Mübariz Örən - Skayp

09.09.14

Hekayə


“A səni yanasan, gülüm səsi!”
 
“A kişi, valla gün hissəsi...”
 
Üçcə gün gedib kənddə qaldım, - vallah təhkiyə də, süjet də, hələ desən üslub da, dil də... hamısı kənddəymiş. Gördüyün əvvəlki kənd deyil e, əsl postmodernizm indi kəndin özüdü. Götürək elə rəhmətlik Eyvaz kişini. Onun postmodernist baxışları olmasaydı, gedib babamgilin köhnə yurd yerini, çaylaq daşından tikilmə uçuq daxmalarını bir də nə vaxt görəcəkdim? Ölüm-itim dünyasıdı, kim bilir, yolum bir də o yurda düşəcəkdi, düşməyəcəkdi...
 
Əhənglə daşın, təzəcə sulanıb çalqulanmış torpaq döşəmənin qoxusu hələ də burnumdadı. Kəndə çatan kimi cumardıq İsti babagilə. Yazıq Səkinə nənə sevindiyindən bilmirdi neyləsin. Gah o küncə qaçardı, gah bu küncə. Nə axtarırdı, özü də bilmirdi. İçəri evdə lap küncdə bir sandığı vardı, başını salıb uzun-uzadı nəsə gəzərdi qaranlıqda, heç vaxt sandığın qapağını tam açmazdı, bir-iki ovuc tut qurusu, bir az kişmiş, qoz... gətirib ciblərimizi doldurardı. Allah sənə rəhmət eləsin, Səkinə nənə. Sən də az aşın duzu olmamısan ha! Bircə sözün üstündə yazıq kişini çərlədib oyanlıq eləmisən. O yazıq deyib “gülüm səsi”, dirəşmisən ki, “yox, gün hissəsi”.  Nəysə... bütün günü özümə gələ bilmədim; fikirləşirdim görən niyə yelli-yelkənli yüksəkliyi qoyub gəlib bu havasız dərədə ev-eşik olub kənd camaatı?
 
- Suya görə! - axşamçağı təzə yurdun kürsülü eyvanında oturub çay içəndə bibim ürəyimdən keçənləri oxumuşdu. - Gölün suyu çıxmırdı yuxarı, quru, boz irəməydi o yallar. O nasosxananı sonradan tikdilər, Arazdan su çəkdilər. Vaxtında su olsaydı camaatın nə işi vardı bu dərədə. İndiki kəndin yeri o vədə çəkillik idi. Sənin yadına gəlməz, torpaq qazmada yaşayırdı hamı. Bir o Nurudəgillərin daşdan balaca xosmaları vardı, bir də bizim o gördüyün ev. Vəssalam. Bir-birinin bənsinə camaat köçdü aşağı. Biri köçdü - o biri də onun dalınca... Özlərinə həyət-baca qurdular, bağ-bağat saldılar, daşdan ev tikdilər... İndiki kimi dəyildi e, camaat bir-birinin əlindən tuturdu, bir-birinə kömək olurdu...
 
Gör e, əsl mövzu budu e! Oğul istəyirəm, tüpürə qələminə, otura yaza. Yoxsa mistika belə gəldi... Adicə bir nasosun yoxluğu yerindən-yurdundan edibmiş bütöv kəndi. Düzü fikrimdə bu idi ki, qayıdanda bibimi də özümnən götürüm, - sizi bilmirəm, biz tərəflərdə atanın bacısına bibi deyirlər, - o danışsın, mən yazım. Hər şeyin yaxşısını o bilir, ağsaqqal-ağbirçəkdən qalanımız odu.
 
- O vədə sovet hər qapıya radio çəkmişdi, - deyir, - “beş manatdıx uzel” deyirdilər adına. Yazıx dədəm... Heç qutusunnan çıxarmağa qoymadı o radionu. Əl-əyax dəyər, sınıb eliyər, dedi. Bir səs verən yerinnən kəsmişdi qutusunu, bir də səs çıxan. Elə də asmışdı divardan... O radionun da güdazına getdi yazıx.
 
Üstündən cəmi otuz-qırx il keçib e. Gör hər şey necə dəyişib...
 
Niyə Eyvaz kişiyə postmodernist deyirəm? Təsəvvür elə, o yekəlikdə adam ölənəcən həmən o nasos stansiyasında dar-basırıq yerdə qaldı. Orda yaşadı, orda da öldü. Halbuki, atası ömrü boyu kolxoz sədri işləyib, kənddə meydan kimi evləri, eşikləri... Səbəb? “Kənddə qaralım tutmur, deyirmiş. Nəsə burda rahatam”. Hələ bu harasıdı, ölməmişdən qabaq guya deyibmiş ki, - indi deyirlər guya vəsiyyəti buymuş, - köhnə qəbirsannıxda basırın məni, mağarımı da nasosxananın həyətində qurun.
 
“A kişi, qələt eliyir onu deyən”, “Hamısı o mıçıburun arvadının işdəkləridi, nə əməl elədisə kişinin üzü döndü kənddən”, “Kül təpənə yalansa! Pisniyət qızı pisniyət! Yox bir!..” - adamların arasındayam, hamının ağzı əyilib.
 
Oğlu Vəkil bircə günə yetirdi özünü haya Krasnodardan. Elə ölən günün səhəri şappadan-şap düşdü taksidən. Nuridə Skaypnan çağırıb deyibmiş, hə, çünki xeyli alqış elədilər Nuridəyə, Skaypı da çıxaranın atasına rəhmət oxudular.
 
Dəfndən sonra Eyvaz kişinin arvadı Əntiqə nasosxananın ağzına çıxıb utanmaz-utanmaz nə desə yaxşıdı: “Ay camaat! Ay Əhməd, ay Məhəmməd! Bax haa, budu deyirəm! Bu məclisin yeyəsi-sahabı Vəkildi! Yenə deyirəm, Vəkil! Vəkil nə dedi, o da olacaq!”
 
Arvadda sifətə bax sən allah! Onun yerinə mən utanıb yerə girdim. Bu boyda ağsaqqalın, qarasaqqalın qabağında dediyi sözə bax! Barı Vəkil də bir Vəkil ola. Bir adam ki, yeddi il Rusiyada dınqıtmadığı kol dibi qoymaya, qayıdanda bir çamadan it zənciri gətirə özüynən! Camaatın başından bir vedrə qaynar su tökdülər sanki, hərə başını aşağı salıb bir tərəfə çəkildi. Vəkilin qoluna girib onu qırağa çəkənlər də oldu:
 
- A bala, dost var, düşmən var. Aparaq kəndə, abırrı-isbatdı yola verək məclisi. Camaatı bu yollarda ərəsət eləmə!
 
- Yox, - dedi. - dədəm belə vəsiyyət eliyib, belə də olacaq!
 
Dədə-nənə qədri bilən gopoyoğludu guya.
 
Əvvəllər gələndə dincliyim tutmurdu kənddə, elə “ciçç” eləyib qayıdırdım. Amma, indi bu dörd gün necə gəldi getdi, bilmədim. Bircə günlüyə toya gəlmişdim səki, səhərisi Eyvaz kişi getdi rəhmətə.
 
Amma yaxşı ki, gəldim vallah. Allah üzümə baxdı, hə. Yoxsa yazıq Məhi mənim yanımda “toyagetməli” olardı. Bibioğlu Fəxrəddinin təzə qohumları toya çağırmışdı, qalmışdım fikirləşə-fikirləşə: gedim, getməyim? Zorla-gücbəla iş tapmışam yaxşı-pis, icazə də almaq olmur hər saat. Neçə il işsiz qaldım, ortalıqda it döydüm... Bibimə zəng elədim, görüm nə deyir. “Nə danışırsan, dedi, gəlim-gəlməyim nədi, heylə şey olar? Fəxrəddinnən ayıbdı...”
 
Məhini deyirəm axı. O da bir bibioğludu. Elə toydan təzəcə çıxıb kəndə gəlirdik, birdən kimsə qayıtdı ki, balam, Məhi gözümə dəymədi axı. Guya elə-belə, sözarası dedi. Araya dərin, üzücü sükut çökdü... Bax, o üzücü sükutun məngənəsində mən uzun-uzadı fikirləşib götür-qoy etməyə macal tapdım və ürəyimdə min yol allaha şükr elədim ki, nə yaxşı olub bibinin sözünə qulaq asmışam, hə, toya gəlmişəm.     
 
- Yəqin deyən olmuyub. Deyən olsa Məhi belə işdən qalmaz. -  nəhayət bibim dilləndi.
 
- Nətəhər deyən olmuyub? - əliylə vurub maşının güzgüsünü əydi Fəxrəddin. - Özüm getmişəm, dəvətnaməni də öz əlimnən vermişəm! Bilirdim ki dəvətnaməni mahna eliyəjək. Məhini tanımıram?
 
Şükür, bir də şükür!
 
Həmin günün axşamı, səhəri gün... ta ki, Eyvaz kişinin hayı düşənəcən getdi evdə Məhi söhbəti. Axırda belə qərara gəlindi ki, Məhidən adam olmayıb, olmayacaq da! Qurtardı!
 
Ölü yerində elə ciddi oturublar... Üzləri tüklü, başlarında qara, dimdikli papaq... Sərçə simə düzülüb elə bil. Adama qaşlarının ucuyla baxırlar. Bir şeyi də kəşf eləmişəm kənddə, üzləri tüklü olanda cavanı da, yaşlısı da eyni yaşda görünür; otuz yaşa çatan kimi dərhal əlli yaşlı kişiyə dönürlər və altmışa, altmış beşəcən elə də qalırlar.
 
Ölüdən başqa söhbət hər şeydən getdi yasda. Hara fırlansa da, axır gəlib kreditin üstünə çıxdı. Belə məlum oldu ki, yayqabağı tələsib otun kipini su qiymətinə satmaqla, onu tayaya vurub, oddan-yağışdan sağ-salamat çıxarıb payızda ikiqat baha satmağın heç bir fərqi yoxdu; biri otu vaxtında satıb bankın kreditini üzür ələlbaş çıxır, o biri də, yenə, kipi saxlayıb baha satsa da, kreditinin faizi qudurub nəfi yeyir.
 
- Quru fəhləçilikdi, - iri, çat-cadar əllərilə qarşısındakı buğlanan stəkanı “çəpərləyib” Qulam dayı. Bəlkə iyirmi ildi görmürdüm bu kişini, mən elə bilirdim çoxdan ölmüş olar. Heç tük qədər də dəyişməyib adam. - Yaxşısını Faxrəddin eliyir. Nə əkir, nə becərir. İlim on iki ay əlləri cibində gəzib kef eləyir. Bəy oğlu bəy kimi!
 
- Faxrəddinin qardaşı İsmayıl Samarada qubernatornan ağız-ağıza öpüşür e, özünü ona tay tutursan? - O biri sıradan kimsə dilləndi.
 
- Əşi o ayrı oğuldu... Bilməzsən ipotekaya-zada girib navastroyka-zad götürərsən ha! - heç gözləmədiyim halda Qulam dayı birdən mənə sarı çöndü. Elə bilirdim məni tanımayıb. O tərəf-bu tərəfimə baxdım, gördüm ki, yox, mənlədi. Hazırlaşırdım and-aman eləyəm ki, a Qulam dayı, vallah mən heç bilmirəm ipoteka nə olan şeydi, navastroykanın qapısı hardan açılır. Qanımın arasına Nağdalı kişi girdi, yavaşca böyrümü dümsükləyib:
 
- Dinmə. - dedi. - Ağız arıyır. Deyir, görüm ucuz kreditdən-zaddan boynuna bir şey qoya bilərmi.     
       
Əlim üzümdə qaldı!
        
***
 
Qayıdanda birtəhər yola gətirib bibimi də götürdüm özümlə. Yolda xəbər aldı ki, bala, Skayp olmasaydı Vəkil nə bilərdi Eyvazın öldüyünü? Deyirəm, ay bibi, telefon var, teleqram var. Lap heç olmasın, gedən var, gələn var... Vallah heç bizim evdə indinin özündə də Skayp yoxdu... Kaş bu sözü deməyəydim. Arvadın pipiyi düşdü, nə düşdü:
 
“Skaypsız ev olar? Öz də şəhər yerində. Kənddə dul Nurudənin də Skaypı var. Neçənci əsrdi indi?”
 
And-aman elədim ki, ay bibi, imtahanların pis vaxtıdı, uşağa mane olur, yoxsa nə var Skaypa. Xeyri olmadı. Axırda söz verdim ki, sabah evdə mütləq Skayp olacaq. “Bürüsüyün olsun, - bir gün də əlavə vaxt verdi mənə bibim - nəysə ki olsun!”
 
Bibimin bina evinə gəlişi toy-bayram gətirdi özüynən. Bir gün gördüm qonşu Lyuda xalaynan nəsə qızğın söhbətləri gedir. O rusca danışır, bu azərbaycanca, amma bir-birlərini də elə yaxşı başa düşürlər... Gəlib gəlib “kərtənkələdə” ilişiblər. Bibim deyir ki, binaya kərtənkələ girib. Lyuda xala qalıb çaş-baş, bilmir kərtənkələ nədi...
 
Nə isə, Skayp açıldı. Bundan sonra bibimin internetdəki virtuoz davranışını gərək gözlə görəydin. İkicə dəqiqənin içində Tambovda Münasib dayımın arvadı Qaraqız xalanı tapdı.
 
- Nə var, nə yox, sənalla? - Qaraqız xala bir dizində nəvəsi, gözü o saat məni aldı. - Az o Ələddin dəyil? O niyə qıraxda oturub qonax kimi?
 
- Skayp görmüyüblər dana, - bir gülmək gülür bibim. - Bakıda qalmaxlarına baxma e, dünyadan xəbərrəri yoxdu. İki gündü kənddən çıxmışam, elə bilirəm qulağım kardı!.. O gədənin niyə bənizi qaçıb sənalla? Onu bir yaxşıca ov-bankala!.. Bə deyir Toğrulun evinə giriblər Moskvada?
 
- Heylə deyillər...
 
- Nəə heylə deyillər?! Otuz beş min maat rus pulunu aparıblar, irmi min də dollarını! Gəlinin də qırı-qızılı, nə var hamısın götürüblər...
 
- Kül təpəsinə heylə gəlinin. Key Balaxanımdı dana...
 
- Bax bıdı deyirəm, mən ölü, sən diri, baxarsan, oğru kimdisə bilən adamdı! Xata özününkülərdən keçib!.. O Münasib niyə içəri girmir? Borclarıynan nağayra bildi, sənalla?
 
- Nə bilim a bajı, heç soruşmuram. Borc borc təhrindədi ki... Deyir, Əntiqə ağsaqqallıq eliyirmiş Eyvazın yerində?
 
- Onun da başına heylə daş düşüb dana. Nə bilim. Dədəsi Çəltik Əli kəmsər dəyildi? Camaatı ərəsət eliyib saldı düzdərə, çatanacan hamı dədəsinin goruna söydü.
 
- Sən allah, o Məhi yasa da getmir? - Qaraqız xalanın bu sualı əməlli-başlı diksindirdi məni.
 
- Niyə getmir? Özü də, arvadı da üçə kimi hələk oldu əl-əyaxda. Yazığın adı çıxıb. Qabır qazılanda da ordaydı... - bibim onlara fikir vermədiyimi zənn edib söhbəti dəyişir - De görüm rusetnən nağayrırsız?..
 
- Az, bu Ruset nəymiş az? Buuuuyyy!..
 
- Aaz, nə Ruset? Ruset deyərəm Bakıya e! - səsini azca qısıb, guya eşitmirəm. - Burda bir qonşu var, Lüda. Görürəm gündə neçə yol oğlanlardan qızdardan pul alır, salır evinə. Kül başdarına, gül kimi qızdardı e! Qapını üç dəfə döyüllər. Deyir, “kto tam?”, deyir “fudbolis”, fudbolis deyən kimi açır qapını... Parollarıdı dana... - bir gülür, bir gülür...
 
- Bibi! - əsəblərşdim lap. - Gəl bir az da biznən söhbət elə da, nolar! Gərək elə Skayp ola?
 
Elə bil həyətdə top qovan uşağı anası evə çağırdı.
 
- Nə danışım e siznən... gəlin kuxnadan yığışmır, uşağı da dustağ eliyib salmısız otağa. Türmə onnan yaxşıdı.
 
- İmtahanları var, ay bibi, medinistutdu, ağırdı... - gəlib düz böyründə oturmuşam. - Bibi, niyə deyirdin ki, radionun güdazına getdi İsti baba, hə?
 
- Nə bilim əşi... - həvəssiz, candərdi gözlərini çəkir monitordan, - O vədə nə illah elədik düşmədilər aşağı. Nə nənəm, nə özü! İkicəciyi tək qaldı o dikdə. Orda qaralımız tutmur, deyirdilər. Lap Eyvaz kimi, - gülür. - Yaxşı ki o radio da vardı, hə, yenə qulax yoldaşlarıydı, başdarını qatırdı. Günaxşamacan danışırdı öz-özünə. Günortalar saat birdə xəbərlər verirdilər, “Günün səsi”. Yazıqların da qulağı yaxşı eşitmirdi, heç nəyin üstündə dilləşirdilər bir-biriynən.  Kişi deyirdi “gülüm səsi”, arvad deyirdi “yox, gün hissəsi”. “A səni yanasan, gülüm səsi!” - hirsindən az qala cin atına minirdi dədəm. “A kişi, valla, gün hissəsi...” - tək səbir kimi harda olsa böyürdən çıxırdı nənəm. Axır vaxtlar da lap xərifləmişdilər. Ha yalvarıb tovladıq ki, ay nənə, ay arvad, nəyşin var, qoca kişidi, nə deyir qoy desin... Kimə deyirsən! Tərsin-höcətin biriydi! Dediyini deyirdi!.. Bir belə, beş belə, bir gün hirslənib çomağı nətəhər selbələmişdisə, çilik-çilik olmuşdu radio. Elə ürəyi onnan da tutdu... - Bibimin çöhrəsində qarışıq bir işıq səyrişir. - Həə... toy-bayram kimi keçdi kişinin yası. Deyə-gülə basıdılar. Özü tapşırmışdı, demişdi məni basırıb qayıdandan sonra yeyin-için qapıda. Yaxşı çaxırı, qozu olurdu... Deməknən döyül ha. Axşamüstü camaat dağılışannan sora, tutdan asılı papağını görüb pis olmuşdu yazıx qağam (atamı deyir). İndi girməsin, girdi içəri, papağı atdı nənəmin düz qabağına. “Çox kişi, kişi deyirdin, dedi. Bu da kişi!” Hamımızı hönkürtü tutdu onda. Dədən də bizə qoşuldu...
 
Araya dopdolu sakitlik çökdü...
 
Elə bilirdim bibimi çox kövrəltmişəm, hazırlaşırdım söhbəti dəyişib soruşam ki, ay bibi, nəyə görə səni höcətlikdə Səki nənəyə oxşadırlar? Sözüm ağzımda qaldı. Bir də gördüm, bibimin “fikir kimi yüyrək” Skaypı Samaradakı kiçik oğlugilə calayıb bizi. İsmayılgilə!
 
- Ooo! Kakie lyudi, v Qolluvude! - vannadan çıxıb elə dəsmallana-dəsmallana üstümüzə cumdu İsmayıl. - A dayoğlu, sən hara, bura hara?
 
Təəccüblə o tərəf-bu tərəfimə baxdım, dedim bəlkə Samaraya-zada düşmüşəm, xəbərim yoxdu.
 
- Yox e, yox! - dil boğaza qoymurdu İsmayıl. - Bu işi belə qoymaq olmaz, mütləq yumaq lazımdı! Ay qız, orda nəyin var yeməyə? - güman ki, öz mətbəxlərinə səsləndi.
 
- Çolpanı çığırtma eləmişəm, - bu tərəfdən bizim arvad çaşqın-çaparaq içəri girdi. - gətirim?
 
Bizi bir gülmək tutdu. Arvad əvvəl pərt olsa da, sonra bizə qoşuldu.
 
- Gör e! Öz də deyillər azərbaycanda ajdıxdı. Bəh-bəh-bəh!.. - İsmayıl iştahla əlini-əlinə sürtdü.
 
- Ajdıx niyə olur, kasıbın olanından... - başa düşürdüm ki, mən də nəsə deməliyəm, amma nə? - Düzdü, ta sənin kimi qubernatornan dodaq-dodağa öpüşmürük... - dedim, hiss elədim ki, çox sarsaq və yersiz bir söz işlətdim.
 
- A dayoğlu! Ağlın oralara getməsin e, burda qubernator sənin, mənim kimi adi adamdı. Bə nə! Altı-bazar oldu arvadını da vurur qoltuğuna, əynində yüngül spartivnisi, əlində səbəti düşür şəhərin, dükan-bazarın canına. Otdıxat eliyir dana. Bir də gördün, təzə ət lazım olanda, mənim də dükanıma gəlir. Görüşür, öpüşür. Burda nə var ki...
 
İyirmi ildi bir evdə yaşayırıq, hələ belə məsud görməmişdim arvadı. Sifəti fərəhdən az qalırdı alışıb yana. İkicə dəqiqənin içində evdə nə var gətirib tökdü stolun üstünə. O tərəfdən də o biri gəlin. Bəh! Masalar “birləşdi”, bir həngamə başladı!... Gör işin harasıdı, uşaq da otağından çıxıb, gözlərini təzə işığa alışdıra-alışdıra gəlib nənəsinin böyründə oturdu.
      
...İçdikcə söhbətin canı əridi eeeee... getdi çıxdı Bağlı bulaqda İsmayılı qoz ağacına bağlayıb qaçmağıma, - indi belə fağır olmağıma baxmayın e, uşaqlıqda özümə görə olmamışam. - Dedik, güldük! Sonra Talıbın inəyinin itməsindən söz düşdü, yenə güldük! Sonra kənd mollasının papağına işəməyimizdən... Arada qızım çiynimi yumruqladı ki, ata, bəsdi, ayıbdı...
 
Məhinin toy məsələsini isə, biz heç demədik, İsmayıl özü atdı ortalığa:   
 
- Boyunu yerə soxum onun, - dedi. - Kənddə biyabır elədi bizi.
 
- Niyə biyabır olursan, a bala, - bibim Məhiyə qahmar çıxmağa çalışdı, - uşağın halı yaxşı döyüldü, gələ bilmədi, burda nə var?
 
- Pul göndərəydi! - İsmayıl hirslə əlini stola çırpdı. Yazılaydı!
 
Yazılmayıb, hə! Mən heç bu barədə fikirləşməmişdim. Ay Məhi, ay Məhiii!... Başa düşdüm ki, belə “ciddi” məsələdə Məhiyə qahmar çıxmaq - alın yazısına müdaxilə kimi boş-mənasız bir işdi.       
 
Yaxşı ki, söz yenə gəlib İsti babayla Səkinə nənənin üstünə çıxdı. Amma, kaş heç çıxmayaydı. Çünki, əvvəl-əvvəl onların “İsaq-Musaq” quşları kimi çağırışmalarına xeyli gülsək də, bibimlə İsmayılın sonrakı höcəti hər şeyə son qoydu. Əvvəl İsmayıl başladı ki, İsti baba “gülüm səsi” deməyib, “günün səsi” deyib, - əbəs yerə İsti babanın adını ona verməyiblər ki! - Bibim qayıtdı ki, yox, “gülüm səsi” deyirdi. İsmayıl dedi “gülüm səsi”ni Səkinə nənə deyib. Bibim dedi, yox, Səkinə nənən “gün hissəsi” deyirdi... Ha bibimin böyründən basdım ki, ay arvad, bəsdi, görürsən keflidi, qoy nə deyir desin! Kimə deyirsən?
 
Dişi qaz kimi boğazını uzadıb fısıldayırdı arvad. O dedi, bu dedi, o dedi, bu dedi... Bir də İsmayılın şüşə külqabını hirslə əlinə götürdüyünü gördüm. Vəssalam! Manitorda hər şey yoxa çıxdı...
      
Elə bil qurbağa gölünə daş atdılar.
      
Hikkə-höcətdə Səkinə nənədən dala qalan deyilmiş ki bu! Ürəyimdən bir keçdi, dönüb deyəm, ay arvad, nooldu, dincəldin?  
 
- A bala, o telefonu gəti yığ görək, o İsmayıl nətər oldu. – hannan-hana bibimin heysiz, cırıltılı səsi gəldi. Heç elə bil bayaqdan İsmayılnan ceh-ceh cehləşən bu deyilmiş.    
 
- Nənə, baxx!... - qızımın telefonunda İsmayılın qəsdən eybəcər hala salınmış məzəli sifəti göründü; özü sındırdığı manitorun fonunda iki əli ilə qulaqlarını dartıb bizə dil çıxarırdı.
 
- Bu nədi, a bala?! - bir anda çiçəyi çırtladı bibimin, gözləri alacalandı. Dikəlib dik oturdu!
 
- Vatsapdı. - dedim. Və başa düşdüm ki, bəşəriyyətin bu icadından bibimin hələ xəbəri yoxdu.
 
- Vassab?! Vassab nədi?
       
Eləcə durub sifətinə baxdım. Bir anlıq mənə elə gəldi ki, bibimin yerində rəhmətlik Səkinə nənə özüdü, oturub! İnsan insana nə qədər oxşayarmış, ilahi!
 
- Dədən ölsün, nənə! - deyə bildim.

/kulis.az/                 

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.