Rüstəm Kamal: “Qadın obrazı heç vaxt kulta çevrilə bilməz” - MÜSAHİBƏ
24.09.14

– Necə oldu ki, “Cahandar ağa” kulta çevrildi?

 –Milli ədəbiyyatın məqsədi (elə milli mədəniyyətin də!) personosfera yaratmaqdır.  Ədəbiyyat tarixi, əslində, elə ədəbi qəhrəmanların tarixidir, personosfera tarixidir. Personosfera nədir? Bu, obrazlar ədəbi, tarixi, dini, folklor personajlar sferasıdır. Bu mənada Azərbaycan mədəniyyətinin milli personosferasından da danışmaq olar. Milli dilin prizmasından keçmiş yad və transmilli(Quran, İran ədəbiyyatı) personajlar milli personosferaya daxildir. Burda Qəmlo, Usta Zeynal, Məşədi İbad, Leyli, Məcnun, İsgəndər və s. rahat yaşayır. Bu personosferada “Cahandar ağa” obrazı öz möhtəşəmliyi ilə seçilir.

XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı bütün enerjisini mollalara sərf etdiyindən Mirzə Cəlil, Seyid Hüseyn,  Əbdülrəhim bəy Haqverdiyev kimi istedadlı  yazıçılar bütün enerjilərini cəhalətlə, xurafatla mübarizəyə xərclədiklərindən epik qəhrəmanların yaranması ləngidi. İfşa və tənqid pafosu ilə yüklənmiş bir  ədəbiyyat miqyaslı qəhrəman verə bilməzdi.

Sovet – proletar ideologiyası H.Cavidin yaratdığı personajların milli personosferada yer tutmasını ləngitdi. M.Ə.Rəsulzadənin Səyavuş obrazı da yerimədi.

Sovet ədəbiyyatı istehsalat qəhrəmanlarını, inqilabçıları qəhrəman yapmaq ilə məşğul oldu. Ancaq  etnik təfəkkür, milli obraz  estetikası əmək  insanını milli personosferaya  qəbul etmədi. Bu məqamda “Dəli Kür” romanı ortaya çıxır və “Cahandar ağa” obrazı xalqın  obraz, qəhrəman təmin edir.  Bu obraz millətin mənəvi dəyərlərini və kişilik mifologiyasını ifadə edən bir obraz idi.

Qəribədir ki, bizdə şah obrazları heç vaxt kult obraz səviyyəsinə qalxmır. Yazıçılarımız şair obrazlarını şah obrazlarından üstün və güclü təsvir edirlər (“Vaqif”, “Qılınc və Qələm”…). Ə. Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” istisnadır. Düşünürəm ki, bu mövzu maraqlı araşdırma obyekti ola bilər. Bəy, ağa obrazları isə  sevdiyimiz  obrazlardır. Mütəfəkkirlərimizi “bəy” titulu ilə adlandırmağı sevərik: Üzeyir bəy, Həsən bəy…

Ancaq heç bir şah obrazı həmin ehtiyacı ödəmir. Burada bir neçə səbəb ola bilər. Görünür, bizim etnik yaddaşımızda şah obrazları  dərin genetik, arxetipik  obraz kimi “şırım” açmayıb. Osmanlı(Türkiyə)  ədəbiyyatında, əksinə, sultan obrazları o arxetipik miqyası daha mükəmməl ifadə edir. Bəylik obrazları isə bizə daha yaxın idi. Ümumiyyətlə, bir obrazın qəbul olunması onun arxetiplərlə əlaqəsindən çox asılıdır.

– Ancaq sorğumuzda iştirak edən yazarlarımızın bir çoxu bildirdi ki, “Cahandar ağa” Azərbaycan mentalitetinə zidd hərəkət edib. Söhbət başqasının qadınını qaçırtmaqdan gedir. Buna görə də onu Azərbaycanın milli obrazı kimi görmürük.

– Birincisi, bu,  kökündən yanlış fikirdir , hər hansı simvollaşmış ədəbi qəhrəmanı millət özünün ideal forması kimi qəbul etsin. Rus xalqı “Çapayev”dəki Petka ilə özünü eyniləşdirirmi? Yaxud da ispan qalxıb deməz ki, rədd edin  Don Kixotu. Gedib yel dəyirmanları ilə vuruşur, xalqına təhqirdir. Ədəbi obrazla millətin özünü identikləşdirməsi psixoloji kompleksdən gələn məsələdir. Ancaq hər hansı insanı bir obrazla müqayisə etmək olar . O ki qaldı Cahandar ağanın xanımı götürüb qaçmasına, bu, yazıçının təhtəlşüurundakı ovçuluq arxetipi ilə əlaqədar ola bilər. Ovçuluq bu romanın əsas ritual laylarından biridir. Qız götürüb qaçmaq ov kimi düşünülür. Əlbəttə, bu mənim subyektiv fikrimdir.

“Cahandar ağa” bu millətin yaddaşından silinib getməyən, ata-əcdad kultunun yenidən üzə çıxması idi. İsmayıl Şıxlının özü  əcdad kultu ilə bağlı yazıçı idi. Onun yaddaşında əcdad obrazı o qədər dərində yaşayırdı ki, ondan qurtulması üçün “Dəli Kür”ü  yazmalı idi. “Cahandar ağa” ataların mif idi, onun içində yaşayırdı. İsmayıl Şıxlı onu yazandan sonra daha heç nə yazmadı. Çünki artıq “Cahandar ağa” ilə bağlı “Oğuznamə”sini yazmışdı. Əslində, “Dəli Kür” Azərbaycan ədəbiyyatında olan sonuncu “Oğuznamə” idi. Xalq da Azərbaycan bəyliyinin “Oğuznamə”sinə ehtiyac duyurdu.

– “Dəli Kür”ün “Sakit Don” əsərinin plagiatı olduğu deyilir. İsmayıl Şıxlı öz ən yaxşı romanını plagiat əsər üzərində qurub?

– Mən hər iki əsəri çox sevirəm. “Sakit Don”un Azərbaycan dilində tərcüməsini oxumaq da məsləhətdir. Hər romanın tərcüməsini tövsiyə etmirəm. Ancaq bu romanın tərcüməsi adama xoş gəlir. Əslində, “Sakit Don”la “Dəli Kür” arasında ad oxşarlığından başqa çox böyük fərq var. Bu cür adlar dövrün romantikasından gəlirdi. “Dəli Kür”Azərbaycan ədəbiyyatının vacib hadisəsidir – təhkiyəsi ilə, süjetqurma məntiqi ilə, davranış poetikası və mükəmməl dil poeziyası ilə.

Əslində, bu əsərdə müəllimlik qatı “Cahandar ağa salnaməsi”ndən daha üstündür.  Bunun səbəbi də, İsmayıl Şıxlının atasının müəllim olması və həyatı boyu özünün də müəllimlik etməsi idi. Millət onu, o da özünü millətin müəllimi sayırdı. Ömrünün sonunda da pritçalar yazırdı. Bu da onun ustadlığından, müəllimliyindən xəbər verir. Müəllimlik kultu “Dəli Kür”də “Cahandar ağa” ilə bağlı olan hissəni üstələyir. Sadəcə olaraq millət bəylik mifini – Cahandar ağanı görmək istəyirdi. Yenə təkrar edirəm bu mif Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Hazırda biz nə ilə öyünürüksə, bu bəylik kultunun gətirdiyi dəyərlərdir. 

– Sizcə, bu ideallaşdırmaq cəhdi nədən qaynaqlanır? Xalq kimi tam formalaşmamağımızdan, yoxsa…?

– Xalqı öymək də lazımdır. Xalqı tez-tez  pisləməyin, alçaltmağın əleyhinəyəm. Xalqı iki varlıq pisləməməlidir. Biri xalqın rəhbərləri, digəri isə xalqın salnaməsini yazanlar.  Mən demirəm ki, cəmiyyətdə olan nöqsanlar yazılmamalıdır, inkişafımıza mane olan məsələlər tənqid olunmamalıdır. Bu, publistikanın və satiranın işidir – onların da saxlama müddəti az olur. Xalq uşaq kimidir. Onun xəyallara dalmasına, arzuların dalınca getməsinə imkan vermək lazımdır. Xüsusən, tarixi mövzularda.

– Necə düşünürsünüz, Cahandar ağanın bir obraz kimi kulta çevrilməsinin səbəbi “Dəli Kür” filmi idimi? Yəni film çəkilməsə idi, bu obraz bu qədər çox sevilməyəcəkdi.

– Təbii ki, filmin rolunu  danmaq olmaz. Personajın qavrayışında  vizual ifadə formasının imkanları çox böyükdür. Film obrazın populyarlaşmasında çox böyük rol oynadı. “Kölgələr günorta yox olur” romanı çap olunanda elə də böyük maraq doğurmamışdı. Ancaq ona çəkilən filmdən sonra, xalq onu qəbul etdi və gedib romanı oxudular.  Əlbəttə, “Böyük dayaq”dakı  Rüstəm kişi obrazı  “Cahandar ağa” modelindən gəlir. Sadəcə olaraq Rüstəm kişi sovet kolxozunun  Cahandar ağasıdır. Deməli, “Cahandar ağa” modeli gəlmə deyil, xalqın bağrından qopmuş obrazdır.

– Bəs “Cahandar ağa” obrazı səviyyəsində kulta çevriləcək qadın obrazı varmı?

– Qadın obrazı heç vaxt kulta çevrilə bilməz. O, sevginin, ayrılığın, həsrətin, məkrin simvolu ola bilər. Ancaq qadın obrazı heç vaxt kult ola bilməz. Qadının kult olmaq imkanları məhduddur. Nə həyatda, nə məişətdə, nə də ədəbiyyatda bu, mümkün deyil. Milli inanc və dəyər  sistemində qadın obrazı olmalıdır. Bizdə qadın inanc obyekti deyil. Gürcülər də bu var. Tamara obrazı kulta çevrilə bilər. Ona görə də Tiflisin girişində qadın heykəlləri qoyulardı. Bizdə isə bu ənənə yoxdur.  Sovet dövründə ermənilər Gəncənin girişinə qadın heykəli qoymuşdu, əlində də kasa. Sonradan məlum oldu ki, həmin kasanın içində xaç işarəsi var. Türk mədəniyyəti, ədəbiyyatı qadın obrazını kulta çevirə bilməz.

– Bu günümüzdə kult obraz niyə yaranmır? Ümumiyyətlə, postmodernizmdə kult obraz anlayışına münasibət necədir?

– Ədəbiyyata heç vaxt demək olmaz ki, sən bu obrazı yaratmalısan ya yaratmamalısan. Kolumb da Hindistana getmək istəyirdi, getdi Amerikaya çıxdı. Sən yazara deyirsən Şuşanın süqutundan yaz, o isə qadın alverindən yazmaq istəyir. Postmodernizm poetikası (kinayə, oyun, pastiş, sitat mövqeyi və s.)bu məsələ ilə ilgilənmir.

Kulta çevrilən obrazları yazıçı təsadüfən yaradır və xalq birdən bunu görür..  Xalq yazıçılarımız var ki, onların adını bilirik, ancaq millətin yaddaşında qala biləcək obrazlar  yaratmayıblar. İsmayıl Şıxlı  ömrünün sonunda  “Ölən dünyam” romanını diktə edib. Gözləri tutulduğu üçün yaza bilmirdi və əsəri yuxu kimi danışıb. Bu, İsmayıl Şıxlının son yuxusu idi. Ata kultu ilə, əcdad dünyası ilə bağlı son yuxusu.

O ki qaldı milli qəhrəmanımız Mübariz İbrahimov obrazına, onun obrazı mütləq yaradılmalıdı. Ancaq bizi burda Putin biraz qabaqladı, onu Remboya bənzətdi. Mübariz İbrahimovun ədəbi obraza çevrilməsi üçün yazıçılarımızdan güclü təxəyyül və istedad tələb olunur. Saxta pafosa, heç nə ifadə etməyən amorf, eybəcər personajlar yaratmaqla məşğul olan ədəbi təsərrüfatımızın belə tezliklə bu işin öhdəsindən gələcəyinə inanmıram. /kult.az/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.