Aslan Quliyev: İyirmi ilə yaxın bir müddətə bircə yazımın belə çapına imkan verməyiblər - MÜSAHİBƏ

24.09.14

26 sentyabr yazıçı Aslan Quliyevin doğum günüdü. Bu münasibətlə yazıçının müsahibəsini oxucularımızın diqqətinə çatdırırıq.

Çoxumuz dünyaya başqa bir gündə, hətta başqa bir tarixdə təşrif buyursaq da, ad gününü pasportumuzdakı tarixə uyğun keçiririk. Sən necə, 26 sentyabr 1957-ci il həqiqi, doğma tarixdi, yoxsa sonradan yazılma?


Pasportda 01 aprel 1957-ci ildə anadan olduğum yazılıb. Əslində isə 26 sentyabr 1957-ci ildə anadan olmuşam. Ad günüm kimi də bu günü qeyd eləyirəm.

Ad gününü ən təmtəraqlı və ən sadə, lakin daha yaddaqalan qeyd etdiyin günləri xatırlayırsanmı? Ən təmtəraqlı nəyi ilə təmtəraqlı, ən sadəsi nəyi ilə sadə və yaddaqalandı?


Yalnız əlli yaşım tamam olanda dostlarımı bir araya toplayıb ad günü keçirtmişəm. Təmtərağı sevmirəm. Rayonda olanda bir şüşə konyak, şokalad, peçenye alıb Fikrətin yanına gedirəm. Konyakı stolun üstünə qoyub, bu gün mənim ad günümdür, deyirəm. İçir, ötən günləri yada salırıq. Axşam isə evdə oluram. 55 yaşımda araq, pendir, pamidor alıb dostumla meşənin içindən axan çaya getdik. Mamırlı daşın üstündə oturduq. Qədəhlərə araq süzdüm. Bu gün mənim ad günümdür, deyirəm. Dostum heyrətlənir: «Bunu daha geniş yerdə…» Sözünü kəsdim: «Meşə genişliyi, çay genişliyi, səma genişliyi, su, hava saflığı. Sən bundan geniş yeri hardan tapacaqsan?»

Niyə yazmağa başladın? Hansısa maraq, təsir, ehtiyac ucbatındanmı?

Niyə yazmağa başladığımı bilmirəm. Bir də onda baxdım ki, yazıram. Maraq, ehtiyac bizim dövrdə yazmaq üçün stimul ola bilməzdi. Təsirlənmə isə, əlbəttə var idi. İlk təsirləndiklərim Sabir Rüstəmxanlı, Kuper, Heminquey, Paustovski olublar.

Nə vaxt başa düşdün ki, xroniki bir “xəstəliyə” yoluxmusan və ömrünün axırına qədər bu “xəstəliklə” yaşamağa məhkumsan?


Elə yazmağa başladığım vaxtlardan. Doğrudur, sonralar dəfələrlə yazmamağa cəhd eləmişəm. Hətta bir dəfə çamadan dolusu əlyazmalarımı da yandırmışam. Amma yenidən yazıya qayıtmışam. Bu yola başladınmı, sona qədər gedirsən. Yolun sonuna qədər.
Bu yalnız sözün əsl mənasında istadadı olanlara, alnına yazıçı taleyi yazılanlara aiddir. Yoxsa zorən yazıçı olanlar istədikləri vaxt yazdıqları kimi, istədikləri vaxt da yazmağa son qoya bilirlər. Adi misal. 60-cılar deyilən bir mif var idi. Körüy vururdular, şişirdirdilər, hələ də şişirdirlər. İmperiya çökəndə bunlar 50-52 yaşlarında idilər, yəni ömürlərinin və yaradıcılıqlarının sözün əsl mənasında ən pik çağında. Bəs necə oldu, imperiya çökəndən sonra bunlar ortalığa bircə dənə də olsun sanballı əsər qoya bilmədilər? Birinci ona görə ki, onların əsərlərini redaktə eləyib abıra salan yəhudilər, ruslar Bakını tərk eləyib getdilər. İkincisi də bu adamlar zorla yazırdılar, pul, vəzifə, şöhrət, ad-san xatirinə. Görəndə ki, daha ədəbiyyat bunlara heç nə vermir, yazmağa son qoydular. Yazanları da elə qaravəllilər yazdılar ki, tam bir tamaşa! Bir sözlə, mif dağıldı, köpüy partladı, xalqın qarşısına necə vardılarsa, elə də çıxdılar. Öz sifətləriylə, qabiliyyətləriylə, insanlıqlarıyla!

Yazıçı olmasaydın kim olardın? Arxasınca gözün qalan bir sənət, peşə olubmu, varmı? Səncə, başqa bir işin qulpundan yapışsaydın, indikindən yaxşımı dolanardın?

Başqa işin qulpundan yapışsaydım, lap yəqin indikindən dəfələrlə yaxşı yaşayardım. Sonrası da mənim qulplarından yapışdığım çox işlər olub. Zəmi biçmişəm, ot çalmışam, meşə qırmışam, zavodlarda, fabriklərdə, dəmir yolunda, neft qazma kəşfiyyatında işləmişəm. Yaxşı yaşamaq üçün ilk növbədə sən vicdan deyilən məfhumdan və yazıdan yaxanı qurtarmalısan.

Yazmağın arxasınca getdiyinə görə haçansa, hansı məqamdasa peşmançılıq hissi keçirdiyin, bezdiyin olubmu? Ətrafındakıların narazılığını necə, az da olsa duymusanmı?


Yazdığıma görə peşiman olmamışam. Bu mənim missiyam. Gəldim, missiyamı yerinə yetirdim və gedirəm. Məndən sonra yazdıqlarıma görə məni xatırlayan olarsa, demək, layiqincə yerinə yetirmişəm. Olmazsa, demək, bir insan ömrünü bada vermişəm. Mənasız işə sərf eləmişəm. Belə düşünmək ağırdır. Amma düşünməlisən. Hər kəs düşünməlidir.
Ətrfımdakıların narazılığını az yox, çox duymuşam. Xüsusi ilə də həmkarlarımın. İyirmi ilə yaxın bir müddətə bircə yazımın belə çapına imkan verməyiblər. Ədəbiyyat təsərrüfatına dədələrinin halalca mülki kimi yiyələnmişdilər. İstəmədikləri, arzulamadıqları bircə nəfəri belə ora buraxmırdılar.

Yazıçılığın cövrü-cəfası və zövqü-səfası nədədi?

Eyvaz, burda ilişdim. Cövrü-cəfa, zövqü-səfa haqda heç düşünmədim. Bu nədi? Gəl bunları verək meyxanaçılara, qafiyə üçün əlim yandıda gəzirlər.

General səviyyəsinə yüksələn yazçı olmağı arzulamısanmı? Arzulamısansa, bəs niyə ola bilməmisən? Bəlkə imkanlar hələ tükənməyib?

General olmağı arzulamasam da general səviyyəsinə yüksəlməyi istəmişəm. İstəmişəm əsərlərimi oxusunlar, qiymətləndirsinlər. Amma bizim ölkədə sənin əsərlərini qiymətləndirmələri üçün sənin təkcə yaxşı yazmağın şərt deyil. Vəzifən, imkanın, maddi vəziyyətin də yaxşı olmalıdır. Kimlərinsə acığına gələ bilər, kimlərisə qıcıqlandıra bilər, amma bu məni düşündürməz. Mən bu ölkədə bir kimsədən pis yazmıram!
Mənim xalqım özünün tənəzzül dövrünü yaşayır. Xalqın kitabı sevməməsi, günü-gündən kitabdan uzaqlaşması məni ağrıdır. Bütün bəlalarımızın səbəbi də budur, kökündə kitabsızlıq dayanır, bunun ağrı-acısını hələ çox çəkəcəyik. Dövlət bu məsələdə etinasız mövqe tutmamalıdır. On illərlə yazdığımız, üzərində aylarla əzab-əziyyət çəkdiyimiz kitabları 1-2 manata da satışa çıxarırlar, alınmır. Bu təkcə biz yazıçıların yox, mənim xalqımın faciəsidir!

Ad günündən başqa həyatında ən əlamətdar gün – o gün yadındadımı? Nəyi ilə əlamətdardı?

Əlamətdar günlər çox olub. Balalarımın ad günləri, ilk kitabımın çapdan çıxması, əskər getməyim, institutu bitirməyim, nəvəmin anadan olması….

Bildiyimə görə, boş vaxtlarında ən çox nərd oynamağı xoşlayırsan. Kimlərlə - bu da məlumdu. Bura qədər hesab kimin xeyrinədi, sənin, yoxsa onların? Amma səmimi...

Şəhərdə, hə. Ən çox da Əlabbasla, səninlə oynayıram, ara-sıra digər dostlarımız da bizə qoşulur. Əlabbas yaxşı oyunçudur, amma nə billahdırsa, zəri tuta bilmir. Zər diyirlənib gedir, bunun yanında dayanır, nəfəsini dərir, dincini alır, sonra da astaca düşür yerə. Yenə də tuta bilmir! Qardaş, bilmir! Bu nə, ya?! Hə, səni hesab maraqlandırır, bu səfərimdə hesab məsələsini elə də açıb-ağartmayaq. Gələn səfərlərdə geniş danışarıq, çay məsələsi var, yəqin eşidibsən. Hə, bax belə.

Boş vaxtlarında bir də musiqi dinləməyi xoşlayırsan. Kimlərə daha çox qulaq asırsan?

Boş vaxtlarımda yox, yorulanda musiqiyə qulaq asıram. Məmmədbağır Bağırzadəyə, Xanhüseyinə, Elnarəyə, Alimə, dostum Zəka Vilayətoğluna, türk musiqisinə, 70-80-cı illərin rus, fars müğənnilərinə, şərq musiqisinə.

Tərcümə ilə də məşğul olursan. Bu nədi, xobbi, yoxsa?..

Xobbi deyil. Maddiyatla bağlıdır. Məcburən tərcümə eləyirəm. Əzablı işdir.

Artıq babasan. Ata olanda çox sevinmişdin, yoxsa baba?

Qəribə də olsa, deyim. Baba olanda. Balalarım üçün eləmədiyimi nəvəm üçün eləyirəm. Onun üçün mahnı oxuyuram, ona nağıl danışıram. Birlikdə gəzməyə çıxırıq.

Öz yaradıcılığından - ən çox sevdiyin, qiymətləndirdiyin əsər?

Əsərlərim arasında elə bir fərq qoymuram. Qənaətimcə bu seçimi oxucu eləməlidir.
Ad gününü təbrik edir, cansağlığı, ailə səadəti, yeni-yeni sevincli günlər, aylar, illər və yaradıcılıq uğurları arzulayıram!

Təşəkkürlər, qardaş!

Müsahibəni alan: Eyvaz Zeynalov.

/shahbulaq.az/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.