Yaşar Bünyad - Gələcək o gün ki...
19.09.14
“Ölümə doğru gedənlər” seriyasından
Hekayə Qismət bələdçi qadının yuxulu və yorğunluqdan kobudlaşmış səsinə ayıldı. -Samarada düşənlər, qalxın, qırx dəqiqəyə çatırıq !... On dəqiqədən sonra tualeti bağlayıram!... Kirli yataq dəstini təhvil verin!... Vaqon boyu eyni sözləri təkrar edə-edə axtardığını tapıbmış kimi, həmişə ikiqat döşəkdə, qalın yorğan altında yatmağa adət etdiyindənmi, yoxsa , ilk dəfə qatarla uzaq səfərə çıxdığındanmı narahat yatan, hələ də yerində büzüşüb qurcalanan Qisməti silkələdi. -Cavan oğlan,-dedi,- çatırıq...Samara... Yerindəcə oturub əsnədi,bir az gərnəşdi,yumruğunu sinəsinə döyəcləyib çəkmələrini ayağına keçirdi, könülsüz ayağa qalxıb dəsmal, sabun götürüb tualetə getdi. Vallah, görəcəkdi vaqonların tualeti,nə rahat yuyuna , nə də ki, başqa işini adam kimi görə bilirsən – darısqallığı bir yana dursun, dalğalı dənizdə üzən balaca qayıq kimi elə hey yırğalanır, iy-ifunət də bir yandan.Adamın ödü ağzına gəlir.Ona görə iki sutka yol boyu cəmi ikicə dəfə tələmtələsik tualetə girmişdi. Atası ona qatarda səyahət etməyin ləzzətindən o qədər danışardı ki !...Bu imişmi ləzzət?! Yatağını yığışdırdı, camaşırları bələdçiyə təhvil verib çantasını qaydaya saldı. Qatar vağzalda dayananda gecə yarıydı; qoltuq cibindəki olan-qalan 2500 rublun yerində olub-olmamasını yoxladı , biletini, pasportunu pencəyinin cibinə qoydu, bələdçi qızla xüdahafizləşib perrona düşdü. İnsan yad bir şəhərə, özü də gecənin bir aləmində düşsə, hansı hissləri keçirər? Yəqin ki, Aya, Marsa səyahətə bənzər bir şey; bilmədiyin, görmədiyin, ancaq ağızdan-ağıza eşitdiyin, dilini belə alayarımçıq anladığın özgə məkanda sənə hər şey o qədər qəribə gəlir ki, elə bilirsən hamı sənə başqa planetdən gəlmiş əcaib məxluq kimi baxır. Qismət, bu şəhər haqqında Samarada əsgərlikdə olmuş atasından o qədər eşitmişdi , ayağını bu torpağa qoyana kimi elə bilirdi ki, hər şey ona tanış, doğma gələcək. Amma yanılmışdı Qismət. O doğmalıq atasının şirin xatirələrindən bu yana keçməyibmiş. Ən əsası səhərin açılmasını gözləməkdi. Ondan sonrası asandı. “Samara boyda şəhərdə gör neçə bazar var,hansına getsəm mütləq bir nəfər də olsa yerlimi tapacam”-deyə fikrləşdi. Gözləmə otağını axtarıb tapdı, nəzarətçiyə biletini göstərib içəri keçdi. Qatar, həmdə onun kimi səhərin açılmasını gözləyənlər çox, zal geniş olsa da oturacaq yeri az idi.(Bakı boyda şəhərin vağzalında bapbalaca gözləmə zalı yadına düşdü). Çantasını iri pəncərənin qoltuqaltısına qoyub ona söykəndi.Onca dəqiqə keçmədi ,əvvəlcə zalı şübhəylə nəzərdən keçirən, sonra da qənimət tapıblarmış kimi cərgələrin, ayaq üstə dayanmış yorğun adamların arasından şütüyərək ona yaxınlaşan iki polis bic-bic gülümsəyərək sənədlərini tələb etdilər: pasportunu o üz-bu üzə çevirərək gah şəklinə,gah da “ilişməli” bir şey axtaran kimi sifətinə, biletə, kömrükdə verilmiş miqrasiya sənədinin tarixinə diqqətlə baxdılar, elə bil hər şeyin qaydasında olduğuna heyfislənib ağız büzdükdən sonra saymazyana özünə qaytarıb uzaqlaşanda polis serjantının biri çevrilib şəhadət barmağını ona sarı uzadaraq , sanki çox əhəmiyyətli söz deyirmiş kimi bildirdi: -Üç gün müddətində qeydiyyatdan keç, yoxsa...özün bilirsən da... Qismət “özün bilirsən”i anlamasa da xatadan sovuşan sayağı dərindən nəfəs alıb sənədlərini cibinə qoydu. Bayaqdan, slavyan görünüşlü bu çoxluğun arasında qafqazlılar tez diqqət çəkdiyindən gözləmə zalındakı qəzet köşkünün qabağında , sonra da balaca qəlyanaltının qarşısında görünən qarabuğdayı, üzü bir az tüklü orta yaşlı kişi Qismətin gözündən yayınmamışdı. Polislər onun sənədlərini yoxlayanda həmən kişi adamların arasında yoxa çıxmasaydı ona yaxınlaşacaqdı.”Yəqin bizimkilərdəndi-qarabaladı” –deyə fikirləşmişdi. Qərib ölkə, tanımadığın şəhər, özü də cansıxıcı , darıxdırıcı gecə ola, danışmağa, dərdləşməyə adam axtarırsan belə vaxtda. Elə bu barədə düşünürdü ki, həmən qara, üzü bir az tüklü kişi Qismətin yanında peyda oldu-elə bil yerdən çıxdı.Əvvəlcə rusca : “bakılısan?”-deyə soruşdu və cavab gözləmədən yazıq bir görkəm aldı. -Zemlyak,-dedi,-kömək elə, ilişib qalmışam bu xarabada.-Cibindən bir topa əzik-üzük sənəd, bank qəbzləri, rəngi bozarmış pasport çıxarıb ona uzatdı ki, “bax”. Qismət onlara toxunsa da bu cür sənəd-sünəddən anlayışı olmadığı aydın idi; tanıdığı təkcə “zaqranpasport” oldu, o da elə gündəydi ki, heç ələ almağa dəyməzdi. Kişinin nə istədiyini soruşdu. -Mən,-dedi,- Tümendən gəlirdim.Yaxşı pul qazanıb evimizə qayıdırdım.Allah mərdimazarın evin yıxsın!... Qatar bu lənətə gəlmiş şəhərdə dayananda düşdüm ki, ayın-oyun alım yol üçün.Yaxşı ki, sənədlərim üstümdəydi, bir də bu “sportivni” kostyum...-Kiri adama gələn kostyumunu göstərdi.-Alıb vaqona qayıdanda gördüm ki, çantamı oğurlayıblar –it də gedib, ip də. Pravadnik heç nə görməyibmiş. Qaçdım bayıra, qaynaşan adamların əlində öz çantamı axtarırdı gözüm; ora -bura qaçdım , başım elə qarışdı ki, qayıdanda, qatarı yerində görmədim. Bu cür hadisələrlə rastlaşmayan Qismətin həqiqətən ona yazığı gəldi və bunu o kişi də hiss etdi.Bayaqdan danışdığı dərdini unudub ağıllı görkəm aldı, ona məsləhətlər verməyə başladı: -Deyəsən birinci səfərindi buralara?Bax, pulunu-paranı üstündə bərk saxla haa, daa mən axmaq kimi yox...Heç kimə etibar yoxdu bu zamanədə, heç qardaşa da. Qismət istədi desin ki, nə pul-para, hələ onu qazanmaq lazımdır –amma susdu. Ona toxtaqlıq vermək istədi : “Hər kəsin başına bu cürə hadisə gələ bilər,qəm yemə...” Bir yandan da fikirləşdi :”Cəhənnəm olaydı pul, oğurlayıblar oğurlasınlar da, sənədlərin ki, əlindəydi...Mən belə axmaqlıq etməzdim”. Acımışdı. Tezliklə səhər açılacaqdı deyə bufetdə qəlyanaltı etmək yerinə düşərdi, həm də bu yazıq, bədbaxt həmyerlisinin qarnını doydurardı.Kişinin qoluna girib ərklə dedi: -Dayı, yəqin ki, aclığın var, gedək bir qəlyanaltı edək.Mən də acmışam. O lap yazıq görkəm alıb başını yellədi: -Yox,yox, yox!-dedi.-Bacıoğlu, bilet pulu düzəlməyincə boğazımdan tikə də keçməz!... Tümendəki uşaqlara da zəng edib deməyə utanıram.İnanmazlar. Qismət çox düşünüb daşındı ki, bu biçarə kişiyə necə kömək etsin axı. Güclə yığıb topalayıb Bakıda mübadilə elədiyi 2500 rublun tanış yerlilərini tapanacan, bir işin qulpundan yapışanacan ona bəs edib-etməyəcəyini fikirləşdi. “Eybi yox, onsuz da öyrəncəliyəm, bir az qənaət edərəm ...Kənddə bu qədər pulnan bir ay dolanan var ”-dedi öz-özünə.Əlini qoltuq cibinə salıb pulu çıxardı, şax bir minliyi ona uzatdı. -Bura işləməyə gəlmişəm, pulum azdı,yoxsa... Kişi bunu gözləyirmiş kimi qırışığı açıldı,minliyi alıb təşəkkür etdi. -Qaytaracam,-dedi, -mütləq....Adresini de, səni tapacam,qaytaracam bacıoğlu... - Mənim ünvanım yoxdu.Birdə ki, borc vermirəm, bağışlayıram sənə.Müsəlman deyilik?... Qismət bilmədi kişi onun son sözlərini eşitdi ya yox, amma , bir göz qırpımında necə gözdən itməsi onu yamanca üzdü. “Bu niyə qaçdı?...Əcəb dərdləşdik.” Bufetdə qəlyanaltı eləmək fikrindən vaz keçəndən sonra gözləmə zalından çıxıb asta addımlarla vağzalı tərk etdi. Şəhər ağır-ağır gözlərini açan tənbəl adam kimi yuxudan ayılırdı; tək-tük sərnişini olan trolleybus və avtobuslar bir-bir görünməyə başlayır,gecələr ikqat pul qazanan taksilərin kitabı yavaş-yavaş bağlanırdı. Günəşin ilk parlaq şüaları görünəndə Qismət Volqanın sahiliylə irəliləyirdi. Hələ tez idi və hara gedəcəyindən çox, atasının xatirələrindən yaddaşında qalan yerləri görmək istəyi daha güclüydü. Bir də, tanımadığı şəhərdə həmyerli tapmaq üçün bazarlardan başqa hara gedə bilərdi ki?!... Hə, bayaq o biçarə kişiyə də demişdi axı, mənim ünvanım yoxdu.Düz də demişdi.Kənddə, rayonda iş yox,şəhərdə olan işdən qazandığın kirayə puluna , bir də yeməyə güclə çatır.Allah kəssin elə yaşayışı ki, nə daimi işin, nə də adresin var! Nə isə, Qismət Volqada üzən nəhəng paraxoda baxa-baxa sahilboyu gedirdi.Birdən ağlına gəldi ki, görəsən atam bu paraxoda minib? ”O Samaradan danışanda bir dəfə də olsun paraxoda mindiyini deməmişdi, minsəydi danışardı axı. Bəlkə, heç Samarada olmayıb atam ? Nə bilmək olar , bəlkə çox xatirəsini özüylə öz dünyasına apardı –danışmadı, danışmaq istəmədi”. Mərkəzi bazara çatanda yorulduğunu hiss etdi, həm də bərk acımışdı.İki-üç peraşki alıb acgözlüklə yeyəndən sonra bazarı dolaşmağa başladı. İlahi, elə bil Cəlilabad bazarındasan!Hər tərəfdən qulağına tanış sözlər, şirin ləhcələr dolurdu.Demək olarki bütün cərgələrdə şıdrığı alver edənlər həmyerliləri idi.Buna sevindi. Hələ yerbəyer edilməmiş , üst-üstə yığılan meyvə və tərəvəz yeşiklərini satıcısına təhvil verən orta yaşlı kök kişiyə yaxınlışıb salam verdi.Kişi onun təzəgələnlərdən olduğunu yaxınlaşanda hiss etmişdi, odur ki,həvəssiz soruşdu: -İşləməyə gəlmisən? Qismətin çiçəyi çırtladı.Cavab verdi ki, “hə”. Tanış oldular: adı Sahil imiş.Yanlarından ötüb keçən cavanı da, yaşlısı da onunla görüşür, hal-əhval tuturdu.”Hörmətli adamdı deməli”. -Hamı qaçıb gəlir... işləməyə...Özünə yer-yurd eləmisən, yoxsa poyezdən təzəcə düşmüsən? -Gecə gəlmişəm. -Tanışdan, qohumdan kimin var burda? -Heç kim...Atam burda xidmət eləyib, sovetin vaxtında. Kişini gülmək tutdu, başını yırğaladı, sonra elə söz dedi ki, Qismətin ayağının altından yer sürüşdü. -Həə?! Belə de... Ha-ha-ha!.. Deməli qan çəkib səni bura? -Nə qan?-Çaşıb qaldı. -Demirsən atan o vaxtlar burda olub,hə? -Hə... -Guya başa düşmürsən, ay şuluğ!...Qanı qaynayan oğlan olub da dədən...Burda qanmamalı nə var ki?! Ən azı iyirmi yaş böyük olan bu kişinin şit zarafatı Qismətin xoşuna gəlmədi, dişini-dişinə sıxıb durduğunu görən kişi əlini onun çiyninə qoyub gülümsədi. -Yaxşı görək,-dedi,-porsuma!...Kişinin əlindən xəta çıxar da. Ha-ha-ha!... -Mən işləməyə gəlmişəm,-İncik dilləndi.-Heç bir qan qohumum-zadım da yoxdu burda, ola da bilməz! Mənim atamı tanımırsan... -Bağışla, sən Allah!-Kişi üzxahlıq edib bir az ciddi görkəm alandan sonra əlavə etdi.-Mənim yanımda işləyərsən?... Bəlkə incidin məndən?Neyləyim e, kopoyoğlu xasiyyətim var mənim, zarafatsız dayana bilmirəm. Nə qədər ciddiləşmək istəyirdisə də gözləri hələ də gülürdü kişinin.Suallarına cavab gözləyirmiş kimi gözlərini Qismətin ağzına zillədi. -Hə,-Qismət cavab verdi. -Demək,bağışladın.Ay şuluğ!...-Kişi rahatlaşdı, indicə görürmüş kimi Qismətin çantasını çiynindən çıxarıb ,ərklə: -Bunu niyə asmısan çiynindən,-dedi,- içində xatalı şey-mey yoxdu ki, ay ləco?- O dəqiqə də çantanı satıcısına uzatdı.-Tanyuşa, poloji pod prilavku, ne boysya, niçeqo kriminalnovo,ne teryay haa...-Sonra üzünü mənə çevirib davam etdi.-Sən də boş dayanma, o pomidor,xiyar yeşiklərini daşı prilavkanın dalına.-Yenə bic-bic gülümsədi.-Tanyuşaya podxod eləmə ha, o, Rəsulun “qızıdı”. Hi-hi-hi!... Sahil kişinin birdən-birə ona mehribanlıq göstərməsi xoşuna gəldi, zarafatlarında şitlik də olsa ürəyini açdı Qismətin. İşə belə tez başlayacağı ağlına gəlməzdi deyə, sevindiyindən Sahil kişinin göstərdiyi yeşiklərə sarı cumdu... ... Ata-anası qəzaya düşüb rəhmətə gedəndən sonra rayonda qala bilmədi; iş-güc yox, avaraçılıq da onluq deyildi.Bakıya gəldi, novostroykada beton tökən işlədi ki, bəlkə bir gün-güzaran qura.Kirayə ev baha, ərzaq baha, iş də ağır; eşşək kimi işləyib it kimi yorulub əldən düşürdü, nə var, nə var 300 manat pul qazanacaq, onun da yarısın ev yiyəsi Minurə xanıma verəcək.Yaxşı ki, siqaret çəkmirdi Qismət...Minurə xanım da, nə Minurə xanım :”Hamamdan həftədə bir dəfə istifadə elə-qaz bahadı, evə heç kəsi gətirmə, sakit danış-qonşular deyinməsin, qapını asta aç-ört, işığı boş yerə yandırma...Ərəbzəngiydi!...” Bura gəlməyi də fikirləşən günüdən yarı ac-yarı tox dolanıb pul yığdı, bilet aldı, qalan pulunu da mübadilə elədi, “Allah kərimdi!” deyib yola çıxdı.Çox eşitmişdi ki, Rusyətdə pul qazanıb yaxşı dolanmaq olur. Ona görə də cavanlar gedib, rayonda pensionerlərdən özgə kimsə qalmıb... -Oğul bala, bəlkə nəfəs alasan? Sahil kişi onu xəyaldan ayırdı.İşə o qədər alüdə olmuşdu ki, az qala qonşu cərgədə alver edən cavan oğlanın mallarını da daşıyacaqdı. Sahil kişi Qismətin fərasətini, qabiliyyətini gördükcə fərəhlənirdi.Dedi : -Bu gün bazardı.Sənədlərini ver Tanyaya,sabahdan səni qeydiyyata saldırsın. Bazarın pasportstoludu Tanya.Ha-ha-ha...Burda qeydiyyatsız nəinki işləyə,heç bir addım da ata bilməzsən. Tanyaya “toçka”nı tapşırıb nahara çıxanda Qismətə dedi ,bəs,ailəsini iki aylığa Vətənə göndərib, onsuz da evdə təkdi,hələlik mənimlə qalarsan, sonrası da Allah- kərimdi. Həmyerlisinin kafesində onu kababa qonaq elədi.Doyunca yeyib-içib çıxmaq istəyirdilər ki, kafenin qarşısında səs-küy qopdu.Kafenin sahibi, ofisiantlar,müştərilər bayıra axışdılar, dalınca da Sahil kişiylə Qismət.Kimisə əzişdirirdilər.Aləm bir-birinə qarışmışdı, heç nə ayırd eləmək mümkün deyildi ; kimi söyür, kimi təpikləyir, kimi də əl-qol atırdı. -Murdar oğlu, murdar!... -Camaatı barmağına sarıyıb, it oğlu! -Millətin adını belələrı batırır...Əh, sənə kişi deyənin !... -Al, qancığın doğduğu,al,al!... Sahil kişi vaxtında işə qarışmasaydı on-onbeş kişinin ayağı altında çabalayan adam az qala o dünyalıq olacaqdı.Yaxşı ki, Sahil kişinin sözünü eşitdilər, bir az sakitləşib aralansalar da , hələ də əsəbiləri oynayırdı hamısının. Onca dəqiqə keçmədi ki, bazarın bütün camaatı bura yığılışdı. -Axı nə olub?... Elə səs salmısız, bu dəqiqə polislər tökülüşəcək!...Başımıza iş açmayın. Orta yaşlı, uca boylu qarayanız kişi hirsindən ağzı köpüklənə-köpüklənə Sahil kişiyə sarı dönüb dedi: -A Sahil kişi, sən dədəyin goru, qarışma...Cızzağımı çıxarıb e, bu itin belindən gələn!...Bütün bazar bilir , on gün bundan əvvəl, bir-bir , hamıya yalvarıb-yaxardım ki, yazıq arvad-uşağıyla qalıb vağzalda-mənə belə demişdi- Bakıya gedə bilmir...Hərə qulpundan çıxanı verdi, yola saldım getdi...Arvad-uşağıyla ee!...Oğraş məni fırradırmış, məni ha, tfu!...Sən demə aferistin-julikin biriymiş, oğraş!... Sifətə bax ee, a kişilər, yenə gəlib bazarda hərif axtarır, deyir, Vladivostokdan gəlirəm, pulumu oğurlayıblar...Tfuu!... Yerdə sərələnmiş adam sifətinin qanını silə-silə qalxmaq istədi.Başına toplanmış bu qədər adamı görüb elə bil xəcalət çəkdi, başını aşağı salıb tərpənmədi.Amma , heç xəcalət çəkənə oxşamırdı,deyəsən,onu bu qədər adamın tanıdığına, çox tez şantaj olduğuna görə heyfislənirdi. Qismət, hələ də onu qaşaltı izləyən, bir neçə saat öncə, yad şəhərdə özünün sabahına umudu olmadığı bir vəziyyətdə ,biçarə qalmasın deyə olan-qalan pulunu yarı böldüyü üzü tüklü kişiyə inanıb aldandığına görə yana çevrilib kədərlə susdu.Fikirləşdi ki, kaş onun dedikləri doğru olaydı, Xoşqədəm də öz komandasıyla gəlib onu tapaydı, Bakıya aparaydı, amma belə rəzil vəziyyətə düşməyəydi... Bir də onu fikirləşdi ki, bu dünya nə qədər balaca və iyrəncdi.
Nəhayət ki, Sahil kişinin ailəsi qayıtdı. Artıq iş-gücü vardı, şəhərə bələd idi, bazarda göyərti satan tatar balası Renatla dostluq da edirdi. Demək olardı ki, həmyaşıd idilər, həm də söhbətləri yaman tuturdi .Bir neçə dəfə evlərinə də getmişdi. Renat ,yaxın qonşusu Mariya xalanı dilə gətirib Qismətin onun evində qalmasına razılıq almışdı.Qadın qoca və tənhaydı.Əri öləndən sonra quruca pensiyaya möhtac olsa da heç vaxt evini kirayə verməmişdi; özü demişkən, qorxurdu gəlmələrdən.Amma Renatdan, daha doğrusu Renatın anası Xalıdadan keçə bilməmişdi. Mariya xalayla Qismət bir-birinə tez isinişdi.Az bir vaxtda onu “sınoçek” deyə çağırıb öz doğma balası kimi əzizləyir, səhər yeməyini yeməmiş evdən bayıra buraxmırdı. Qismət də ona qayğı göstərirdi.Tez –tez meyvə-tərəvəz, təzə balıq alıb gətirir, tapılmayan dərmanlarını Sahil kişinin köməkliyilə tapıb alırdı.Mariya xala tənhalığını unutmuşdu. Bax beləcə günlərin, ayların necə keçdiyini hiss etmirdi Qismət.Elə bil şəhər də ona döğmalaşırdı...
İnanılmaz, ürək sığallayan günəşli bir payız səhəri idi. Bütün şəhər əhalisi mərkəzi meydana yığılıb “Şəhər günü”nü qeyd edirdi.; bayram əhval-ruhiyyəsi insanları necə də bəxtəvər göstərirdi!.Artıq özünü bu şəhərin sakini kimi hiss edən Qismət Renatla al-əlvan bəzənmiş meydandan təntənəylə keçəndən sonra axşamacan gəzib-dolandılar, rastlarına çıxan balaca kafeyə girib yüngül qəlyanaltı edib çıxanda Renat soruşdu: -Sən heç Volqaboyu səyahətə çıxmısan? -Yoox. - Bu çox maraqlıdı : nəhəng gəmi,bütün gecə musiqi, qızlar...Çoxlu qızlar..Əsl romantikadı!...Görüşdüyün qız var? Qəfil sual Qisməti elə çətinliyə saldı ki, bilmədi nə desin. Yada salmalı nə vardı ki? Düzdü, bir dəfə elə bir şey olmuşdu, amma o barədə söhbət açmağa üzü gəlmirdi. Bakıda işləyəndə otuz yaşlarında bir qadın tikintidəki kişilərə dadanmışdı,üç gündən bir gəlirdi, on beş-iyirmi manat alıb, elə, tikilən binanın doqquzuncu mərtəbəsində, tozun-torpağın, taxta-tuxtanın üstündə növbəylə sərilirdi dörd-beş kişinin altına.Birinci dəfə Qisməti də “qonaq” eləmişdi. Növbəti gəlişində Qismət üç manatından keçsə də ona yaxın durmamış,gündə neçə kişinin azarını öldürən həmən qadını da , özünü də lənətləmişdi...Burdakılar on altı-on səkkiz yaşlı qızlarla kef eləmələrindən danışanda Qismət öz əhvalatından utanırdı... -Yox,-deyib qızardı. Renat onu böyük günah sahibi kimi süzüb qaşlarını çatdı, təəccüblə: -Ola bilməz!- dedi. Qismət bir az da pörtdü. -Niyə ki?! -Yəni... İnana bilmərəm...sən, indiyə kimi...bir dəfə də?... -Olmamışam.-İlk yalanını dedi. Renatın ona yazığı gəldi, nədi,başını yelləyib qoluna girdi. -Bilirsən,-dedi,-sən heç bikef olma.Olan işdi.Bax, biri mən, ilk dəfə qız dostumla son zəngdə görüşmüşəm...Qalya!...O fantastikaydı,fantastika!...İndi kiminlə oluram-olum, onun yerini vermir ki, vermir!...Dayan, ağlıma bir ideya gəlib... -O nə ideyadı?-Maraqlandı. -Bu yaxınlarda disko-bar var- “Noçnoy bulvar”- gedək ora,yəqin ki, mənim köhnə tanışım rəfiqəsiylə ordadı...Səni bir gözəlçəylə tanış edim ki, ömründə elə şey görməmisən. Qismət gülməyini güclə saxladı,demək istədi ki, görmərəm da,harda görəcəm ki, amma dilinin ucuna gətirəcəyi sözü uddu elə bil.Renatın təklifi ürəyindən olsa da əvvəlcə boyun qaçırmaq istəmədi, sonra , “onun barəsində pis düşünər” deyə razılaşdı.Bir də , burda nə vardı , əvvəl-axır subaylığın dadını çıxarmalıydı, ya yox?! -Razıyam,-dedi. -Getdik...Vallah, əl çəkməyəcəksən ondan...Renat sənə bir qız “düzəltsin” ki!...-Özündənmüştəbeh halda əlini sinəsinə döyəclədi. -Umerat-to s muzıkoy!... Elə deyirlər də burda? O başıyla təsdiq etdi və irişdi. “Noçnoy bulvar” dediyi bar cavan oğlan və qızlarla dolu idi : rəqs edən kim, kokteyl içən kim, sakit bir guşəyə çəkilib baş-başa qalan kim...Qulaqbatıran musiqi, oynayan rəngarəng işıqlar adamı başqa bir aləmə aparırdı. Renat, bu qələbəlikdə itməsin deyə onun əlindən yapışıb gah bütünlüklə rəqsin təsiri altında qəribə hərəkətlər edən cavanların arasından şütüyür, gah da onları ayaqlamasınlar deyə diqqətini toplayıb o yan- bu yana baxaraq geniş rəqs meydançasından kokteyl satılan bar köşkünə yaxınlaşdı. Köşkün qarşısındakı hündür , fırlanan stullar tutulmuşdu.Koleydoskop kimi haldan-hala düşüb göz vuran işıq axınında axtardığı tanışını tapdı.Masanın lap axırında iki gözəl qız içki içirdilər.Renat yaxınlaşıb qızları çiyinlərindən qucaqladı, hal-əhval tutdu,kimisə gözlədiklərini soruşdu, qızlar dadedilər ki, “heç kəsi” Sevincək barmenə sifariş verdi: -Dörd “Krovavıy Meri”... – Boynunu arxaya çevirib pıçıldadı.-Necədi?... Adət etmədiyi atmosfera, qəribə çılğın musiqi Qisməti elə çaşdırmışdı ki,Renatın nəyə işarə etdiyini dərk etmədi, qaşlarını oynatdı : yəni, “nə necədi?” Musiqinin tempində çiyinlərini yellədərək yerində dingildəyən Renat başıyla sağ tərəfindəki qonur saçlı, iri gözlü, nərmənazik qızı göstərdi. Qismət lap müştəri gözüylə onları nəzərdən keçirdi; hər ikisi gözəl olsa da Renat düz deyirmiş, sağ tərəfdəki daha cazibədar və suyu şirin idi.Tanış oldular.Adı Zarina imiş. Renat :“Bura çox tünlükdü,dostum da darıxır, içkimizi içib çıxaq gəmi səyahətinə”- deyib, qızları bardan çıxarmaq bəhanəsiylə bir az dil tökməli oldu.Hamı razılaşsa da ,nədənsə Zarina gəmi səyahətinə qəti etiraz etdi. Oğlanların məyus olduğunu görən Zarinanın rəfiqəsi qəfildən dedi: -Gedəyin bizə.Pivə, sosiska, bir az da qovrulmuş fıstıq götürək...Nənəmlə anam bağdadı... -Bu ki əladı! -Renatın kefi kökəldi.-Bəs rəfiqən?... - Mən ki onu gəmiyə aparmıram?... Mağazadan içki, qəlyanaltı götürüb taksiyə mindilər.Yarım saat keçmədi ki,qızlar ərzaqları, içkiləri stola düzürdülər.Hələ, soyuducudan yarımçıq araq da çıxardılar.Kokteyl Qismətin başını dumanlandırsa da bir pivə içdi.Qızlar gah araq, gah da pivə içir,səs-küy salıb qonşuları hirsləndirməsinlər deyənə pıçıltıyla danışıb pıqqıldaşırdılar.Renat tanışıyla tez-tez o biri otağa keçir, Qismətlə Zarinanı otaqda tək qoyurdular.Arada bir otağa girən ev sahibi hiss edəndə ki, Qismət utanır,qızla heç öpüşmür də - açılma divanın üstünə təmiz mələfə sərib işığı söndürdü , qapını örtdü və bir də otağa qayıtmadı. Heç vaxt gözəl, cavan qızla birlikdə qalmayan Qismət qəribə hisslər keçirirdi. Bu hisslərin içində ən çoxu da qorxuydu.O nə edəcəyindən, daha doğrusu,nə edə bilməyəcəyindən qorxurdu.Bir yandan da şaxtaya düşmüş çılpaq adam kimi titrəyirdi.Zarina öyrəncəli olduğundanmı, yoxsa ,Qismətin səriştəsizliyini duyduğundanmı birinci özü soyundu, Qismətin əlindən tutub özünə sarı çəkdi...
...İki gün evdə gecələmədiyindən çox narahat qalan, hətta, “bu gün də gəlməsə, gərək polisə məlumat verəm”-deyə fikirləşən Mariya xala qapının asta-asta açıldığını eşidəndə yatağından qalxıb otağa girdi. Arvadı qınamaq olmazdı,bilirdi ki, şəhərdə qeyri-ruslarla münasibət o qədər də ürək açan deyil, ona görə ağlına yaxşı heç nə gəlmirdi. Qisməti sağ-salamat görüb , bir balaca özünə gələndən sonra döşəndi onun canına :Mariya xala onu uşaq kimi danlayır, o da günahkar olduğunu dərk etdiyindən başını aşağı salıb baxışlarıyla döşəməni silib-süpürürdü. Sonda Mariya xala bildirdi ki, bir də onu belə narahat etsə, evdən qovacaq, heç Xalidanın sözünə də baxmayacaq. -Bağışlayın məni.- dedi Qismət və onun qayğısına qalan bu qoca qadını ilk dəfə doğma anası kimi bağrına basdı . Mariya xalanın solğun gözləri yaşarmışdı...
...Qadın - onun ətri, dodaqlarından içinə dolan şərbət tamı, həlqəsi qırılmış ehtiras zəncirinin ruhu oxşadan ovsunu yuxularında da onu rahat buraxmırdı.O gecənin dadı hələ də damağındaydı və bu sevgi burulğanı onun başını elə gicəlləndirmişdi ki, hər an onun qucağında olmağı, ona sarılıb sevişməyi arzulayırdı. Gözlərini yuman kimi mürgüsünə qarışır, ayılanda qarşısında surəti canlanırdı.Bütün vücuduna hakim kəsilən o qadın həm yaxın idı, həm də əlçatmaz... Kimsəylə bölüşə bilmədiyi hisslərini dostuna bildirdi.Renat rəfiqəsinin köməkliyilə Zarinanı tapdı.Çox tərəddüddən sonra Qisməti birotaqlı mənzilinə qonaq apardı. -Mən,-dedi,-evimdə görüşmürəm...Heç kimlə... -Bəs mənimlə?... Sözünü kəsdi. -Niyə görüşdüm?... Bilmirəm. Ürəyimə yatdın...yəqin. Otağın bir küncünə qısılmışdılar, sanki, kimdənsə gizlənirdilər, qaçırdılar.Zarina onun köynəyinin düymələrini aça-aça öz-özünə danışırdı. -O, adını da düz deməyibmiş...Bilirsən, anam həmişə nəhəng gəmiyə minib uzaq dənizlərdə üzmək arzularmış.Uzaq, uzaq dənizlərdə...Nəhəng,nəhəng gəmilərlə...Başa düşürsən?...O da başa düşməyibmiş...Kişilər bir şey istəyir, tək bircə şey...Eh!...Axı bunları niyə sənə danışıram?... Qismət sinəsində gəzən laklı barmaqları hiss edirdi, nəfəsinin təravətini duyurdu, amma onun dediklərindən bir şey anlaya bilmirdi. -O, anamla gəmidə tanış olub...Uzaq dənizlərdə yox,burda, Volqada...Ona “sevirəm” deyib...Ac qağayılara yem veriblər...Gəmidə...Mən də o sevgidən doğulmuşam...Başa düşürsən?..Hamınız beləsiz...İstədiyinizə çatanacan özünüzü axmaq kimi göstərirsiz... -Düz demirsən. -O da belə deyibmiş...Sonra ,yox olub...Anam da məni atıb...Ona görə gəmilərdən zəhləm gedir!...Qağayılardan da... Yatağa girəndə Qismətin ürəyi bərk-bərk döyünməyə başladı.Hava işıqlı olduğundan onun qar kimi ağ bədənini, iri giləli döşlərini birinci dəfə apaydın gördüyündən həyacanı birə-beş artdı.Zarina onu bərk-bərk qucaqladı. Qismət daha heç nə eşitmədi, heç nə... ...Yuyunub paltarını geyindi.Zarina mətbəxdə çay hazırlayırdı. Səliqəli balaca otağa göz gəzdirdi - sanki, hər şeyin yerini, rəngini, iyini yadında saxlamaq istəyirdi Qismət. Künc şkafında üst-üstə yığılmış kitabların, yumşaq oyuncaqların qarşısında bir neçə şəkil diqqətini çəkdi; hörüklərinə iri ağ bant bağlanmış birinci sinfə gedən qız , iri çərçivədə gözəl bir qadınla qol-boyun olmuş Zarina və çərçivənin küncünə pərçim edilmiş, cavan , nazik bığlı kişinin qucağında qollarını göyə qaldıran körpənin saralmış, əzilmiş şəkli. -Bu şəkildəki də sənsən? Zarina mətbəxdən cavab verdi: -Mənəm.Birinci sinifdə çəkiblər. -Onu demirəm.Bu , balaca , lap balaca qızcığaz... -Həə, bir yaşında...Atamla olan ilk və son şəkil...Sinəmə basıb onunla o qədər yatmışam ki !... Hirsimdən cırıb atmaq istəyirdim bir vaxtlar, nədənsə fikrimi dəyişdim... Çərçivəni əlinə götürdü ; şüşənin o üzündən qollarını göylərə açmış məsum körpəylə xoşbaxt atanın onun gözlərinə zillənmiş baxışları o qədər saf və cazibəliydi ki, hətta, şəkilin solub-saralması da nəzərdən qaçırdı.Diqqətini toplayıb bir də baxdı, lap burnunun ucunda tutdu. Birdən... Qismətə elə gəldi ki, ona baxıb gülümsəyən kişini tanıyır, hətta, hardasa bu şəkili görüb. Yox,yox, bu şəkili yox, ordan baxan kişini ! Eyni baxış, eyni gülüş... Yaddaşını çox yormadı.Daha doğrusu,qonaq otağında divardan asılmış, bəlkə də hər gün yüz dəfə gördüyü şəkil durdu gözünün qabağında. O, nə saralmışdı, nə də əzilmişdi :Orda əllərini göyə açmış Zarina da yox idi, orda, yüz illər keçsə də donub qalacaq bu gülüş sahibinin qucağında ağacdan gilas dərən körpə Qismət vardı. Sinəsi parçalandı. Kürəyində küt ağrı hiss etdi.Heç vaxt ürəyi belə döyünməmişdi !..Əlləri əsdi, çərçivə barmaqlarının arasından sürüşüb döşəməyə düşərək çilik-çilik olmasıyla qapının da çırpılması bir oldu... Qaçırdı.Hara getdiyini düşünmədən addımlarını daha da itiləşdirirdi. Həyatı boyu səcdə qıldığı, övladını əzazil taleyin qoynunda sahibsiz qoyub qaçan atasına,bağışlanmaz günahından ona dəhşətli sürpriz hazırlamış həyata nifrət edə-edə qaçırdı ... ...Ona elə gəldi ki, arxadan onu kimsə çağırır.Ayağının altındakı yerin bütün ağırlığını çiyinlərində hiss edən Qismət dayanıb bir anlıq geriyə baxdı; tək-tük yanan fanarların solğun işığında qaralan balaca kölgədən başqa heç nə görünmürdü. Lap uzaqda isə , sahili yalayan ləpələrin oynaq laylasını dinləyərək kimsəsiz limanda yorğun-yorğun “mürgüləyən” ağ gəmi , ara-sıra ac qağayıların qaqqıltısından diksinirmiş kimi yırğalanırdı...
Saratov, 2014.
|