Rövşən Yerfi - İmtina edirəm Allah adamı olmaqdan
17.10.14
ÜÇ KİÇİK ESSE Allah adamı
İlahim, dünyada həyata gətirdiyin insanların sayı bəllidir. Bəs özünə “Allah adamı” deyən adamlarının sayı? Görəsən dünyada özünü sənin bilən nə qədər adamın var?
Səni andığım gündən özümü həmişə qəlbən yanında hiss etmişəm. Heç demə tək mən yox, insanların böyük əksəriyyəti belə düşünürmüş. Kimi dindirirsən, hər yetən özünü Allaha yaxın hesab edir, Allah adamıyam deyir. Fərqi yoxdur, halallıqla dolananlar da, ömrü boyu günah edən, haram yeyənlər də... Namərd də, fahişə də, kabinetlərində Quran kitabı saxlayıb, ona and içib haqsızlıqlar törədənlər də, vicdanını, mənliyini pula, mənsəbə satanlar da danışanda özlərini Allah adamı sayırlar...
İlahim, əgər sən də fərq qoymayıb onların hamısını öz adamların kimi qəbul edərsənsə, onda bağışla... İstəmirəm onlarla bir cərgədə durmaq, onlara bərabər tutulmaq, o sayaq “Allah adamı” olmaq. Mən imtina edirəm Allah adamı olmaqdan!..
Lütfən, İlahim, nəzərində ayır məni onlardan, məni öz “adamın” yox, yaratdığın qullarından, xüsusi dərəcəsiz, imtiyazsız bəndələrindən biri, yoluna sadiq adicə insan bilməyin yetər...
03.14
Səmimilik
Səmimilik insanın ən gözəl əxlaqi xüsusiyyətlərindən biridir, bəlkə də birincisidir. Əvvəllər düşünüb hərdən təəssüflənirdim ki, görəsən niyə insanların böyük əksəriyyəti səmimi deyillər? Və yaxud olmaq istəmirlər. Nə maneçilik edir onlara? İnsan üçün səmimi olmaqdan gözəl və asan nə ola bilər? Buna görə adicə bir şərt kifayətdir: olduğun kimi görün, həm də göründüyün kimi ol!
Heç demə səmimilik çoxları üçün elə də asan məsələ deyilmiş, əksinə hədsiz çətin iş imiş. Onlara olduğu kimi görünmək rüsvayçılıq, üz qaralığı olarmış. Bəzilərinə isə göründüyü kimi olmaq ürəyincə deyil, sərf eləmir. İçlərindəki təkəbbürün, iddianın üzündən göründüyündən qat-qat artıq olmaq istəyirlər.
Sonralar yəqin etdim ki, səmimiliyi sevməyənlər, ondan çəkinib qorxanlar əsasən arını itirənlərdir. Ar olmayan insanda səmimiyyət də yox olur. Arsızlıq insan ləyaqətinin alçalmasına aparan yoldur. Mənəviyyatın aşınması, əxlaqın pozulması da arsızlıqdan başlayır. Səmimiliyə layiq olmadığını anlayanlar səmimilikdən gərək olanda ani, süniləşmiş, dodaq boyası kimi istifadə edirlər...
Yalnız - Tanrısını qorxusuz, təmannasız sevən insanlar səmimi ola bilirlər. Çünki, onların nəinki ətrafındakılara, heç Yaradanına da aldaq gəlmək niyyətləri olmur...
08.14 Təbrik edin!
Bir arzum, bir xahişim var: Mən dünyadan ayrılan günü heç məyus olmayın, kədərlənməyin, sızlamayın, olmalıydı belə gün, əksinə - təbrik edin məni, təbrik edin...
Təbrik edin bu fani dünyadan köçməyimə görə, ruhumun qəfəsindən kənarlaşıb əsl azadlığa çıxmasına görə... Maddiyyat köləliyindən qurtulmağıma, ölüm deyilən son anıma yetməyimə, dünya əzabından – həyatın ədalətsizliklərindən, naqisliklərindən rahat olub axirətə getməyimə, Haqqa qovuşmağıma görə təbrik edin...
Əhəmiyyət verməyin ayrılığa. Xoş əhvalla yola salın, təbrik edin! Çəkinməyin, mən təbrikinizə layiqəm.Bir daha məni təbrik edə bilməyəcəksiz. Dostlar, bu mənə sizin axırıncı təbrikiniz olacaq, qəlbi geniş olun, təbriklərinizi əsirgəməyin...
Təbrik edin!.. 09.14
|