Həmid Piriyev - Qurbağa himni
14.10.14
PYES
Bir pərdədə
İştirak edirlər:
Rəşid – 25 yaşında
Sona – onun bacısı, 21 yaşında
Rəşad – böyük qardaşı, 34 yaşında
Mustafa – onların əmisi oğlu, 38 yaşında
Sadə otaq. Rəşid
küncdə oturub. Geyimi səliqəsiz, saçı pərişan, üzü saqqallıdır. Qucağında
qurbağa oyuncağı var. Oyuncaqla oynayır, başını tumarlayır, qucaqlayır, öpür. Rəşad
gəlir. Yorğun olduğu bilinir. Stulda üzü tamaşaçılara oturub stola dirsəklənir.
Idarəedicini (pultu) götürüb düymələrini basır. Guya televizora baxır.
Rəşid – Qaqaş...
Rəşad – Hı...
Rəşid – Qurbağaları gördün?
Rəşad – (mimikasından
görünür ki, belə sönbətlərdən bezib) Hə, gördüm.
Rəşid – Çox idilər?
Rəşad – Lap çox idilər...
Rəşid – Sabah məni də apararsan qurbağalara
baxmağa?
Rəşad – Nə üçün aparmıram? Apararam...
Rəşid – Qurbağalar elə gözəldilər ki... Qurbağaları
öldürmək olmaz. (Oyuncağıyla oynayır)
Şirindi qurbağam.
Sona Rəşad üçün
çay gətirir.
Sona – (Rəşada)
Yemək istəyirsən?
Rəşad – Bir azdan yeyərəm. Qoy bir az yorğunluğum
çıxsın.
Sona da Rəşadın
yanında oturur.
Sona – Sabaha mənimçün bir az pul qoyarsan da. Həm
imtahana gedəcəyəm, həm də evə bəzi şeylər almalıyam.
Rəşad – (cibindən
pul çıxartır, onluğu ona verir, qalan iki-üç manatı cibinə qoyur) Gör birtəhər
yola verə bilirsən. Maaşı yenə gecikdirirlər. Görək necə olur.
Sona – Hər ay maaşınız gecikir. Heç olmasa pulu
adam kimi verəydilər.
Rəşad – Belədir də. Işlədəndə başımıza dolanırlar,
pul verməyə gələndə canlarını azzar alır.
Sona – Qaqaş, nə üçün icazə vermirsən işləyim? Heç
olmasa azdan-çoxdan köməyim dəyər.
Rəşad – Sən heç nəyin fikrini çəkmə. Dərslərinə
bax. Oxu. Sonra işləyərsən.
Sona durub çıxır.
Rəşid – Qaqaş, bilirsən, qurbağa öldürəndə yağış
yağır. Qurbağaları öldürmək olmaz.
Rəşad – (öz-özünə)
Biz burda acından ölürük, bu da qurbağaların dərdini çəkir.
Qapı döyülür.
Rəşad - (Sonanı
səsləyir) Sona, qapıya bax gör kimdir.
Sona qapını açır.
Biz onu görmürük, ancaq səslər eşidilir.
Mustafa – (hələki
ancaq səsi eşidilir) Sona!
Sona – Buyurun.
Mustafa – Tanımadın? Mustafayam da...
Sona – Aaa, Mustafa! Qaqaş, Mustafa gəlib!
Mustafa - Gəl öpüm səni. Maşallah, nə böyük qız
olmusan?!
Mustafa gəlir. Rəşad
ayağa durur. Mustafa əlindəki görünməyən sellofan torbanı yerə qoyur. Sevinclə
qucaqlaşırlar. Qucaqlaşdıqları vaxt “Əmioğlu” “xoş gəlmisən” kimi sözlər deyirlər.
Rəşad - Hə, gəl görək, keç otur. Sən hara, bura
hara?
Mustafa torbanı yerdən
götürüb Sonaya verir.
Mustafa – Rusiyadan gətirmişəm. Gəl, Sona, apar qoy
içəri.
Rəşad – Nə əziyyət çəkirsən?
Mustafa – Nə əziyyət? Uşaqlarçün götürdüm, bir az xəm-xırddır.
Rəşad – Hə, otur görək. Danış neynirsən, neynəmirsən?
Neçə ildi gəlmirsən buralara? Yeddi-səkkiz il olar?
Mustafa – Düz on bir ildi.
Rəşad – On bir il?!
Mustafa – Hə, on bir. Axırıncı dəfə gələndə uşaqlar
balacaydılar hələ. Bəs Rəşid hanı?
Bu vaxt küncdəki Rəşidi
görür. Yaxınlaşıb əl uzadır, Rəşid qurbağanı sinəsinə sıxıb divara qısılır, əl
vermir. Mustafa çaş-baş qalıb Rəşada baxır.
Mustafa – Buna nə olub?
Rəşad – Əh, uzun söhbətdi. Danışaram.
Mustafa oturur. Hərdən
çevrilib Rəşidə baxır. Çaşqınlığı keçməyib hələ.
Rəşad – Hə, əmoğlu, danış görək?
Mustafa –Bakı necə dəyişib?! Axırıncı gördüyümlə
indikinin arasında nə boyda fərq var?! Şəhər çox dəyişib e...
Rəşad – Əşi, həmin Bakıdır da..
Mustafa – Yox, nə danışırsan? Əvvəl bu qədər bina
zad yox idi ki. İndi hara baxırsan binalardı. Gərək sabah gündüz gözüylə
yaxşı-yaxşı gəzim şəhəri.
Rəşad – Neçə günlüyə gəlmisən?
Mustafa – On-on beş gün burdayam hələ.
Rəşad – Oralarda vəziyyət necədi?
Mustafa – Əh, zayı çıxıb hər şeyin. Əvvəlki kimi
deyil heç nə. Çox sıxışdırırlar bizimkiləri. İmkanım ola, bir gün də qalmaram
orda. Arvad-uşaq kəsib qabağımı. Heyif o vaxt evləndim orda, gərək evlənməyəydim.
(köks ötürür) Nəysə... Sən nəynən məşğulsan?
Sona çay gətirib
Mustafanın qabağına qoyur. Özü başqa bir stulda oturur.
Rəşad – (çiyinlərini
çəkib iztehzalı gülümsəyir) Hamballıqla...
Mustafa – Sona, sən nəylə məşğulsan?
Sona – Universitetdəyəm, axırıncı kursda.
Mustafa – Ay maşallah! (Rəşada)Hələ evlənməmisən?
Rəşad başını yellədir.
Mustafa – Ay bədbəxt, nə fikirləşirsən bəs? Neçə
yaşın var? Otuz dörd olub? (Rəşad başını
tərpədir) Haçanacan gözləyəcəksən?
Rəşad – Qoy Sona oxuyub qurtarsın, onu ərə verim,
sonra fikirləşərəm.
Rəşid – (hələ
də küncdə oturub) Qurbağa stolun üstündə oturub quluncunu sındırır. (Bərkdən gülür. Qurbağanı oynadır. Guya
qurbağanın quluncunu sındırır.)
Mustafa – Doğrudan, ay Rəşad, buna nə olub?
Rəşad – Başına hava gəlib.
Mustafa – Necə oldu? Qorxub nədənsə?
Rəşad – Yox, öz ağılsızlığı ucbatından. (Rəşidə baxıb köks ötürür) Elə yaxşı
uşaq idi ki...
Mustafa – Hə, diribaş idi.
Rəşad – Balacalıqdan yaxşı oxuyurdu, əlaçıydı. Sonra
universitetə girdi. Oranı da yaxşı qiymətlə qurtardı. Oxuya-oxuya üç-dörd dil
öyrəndi. Xaricə getmək istəyirdi.
Mustafa – İşləməyə?
Rəşad – Yox, oxumağa. Istəyirdi oxuyub gəlsin,
burda işləsin. Deyirdi ki, bizə savadlı mütəxəssislər lazımdır...
Rəşad susub Rəşidə
baxır. Rəşid bütün bu vaxt ərzində qurbağayla oynayır.
Rəşid - Лягушка сидит на столе и хрустит спиной. (Yenə bayaqkı kimi qurbağanın quluncunu
sındırır)
Mustafa – (bir
müddət çaşqınlıqla Rəşidə baxır, sonra Rəşada deyir) Sonra nə oldu?
Rəşad – Universitetdən sonra əsgərliyə getdi. Gələndə
namaz qılırdı, orda öyrənibmiş. Başladı dindarlığa. Hər şeyi atdı bir qırağa.
Az qala il uzunu oruc tutdu. Gündüzləri məsçiddə olurdu, gecələri də dini
kitablar oxuyurdu. İşi-gücü ancaq din idi. Hardansa pul tapıb İrana ziyarətə də
getdi. Axır vaxtlar yuxusu da qarışmışdı. Gözünə nələrsə görünürdü. Gündə cəmisi
bir-iki saat yatırdı, onda da qışqırıb oyanırdı. Qabağını ala bilmirdim.
Mustafa – Hə, gərək heç nədə ifrata varmayasan... (Qısa pauza) Buna görə dəli oldu?
Rəşad – Yox. Keçən il bu vaxtlar idi. Bunların
başqa məzhəbə qulluq edənlərlə davaları düşüb. Böyük qırğın olub. Bunun başına
ağır nəyləsə vurublar. Odu-budu başına hava gəlib.
Mustafa – Çarəsi yoxdu?
Rəşad – Bakıdakı bütün xəstəxanalara aparmışam,
qalmayan həkim baxıb buna. Hamısı deyir ki, daha düzəlməz. İstədim xaricə
aparım, dedilər nahaq yerə xərc çəkəcəksən, sənə əziyyət qalacaq. Düzəlməyəcək
heç vaxt...
Rəşid – Der Frosch sitzt auf dem Tisch und lässt
seinen Rücken knacken.(Yenə bayaqkı hərəkətləri
təkrar edir)
Mustafa – Nə deyir?
Rəşad – Bayaq dediyini almanca dedi.
Mustafa – Dillər yadından çıxmayıb?
Rəşad – Bilmirəm. Bir dənə bu cümləni müxtəlif dillərdə
deyir. Başqa heç nə. Öz dilimizdə əməlli danışır. Amma danışdıqlarının hamısı
qurbağalardandır. Bu vəziyyətə düşəndən sonra fikri-zikri ancaq qurbağaların
yanındadır. Bilmirəm hardan düşüb beyninə.
Mustafa – Adam tanıyır?
Rəşad – Bizi tanıyır, bacısıyla məni. Qonşulardan
da tanıdıqları var. Tanımadıqlarından qorxur. Belə sakitdir. Amma hərdən
tutmaları olur. Qışqırır, ağlayır.
Rəşid - Vezzex stoli sepe nişte, işte kuli arişde. (yenə həmin hərəkətlər)
Mustafa – Bu nə dilidir?
Rəşad – Talış olmalıdır...
Mustafa – (bir
az susandan sonra ağlına nəsə gəlir, sevincək deyir)Bəlkə Rusiyaya aparaq?
Xərci mənim boynuma. Hə, nə deyirsən?
Rəşad – Yox, lazım deyil. Onsuz da düzəlməyəcək...
Mustafa – Hardan bilirsən?
Rəşad – Beş-altı ay əvvəl Türkiyədən həkim gəlmişdi
özəl klinikalardan birinə. Onun da yanına apardım. O da başqalarının dediklərini
dedi.
Rəşid – Uşaq
vaxtı ilan ağzından qurtardığım
bütün qurbağalar
böyüyüb sevgilim oldular...*
Gülür. Yenə
qurbağayla oynayır.
Bir az sakit
otururlar. Mustafa qolundakı saata baxır.
Mustafa – Gecdi daha. Gedim.
Rəşad – Hara gedirsən? Qal da burda.
Mustafa – Çox sağ ol. Bacımgilə düşmüşəm. Sabah yenə
gələrəm.
Rəşad- Hə, mütləq gəl. Bağışla daha, sənin də
kefini pozduq.
Mustafa – O nə söhbətdir?! Düzü, səhv məndədir. Belə
qohumluq olar? Illərlə bir-birindən xəbər tutmuruq...
Rəşad – Eybi yox. Bəlkə beləsi daha yaxşıdır?! Nə
biləsən?
Gülümsəyir.
Sağollaşırlar.
Rəşad – Bax, mütləq gəlaa...
Mustafa – Arxayın ol. Salamat qalın.
Mustafa çıxır.
Sona onu ötürüb qayıdır.
Sona – Qaqaş, Mustafa nə yaman dəyişib.
Rəşad – Qürbətdə yaşamaq asan deyil axı.
Yaşlandıqca torpaq çəkir adamı. Inanmıram bu orda daha çox davam gətirsin. Belə
getsə yığışıb gələcək bura.
Rəşid – The frog is sitting on the table and
grinding of the bones.
Yenə həmin hərəkətləri
edir. Gülür.
Rəşad – (bir
müddət Rəşidə baxır) Yaxşı, mən gedim yatım. Səhər işdəyəm.
Sona – Bəs yemək yemirsən?
Rəşad – Yox, iştahım yoxdu. Gecən xeyrə.
Sona – Gecən xeyrə.
Rəşad gedir. Rəşid
ayağa durub otağın ortasına gəlir. Giriş qapısına tərəf boylanır. Əlindəki
qurbağaya baxır. Sonra onu hirslə yerə çırpır.
Rəşid – (danışdıqca
səsi yüksəlir, titrəyir) Qurbağalar hanı? Hara getdilər? Kim apardı onları?
Ölüblər qurbağalar... (Gözlərindən yaş
axmağa başlayır) Qurbağalar öldülər...
Sonaya yaxınlaşır,
onu qucaqlayıb ağlamağa başlayır.
Son
* Şeir Rasim Qaracanındır
22 iyul 2014
|