Tehran Əlişanoğlu - Zəmanə sirrinə vaqif olanda
03.11.14

Kamal Abdullanın "Sirri-Zəmanə" kitabı üzərinə qeydlər
 
Ədəbiyyat və konteksi. Yazıçı və mühiti. Kamal Abdulla və "mən" daim bir-birimizin yanındayıq. O yazır, mən yozuram. "Yozduğumu" o yenə yazır... Təbii, burda öz "mən"imi ictimailəşdirirəm; ədəbi tənqid, ədəbi ictimaiyyət, elə ümumən də ictimaiyyət mövzusunda.

"Labirint" kitabı çıxanda yazmışdım: "Birincidən sonra ("Hekayələr”, 2008).
 
Kamal Abdullanın ikinci hekayələr toplusu çıxdı: "Labirint" (Qanun, 2012); və romançı kimi tanıdığımız yazıçı özünü hekayəçi kimi də təsdiq etdi...  Və budur, Kamal Abdullanın hekayələrdən ibarət daha bir kitabı: "Sirri-zəmanə" ("Mütərcim", 2014) həmin yozumu bir daha təsdiqləyir...
 
"Labirint" haqqındakı yazı ("Kamal Abdullanın metafizik labirinti") belə anlaşılmışdı ki, Kamal Abdullanın xoşuna gəlmişdi. Və hətta bu sözləri cızıqlamışdı:
 
"Tehran, axşamın xeyir. Yazını oxudum. Sənə təşəkkür edirəm. Sənin duyumun məni heyrətləndirdi və sevindirdi. O şeylər ki, mən düşünürdüm, onu bir "bəni-adəm" hiss edə bilməyəcəkdir və heyfslənirdim, sən onları görmüsən. Sən həqiqətən də mükəmməlsən. Əhsən və bir də təşəkkürlər.

Dostun Kamal Abdulla.

10.01.2013"
 
Amma sirri-Xudamı, Ann.az və Kult.az yayımlanan o yazının elə bir səs-sədası, tutarı-filanı olmadı. Çox demirəm; deyək, nəşriyyatlar piar niyyətilə, K.Abdullanın kitablarının üz qabığını bəzərkən, məsələn, R.Rövşəndən, M.Süleymanlıdan, A.Talıbzadədən, S.Sarvandan, E.Başkeçiddən gözəl-gözəl sitatlar tapıb-verir... Qısqanclığım tutur əlbəttə. Amma yox, Xudanın bəndədən nə sirri? Həm də "sirri-Xuda" - yazıçı Elçinin maraq predmetidir. "Sirri" uyduran bəndələrdir, nədisə bu - məhz "sirri-zəmanə"dir, yazıçı Kamal Abdullanın maraq dairəsində olan məsələdir...
 
Təzə kitabını da "Sirri-Zəmanə" adlandırması əbəsmi? 
 
***
 
İndilikdə "Sirri-Zəmanə"ni Kamal Abdullanın hekayələr külliyatı hesab etmək olar; çün mənə bəllisi, mətbu hekayələrinin cəmisi toplanıb burda. Həm də silsilələr üzrə : "Sehrbazlar dərəsi" silsiləsindən ("Qərar", "İlişin qayıtmağı"), "Parisin seçimi" silsiləsindən ("Son gəliş", "Xaron, mərhəmətli  Xaron", "Dəvə yağışı", "Adaşlar", "Parisin seçimi", "Çəngəl çiçəyi", "Gülü qah-qah xanımın nağılı"), "Labirint" silsiləsindən ("İstintaq ", "Ay işığı", "Kamera teatrı", "Üçrəng  pişik balası", "Bir yay axşamı", "Sirri-Zəmanə", "Labirint", "Pəncərə", "Bir sevgi hekayəti"), "Bilgə əhvalatları" silsiləsindən ("Qədiməli kişi və onun bülbülü", "Köhnə məhlə", "Tumsuz nar", "Uca qaya başında") , "Balaca həyətin həngamələri" silsiləsindən ("Çil-çil toyuq", "Dünyanın ən ucaboylu karliki", "Mənə uçmağı öyrət"), "Səhvlərimizin qrammatikası" silsiləsindən ("Qədim mayyalara cavab", "Korneliusun ölümü", "Platon, deyəsən xəstələnib...", "Asiman və Zəminə", "Atama deyin ki, mən xoşbəxtəm...", "Səhvlərimizin qrammatikası", "Vakxanaliya mövsümündə  Çalıquşu", "Kölgə").  Bəzisində ikicə hekayə var, bəzisində iki o qədər, üç o qədər; amma "silsiləsindən" - yəni də var, yanaşı - paralel mövcuddur, yazılır...
 
Xatırladığım yazıda mən S.Sarvanın ardınca Kamal Abdulla hekayələrini ardıcıl, diaxron planda oxumağa cəhd etmiş, hardasa "metafizikası"na gəlib çıxmışdım zənnimdə: 1. Labirintə qədərki "Hekayələr"... 2. "Labirint"in içində.. 3. Labirintin çölündə ("Bilgə əhvalatları" silsiləsi). İnsan həyat və ölüm, varlıq və yoxluq, sevgi və özgəlik arasındakı  labirintdə. Hətta ədəbiyyatın bu əbədi teması - əbədiyyətin sirrinə varmaq  niyyətilə "Sirri - Zəmanə" hekayəsinin qəhrəmanı "qapı açıb" bir zəmanədən özgə zəmanəyə adlamalı olur...
 
Təzə kitabında silsilələri yan-yanaşı (yanakı) düzməklə sanki Kamal Abdulla hekayələri indi də bir üfiqi planda, sinxroniyada oxumağı israr edir. "... Hər əsrin, hər dövrün, hər ölkənin, hər kimsənin belə zəmanəsi var... Sirri-zəmanə öz dövründə, öz zəmanəsində üzə çıxdı. Üzə çıxan kimi də onu tapdılar, məsələ bitdi. O, bir şəxsin qisməti oldu. O biri sirri-zəmanənin özü yox idi, adı var idi. Axtaranlar onun özünü deyil, adını axtarıblar, sən daxil... Xoşbəxtliyin sirri, əgər tapılıbsa, o biri zəmanəyə keçə bilmir, elə öz zəmanəsində qalır..." ( "Sirri-zəmanə" hekayəsindən).
 
"Labirint"dən çıxıb, mənimcə, Kamal Abdulla bizi "öz zəmanəmiz"i dolaşmağa - gəzişməyə dəvət edir toplu(m)da...   
 
"Sehrbazlar dərəsi silsiləsindən" hər iki hekayəni mən ilk olaraq "Xəzər" jurnalının 1996-cı il 2 sayında oxumuş və doğrusu, elə də önəm verməyib, 1990-cı illərdə 1980-ci illərin əks-sədası, reminissensiyası kimi almışdım: "Qərar"da bugünü tarix vasitəsilə oxumaq (sırf realist tələbat) və "İlişin qayıtmağında dağılan quruluşun magik illuziyaları” (dekadans oyunları)... İndi "sirri - zəmanə" hər iki mətn barədə mənə daha başqa şeylər deyir: "hakimiyyət" adlı hardasa bir şirin - acı materiya var, magiyası qədər intiqamı da qurnazdır - dadana əhsən, dadmayana rəhmət...; "qisas - intiqam" deyilən bəhrəsiz bir əməl var, bədəli günahından betər... - etirafa gələn də yazıq, gəlməyən də... Və bütüb bunların "sirri", habelə hələ nə qədər də çözülməmiş bu sayaq müşküllərin açarı heç də uzaqda yox, yanımızda, Görükməz dağın ətəyindəki "Sehrbazlar dərəsi"ndədir (silsilənin adı aşkar bu ünvana, K.Abdullanın eyni adlı romanına işarə edir); hər "zamənə" öz sehrbazı - yazarını istəyir ki, bunu yoza və yaza...
 
***
 
“Parisin seçimi silsiləsindən" hekayələr ümumi - problemlərdən fərdin həqiqətinə, məhz "seçimin morfologiyası"nda yön alır (Asif Hacılının "Kamal Abdulla: seçimin morfologiyası" adlı kitabı var)...
 
Eyniadlı əsəri mən günün ən məşhur hekayəsi kimi təsbitləmişdim; məxsusən "Litqazeta"da dərc olunub, əks - səda qoparandan sonra. "Belə də yazmaq olarmış!" - antik mifin ən sadə (!) dekonstruktəsi var burda. Paris çox asanca, göylərin məntiqinə zidd gedərək, almanı gözəllər gözəli Yelenaya deyil, Zevsin arvadı Heraya təqdim edir... Bir anlığa "seçim"in ləzzətlərini təsəvvür edirsizmi: nifaq - münaqişə dayanır, Troya müharibəsi - filan olmur və s... Hər şey necə də mümkünmüş!
 
Bir çoxlarının ardınca mən də bu qənaətdəyəm ki: "Dəvə yağışı" bizdə son illərin (bəlkə də bütövlükdə Azərbaycan ədəbiyyatının) uşaqlar və böyüklər üçün yazılmış ən gözəl nağıldır. Virtual realiya təkcə balaca qəhrəmanın - Uşağın seçimi deyil ki, külli-aləm elə əzəldən ovsun və ecaz (dəvənin göz yaşı) üzərində qərar tutmayıbmı?! Dəyişən dildir və hekayənin günümüzə yaraşan terminolojisi dürüst  və qənirsizdir: İnsanlar ölkəsi, Damdabacalar küçəsi, virvizual dəvə, sansor idarəetmə, germetik təsəvvür, Çözüm Komissiyası, Ümumi sülh saatı və s.
 
"Çəngəl çiçəyi" hekayəsində, bilsəniz mənə ən çox nə xoş gəlir; "Bir qalanın sirri" filminin sonunda ki, elmin-məlhəmin gücüylə zülm və tilsimin qurutduğu daşlar qayalar da gül açıb - canlanır, eynən hekayədə insanın çiçəyə, çiçəklərin dönüb insanlara çevrilməsi texnologiyasının özü, yəni bədiiyyat... Qalanı - ideologiya məsələsidir; fironmu haqlıdır, kahinmi?; sözmü birincidir, zormu?; tarixmi gerçəkdir, sənətmi? - "sirri - zəmanə"dir, seçiminə bağlı...
 
"Xaron, mərhəmətli Xaron" və "Gülü qah-qah xanımın nağılı" mənim seçimimdir; hekayələrdən birincisini ilk dəfə Tənqid.net jurnalının ilk, 1-ci sayında (2006), ikincisini isə 5-ci sayında (2008) vermişəm. Təkcə ona görə yox ki, jurnal təzə olduğu kimi, K.Abdullanın hekayəçilik tərzi də tamam təzəydi; "Xaron, mərhəmətli Xaron" hekayəsində bir "yaddaş" məsələsi vardı, elə Tənqid.net də yaddaşın sərhəddində və onu qırıb qayıtmaz yerlərə çıxmaq şövqündəydi...
 
"Gülü qah-qah xanımın nağılı", mənimcə, yalnız bizdə ola biləcək duzlu-məzəli absurd özün-özünlə oyun ("kişmiş oyunu"), şaqraq gülüş təzahürüdür; və Tənqid.net-in 5-ci sayına çox yaraşırdı, belə ki, jurnalda hər nə istəsən vardısa da, bir yana çıxa bilmir, karuseldəki tək öz ətrafında fırlanırdı...
 
"Adaşlar" hekayəsində də yazışı "oynayır"; amma bu, artıq məharətli şahmat oyunudur: yuxular və gerçəklər, indi və dünən, olanlar və olmayanlar, ədəbiyyatın və həyatın sərhəddi, real və fərz olunan Kamal, o cümlədən Borxes və mən müstəvisində... Həmin hekayə barəsində mən ayrıca yazmışam: "Borxessayağı Kamal Abdulla" yazısında (bax: Tənqid.net, N 5, 2008)
 
***
 
Mənimcə beləydi ki: Kamal Abdulla bir yazar olaraq həyatını hər gün qarşımıza çıxardığı hadisə, qavram, aktuallı-qara çox da qane və aludə olmayıb, öz mifoloji aləmini quru... Və bu mülahizənin izinə düşərək, məhz "Labirint silsiləsindən" hekayələr arasında "Kamal Abdullanın metafizik labirinti"ni təsəvvür və təsvir etməyə çalışmışdım xatırlatdığım yazıda. Bu ki, K.Abdullaya görə: varlıq-həyat dediyimiz nədir? - yoxluq-ölüm bildiyimizin bu üzü, bizə görünən tərəfi; ölüm-yoxluq anladığımız və sandığımız bəs nədir? - həyat - varlıq sərhədinin o üzü, ha baxsaq da görəmmədiyimiz yönəmləri... Xatirə, nisgil yaşayırsa (varlıq), arxasında ayrılıq (yoxluq) durur ("Ay işığı"); elə dünən, keçmiş (yoxluq) vardır ki, "yoxluğuna bu gün də alışa bilmir"sən, demək: vardır ("Bir yay axşamı"); həyat teatrdır deyirik, biz aktyorlar, demək ki: yoxluğu oynayırıq; ya bəlkə tərsinədir: özümüz yoxuq, roldayıq, bu şəkildə varlığımızı yaşayırıq ("Kamera teatrı"), hər gün sabah (yoxluq) pəncərə açırıq, qarşımıza möcüzələr çıxırsa, həyat varlıq dediyimiz elə möcüzə (yoxluq bildiyimiz) deyilmi ("pəncərə"), ya: həyat-ömür hesab etdiyimiz (varlıq) tale deyə təsəvvür qıldığımızın (yoxluq) elə kölgəsi deyilmidir? ("Üçrəng pişik balası"); sevgilər və ölümlər - biri digərində əks olunan güzgülər kimi, haçansa sonu görünəcəkmi... ("Labirint"), sevgi və həyat, biri digərində - varlıq kimi, bəs ayrıldıqda - "ayrılıq"da necə - yoxluqmudur ("Bir sevgi hekayəsi")... Bütün bu metafizik üzərində düşüncələr, sonda bizi Kamal Abdullanın "paralel dünyalar"ına gətirib çıxarır ("Sirri-zəmanə" hekayəsi); nə dərəcədə aşinayıqsa buna, "zəmanənin sirri"nə də, demək, elə o qədər vaqifik...

***
 
Kamal Abdullanın "həpsi rəng"lə dolu hekayələrində çıxış üçün o qədər nöqtələr var ki, özülünü-poetikasını tapmaq da çox çətin olur... ha yana istəsən, aparıb çıxara bilər səni; odur ki, bəzən, yazıçının öz eyhamını yada salsaq, "kimsə ağlına gələni, kimsə də ağzına gələni" danışa - təəccüblənməyinə dəyməz, mənimcə. Məxsusən, təzə silsilələrin diapozonu açıqdır bu cəhətdən. "Balaca həyətin həngamələri silsiləsindən" hekayələr, məsələn, əsl "həngamə"dir elə; axı hadisə adına "balaca həyət"də başqa nə ola bilər ki... Üstəlik, "balaca həyət" anlamına rəmzi-simvolik rəng versək, pa-hooo! Məsələn, "Çil-çil toyuq" hekayəsində, sirri-Xudamıdır nədir, bu dəfə "toyuq diri qalmır"; amma yox, əlbəttə, "sirri-zəmanədir", çün fərasətli oğlan Vəliş heç bir aşırı peşmançılığa-filana uymadan "əsl mərəkə"dən qalib çıxır...  Əslində, bir növ ləqəblər (Şişman Hənifə, Keçəl Bağır, Cırtdan Ağaqulu, Seyid Qəmbər, Zümzümə Mərifət, Karlik Babacan, Məcnun...) və ləqəblərin metomorfozundan söz açan və nəhayətində "hamımızın ürəyindən tikən çıxaran" hekayəsində elə amansız xırdalıqlar var ki, bu "balaca həyət" sindromundan kənara tut, əsl komiksdir ki durubdur...
 
Və doğrusu, hərdən mənə elə gəir, Kamal Abdulla "həngamələr"i sırf acığa (açığa!) çox sevdiyi Xorse Luis Borxesin növbənöv sirli silsilələri işığına bizim bu "balaca həyət"i tutub, parodiyasını yazır. Amma nədirsə, bəzən əksinə, effekti çox poetik alınır... Məsələm, "Mənə uçmağı öyrət" kimi.
 
"Babam mənə danışırdı ki, hər adamın bir cini olur..." - tez-tez demirikmi "cinim tutmuşdu", deyirik, əlbəttə; hekayəçi indi həmin mifolojinin gerçəyini, gerçəklərdə illüstrəsini cızır; məharətlə içimizdə cin gəzdirməyimizi bir quyu başına toplayır. Maşallah, cin barəsində primitivizmlərimiz əfsanələrdə, deyimlərdə, xalq təfəkküründə gizlənərək, bu gün də yerində, aktual, gözəl-gerçək durubdu, fəhm istəyir "sirri"ni quyudan çıxarıb da faş edə. Tərslikdən, bu "sirr"in mərkəzində ədəbiyyat müəllimidir və: "Bütün bunlar Miras müəllimə əndazəli və ölçünü-biçili, uzun bir şeir kimi gəlirdi. Bu, elə həqiqətən şeir idi ki, vardı... "Üstəlik, hekayəçi də qələmində bir şair ola, "saçları çiyinlərini örtən, qaraqaş, qaragöz, xoş əndamlı" Həmidənin "çox böyük nazı"nı çəkə bilə...
 
Hər nə qədər çətin olsa da, zənn edirdim "Kamal Abdullanın metafizik labirinti" yazısında hekayələrinin poetikasına çıxmışam; həm də ayrıca müstəvidə yox, bütünlükdə nəsrimizin konteksində yerini-yurdunu bəlləmişəm... Harasıdır? Birisi şərh yazmışdı ki: T.Əlişanoğlu burda nə demək istəyib, bəlli deyil... Sonra isə daha böyük qınaqlar: ümumən Tehran Əlişanoğlunun cümləsini anlayan varmıdır və s. Görünür, mənim problemim köhnə, "poetik zamanları"nda qalmağımdadır, qəlizlik-olmayan yerlərdə də "poetika" axtarmağımdan gəlir. Bu barədə düşüncələrə məni "Səhvlərimizin qramatikası silsiləsindən" hekayələri sövq etdi...
 
"Labirint"inə baş vurub demişdim axı: "Kamal Abdulla bir yazar olaraq həyatın hər gün qarşımıza çıxardığı hadisə, qavram, aktuallıqlara çox da qane və aludə olmayıb, öz mifoloji aləmini qurur... " Çox da elə deyilmiş; "səhvlərimin qramatikası"na vaqif olub bəlkə belə deməliyəmmiş: yox, ...Kamal Abdulla heç də mif qurmur, əksinə, soyuq bir ləzzətlə hər cür mifləri (həyatda və kitabda!) dağıtmağa maildir...
 
Bugünlərdə zövqünə inandığım həmkarlarımdan biri ilə dəhliz söhbətində oxşar mülahizələr eşidib, daha da ürəkləndim: bu ki, Kamal Abdulla hətta özünü qurduğu "poetik strukturları" da növbəti mətnlərində asanlıqla "dağıda", dekonstruktə edə bilir, buna həvəslidir də...
 
Korneliusun gəlib-çıxdığı nəticə budur ki: "meyar yoxdur!" (!), varsa da: "Dünyanın mərkəzi ən böyük əzabın çəkildiyi yerdir..." ("Korneliusun ölümü"). Və məqsəd ("meyar"!) heç də məlum "əzabları"n üzərində durmaq, israr etmək olmamalıdır; "poetika"lar məhz bunu edirdi (O heç cür anlamır ki, nə üçün onlar yerə uzanmış və açıq gözlərini onlara dikmiş atasının yanından bu cür biganə və ləngimədən keçib gedirlər...") Əsl "ləzzət" məhz gülə-gülə, gülümsünərək ağrılardan-əzablardan uzaqlaşa bilməkdə, həm də bunu bacardıqca plastik-mükəmməl tərzdə eləyə bilməkdir: "Gözünün yanı ilə Kornelius baxıb görür ki, atasının onun arxasınca baxan gözləri gülür, ağaran dişlərinə təbəssüm qonub. Bu zaman Kornelius hiss edir ki, onun da gözləri niyəsə gülür, yanaqlarına isə səssiz göz yaşları süzülür"...
 
Bir halda ki, "dünyanın məhvəri" dağılıb, hansı dayanıqlı instansiya ("poetika"!) sevdasında ola bilərsən. Kamal Abdulla "poetika"ların dağıldığı ərazilərin hekayələrini yazır. "Mənə isə elə gəlir ki, dünən gecə dünyanın sonu oldu. Və indi biz bu sondan sonra yaşayırıq. Bir-birimizin yuxusuna köç etmişik..." - qədim mayyaların "axirət təqvimi"nə cavab olaraq çox möhtəşəm, vədverici bir məqamla açılan "Qədim mayyalara cavab" hekayəsi, amma çox tez bizim "balaca həyat" sindromuna uduzub, realiyaların darıxdırıcı axarına düşür. Və məsələ heç də onda deyil ki, təhkiyəçi-qəhrəman Farizin "balaca dilənçi" yuxusu guya çin çıxmır, balaca Hüseynin-Nazirin də yaşadığı öz "yuxusu" varmı; "balaca həyət"in yuxularının miqyası budur ("Hə, sən düz fikirləşirsən, mən atamı görməmişəm. Amma... heç nə eliyə bilmirəm. Yaman oxşayır atama"), başqa heç nə...
 
Və sanki "Səhvlərimizin qrammatikası silsiləsindən" hekayələr də məhz bu "yuxu"ları çözməyə məhkumdur... Eyni hekayədə Eyvazlının bir dəfə uydurduğumuz və heç cürə qopammadığımız Koroğlu mifini dəf edə bilməməsi kimi ("Səhvlərimizin qrammatikası"); ya yüzillərin mirası "qan davası"nı günümüzdə bircə mobil telefon mesajının çözə bilməsi kimi  ("Atama deyin ki, mən xoşbəxtəm)...
 
"Asiman və Zəminə sanki "balaca həyət"in namus prioritetləri üzərində, amma Borxessayağı ustalıqla qələmə alınmış klassik bir hekayədir; çün məsələyə "moyralar qarışır" və "namus" mifini antik əyyamlara yaraşan bir şəkldə çözür...
 
"Vakxanaliya mövsümündə Çalıquşu" hekayəsində də buna bənzər cəhd var; amma nə Camal həkim, nə Çalıquşu... mətndə bacardıqca gizlədilən Vakxanaliya motivinin çözümünə hazır deyil; görünür ki elə mətnin özü də...
 
Kamal Abdulla hekayələrində rahatlıqla dünya ədəbiyyatı məxərəzlərinə girib ("Parisin seçimi"ndən "Platon, deyəsən, xəstələnib...", "Qədim Şra-sinda rəvayəti", "Kölgə” hekayələrinəcən), eyni zamanda ədəbiyyatımızı ("poetikamızı"!) da bura daşıyır, görükdürməyə səylər edir. Müasir oxucuya görünməyin başqa yolu da yoxdur; həm də təkcə mətn-içi yox, elə biləvasitə də. Odur ki, mən yazanda ki: "İldə bir kitab, üstəlik biri də artıq (təkrar və yaxud xaricdə nəşr) - bu artıq məhsuldarlığın Avropa standartlarıdır..." - heç də yanılmamışam. Bugün dünya ədəbiyyatının açıq sərhədlər boyu bac verib-bac alan "hiper-mətn" durumunda Azərbaycan yazıçısının da "söz bazarı"na girməsi məhz sirrə-vaqif-olmağındadır (lap son İtaliya nəşrində "Yarımçıq əlyazma"dan Homerəcən passajları yada salaq)...

* * *

Yenə də "Bilgə əhvalatları silsiləsindən" hekayələrə açılammadım. Halbuki daha da çox realizmə meylli oxucuyam. Burda nəsə bir fərqli aura var. Abşeron qatı var. Canlı xatirə var. Məxsusi sirr axtarışı yoxdur. Nə sirri-Xuda, nə də sirri-zəmanə. Yaşanan anların özü sirrdir elə, keçib-getmiş, ələgəlməz, amma sanki yanımızdadır... Mənə görə: Abşeron bağlarının dadı ədəbiyyatımızda yarımçıq qalıb, az qala itib-batıbdı. Son mətnlərdən bir az Mirzə Talıbovun hekayələrində var, ələlxüsus da Aydın Talıbzadənin xokkularında, vəssalam.
 
Ötən yazımda məhz belə fərz qılmışdım ki, Kamal Abdullanın oxuyacağımız növbəti hekayələr kitabı: "Bilgə əhvəlatları" olacaq. Yazıçı hələ sirrini gərəyincə bilmədiimiz sırf "xatirə" fenomenini "söküb" - yığmağa təzəcə girmiş-girişmişdir... Proqnozum doğrulmadı. Hərçənd hansı proqnozlar vaxtında və axıracan düz çıxıb ki. Yenə də gözləmək qalır… /525.az/, Mənbə:  /axar.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.