Yazıçılar Birliyində Abbas Abdullanın kitablarının təqdimatı olub
31.10.14

Yazıçılar Birliyində (AYB) şair Abbas Abdullanın "Gördüyüm və sevdiyim Nazim Hikmət" və rus dilində "Şeirlər və poema" kitablarının təqdimatı keçirilib.

Tədbiri AYB-nin katibi İlqar Fəhmi açıb və Abbas Abdullanın yaradıcılığından danışıb: "Abbas Abdulla həm Azərbaycan ədəbiyyatı miqyasında, həm də şəxsiyyət, ağsaqqal kimi bütün türk dünyasında bizi təmsil edən insanlardandır. Bilirik ki, uzun illər də Türkiyədə çalışıb, orda bizim mədəniyyətimizin, ədəbiyyatımızın təbliği ilə məşğul olub. Bu gün təqdim olunan kitablarda isə bir nömrəli türk şairi Nazim Hikmət haqqında xatirələr, ona həsr etdiyi şeirlər və özünün çap etmədiyi bəzi şeirləri  yer alıb. Bizim yaşlı nəsildən kimi dindirsən, elə bil ki, hər birinin içində öz Nazim Hikməti var. Anar müəllim dəfələrlə təkrar eləyib ki, uzun illər bizim üçün Türkiyə deyəndə Nazim Hikmət yada düşür. Bizim nəzərimizdə Nazim Hikmət həmişə Türkiyənin simvolu olub. Əslində bəlkə də Türkiyənin özündə Nazim Hikmətin Azərbaycan, eləcə də SSRİ-nin türk respublikaları üçün nə demək olduğunu bir o qədər dərindən hiss eləməyiblər.  Abbas müəllimin Nazim Hikmət haqqında xatirələrini oxumaq mənə çox xoş oldu. Çünki bunlar səmimi-qəlbdən qələmə alınmış və Nazim Hikmətin özünə layiq yazılardı. Çünki Nazim Hikmət özü də pafoslu, guruldayan insan olmayıb. Düzdü, həyatında çox keşməkeşli, qarışıq məqamlar olub, amma şeirlərindən görünən Nazim Hikmət çox sadə, səmimi, necə varsa, o cür görünən bir insandı. Abbas müəllimin bu kitabı da onu məhz bu cür təqdim edir. Abbas müəllimin bu gün təqdim olunan ikinci kitabı isə şeirlərinin rus dilinə tərcüməsidir. Bu şeirləri bizim gözəl tərcüməçimiz Siyavuş Məmmədzadə çevirib. Düşünürəm ki, bu kitabı səfirliyimiz, mədəniyyət mərkəzlərimiz vasitəsilə Rusiyaya çıxarmaq lazımdır ".
Şair Oqtay Rza bildirib ki, Abbas Abdulla bu kiçikhəcmli kitablarda böyük ağrılardan söz açıb: "Abbas Abdulla bu kitabda Nazim Hikmət kimi möhtəşəm şair haqqında səmimi-qəlbdən söhbət açıb. Bu kitabda olduqca böyük təəssürat oyadan misallar gətirilib. Bu kitabda Abbas Abdullanın Nazim Hikmətə həsr etdiyi şeirlər, həmçinin onun indiyə qədər tanış olmadığımız şeirlərindən nümunələr var. Sən demə, Nazim Hikmət Sumqayıta da şeir həsr edibmiş. Bu dəyərli kitabları ərsəyə gətirdiyinə görə Abbas Abdullaya minnətdarıq".
AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Abbas Abdulla ilə tanışlıq tarixçəsini yada salıb, onun gördüyü işlər haqqında ətraflı söz açıb: "Mən ədəbi mühiti yeni tanıyanda Abbas Abdulla "Ədəbiyyat qəzeti"nin redaktor müavini idi. "Ədəbiyyat qəzeti"nin də o vaxt çox nüfuzlu vaxtlarıydı. Baş redaktor məzuniyyətə gedəndə müavini bir ay onu əvəz edirdi. Bu bir ay bizim cavan yazarların bayramı olurdu. Çünki bu ay ərzində Abbas müəllim "Ədəbiyyat qəzeti"ndə gənclərin yazılarını çap eləyirdi. O bir ayda ab-hava bir az dəyişirdi, gənclərə daha çox yer verilirdi. Həmin gözəl ayların birində mənim "At, saz, qılınc" şeirimi  Abbas müəllim "Ədəbiyyat qəzeti"ndə çap edib. Yəqin ki, özünün yadında deyil. Sonra Abbas müəllim 80-ci illərin ikinci yarısında "Ulduz" jurnalına redaktor təyin olundu. Bu jurnal o vaxt 64 səhifə çıxırdı. Və o vaxt səhifələrin sayını artırmaq, jurnalı qalınlaşdırmaq üçün Moskvadan icazə alınmalıydı. Onda Abbas müəllim bir xeyli mücadilə elədi, Moskvada Mərkəzi Komitədə kiminsə qəbuluna girdi. O vaxt hamı mif, əfsanə kimi Abbas müəllimin bu hərəkətini -"Ulduz" jurnalının səhifələrinin sayını 96-ya çatdırmasını danışırdı. "Ulduz" jurnalının indi 96 altı səhifə çıxmasının səbəbkarı Abbas Abdulladır. Abbas müəllim doğrudan da o dövrdə öz inadkarlığı, əzmi ilə seçilən insan idi və "Ulduz" jurnalına gəldiyi vaxt xalq hərəkatının başlandığı dövrə təsadüf edirdi, yadımdadır ki, onun otağı qaynar bir mühitə çevrilmişdi, oraya çoxlu insanlar gəlirdi. Abbas Abdulla xalq hərəkatının ön sıralarında gedənlərdən biriydi, öz fikrini, sözünü çəkinmədən deyirdi. İstanbulda konsul işlədiyi dövrdə, qısa müddət də olsa, gördüyü işlər hamımızın yadındadır. Bütün bu gördüyü işlərə, insanlara elədiyi xeyirxahlıqlara görə ona təşəkkürümü bildirirəm. Mən hələ gəncliyimdən Abbas Abdullanın şeirlərinin vurğunu olmuşam. Özüylə rastlaşanda da hərdən deyirəm:
Mən Abbasam, Abdullanın oğluyam,
Əzəl gündən anlayanın quluyam.
Anlamazlar elə bilər ölüyəm,
Yurd-yuvamı sar alıbdı, ay aman...
 
Borçalıya, Kəpənəkçiyə, Faxralıya bayatılar həsr eləyib Abbas müəllim. O bayatılarda yer adlarını çox gözəl yazmışdı. Bir bayatısı heç mənim yadımdan çıxmır:
 
Bu çala ov çalası,
Ov yeri, ov çalası.
Aç sinəni, əllərim
Bir cüt nar ovcalasın...
 
Abbas müəllimin poeziyası çox fərqlidir, orada Nazim Hikmətin ruhu və təsiri hiss olunur,  eyni zamanda indi dediyim bu bayatılar kimi xalq yaradıcılığından gələn dil, gözəllik, ahəng də var. Abbas müəllimin gördüyü işlər, bioqrafiyası, bu gün təqdim olunan bu kitablar onun haqqında çox söz deyir. Biz Abbas müəllimin arxivindəki materiallara çox həssasıq, nəsə tapıb bizə təqdim eləyən kimi "525-ci qəzet"də çap edirik.

Abbas müəllimin arxivi əslində bir tarixdir, orda bizim böyük sənətkarlarla, özüylə bağlı çoxlu maraqlı məqamlar var".

Tədbirdə çıxış edən Siyavuş Məmmədzadə, Qəşəm Nəcəfzadə və digərləri A.Abdullanın yaradıcılıq yolundan, insani keyfiyyətlərindən söz açıblar. 

Abbas Abdulla təqdimatda iştirak edən və təqdim olunan kitablar haqqında fikir söyləyən qonaqlara minnətdarlığını bildirib. Sonda  isə Xalq şairi Hüseyn Arifin ona yazdığı şeiri də tədbir iştirakçılarının diqqətinə çatdırıb:
 
Bu ağlı-qaralı dünyanı gəzdim,
Çağladı könlümün həvəsi, Abbas.
Haranı dolaşdım, haranı gəzdim,
Duyduqca bu isti nəfəsi, Abbas.
 
Sevincin də duru, qəmin də duru,
Bu eşqi əzizlə, bu hissi qoru.
Dağlar kəlamında dağlar qüruru,
Hər şeyin ucası, zirvəsi Abbas.
 
Qalalar, talalar, çalalar qədim,
Neçəsi fərəhim, neçəsi dərdim.
Sinəmi çovğuna, borana gərdim,
Qulaqda Koroğlu nərəsi Abbas.
 
Sadaxlı, Qaçağan, Sarvan şirindi,
Muğanlı, İncəli dindi, nə dindi.
Özgə almayanı özün al indi,
Nə yanıb, nə yanır özgəsi, Abbas.
 
Şenliyin, Sadığın ötdüyü yerlər,
Mehlə nəfəs alıb, çiskinlə tərlər,
Gümüş üzəngili ceyran kəhərlər
Cıdırda mat qoydu hər kəsi, Abbas.
 
Çay çaya qovuşur, bağ bağa bağlı,
Düz düzə calanır, dağ dağa bağlı.
Borçalı çölləri Qazağa bağlı
Birdir mərəkəsi, məzəsi, Abbas.
 
Açar yaxasını ulduzlu göylər,
Qızıl düymə taxar qızıl güneylər,
Vətən torpağında bizə bəs eylər,
Bir çinar, bir söyüd kölgəsi, Abbas.
 
Dəyişir hökmünü illər get-gedə
Cığır hara gedə, iz hara gedə?
Dincələk bir axşam Kəpənəkçidə,
 
Qarşıda bir çəmən süfrəsi, Abbas.
 
Çalıb-çağırsaq da yüz diyarda biz,
Olub yaxınlarda, uzaqlarda biz.
Xəyanət etməyək dədə yurda biz,
Silinməz xəyanət ləkəsi, Abbas.
 
İncilər düzülüb düz kitabında,
Üfüqdən üfüqə üz kitabında,
Dostlardan söz düşüb söz kitabında,
Yayılsın qardaşlıq nəğməsi, Abbas.
 
Bəlkə zaman-zaman gül açdı dilək,
Bəlkə yarıyolda dayandı ürək.
Bəlkə unudulduq...bəlkə... nə bilək...
Nə çoxdur həyatın bəlkəsi, Abbas.
 
Hüseyn Arifi gətirdin dilə,
Yaşa öz əhdinlə, öz niyyətinlə,
Bu sazlı, söhbətli, məhəbbətinlə
Babamız Abbasın nəvəsi Abbas.

/525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.