  onların hisslərini, duyğularını, onları əhatə edən aləmi, dünyanı itirməkdən qorxuram. İstəyirəm ki, bu xatirə qırıntılarını bir-bir tapıb-toplayım, bir yerə yığım və o insanlar öz həyatlarının davamını, heç olmasa, bu şəkildə, hekayədə yaşaya bilsinlər, ölməsinlər, içi özüm qarışıq.

 – Səncə, mükafat üçün, pul üçün yazmaq yazıçının cılızlığıdır? Tutalım, mükafat üçün böyük ədəbiyyat yaratmaq olmaz? Necə düşünürsən?


– Mənimçün bu sual sualların ən çətini oldu. Məsələnin qoyuluşu çox amansızdı. Fikirləşirəm, ümumiyyətlə, hansısa əsər – fərqi yoxdur, böyük, ya kiçik – heç bir iddia,  umacaq olmadan yazıla bilərmi? Lap heç mükafat, ödül olmasın, kim öz əsərini tək özü üçün yazır? Hər sözün, hər cümlənin üstündə əsir, özünü həlak edir, min zülmə, zillətə tab gətirir?  Gizlində də olsa, ən azı özünütəsdiq hissi qurd kimi beyinin bir küncündə əyləşib yeyir adamın içini. “Azadlıq Radiosu”nda müsabiqəyə start veriləndə, uzun müddət içimdə götür-qoy etdiyim, lakin yazılmasına tələsmədiyim bir hekayə məni rahat buraxmadı, gecəmi gündüzümə qatdı, qısa müddət ərzində “ətə-qana” doldu. Nə idi bu? Hansı hiss idi məni rahat buraxmayan? Mükafat almaq? Tanınmaq? Özünü, öz gücünü göstərmək? Çətindi bu suala cavab vermək. Dostoyevski “Qumarbaz”ı yazanda qonorarını əvvəlcədən alıb cibinə qoymuşdu. Markes öz əsərini yazıb pul qazanana kimi nə qədər borca girmişdi. Yaxud Mopassan, Mark Tven və s. Başqa məsələ ki, hansısa bir ideologiyanın əlində alətə çevrilmək, mədh, vəsf janrında sifarişlər icra etmək. Bizim sovetlər vaxtında konkret mükafatlar xatirinə nə qədər romanlar, poemalar yazılmışdı. Hanı indi o “böyük sənət əsərləri?” Hanı o “əzəmətli” imzalar?

 – Hekayələr kitabı çıxarsan, kimə ön söz yazdırmaq istəyərsən?

– Cavanşir müəllim hekayələrim haqda yazıb. Əgər, işdir, bir kitablıq hekayəm yığılsa, gərək müəllimə müraciət edəm.

– Səncə, Azərbaycanda ədəbiyyat üçün ən üstün şey nədir? Yəni Azərbaycan yazıçısının, şairinin əli hara çatanda özünə arxayınlıqla “şair”, “yazıçı” deyə bilir?

– Azərbaycanda elə bir mükafat yoxdur ki, onun nüfuzu, hökmü kiməsə “yazıçı sertifikatı”  versin. Bizdə ədəbiyyatçıların öz aralarında gizli, gözəgörünməz, mistik bir “kabinet” var ki, həmin kabinetin sözü əsas götürülür... Ya da, gərək Nobel mükafatı alasan. (gülür)
/kult.az/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.