Səlim Babullaoğlu: “Ədəbi tənqidə və tənqidçilərə münasibətim yaxşı deyil”
20.10.14
Avanqard.net tanınmış şair Səlim Babullaoğlunun müashibəsini təqdim edir. -Sizcə, şair doğulurlar, yoxsa olurlar? - Tural, bu tipik sual, olduqca, qüsurludur. İzah edim. Məsələn, Siz “doğulurlar” deməklə, alın yazısını, taleyi və fitri istedadı nəzərdə tutursunuz. “Olurlar” deməklə isə fitri istedadı olmayanları, sanki, taleyində şairlik olmasa da, şeir yazanları nəzərdə tutursuz. Amma həm Siz, həm də başqaları unudurlar ki, alın yazısının, taleyin xaricində ola biləcək heç bir şey yoxdur. Yəni, “doğulmaq da”, “olmaq da” taleyin içindədir. İndi isə sualınıza cavab verirəm. Hər kəs insan kimi doğulur. Bunu unutmasa, qalanları vacib deyil, təfərrüatdır. Yeri gəlmişkən, Tural, ədəbiyyat da, elə təfərrüat və detaldır. - Sonuncu şeri nə vaxt yazmısınız? - Ramazan ayında bir xeyli yazdım. Beş şeir. Çap elətdirməmişəm. Bəzi parçalarını Seyfəddinə (Seyfəddin Hüseynli nəzərdə tutulur- T.B), Məsihağa müəllimə və Cavanşir Yusifliyə (M. Məhəmmədi nəzərdə tutulur-T.B.), Fəridə, Rəbiqəyə oxumuşam. - Ədəbi tənqid və Siz? -Ədəbi tənqidə və tənqidçılərə münaisbətim yaxşı deyil. Əlbəttə, biz də içində olmaqla, dünya ədəbiyyatı tarixində inandığım, əsərlərini sevdiyim tənqidçilər, ədəbiyyatşünaslar var. Amma mən həmişə ədiblərin ədəbiyyat haqqında yazılarını daha çox qiymətləndirmişəm və onlara inanmışam. - Sizin fikrinzcə, biz dünya ədəbiyyatından, ya dünya bizim ədəbiyyatdan uzaq durur? - Bir dəfə demişəm, təkrar edim, Azərbaycanlı şairlərin böyük əksəriyyəti estetik gözdən, kompozisiya duyğusundan məhrumdurlar. Nasirlər də. Kimin kimdən uzaq durmasını isə ölçməmişəm. Kitabın varsa, ədəbiyyat evindədir. - Yazarlar məişət problemlərini necə həll edirlər? - Yəqin hamı kimi. Jekə, marketə getməklə. - Dünya səyahətinə çıxmaq arzunuz varmı? -Mən xeyli ölkədə olmuşam. - Evdə kitabxananız var? -Əlbəttə. - Kitaba pul xərcləyirsiniz? -Bu mənim işimin, həyatımın bir hissəsidir. - Yemək davası eləmirsiniz evdə? - Gəl, mən sualla bağlı, Həmidə xanıma müraciət eləyim (zəng edir). “ Burda məndən soruşurlar ki, yemək davası edirəm evdə?..Kim soruşacaq, jurnalist... Qısa cavab verə bilərsən... Aha, demək eləməmişəm. Səbr...Nə səbr? Bildim, sağ ol”. Deyir ki, heç vaxt eləməmisən. Amma arada səbrin çatmır. Məncə, bu suala ən düzgün cavab elə budur. /Tural Balabəyli, Aktual.az/
|